Milli birliyin təntənəsi
Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Çətin bir şəraitdə respublikanı böhranlı vəziyyətdən qurtaran, müdrik qərarları ilə vətəndaş qarşıdurmasının qarşısını alan, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin edən ulu öndər ilk gündən diaspor quruculuğunu da qarşıda ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Xatırladaq ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Bu əlamətdar bayram ilk dəfə Naxçıvanda geniş qeyd olunmuş, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilmişdir. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil respublikamız dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.
Dünya azərbaycanlılarının milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir. 2002-ci ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanmasına, dünya azərbaycanlıları birliyinin yaranmasına və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə geniş imkanlar açmışdır.
Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin son illərdə əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir.
Ötən 12 ildə milli maraqlara əsaslanan xarici siyasət yürüdən, uğurlu diplomatiya ilə respublikamızın beynəlxalq mövqelərini gücləndirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğu yönümündə sistemli iş aparır. Dövlət başçısı ölkədəki sosial-iqtisadi inkişafın tempinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu istiqamətdə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.
Prezident İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətində bildirib: “Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.
Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər”.
Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində soydaşlarımızı daha fəal olmağa çağırır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparır. Bu baxımdan, dövlət başçısının sərəncamı əsasında 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır.
Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Bununla belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, ilk növbədə, öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini yaşadaraq inkişaf etdirməsi tarixi zərurətdir. Hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi kimi nəzərdən keçirilən bu meyarlar xaricdəki soydaşlarımız üçün də əsas olmalı, daim diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir.
Azərbaycanın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, eləcə də balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Qlobal layihələrin uğurla həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyev haqlı olaraq hesab edir ki, sosial-iqtisadi sahədəki uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil respublikamızla bağlı dolğun və hərtərəfli təbliğat aparması, habelə Azərbaycana investisiya qoyuluşunu təşviq etməsi baxımından daim istinad ediləcək zəngin “informasiya bankı” rolunu oynayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində müvafiq dövlət və qeyri-dövlət qurumları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlıların da fəal mövqe tutması son dərəcə vacibdir. Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü strateji layihələrdən kənarda saxlayır. Azərbaycan diasporunun nümayəndələri bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalı, yaşadıqları ölkələrdə Ermənistanın ifşası istiqamətində fəal iş aparmalıdırlar.
Dünya azərbaycanlılarının 2011-ci il iyunun 4-də keçirilmiş III qurultayı göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. Prezident İlham Əliyev qurultaydakı dərin məzmunlu nitqində Azərbaycan diasporunun formalaşması prosesinin başa çatdığını demişdir: “Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni, 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər”.
Dövlət başçısı İlham Əliyev bütün sahələrdə yüksək dinamizlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir.
Ümumilikdə, 31 dekabr tarixinin respublikada Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi xoş ənənəyə, xalqın sarsılmaz milli-mənəvi birliyinin təcəssümünə çevrilmişdir. Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının müstəqillik əldə etdiyi andan bütün dünya azərbaycanlılarına bəxş etdiyi bu bayram ümummilli əhəmiyyətə malik olmaqla, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasını möhkəmləndirir. Azərbaycanlıların dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən milli həmrəylik günü xalqda özünəinamı gücləndirir. Ürəkdən inanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müstəqil Azərbaycanın yaxın perspektivdə inkişaf etmiş ölkəyə çevrilməsi ilə nəticələnəcək, hər bir azərbaycanlı Vətənimizin uğurları ilə qürur duyacaqdır.
Elnur HACALIYEV,
Azərbaycan. - 2015.- 31 dekabr.- S. 6.