Əliquluuşağı kənd orta məktəbinin 100 illik yubileyi qeyd edilmişdir

 

Sumqayıt şəhərindəki 28 May mədəniyyət evində Qubadlı rayon Əliquluuşağı kənd tam orta məktəbinin yüz illik yubileyinə həsr edilən tədbir keçirilmişdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  keçirilən tədbirdən əvvəl mədəniyyət evinin foyesində Qubadlı rayonunun təhsil sistemini özündə yaşadan kitablardan ibarət sərgiyə baxış keçirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, 100 yaşını qeyd etdiyimiz təhsil ocağı həm rayonun Əliquluuşağı kəndində, həm də ətraf ərazilərdə yaşayan əhalinin savadlanmasında, dünyagörüşünün formalaşmasında xüsusi rol oynayıb. Burada təhsil alanların çoxu sonradan Qori Müəllimlər Seminariyasına daxil olub rayona ziyalı kimi qayıdırdılar.    

1993-cü ildə Qubadlı rayonu ermənilər tərəfindən işğal edildikdən sonra təhsil ocağı Sumqayıt şəhərinin 17 saylı tam  orta  məktəbinin əsas korpusunda yerləşdi. Bu gün  Əliquluuşağı kənd orta məktəbinin 21 nəfərdən ibarət pedaqoji kollektivi tarixi ənənələrə söykənən təhsil ocağının müvəffəqiyyətlərini artırmağa çalışır. Artıq neçə illərdir ki, ali məktəblərə qəbul səviyyəsi də buna canlı sübutdur. 

Çıxış edənlər respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan söhbət açdılar. Bildirildi ki, qloballaşan dünyanın prinsiplərinə uyğun olaraq təhsil sisteminin   modernləşməsi ölkəmizin başlıca hədəflərindəndir.

Sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədləri əsasında  hazırlanan “Əliquluuşağı kənd tam orta məktəbi - 100” sənədli filmi nümayiş etdirildi. Tədbirdə məktəbin bir neçə müəlliminə Təhsil Nazirliyinin və Qubadlı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Tədbirdə Milli Məclisin deputatı İmamverdi İsmayılov, Təhsil Nazirliyinin məsul işçisi Aydın Əhmədov iştirak və çıxış etdilər.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Təntənəli tədbir Qubadlı rayon mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə başa çatdı.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2015.- 27 dekabr.- S. 7.