Pensandbooks”: “Azərbaycan IV İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırdır”

 

Misirin nüfuzluPensandbooks” nəşri AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsini dərc edib. 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçiriləcək Oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin və 5 mindən çox idmançının iştirakı gözlənilir.

Müəllif yazır ki, İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi barədə qərar Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının VIII hesabat-seçki Baş Assambleyasında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədridir. Mehriban Əliyeva bundan əvvəl ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.

Məqalədə, həmçinin qeyd edilir ki, Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan İslam aləminin bir hissəsidir. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Prezidentin sözlərinə görə, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir.

Daha sonra məqalədə İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqindən sitat gətirilir. Azərbaycanın birinci xanımı bu Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan xalqının etimadını doğruldacağına əminliyini bildirib. O, xüsusilə vurğulayıb ki, Təşkilat Komitəsi ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə qazanıb. İndiyədək keçirilən bütün tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.

Məqalədə İslam Həmrəylik İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri haqqında da məlumat verilir.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan islam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafına həmişə böyük töhfə verib. Xüsusilə qeyd edilir ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub. 2018-ci ildə isə Azərbaycanın qədim Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaq.

Məqalənin geniş mətnini aşağıda qeyd edilən linkdən oxumaq mümkündür: http://www.pensandbooks.com/article.php?id=2494

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S.5.