Xankəndidən, Kərkicahandan başlayan işğallar

 

1991-ci ilin 26 dekabrı Xankəndinin, 28 dekabrı isə Kərkicahanın işğal günüdür.

Bu günlər Xankəndidən, Kərkicahandan sonuncu azərbaycanlı ailələr zorla qovuldu, işgəncələrlə məhv edildi. Beləcə öz torpağımızda qaçqınlığın, məcburi köçkünlüyün acılarını yaşamağa başladıq. Onda bilmirdik ki, bizi qarşıda Xocalı soyqırımı gözləyir. Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın da işğalını, acı günlərini görəcəyik.

Zatən bu işğallar lap çoxdan başlamışdı...

 

Kərkilər tarix yaradıblar

 

Kərkilərdən danışanda ilk yada düşən Naxçıvandakı Kərki kəndi və Qarabağdakı Kərkicahan qəsəbəsidir. Elmi araşdırmalarda, tarixi mənbələrdə “Kərkican” və ya “Kirkican” kimi qeyd olunan Kərkicahan “kərki” tayfa adından və yer, məkan bildirən - “can” topoformantından ibarətdir, yəni “kərkilərin məskəni”. İndi Kərki də, Kərkicahan da işğal altındadır.

Azərbaycan xalqının formalaşmasında digər türk boyları kimi, kərki tayfalarının da rolu böyükdür. Məşhur tarixçi Q.Qeybullayevin əsərlərində qədim Albaniya ərazilərində tərtər, savdey, aran, macar tayfaları ilə yanaşı, kərkilərin də yaşadığı qeyd olunur. Onun yazdığına görə, “eradan əvvəlki və sonrakı yüzilliklərdə Albaniya ərazisində türk tayfaları göylərə səpələnmiş ulduzlar kimi sayrışır. Bunların bir qismi avtoxton tayfalardan ibarətdir. Təbii ki, albanlar, qarqarlar, saklar və kaspilər bu cür tayfalardandır. Kimmerlər, saklar, skiflər, katuklar e.ə. I minilliyin əvvəllərinin gəlmələri hesab olunur. Keçmiş eranın son əsrlərində, yeni eranın ilk illərində gələn tayfalar hunlar, savarlar, bolqarlar, dondarlar, kəngərlər, kerqillər, kollar, çullar, şamaklar, peçeneqlər, aranlar, xurslar, xəzərlər, macarlar, barsillər və başqalarından ibarət olmuşdur. Türk xaqanlığının, xəzərlərin və qismən savarların VI-VIII əsrlərdəki gəlişi sonrakı böyük dalğa hesab olunur”.

Tarixi məlumatlara görə, bütün gəlmə tayfalar şimaldan Cənubi Qafqaza endiyi halda yalnız səlcuq-oğuzların 24 boydan ibarət kayı, bayandur, iva, salor, avşar, bəydili, bayat, eymur, tuker, çuvaldar, çapni, xalac və başqa tayfa birlikləri XI-XII əsrlərdə Xəzərin cənubu ilə hərəkət edib Atropatena və Albaniya ərazilərinə daxil olublar. Oğuzların XI-XII əsrlərdə gələrək birdən-birə “irandilli” əhalini türkləşdirməsi fikirləri isə həqiqəti əks etdirmir. Q.Qeybullayevin haqlı olaraq qeyd etdiyi kimi: “...Oğuzlar Azərbaycan ərazisinə qatı müsəlman kimi gəlmişdilər. Bu faktın böyük tarixi əhəmiyyəti ondadır ki, əvvələn, oğuzların yerli türkdilli əhali ilə konsolidasiyası sürətləndi; ikincisi, döyüşkən oğuzlar tərəfindən Azərbaycan ərazisinin yadellilərdən müdafiəsi təmin olundu. ...Onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur”.

Minillər boyu “Azərbaycan ərazilərinin yadellilərdən müdafiəsini təmin edən” kərkilərin bu dəfə özünün müdafiəyə ehtiyacı vardı...

 

Cahan Kərkicahanın dərdlərini nə vaxt görəcək?!

 

Hələ 1960-cı illərdə ermənilərin təşəbbüsü ilə az qala “şəhər içində şəhər”ə çevrilən Kərkicahanın adı yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıldı, özü isə Xankəndiyə birləşdirildi. Taleyin qəribə ironiyası var: vaxtilə Xankəndi şəhərini Qarabağ xanları məhz Kərkicahan yaxınlığında salarkən nə düşünürdülər, ermənilər nə etdilər? Məsələ təkcə bununla bitmədi; sovet dövründə Qarabağa yenidən erməni əhali yerləşdiriləndə onlardan 700 nəfəri Kərkicahanın “payı”na düşmüşdü…

Kərkicahanlılar növbəti Qarabağ savaşına məhz belə sıxıntılardan keçməklə başladılar. Bu döyüşlərdə 150-dən çox azərbaycanlı - 40 qadın və 110 kişi şəhid oldu. Onların arasında 1 yaşlı körpədən ahıllara qədər hər yaşda insan vardı. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranan Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunurdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının ağır hərbi texnikası qarşısında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Bununla belə, onlar bir müddət erməni hücumlarının qarşısını alaraq dinc əhalinin qəsəbədən çıxmasına kömək etdilər. Apara bilmədikləri məktəblər, bağçalar, klublar, su və qaz idarələri, stadionlar, parklar, hotellər, pansionatlar erməni tapdağında qaldı. Hətta İkinci Dünya müharibəsində Kərkicahan bu qədər itki verməmişdi - 79 şəhid, 20 itkin və 44 əlil. O vaxt dünya müharibələrindən salamat çıxan kərkicahanlıları qarşıda ermənilərin fitvası ilə təşkil olunan repressiyalar gözləyirdi. Təkcə ötən əsrin 30-cu illərinin repressiya aparatı, Kərkicahanın axundu da daxil olmaqla, onlarla insanın həyatına son qoydu...

1937-ci ilin ardınca 1987-ci ilin qırğınları gəlirdi. Həm də bunları nəzərdə tutaraq Xəlil Rza yazırdı:

Fərarilər, boşqab dibi yalayanlar,

- Demokrati!

- Aşkarlama! - deyə-deyə boğaz

yırtır...bu sürülər, zurnaçılar,

şeypurçular

Bu qədər ki cəzasızdır

Xankəndidə evlər yıxan,

ürək yaxan yırtıcılar,

Davam edir 37,

Daha kəskin, daha ciddi!

 

Xankəndinin dəyişdirilən tarixi

 

Ermənilər növbəti dəfə Qarabağa diş qıcayanda başqa yaşayış məskənlərimiz kimi, Kərkicahanın tarixinin, mədəniyyətinin, abidələrinin öyrənilməsi aktuallaşdı. 1988-ci ildə burada aparılan qazıntılar zamanı III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar, küplər, xəzinələr, XII əsrə aid qəbirlər, səkkizguşəli minarələr, kurqanlar, abidələr, müxtəlif heykəllər, Kilsəli deyilən yerdə Alban kilsəsi, qəbirlər, alban pir-ocaqları və s. vardı. Kərkicahanın yaxın tarixindən xəbər verən binaların biri - İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən xanın evlərindən biri burada idi və o ev 1940-1950-ci illərdə məktəb, sonralar muzey kimi fəaliyyət göstərirdi. Həmçinin Kərkicahan ərazisində siklopik tikililər də vardır ki, onlar da miladdan əvvəlki dövrləri əhatə edir Təəssüf ki, indi onların çoxunu ermənilər məhv ediblər.

Kərkicahanda həm də Dağlıq, Kərkicahan, İbrahimxəlil xan, Bakı küçəsi, Koroğlu prospekti vardı. Burada tarixi əhəmiyyətə malik olan qədim küçələr də çox idi: Pir yolu, Aşağı və Yuxarı küçə, Kərki küçəsi və s. İndi adları dəyişdirilən həmən yollarda, küçələrdə ermənilər gəzir. 1988-ci il hadisələri başlayanda Xankəndidəki erməni əhali artıq azərbaycanlılardan çox idi. Hətta erməni alimi V.A.Parsamyan yazırdı ki, Rusiyaya birləşənə qədər indiki Ermənistanın özündə belə əhalinin 33,8 faizi erməni, 49,7 faizi isə müsəlman (azərbaycanlı) idi (Parsamən V.A. İstoriə armənskoqo naroda 1801-1900 q. kn., 1, Erevan, 1977).

Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi sülalələr bölgüsü qadağan olunur, hər şey imperiyanın maraqlarına tabe etdirilirdi. Keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün Qarabağda bütün ərazi boyu hərbi hissələr yerləşdirilirdi. Onların biri də Xankəndinin “qismət”inə düşür. Digər tərəfdən, İrandan Xankəndiyə köçürülən və rus hərbi bazalarında qulluğa cəlb olunan erməni ailələri də burada yerləşdirilir. Ermənilər də rusların bu “lütfkar”lıqlarından bəhrələnir və hərbi hissələrin imkanlarından istifadə edirdilər. Bu, özünü yaxın tariximizdə bir daha göstərdi - 1992-ci il fevralın 26-da Xankəndidə yerləşən 366-cı alayın köməyilə onlar Xocalı soyqırımı törətdilər.

7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi barədə qərar verməyə məcbur olarkən Xankəndinin adının dəyişdirilməsi bu prosesdə ən vacib halqalardan biri idi. Bu da özünü çox gözlətmədi - 6 oktyabr 1923-cü ildə Azərbaycan MİK-in qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi “Stepanakert” adlandırıldı. Bununla tariximizə böyük bir zərbə vuruldu.

Buna baxmayaraq illər keçir, şəhər böyüyür və bu, özünü əhali artımında da göstərirdi. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min nəfər yaşayırdı. Xankəndidə böyük ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd və şərab zavodları fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları daxili bazarda özünə müştəri tapırdı. Sonra Ağdamdan Xankəndiyə qədər dəmir yolu çəkildi, televiziya verilişi işə salındı. Şəhərdə sovxoz-texnikum, tibb və musiqi məktəbləri fəaliyyət göstərirdi. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açıldı. 1973-cü ildə filial müstəqil pedaqoji instituta çevrildi, Azərbaycan, erməni və rus bölmələri daha geniş fəaliyyət göstərməyə başladı.

Şəhərdə tarix-diyarşünaslıq muzeyi, dram teatrı, N.Gəncəvi adına orta məktəb fəaliyyət göstərirdi. İndi həmin məktəb də övladları ilə birlikdə intizarlı günlərini yaşamaqdadır. Bu şəhərdə ölkəmizə şöhrət gətirən çoxlu insan dünyaya gəlib. Onların arasında İbrahimxəlil xanın qızı Ağabəyim Ağa, tanınmış teatr rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Baxşı Qələndərli, qeyri-adi səsinə görə Bülbül adı ilə məşhur olan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folklorunun tədqiqatçısı, professional vokal sənətimizin banisi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Murtuza Məşədi Rza oğlu Məmmədov, məşhur tarzən Çəkməçi Məhəmməd, Əbdülbaqi Zülalov, Məşədi Məhəmməd Fərzəliyev, Şahnaz Abbas, Segah İslam, Məcid Behbudov, Seyid Şuşinski və başqa ustadları xalq məclislərində və “Şərq konsertləri”ndə uzun illər müşayiət edən, Üzeyir Hacıbəylinin əsərlərinin mahir ifaçısı Məşədi Zeynal Haqverdiyev, Milli qəhrəmanlardan Nizami Məmmədov və polkovnik-leytenant Şirin Mirzəyev, xalq artisti Fəxrəddin Manafov da var. F.Manafovun yaratdığı obrazlar arasında “Hökmdarın taleyi” (2008) filminin qəhrəmanı, bu torpaqlarda qətlə yetirilən İbrahimxəlil xanın xüsusi yeri var. 2012-ci il dekabrın 24-də, işğal günü ərəfəsində Türkiyənin məşhur “Palmali” şirkətlər qrupunun sifarişi ilə “Xankəndi” tankeri hazırlanaraq suya buraxılıb. Bu gəmi dünya sularında da Qarabağdan, dərdlərimizdən xəbər verir. Taleyin hökmü ilə ölkəmizin müxtəlif guşələrinə səpələnən xankəndililəri, kərkicahanlıları da danışdıran, bizimlə görüşə gətirən həmin dərdlər, həmin ağrı-acılar oldu.

 

Bir əsirin taleyində görünənlər

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu günlərdə yaydığı məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əsir düşən 1970-ci il təvəllüdlü Kərkicahan sakini Atakişiyev Fərhad Rəhman oğlu xüsusi qəddarlıqla qətlə yetirilib. Bunun əsas səbəbi onun Kərkicahanda 1991-ci ilin dekabrında döyüşçülərimizə bələdçilik etməsi olub. Həmin vaxt erməni hərbçiləri çoxsaylı itkilərə məruz qalmışdılar. Ermənilər F.Atakişiyevə işgəncələr verərək “Qarabağ ermənilərindir” ifadəsini deməyə məcbur etmək istəyiblər. Lakin o, işgəncələrdən və ölümdən qorxmayaraq “Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq” deyib. Onun meyitinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilib. Azərbaycan Prezidentinin 28 iyul 2009-cu il tarixli sərəncamı ilə Atakişiyev Fərhad Rəhman oğlu “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) ilə təltif olunub.

Bu, təkcə şəhid olan kərkicahanlılardan, xankəndililərdən birinin taleyidir…

P.S. Vaxtilə İbrahimxəlil xanın qızı Ağabəyim Ağa (1780-1832) Kərkicahan, Xankəndi ərazisindəki Xan bağında doğulsa da, Tehranda vəfat edib, Darül-İman adlanan Qum şəhərində dəfn olunub. O doğulanda Qarabağda həyat başqa, dövr başqa, dünyasını dəyişəndə şərtlər tamam başqa idi. Onda Xankəndinin özü də tamam başqa statusda idi - o, XVIII əsrin axırlarında Qarabağda xanların istirahət məskəni kimi məşhur idi. Avstriyalı tarixçi Erix Fayqlın yazdığı kimi: “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.

 

Bəxtiyar QARACA,

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S. 7.