Göygöl Milli Parkı sənədli filminin təqdimatı olub
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva təqdimatda iştirak edib
Dekabrın
29-da Nizami Kino Mərkəzində IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai
Birliyinin Azərbaycanın 9 möcüzəsi adlı layihəsi
çərçivəsində çəkilmiş
Göygöl Milli Parkı sənədli filminin təqdimatı
keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.
AZƏRTAC xəbər verir ki, filmin təqdimatından əvvəl Leyla Əliyeva Göygöl Milli Parkı filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
Mərasimdə çıxış edən İqor Bışnyov Göygöl Milli Parkı layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək filmin çəkiliş prosesindən təəssüratlarını qonaqlarla bölüşüb. Buradakı görüşlərin növbəti filmin treyleri ilə başlamasının çox gözəl ənənə olduğunu söyləyib. İqor Bışnyov bildirib ki, layihəni IDEA İctimai Birliyi reallaşdırıb.
Rejissor deyib: Layihə çərçivəsində ilk film ötən il təqdim edilən Şirvan Milli Parkı, ikinci film cari ilin aprel ayında təqdim olunan Quşlar cənnəti Ağgöl Milli Parkı sənədli filmidir. Bu gün isə mən çox şadam ki, ilin sonunda Göygöl Milli Parkı sənədli filmi təqdim edilir.
Göygöl Milli Parkının 1925-ci ildə yaradıldığını diqqətə çatdıran İ.Bışnyov bildirib ki, bu film qoruğun yaranmasının 90 illiyi ilə bağlıdır.
İqor Bışnyov layihə çərçivəsində çəkilən ilk iki filmin sırf təbiətə həsr edildiyini vurğulayaraq Göygöl Milli Parkı sənədli filminin yalnız təbiət haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti, həm də arxeoloji faciə haqqında olduğunu söyləyib.
Rejissor Azərbaycanda şəxsən Prezident İlham Əliyevin milli parkların açılışlarında iştirak etməsinin çox xoş hadisə olduğunu qeyd edib.
İqor Bışnyov layihənin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, IDEA ilə əməkdaşlıq etmək olduqca maraqlıdır. IDEA İctimai Birliyinin uşaqları ekoloji cəhətdən tərbiyələndirməsi çox əhəmiyyətli məsələdir.
O, hamını Yeni il və Göygöl Milli Parkının 90 illiyi münasibətilə təbrik edərək deyib ki, qoy bu film bayramlara bir hədiyyə olsun.
IDEA-nın Azərbaycanın 9 möcüzəsi layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama Milli parklarından söhbət açılacaq.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Göygöl Milli Parkı filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, Göygöl Milli Parkı filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın 9 möcüzəsi layihəsi çərçivəsində çəkilmiş Ağgöl Milli Parkı filmi 2015-ci il iyunun 17-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Xilas etmək və qorumaq adlı XIX Beynəlxalq ekoloji televiziya festivalında İlin televiziyası layihəsi mükafatına layiq görülüb.
IDEA-nın Azərbaycanın 9 möcüzəsi
layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz
təbiət gözəlliklərini ölkə daxilində və
xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini
diqqətə çatdırmaqdır.
AZƏRTAC
Azərbaycan. - 2015.- 30 dekabr.- S.6.