Rəqəmlərdə yaşanan ömür

 

Atası sadə peşə sahibi olub. Ailəsini hər zaman halal zəhməti ilə dolandırıb. Övladlarına qoyduğu ən böyük miras, ən qiymətli xəzinə isə təmiz ad, halallıq, xeyirxahlıq olub. Nüsrət kişinin ən böyük arzusu övladlarını vətən, xalq üçün faydalı bir şəxsiyyət kimi yetişdirmək idi. Ailənin böyük oğlu Əlövsət Məmmədovu yaxından tanıyanlar, onun xarakterinə, cəmiyyətdəki mövqeyinə bələd olanlar bu arzunun gerçəkləşdiyinə zərrə qədər də şübhə etmirlər...

Ə.Məmmədov əmək fəaliyyətinə başladığı ilk gündən indiyədək hər səhər eyni ünvana tələsir. Otuz yeddi il əvvəl Bərdə Rayon Statistika İdarəsində baş iqtisadçı kimi işə qəbul ediləndən çalışqanlığı, intizamı, bacarığı ilə göstərilən etimadı doğruldur, vəzifə pillələrində inamla irəliləyir. Onun üçün doğma olan bu kollektivə indi rəhbərlik edir. Həmişə öndə olmağa, qabaqda getməyə can atır. Bu şərəfli məqsəd uğrunda çəkdiyi zəhmət isə heç zaman bəhrəsiz qalmır. Respublika Dövlət Statistika Komitəsinin öz strukturunda apardığı monitorinqlərin reytinq cədvəlində Bərdə Rayon Statistika İdarəsi həmişə, bir qayda olaraq, öncül mövqedə qərar tutur. 2015-ci ilin üçüncü rübünün nəticələrini əks etdirən reytinq cədvəlində yenə də ön sıralarda yer alır. Dövlət qulluğunun kiçik müşaviri olan Əlövsət Məmmədovun uzun illərdən bəri səmərəli fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Respublika Prezidenti İlham Əliyevin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Onun həyat haqqında, yaşanan ömür haqqında maraqlı düşüncələri vardır. Şirindüzlu söhbətində deyir ki, yaşadığı həyatda, 37 illik karyerasında yeganə qazancı insanlardır. Müxtəlif bölgələrdə yaşayan, fərqli sahələrdə çalışan çox sayda dostları olduğunu qürurla dilə gətirir. Yaşca böyük, zəngin mənəviyyatlı adamlarla ünsiyyətə üstünlük verdiyini söyləyir. Bəzən fərqli düşüncəli insanlarla qarşılaşdığına təəssüf etmir. Amma maraqlı yanaşması ilə üzləşdiyi çətinliklərə də dəyər verir. Deyir ki, mənə bir-iki nəfər problem yaradan olubsa, qolumdan tutub qaldıranlar, çətin məqamda arxa duranlar daha çox olub. Bu həyat elə yaxşısının, pisinin, müxtəlif rənglərinin vəhdətində şirindi, seviləndi...

Ömrünü rəqəmlərlə ünsiyyətdə gilə-gilə əridən Əlövsət Məmmədov sanki statistikaya can verdikcə, ölkəmizin inkişafının, insanların həyat tərzinin aydan-aya sürətlə artdığını özündə təcəssüm etdirən rəqəmləri sıraladıqca həyat eşqi daha da güclənir. Son illərin iqtisadi yüksəlişi, dünyanın qabaqcıl dövlətlərinin böhranla çarpışdığı bir zamanda doğma Azərbaycanın, onun yaxın-uzaq bölgələrinin heyrət doğuran intibahı göz qabağındadır. 2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 40.7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,5 faiz artaraq 4275.2 manata çatmışdır. Cari ilin doqquz ayında ümumi daxili məhsulun 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 10,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə istehsal edilmişdir.

Cari ilin makroiqtisadi göstəriciləri, ölkədə olduğu kimi, Bərdə rayonunda da ürəkaçandır. Respublika Prezidentinin 14 avqust 2014-cü il tarixli sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar - Vəliuşağı - Mollaəhmədli - Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “ASAN xidmət” mərkəzinin, rayon təhsil şöbəsinin, şəhər 7 saylı ümumi orta məktəbinin, Türkmən kənd tam orta məktəbin və 1 saylı Uşaq incəsənət məktəbin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində müasir yem zavodunun istifadəyə verilməsi reallaşmışdır. Bununla yanaşı, cari ildə 17 kənd qazlaşdırılmış, 2 kəndin elektrik şəbəkəsi yenidən qurulmuşdur. Daha 21 kəndin qazlaşdırılması nəzərdə tutulur. Dövlət başçısının müvafiq sərəncamı ilə rayonun 20 kəndində subartezian quyusu qazılmışdır. Abadlıq, quruculuq işləri davam etdirilir. Sahibkarlığın inkişafına qayğı yenə də diqqət mərkəzindədir. Bu ilin 9 ayı ərzində 407 layihə üzrə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8 milyon 127 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi hesabına 527 yeni yeri açılmışdır.

Rayon statistika idarəsinin hazırladığı icmallara, iqtisadi təhlillərə baxdıqca sanki rəqəmlər dil açıb danışır, qazanılan inkişafdan, tərəqqidən söz açır. Bu qəhrəmanlıq hekayəsində qürur doğuran məqamlar isə kifayət qədər çoxdur. Hazırda Bərdə rayonu əhalisinin sayı 152.3 min nəfərə çatır. Əhalinin 26 faizi şəhərdə, 74 faizi isə kəndlərdə yaşayır. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində rayonda 1888 uşaq doğulmuşdur. Dünyasını dəyişənlərin sayı 609 nəfər olmuşdur. Təbii artım 1279 nəfər təşkil etmişdir, 964 nikah, 151 boşanma qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 16,6, ölənlər 5,4, nikahlar 8,5, boşanmalar 1,3 faiz təşkil etmişdir. Rayon üzrə şəxsi minik avtomobillərinin sayı 10 minə çatır. Mobil telefon istifadəçilərinin sayı 136.4 min nəfərə bərabərdir.

Əlövsət Məmmədov söhbət zamanı deyir:

- Kollektivimizin səmərəli fəaliyyətini təmin edən əsas şərtlərdən birigüclü maddi-texniki bazaya malik olmağımızdır. Hər bir əməkdaşın istifadəsində kompüter var. İş otaqlarının hamısında kondisioner quraşdırılıb. Kabinetlər müasir istilik sistemi vasitəsilə qızdırılır. İdarəyə yeni xidməti minik avtomobili verilmişdir. Minnətdarlıqla deməliyəm ki, komitə rəhbərliyi hər bir müraciətimizə qayğı və diqqətlə yanaşır. Buna görə yaxşı işləməməyə haqqımız yoxdur. Bu günDaha təkmil statistika - daha yaxşı həyat” devizi altında çalışır, üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə səy göstəririk.

Əlövsət Məmmədovun ömrü rəqəmlərlə ünsiyyətdən keçir. Rəqəmlər onunla danışır. Yüksəlişdən, inkişafdan soraq verən rəqəmlərlə qarşılaşanda isə üzü gülür, eyni açılır. Qoy həmişə belə olsun.

 

Lazım QULİYEV,

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S. 7.