“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika

 

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyduğunu vurğulamışdır. Ancaq bu gün dünyada yaşanan maliyyə böhranı iqtisadçı alimləri iqtisadiyyatın yeni modeli haqqında düşünməyə, hökumətə müvafiq təkliflər verməyə sövq edir.

Bu tələblər baxımından iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı tədqiqat əsəri mühüm əhəmiyyət kəsb edir. 20 illik elmi araşdırmanın yekunları əsasında yazılan monoqrafiyanın orijinallığı ondan ibarətdir ki, əsərdə ilk dəfə inkişafın industrial mərhələsində Azərbaycanda formalaşmış iqtisadi inkişaf modeli elmi cəhətdən təhlil edilmiş, onun xüsusiyyətləri göstərilmiş, əldə edilən iqtisadi nailiyyətlərə obyektiv qiymət verilmiş, yeni mərhələdə milli iqtisadi modelin konsepsiyası əsaslandırılmış, uzunmüddətli davamlı və tarazlı iqtisadi inkişafın əsas istiqamətləri göstərilmiş, iqtisadi modelin idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi barədə dəyərli təkliflər verilmişdir.

5 fəsildən və 45 paraqrafdan ibarət 460 səhifəlik monoqrafiyanın birinci fəsli milli iqtisadi inkişaf modelinin elmi mahiyyətinə, Azərbaycanın, eləcə də inkişaf etmişinkişaf edən 16 ölkənin müasir iqtisadi inkişaf modellərinə həsr edilmişdir. Müəllif yazır ki, iqtisadi inkişaf modelləri zaman və məkan daxilində formalaşır, inkişaf edir və dəyişir. İqtisadi inkişaf modeli iqtisadi sistemdən də asılıdır. Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın milli modelləri özündə həm dünya sivilizasiyasının nailiyyətlərini, həm də milli  xüsusiyyətləri birləşdirir. Həmin modellər əsasən onların realizasiya edilməsinin templəri, müddətləri, formaları, metodları və icra mexanizmləri ilə fərqlənir.

Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasını iki mərhələyə bölən (1991-2003-cü illər və 2003-cü ildən sonrakı dövr) müəllifin qənaəti  ondan ibarətdir ki, müstəqillik illərində formalaşan iqtisadi inkişaf modeli nəticəsində Azərbaycanın dinamik inkişafı təmin edilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının artımı təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Aparılan iqtisadi siyasət ölkədə konservativ monetar meyilli açıq tipli liberal-demokratiksosialyönümlü modelin formalaşmasına gətirib çıxarmışdır.

T.Hüseynov əsərində özünün hazırladığı metodologiyametodika əsasında Azərbaycanın  iqtisadi modelini təhlil etmiş, onun sosialiqtisadi qiymətləndirilməsini həyata keçirmiş, monoqrafiyanın ikinci fəslini araşdırmanın nəticələrinə həsr etmişdir. Burada ölkənin makroiqtisadi göstəricilərinin ümumi səciyyəsi, iqtisadi inkişaf faktorlarından istifadənin səmərəliliyi, Azərbaycanda iqtisadi tarazlıq, ədalətlilik  prinsipindən sosial siyasətdə istifadə və tədiyə balansının təhlili əks olunmuş, inkişafın indiki industrial mərhələsində ölkənin iqtisadi inkişaf modelinin məqsədi və ona nail olmağın istiqamətləri müəyyənləşdirilmişdir.

Monoqrafiyada uzunmüddətli davamlı və tarazlı iqtisadi inkişafın istiqamətlərinə, problemlərinə və onların həlli yollarına obyektiv alim münasibəti var. Ölkənin milli iqtisadi inkişaf modelinin idarəetmə mexanizmlərinin və koordinasiya sisteminin təkmilləşdirilməsinə dair müəllifin təklifləri sırasında müasir qloballaşmanın çağırışları çərçivəsində dövlət tənzimlənməsi, iqtisadi fəaliyyətin koordinasiyası, iqtisadi-sosial inkişafın planlaşdırılması, dövlət investisiyalarından qeyri-neft emal sənaye sahələrində və aqrar sektorda klasterlərin yaradılması məqsədilə miqyaslı istifadəsi, amortizasiya  ayırmalarından təyinatı üzrə istifadə olunması,  vergilərin stimullaşdırıcı funksiyalarından istifadənin gücləndirilməsi, bank sektorunun iqtisadiyyatın xidmətçisinə çevrilməsi, qiymətlərin (tariflərin) dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı məsələlər yer almışdır.

Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəllifin tövsiyələri idarəetmə orqanları, elmi-tədqiqat mərkəzləri tərəfindən iqtisadi siyasətin, iqtisadi inkişaf proqramlarının və normativ hüquqi aktların hazırlanmasında, habelə ali təhsil müəssisələrində istifadə oluna bilər.

 

İrşad KƏRİMLİ,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S. 7.