Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə
həsr edilmiş kitablar
təqdim olunub
Ukraynanın paytaxtında “Sağlamlığın təhlükəsizliyi məsələsi üzrə qlobal gündəlik” təşəbbüsünə ölkələrin qoşulması ilə əlaqədar beynəlxalq forum başa çatıb. Tədbirdə Almaniya, Danimarka, İtaliya, Səudiyyə Ərəbistanı, ABŞ, Finlandiya və beynəlxalq təşkilatlardan ekspertlər iştirak ediblər.
Elmi forum çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilən kitablar təqdim olunub.
Kitabların müəllifi forumda Ukrayna Səhiyyə Nazirliyindən antimikrob rezistentliyi və infeksiya nəzarəti məsələləri üzrə ekspert kimi iştirak edən həmvətənimiz professor Aydın Salmanovdur. O, Ukraynada Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin, Ümumukrayna İnfeksiya Nəzarəti və Antimikrob Rezistentliyi Assosiasiyasının rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukrayna milli əlaqələndiricisidir. A.Salmanov, həmçinin 20 kitabın müəllifidir. Onlardan 10-u akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Həmin kitablar müxtəlif beynəlxalq forumlarda, o cümlədən Kiyevdə və Avropa İttifaqı ölkələrində təqdim edilib.
A.Salmanov AZƏRTAC-a müsahibəsində şəxsən özünün və rəhbərlik etdiyi təşkilatın adından Azərbaycan Prezidenti İlham Əliyevin ad gününü ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, ailə xoşbəxtliyi və çoxşaxəli fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev həmvətənlərinin yaşama yerindən asılı olmayaraq azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinə, diasporumuzun təşkilatlanmış qüvvəyə çevrilməsinə böyük diqqət ayırıb.
Sonda alim xüsusilə vurğulayıb: “Biz Azərbaycan Prezidenti İlham Əliyevə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrikinə görə təşəkkür edirik. Qeyd etmək istəyirəm ki, rəhbəri olduğum təşkilat müxtəlif elmi forumların keçirildiyi yerlərdə Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin milli mənafelərinin qorunması işinə əhəmiyyətli töhfə verir”.
Zeynal Ağazadə
AZƏRTAC-ıın
xüsusi müxbiri
Kiyev
Azərbaycan. - 2015.- 29 dekabr.- S. 4.