Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin Müraciəti

 

Əziz həmvətənlər, dəyərli soydaşlar!

Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının söz, əqidə və əməl birliyini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.

Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi dörd il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporu və icmaları inkişaf edib möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar.

Müasir dünyada cərəyan edən qlobal proseslər ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra hallarda xalqların tarix səhnəsində oynadıqları rolun yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək və milli mənafelərini müdafiə etmək imkanlarını qoruyub artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin məhz mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixidoğma Vətəni, ümidistinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ardıcıl və dinamik inkişaf etməsini, ildən-ilə daha güclü dövlətə çevrilməsini qeyd edir. Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə daha da yüksəlməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından kənarda söz sahibi olması isə soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.

Dünya ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi nailiyyətlərə öz uğurları kimi sevinir, eyni zamanda, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyinə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, bir milyondan çox qaçqın və köçkünümüzün doğma yurd-yuvasına dönəcəyinə qətiyyətlə inanırlar. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, odur ki, bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasına öz müsbət təsirini göstərə bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələri birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir.

Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.

Əziz həmvətənlərimiz!

Dəyərli soydaşlarımız!

Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza əmin-amanlıq, qələbə sevincləri və nurlu gələcək arzulayırıq!

Hörmətlə,

  

Azərbaycan Respublikasının Milli Məclisi

Bu Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 29 dekabr tarixli iclasında qəbul edilib

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S.2.