Rusiya ilə Azərbaycan
qarşılıqlı tərəfdaşlığı möhkəmləndirir
“Rusiya ilə Azərbaycan münasibətlərini qarşılıqlı anlaşma və bir-birini dəstəkləmək prinsipi üzərində quran çoxdankı strateji tərəfdaşlardır. Məsələn, Qərbin təzyiqinə baxmayaraq, Prezident İlham Əliyev Böyük Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Moskvaya gəldi. Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən Vladimir Putin bütün dünyaya nümayiş etdirdi ki, Rusiya Azərbaycanın müstəqil siyasi və iqtisadi kursunu dəstəkləyir”. Bu sözləri RF Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.
İki ölkənin beynəlxalq strukturlarda bir-birini dəstəkləməsi mövzusunu davam etdirən siyasətçi Rusiya deputatlarının Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməsini vurğulayaraq deyib: “Təbii ki, ölkələrin siyasi səviyyədə sıx qarşılıqlı fəaliyyəti onların iqtisadi əlaqələrində birbaşa əks olunur. Rusiya cənub qonşusunda uzunmüddətli aydın qaydalarla oynayan etibarlı işgüzar tərəfdaş görür”.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdən söz açan D.Savelyev iqtisadiyyatın şaxələndirilməsinin böyük əhəmiyyətini vurğulayaraq deyib: “Bu, iqtisadi təhlükəsızliyi möhkəmləndirməyə və neftdən asılılığı zəiflətməyə kömək edəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən səmərəli ticarət tərəfdaşlarından biridir. Rusiyanın maşınqayırma məhsullarının respublikaya ixracı cəmi bir il ərzində 62 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı istehsalçıları isə öz məhsulu üçün Rusiyanın simasında böyük satış bazarı əldə ediblər və Qərb sanksiyalarının zərbəsini yumşaltmaqda ölkəmizə kömək ediblər. Qarşılıqlı ticarətdə milli valyutalardan istifadə hazırda 25-26 faiz təşkil edir və bu meyil durmadan artır. İstisna deyil ki, artıq yaxın illərdə Rusiya ilə Azərbaycan dollarla hesablaşmaqdan birdəfəlik imtina edəcəklər. Bu da hər iki ölkənin maliyyə risklərinin çoxundan yaxa qurtarmasına kömək edəcək. Amma 2015-ci ilin ən önəmli tendensiyası Rusiya ilə Azərbaycanın sırf ticarət razılaşmalarından bir-birinin iqtisadiyyatına ciddi sərmayə yatırmağa keçmələri olub”.
İki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaq üçün başa çatan ildə əhəmiyyətli layihələrin həyata keçirildiyini qeyd edən Dövlət Dumasının deputatı deyib: “Azərbaycan biznesmenləri Rusiya ərazisində meyvə-tərəvəz saxlanması üçün logistika mərkəzləri inşa etməyə başlayıblar. “Benkons Group” şirkəti Tatarıstanda şirə istehsalı zavodunun inşasına 4 milyard rubl yatırıb. “KamAZ” Gəncə avtomobil zavodunda yığma xətti işə salıb. Hər il bu xətdən təqribən 1500 yük maşını çıxacaq. Rusiyanın “Qazprombank”ı Sumqayıt Kimya-Sənaye Parkında geniş miqyasda polietilen və polipropilen istehsal edəcək kimya zavodunun inşası layihəsini həyata keçirmək üçün Azərbaycan Dövlət Neft Şirkətinə 420 milyon dollar məbləğində kredit verib. Bundan əlavə, Azərbaycanda xidmət xarakterli helikopter mərkəzinin açılışı, üç min ton yük qaldırmaq gücündə olan ən böyük üzən kranın yaradılması, meyvə-tərəvəz və taxıl daşıyan “çay-dəniz” tipli universal gəmilərin tam seriyasının buraxılışı üzrə perspektivli birgə layihələrimiz var”.
D.Savelyev vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında mədəni dialoq çoxdan və daimi əsasda aparılır. O deyib: “Azərbaycana gələn turistlərin sayına görə rusiyalılar hazırda ilk üç lider sırasındadırlar. Buna da ölkələrimiz arasında viza rejiminin və dil əngəlinin olmaması xeyli dərəcədə kömək edir. Parlamentlərarası qrupumuzun nəzdində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin yaradılmasını böyük nailiyyət hesab edirəm. Mərkəzin mütəxəssisləri ölkələrimizin xalqları arasında etimad mühiti formalaşdırır, informasiya qıtlığını aradan qaldırır, xalq diplomatiyasının inkişafına kömək edirlər. Mərkəzin keçirdiyi çoxsaylı tədbirlər arasında Bakıda birinci Avropa Oyunlarının açılışına və Azərbaycan mədəniyyətinə həsr olunmuş iki fotosərgini, habelə 416-cı diviziyanın azərbaycanlı döyüşçülərinin Taqanroq ətrafında alman faşistlərindən müdafiə etdikləri Sambek yüksəkliklərində Hərb Tarixi Muzeyinin təməlqoyma mərasimində iştirakı qeyd etmək istərdim”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan. - 2015.- 26 dekabr.- S.4.