Lisenziyalaşdırma
Qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı
ilə təsdiq edilmişdir
Əlavə ¹ 1
1. Ümumi
müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və bəzi fəaliyyət növləri (o cümlədən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri) ilə məşğul olmaq üçün lisenziyanın verilməsi, dayandırılması, bərpası və ləğvi qaydasını müəyyən edir.
1.2. Lisenziya - təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçi) müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir.
1.3. Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli (çoxyönümlü) olduqda o, bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra (bu Qaydanın 3.16-cı bəndi nəzərə alınmaqla) həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilər.
1.4. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri bu Qaydada göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydaya uyğun olaraq lisenziya almalıdırlar.
1.5. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
1.6. Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə lisenziyanın müvəqqəti olaraq verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılır.
1.7. Lisenziyalar müddətsiz verilir.
1.8. Lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri bu fərmanın 2 və 3 nömrəli əlavələrində müəyyən edilmişdir, lisenziya verilməsi üzrə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar digər məsələlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
2. Lisenziya verən
dövlət orqanları
2.1. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir.
2.2. Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verən dövlət orqanları bu fərmanın 3 nömrəli əlavəsində nəzərdə tutulmuşdur.
2.3. Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra - Nazirlik) aşağıdakı funksiyaları həyata keçirir:
2.3.1. lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır;
2.3.2. lisenziyalaşdırma məsələləri üzrə hüquqi aktların layihələrini hazırlayır;
2.3.3. dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, lisenziya tələb olunan bütün digər fəaliyyət növləri üzrə lisenziyaları “ASAN xidmət” mərkəzlərində, habelə “Elektron lisenziya” portalı vasitəsilə verir, həmin lisenziyaları dayandırır, bərpa və ya ləğv edir;
2.3.4. dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir;
2.3.5. lisenziyalaşdırma sahəsində metodik rəhbərliyi və informasiya təminatını həyata keçirir;
2.3.6. lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydasını müəyyən edir;
2.3.7. ölkədə lisenziyaların vahid reyestrini
aparır;
2.3.8. lisenziya blanklarının hazırlanmasına
sifariş verir, onların bölgüsünü həyata
keçirir, blanklardan istifadənin uçot və
hesabatını aparır.
2.4.
Lisenziya verən dövlət orqanı lisenziya alınması
üçün təqdim edilən ərizəyə baxarkən:
2.4.1. sahibkarlıq fəaliyyəti növünün
xüsusiyyətlərindən asılı olaraq zəruri hesab
etdikdə aidiyyəti dövlət orqanlarının rəyini
alır;
2.4.2. ərizələrin araşdırılması
və rəy alınması məqsədi ilə ekspert və
ya mütəxəssis cəlb edir;
2.4.3. lisenziya tələb olunan fəaliyyət
növünün həyata keçirilməsi obyektlə
bağlı olduqda həmin obyektin lisenziya alınması
üçün təqdim edilən ərizəyə əlavə
olunan sənədlərdə göstərilən məlumatlara
uyğunluğunu yerində qiymətləndirir.
2.5.
Nazirliyin lisenziyalaşdırma məsələləri üzrə
qərarı lisenziya verən dövlət orqanları, həmçinin
digər mərkəzi icra hakimiyyəti orqanları, yerli icra
hakimiyyəti orqanları və yerli özünüidarəetmə
orqanları, hüquqi və fiziki şəxslər
üçün məcburidir.
2.6.
Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı,
bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatları
özündə ehtiva edən reyestr aparır. Reyestrə
yeni məlumatlar daxil edildikdə və ya mövcud məlumatlar
dəyişdikdə, onlar lisenziya verən dövlət
orqanı tərəfindən lisenziyaların vahid reyestrinə
daxil edilməsi üçün hər ayın 10-dək
elektron qaydada Nazirliyə təqdim edilir.
2.7.
Nazirlik verdiyi, dayandırdığı, bərpa və ya ləğv
etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə
alındığı tarixdən 3 iş günü müddətində
lisenziya verilmiş fəaliyyət növü üzrə
müvafiq nəzarət orqanına göndərir.
2.8.
Lisenziya verən dövlət orqanı verdiyi,
dayandırdığı, bərpa və ya ləğv etdiyi
lisenziyalar barədə məlumatı reyestrdə qeydə
alındığı tarixdən 3 iş günü müddətində
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və
ya müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının
Vergilər Nazirliyinə göndərir.
2.9. Naxçıvan Muxtar Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarının verdikləri lisenziyalar
yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində
qüvvədədir.
3. Lisenziyanın verilməsi
qaydası
3.1.
Lisenziya almaq üçün ərizəçi lisenziya verən
dövlət orqanına aşağıdakı sənədləri
təqdim edir:
3.1.1. lisenziya almaq üçün
aşağıdakıları əks etdirən ərizə:
1. ərizəçi fiziki şəxs olduqda -
onun soyadı, adı, atasının adı, şəxsiyyətini
təsdiq edən sənəd haqqında məlumatlar (seriya,
nömrə, kim tərəfindən və nə vaxt verilməsi,
ünvanı);
2. ərizə hüquqi şəxsin (xarici
hüquqi şəxsin filial və ya nümayəndəliyinin)
adından verildikdə - onun adı və hüquqi
ünvanı;
3. tələbin qısa məzmunu;
4. ərizənin tərtib edildiyi tarix və ərizəçinin
imzası;
5. hüquqi şəxsin (xarici hüquqi şəxsin
filial və ya nümayəndəliyinin) rəhbərinin və
ya nümayəndəsinin imzası və hüquqi şəxsin
(xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin)
möhürü;
6. ərizəyə əlavə olunan sənədlərin
siyahısı;
3.1.2. hüquqi şəxsin, xarici hüquqi şəxsin
filial və ya nümayəndəliyinin dövlət reyestrindən
çıxarışının surəti;
3.1.3. ərizəçinin vergi ödəyicisi kimi
uçota alınması haqqında şəhadətnamənin
surəti;
3.1.4. ərizədə qeyd olunan obyektlərdən hər
biri üçün ərizəçinin mülkiyyət,
istifadə və ya icarə hüququnu təsdiq edən sənədin
surəti (əgər lisenziya tələb olunan fəaliyyətin
həyata keçirilməsi obyektlə bağlıdırsa);
3.1.5. fəaliyyət növünün xüsusiyyətindən
asılı olaraq, Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilən şərtlərin
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq
edən sənədlər.
3.2. Bu fərmanın
2 nömrəli əlavəsinin 7.3-cü bəndi üzrə
lisenziyanın verilməsi üçün ərizəçi
ilə Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi arasında lisenziya müqaviləsi
imzalanır.
3.3.
Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin
tələb olunması qadağandır.
3.4.
Lisenziya almaq üçün təqdim edilən ərizə və
ona əlavə olunan sənədlər lisenziya verən
dövlət orqanı tərəfindən qəbul edilir və
qeydə alınır. Lisenziya verən dövlət orqanı
tərəfindən “Elektron lisenziya” portalı vasitəsilə
lisenziya verilməsi üçün sənəd qəbulunun və
lisenziya verilməsinin xüsusiyyətləri “Elektron lisenziya”
portalı haqqında Əsasnamədə müəyyən
edilir.
3.5.
Lisenziya verən dövlət orqanı, zəruri hesab etdikdə,
konkret fəaliyyət növünün xüsusiyyətlərindən
asılı olaraq müvafiq rəy alınması
üçün aidiyyəti dövlət orqanlarına
müraciət edə bilər. Həmin müraciətə 7
iş günü müddətində baxılaraq rəy
verilir (aidiyyəti dövlət orqanının əsaslandırılmış
müraciəti ilə həmin müddət 20 gündən
çox olmayan müddətə uzadıla bilər). Bu müddət ərzində rəy bildirilmədikdə
müsbət rəy verilmiş hesab olunur. Dövlət
orqanı verdiyi rəyi qanuna istinad edərək əsaslandırmalıdır.
Aidiyyəti dövlət orqanının rəy
verməsi üçün müəyyən olunan müddət
bu Qaydanın 3.10-cu bəndində göstərilən lisenziya
verilməsi ilə bağlı müddətə daxil edilmir.
3.6.
Lisenziya verən dövlət orqanı, sahibkarlıq fəaliyyəti
növünün xüsusiyyətlərindən asılı
olaraq, lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla
bağlı sualları izah etmək üçün
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya
mütəxəssis cəlb edə bilər. Lisenziya verən
dövlət orqanı ekspert və ya mütəxəssisin cəlb
olunması ilə bağlı aidiyyəti dövlət
orqanına müraciət etdikdə həmin dövlət
orqanı 1 iş günü ərzində öz ekspert və
ya mütəxəssisini lisenziya verən dövlət
orqanına təqdim etməlidir. Ekspert rəyinin
alınması və ya mütəxəssis fikrinin ifadəsi
üçün təyin olunan müddət 5 iş
günündən çox olmamalıdır və həmin
müddət bu Qaydanın 3.10-cu bəndində göstərilən
lisenziya verilməsi ilə bağlı müddətə daxil
edilmir.
3.7.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə, lisenziya verən
dövlət orqanı ərizənin qeydiyyata
alındığı tarixdən 5 iş günündən
gec olmayaraq həmin çatışmazlıqların aradan
qaldırılması üçün ərizəçiyə
məlumat verir. Bütün
çatışmazlıqlar eyni zamanda ərizəçiyə
bildirilməlidir. Ərizəçi həmin
çatışmazlıqları məlumatı
aldığı vaxtdan ən geci 10 iş günü ərzində
aradan qaldırmalıdır. Bu zaman
lisenziyanın verilməsi ilə bağlı müddətin
axımı dayandırılır və
dayandırılmış müddət bu Qaydanın 3.10-cu bəndində
göstərilən lisenziya verilməsi müddətinə
daxil edilmir. Çatışmazlıqların
aradan qaldırılması barədə ərizəçinin
müraciətindən sonra müddətin axımı bərpa
olunur.
3.8.
Ərizəçi ərizədə və ona əlavə
edilmiş sənədlərdə aşkar olunmuş
çatışmazlıqları aradan qaldırdığı
barədə məlumat verdikdə, lisenziya verən dövlət
orqanı ərizəyə və ona əlavə olunmuş sənədlərə
baxılmanın nəticəsi əsasında bu Qaydanın
3.10-cu bəndində göstərilən müddətdə
müvafiq qərar qəbul edir.
3.9.
Lisenziya tələb olunan fəaliyyət növünün həyata
keçirilməsi obyektlə bağlı olduqda lisenziya verən
dövlət orqanı həmin obyektin lisenziyanın
alınması üçün təqdim edilən ərizəyə
əlavə olunan sənədlərdə göstərilən
məlumatlara uyğunluğunu yerində qiymətləndirir.
3.10.
Lisenziya verən dövlət orqanı təqdim olunmuş ərizəyə
və ona əlavə edilmiş sənədlərə
baxılmanın nəticəsi əsasında ərizənin
qeydiyyata alındığı tarixdən 10 iş
günündən (bu Qaydanın 3.5-3.7-ci bəndlərinin
müddəaları nəzərə alınmaqla) gec olmayaraq
lisenziyanın verilməsi və ya verilməsindən imtina
haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə
məlumat verir.
3.11.
Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə
tutulmuş hallarda imtina oluna bilər, bu imtinadan inzibati qaydada və
məhkəməyə şikayət verilə bilər.
3.12.
Lisenziyanın verilməsindən imtina üçün əsaslar
müəyyən edilmədikdə, ərizəçiyə
lisenziya verilir. “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət rüsumunun ödənilməsi tələb
olunduğu hallarda lisenziya müvafiq dövlət rüsumunun
ödənildiyini təsdiq edən sənəd təqdim
edildikdə verilir.
3.13.
Lisenziyada aşağıdakı məlumatlar göstərilir:
3.13.1. lisenziya verən dövlət orqanının
adı;
3.13.2. hüquqi şəxslər, xarici hüquqi
şəxsin filial və ya nümayəndəliyi üçün
- lisenziya verilən hüquqi şəxsin, xarici hüquqi
şəxsin filial və ya nümayəndəliyinin adı və
hüquqi ünvanı;
3.13.3. fiziki şəxslər üçün -
adı, atasının adı, soyadı, şəxsiyyətini
təsdiq edən sənədə dair məlumat (seriya,
nömrə, kim tərəfindən və nə vaxt
verilmişdir, ünvanı);
3.13.4. həyata keçirilməsinə lisenziya verilən
fəaliyyət növü;
3.13.5. lisenziya verilən fəaliyyətin həyata
keçirildiyi obyektin ünvanı (əgər lisenziya tələb
olunan fəaliyyətin həyata keçirilməsi obyektlə
bağlıdırsa);
3.13.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə
tarixi.
3.14.
Lisenziya onu verən dövlət orqanının rəhbəri
və ya rəhbərin həvalə etdiyi vəzifəli şəxs
tərəfindən imzalanır və möhürlə təsdiq
edilir.
3.15.
Hüquqi şəxs yenidən təşkil edildikdə bu
Qaydanın 3.13.2-ci və ya 3.13.3-cü yarımbəndlərində
nəzərdə tutulmuş məlumatlar dəyişdikdə,
yaxud lisenziya itirildikdə ərizəçi 15 gün müddətində
lisenziyanın yenidən rəsmiləşdirilməsi
üçün ərizə və lisenziyanın yenidən rəsmiləşdirilməsinə
əsas olan sənədləri təqdim etməlidir.
3.16.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə
ərizəçi öz fəaliyyətini əvvəlki
lisenziya əsasında, lisenziya itirildikdə isə müvafiq
lisenziya verən dövlət orqanının verdiyi
arayış əsasında həyata keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri
və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən
imzalanmış və möhürlə təsdiq edilmiş həmin
arayış lisenziyanın yenidən rəsmiləşdirilməsinə
əsas olan sənədlər təqdim edildikdən sonra
verilir.
3.17. Fəaliyyət
növünün bir neçə alt növünü eyni
vaxtda həyata keçirmək üçün müraciət
olunduqda lisenziya bir blankda və bir qeydiyyat nömrəsi ilə
verilir. Lisenziya sahibi fəaliyyət
növünün lisenziyada göstərilməyən digər
alt növləri ilə məşğul olmaq
üçün lisenziya verən dövlət orqanına ərizə
ilə müraciət etdikdə ona mövcud lisenziya blankı
dəyişdirilmədən, ayrıca blankda və ayrı
qeydiyyat nömrəsi ilə lisenziya verilir.
4. Lisenziyanın əlavəsi
4.1.
Lisenziyanın əlavəsi aşağıdakı hallarda
verilir:
4.1.1. həyata keçirilməsi obyektlə
bağlı olan lisenziya tələb edilən fəaliyyət
növü ərazi baxımından ayrı-ayrı obyektlərdə
həyata keçirildikdə;
4.1.2. bu Qaydanın 4.2-ci bəndində nəzərdə
tutulmuş fəaliyyət növləri ilə əlaqədar
lisenziya alınması üçün müraciət edildikdə.
4.2.
Aşağıdakı fəaliyyət növləri üzrə
ərizəçinin məşğul ola
biləcəyi iş və xidmətlərin siyahısı
lisenziyanın əlavəsində göstərilir:
4.2.1. özəl tibb fəaliyyəti;
4.2.2. tikintisinə icazə tələb olunan bina və
qurğuların mühəndis-axtarış işləri;
4.2.3. tikintisinə icazə tələb olunan və
barəsində məlumatlandırma icraatı tətbiq olunan
bina və qurğuların layihələndirilməsi;
4.2.4. tikintisinə icazə tələb olunan bina və
qurğuların tikinti-quraşdırma işləri.
4.3. Həyata
keçirilməsi obyektlə bağlı olan lisenziya tələb
olunan fəaliyyət növü ərazi baxımından
ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda,
ərizəçiyə ilk dəfə verilən lisenziya ilə
birlikdə hər bir obyekt üçün, onun ünvanı
göstərilməklə, lisenziyanın əlavəsi təqdim
olunur.
4.4.
Ərizəçi bu Qaydanın 4.2-ci bəndində nəzərdə
tutulmuş fəaliyyət növləri ilə məşğul
olmaq istədikdə ona ilk dəfə verilən lisenziya ilə
birlikdə məşğul ola biləcəyi
iş və xidmətlərin siyahısı göstərilməklə
lisenziyanın əlavəsi təqdim olunur.
4.5.
Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən
fəaliyyət növünü başqa obyektlərdə də
həyata keçirmək və ya lisenziyanın əlavəsində
göstərilməyən iş və xidmətlərlə məşğul
olmaq üçün lisenziyanın əlavəsinin
alınması ilə bağlı lisenziya verən dövlət
orqanına ərizə ilə müraciət edə bilər. Həmin müraciətə bu Qaydanın 3.4-3.12-ci bəndlərində
nəzərdə tutulan qaydada baxılır və bu zaman ərizəçi
tərəfindən bu Qaydanın 3.1.4-cü və (və ya)
3.1.5-ci yarımbəndlərində nəzərdə tutulan sənədlər
təqdim edilir.
4.6.
Lisenziyanın əlavəsi bu Qaydanın 3.14-cü bəndində
nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq
edilir.
5. Lisenziya şərtlərinə
riayət olunmasına nəzarət
5.1.
Lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə
nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş
qaydada müvafiq nəzarət orqanı həyata keçirir.
5.2.
Lisenziya şərtlərinə riayət olunmasına nəzarət
sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” və
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq həyata
keçirilir.
5.3. Nəzarət
orqanı lisenziya sahibinin Nazirlik tərəfindən verilən
lisenziyada göstərilən fəaliyyəti həyata
keçirərkən Azərbaycan Respublikası
qanunlarının tələblərinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə
şərtlərə riayət etməməsi hallarını
aşkar etdikdə lisenziyanın dayandırılması
üçün Nazirliyə əsaslandırılmış təqdimat
göndərir.
6. Lisenziyanın
dayandırılması, bərpası və ləğvi
6.1.
Lisenziya verən dövlət orqanı lisenziyanı
aşağıdakı hallarda dayandırır:
6.1.1. lisenziya sahibi müvafiq ərizə təqdim
etdikdə;
6.1.2. Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulan
hallarda və qaydada dövlət orqanları tərəfindən
lisenziya sahibinin fəaliyyəti dayandırıldıqda;
6.1.3. lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti
həyata keçirərkən Azərbaycan Respublikası
qanunlarının tələblərinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə
şərtlərə riayət etməməsi lisenziya verən
dövlət orqanı tərəfindən müəyyən
edildikdə;
6.1.4. lisenziya sahibinin müflisləşməsi
faktı qanunla müəyyən olunmuş qaydada təsdiq
edildikdə;
6.1.5. qanunla nəzərdə tutulan digər hallarda.
6.2.
Lisenziya onu verən dövlət orqanının qərarı
ilə dayandırılır. Həmin qərarda
dayandırılmaya əsas verən hallar və lisenziyanın
dayandırıldığı müddət göstərilməlidir.
Bu Qaydanın 6.1.3-cü yarımbəndində
göstərilən əsaslarla lisenziyanın
dayandırılması haqqında qərarda həmçinin
dayandırılmaya səbəb olan halların aradan
qaldırılması üçün görülməli tədbirlər
və lisenziyanın dayandırıldığı müddətdə
həmin halların aradan qaldırılmamasının nəticəsi
göstərilməlidir.
6.3. Lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya onun sahibinin müraciətinə əsasən bərpa edilir. Lisenziya sahibi öz fəaliyyətini dayandırdıqdan və ya onun fəaliyyəti dayandırıldıqdan sonra müvafiq lisenziya alınması üçün yeni şərtlər müəyyən edildikdə lisenziya sahibi bu Qaydanın 3.1.5-ci yarımbəndində nəzərdə tutulan sənədləri təqdim etdiyi halda lisenziya bərpa edilir. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur.
6.4. Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir:
6.4.1. lisenziya sahibi müvafiq ərizə təqdim etdikdə;
6.4.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumat aşkar olunduqda;
6.4.3. məhkəmənin müvafiq qərarı olduqda;
6.4.4. hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi ləğv edildikdə və fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
6.4.5. bu Qaydanın 6.1.3-cü yarımbəndində göstərilən əsaslarla lisenziyanın dayandırılmasına səbəb olan hallar lisenziyanın dayandırılması haqqında qərarda göstərilən müddətdə aradan qaldırılmadıqda;
6.4.6. qanunla nəzərdə tutulan digər hallarda.
6.5.
Lisenziya verən dövlət orqanı lisenziyanın
dayandırılması, bərpa və ya ləğv edilməsi
haqqında qərar qəbul etdiyi vaxtdan 3 iş günü
müddətində lisenziyanın sahibinə yazılı məlumat
verir.
6.6. Bu Qaydanın 3.17-ci bəndinə uyğun olaraq
verilmiş lisenziyada göstərilən fəaliyyət
növünün bir və ya bir neçə alt
növünü həyata keçirmək hüququnun
dayandırılması (bu Qaydanın 6.1.2-ci və 6.1.4-cü
yarımbəndləri istisna olmaqla) və ya ona xitam verilməsi
(bu Qaydanın 6.4.4-cü yarımbəndi istisna olmaqla) həmin
lisenziyada göstərilən fəaliyyət
növünün digər alt növlərinin həyata
keçirilməsinə mane olmur.
7. Lisenziya verən dövlət
orqanının vəzifəli şəxslərinin və ərizəçilərin
məsuliyyəti
7.1.
Lisenziya verən dövlət orqanının vəzifəli
şəxsi lisenziyalaşdırma qaydalarını pozduqda və
ya həmin qaydalara riayət etmədikdə qanunla müəyyən
olunmuş hallarda məsuliyyət daşıyır.
7.2.
Ərizəçilər təqdim etdikləri sənədlərin
və onlarda göstərilən məlumatın
düzgünlüyünə görə qanunla müəyyən
edilmiş hallarda məsuliyyət daşıyırlar.
7.3. Lisenziya verən dövlət
orqanının qəbul etdiyi qərarlardan və onun vəzifəli
şəxsinin hərəkətlərindən inzibati qaydada və
məhkəməyə şikayət verilə bilər.
Azərbaycan. - 2015.- 27 dekabr.-S. 2, 3.