Mədəniyyət
və sənət ocağı
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin yaradılmasının 40 illiyi ilə əlaqədar yubiley
tədbiri keçirilib
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin yaradılmasının 40 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Muzeyin direktoru, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov tədbiri açaraq bildirib ki, mədəniyyət və sənət ocağı kimi fəaliyyət göstərən bu evdə sevilən əsərlərin, Şərqdə operanın müəllifi Üzeyir bəyin ömrünün 27 ili keçib. O, 1915-1942-ci illərdə məhz burada bir çox əsərlərini yaradıb ki, onlardan biri də “Koroğlu” operasıdır: “Ev-muzeyi kimi fəaliyyət göstərdiyi 40 ildə bu mədəniyyət və incəsənət ocağında bir-birindən maraqlı tədbirlər, yubileylər keçirilib, Üzeyir bəy Hacıbəyli yad edilib, xatirəsi qəlbimizdə əbədiyaşarlıq qazanıb”.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva dahi bəstəkar, pedaqoq, publisist, ictimai xadim Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin 40 illik yubileyinin qeyd edilməsini mədəniyyət tariximizdə əlamətdar hadisə adlandırıb. Ev-muzeyin yaradılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran nazir müavini onu da qeyd edib ki, 1949-cu ilin fevralında, Üzeyir bəy Hacıbəylinin vəfatından üç ay sonra dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edilsə də, illər keçməsinə baxmayaraq, bu həyata keçirilməyib.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gəlişi ilə elm və mədəniyyətin inkişafına ayrılan diqqət və qayğı muzeylərin də fəaliyyəti üçün böyük zəmin yaradıb. Respublikamızda neçə-neçə muzeylər yaranıb, köhnələri əsaslı şəkildə yenidən qurulub: “1975-ci il noyabrın 20-də Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı Bakı əhalisi arasında əsl bayram əhval-ruhiyyəsi doğurmuşdu. Açılış mərasimində Heydər Əliyev başda olmaqla, respublikanın rəhbər şəxsləri, görkəmli elm, incəsənət xadimləri iştirak edirdi. Biz bu gün də fəxrlə qeyd edirik ki, Heydər Əliyev Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradıcısı, həm də ilk ziyarətçisi olub”.
Yubiley tədbirində, xüsusilə qeyd edilib ki, ulu öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi quruculuq işləri, mədəniyyətə diqqət və qayğısı, yürüdülən dövlət siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə özünü ölkənin mədəni həyatının inkişafında göstərir.
2005-ci ildə, Üzeyir bəy Hacıbəylinin 120 illik yubileyi ərəfəsində, Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəstəkarın ev-muzeyi əsaslı təmir edilib və burada yenidənqurma işləri aparılıb.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Üzeyir bəy Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verməsi hər bir azərbaycanlının qəlbində gözəl hisslər doğurur, “Üzeyir dünyası” layihəsi çərçivəsində görülən dəyərli işlər təqdir edilir. Bəstəkarın çap olunmayan əsərləri, həyat və yaradıcılığına həsr edilən yeni kitablar işıq üzü görür, dünyaya səs salan Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları keçirilir ki, bu da Heydər Əliyev Fondunun ölməz sənətkarın ədəbi irsinin qorunub saxlanmasına xüsusi töhfəsidir.
Yubiley tədbirində Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova, AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi, xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, şair Ənvər Əhməd, Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, professor Telman Ağdamski, C.Məmmədquluzadənin ev-muzeyinin direktoru Pəri Mahmudova və digərləri dahi bəstəkar haqqında ürək sözlərini bildiriblər. Çıxışlarda qeyd edilib ki, mədəniyyət tariximizdə Üzeyir bəy Hacıbəyli qədər şöhrət qazanan ikinci şəxs təsəvvür etmək mümkün deyil. O da vurğulanıb ki, Üzeyir bəyin bəstəkarlıq fəaliyyəti ilə vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti vəhdət təşkil edib. Üzeyir bəy Hacıbəyli həm də ona görə xoşbəxt və ölməz sənətkardır ki, Dövlət himninin bəstəkarıdır.
Tədbirdə professor Zemfira Səfərovanın Üzeyir bəy Hacıbəyli ilə bağlı iki kitabı, rəssam Hüseyn Hacıyevin “Sənsiz” əsəri muzeyə hədiyyə edilib.
Rauf Hacıyev adına 15 saylı, Niyazi adına 22 saylı musiqi məktəblərinin, eləcə də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin və Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında bəstəkarın “Cəngi”, “Sevgili canan”, “Sənsiz” və s. əsərləri səsləndirilib.
Mədəniyyət və sənət ocağının 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar və muzeyin nəşrlərindən təşkil edilən sərgi də tədbir iştirakçılarının zövqüncə olub və yadda qalacaq xatirəyə çevrilib.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 26 dekabr.- S.8.