Yeni şəraitdə yeni tələblər

 

Prezident İlham ƏLİYEV: “Həm dövlət strukturları, həm də dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. Hər bir vəsaitdən səmərə ilə istifadə edilməlidir”

 

Xəbər verildiyi kimi, yanvarın 27-də Prezident İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Hökumət üzvlərinin, mərkəzi və yerli icra orqanları rəhbərlərinin, eləcə də özəl sektor nümayəndələrinin iştirak etdikləri konfrans müzakirə mövzusuna görə ənənəvi sayılsa da, əslində o, Prezidentin girişyekun nitqlərində qaldırılan məsələlər, edilən təhlillər və verilən tapşırıqlar baxımından dövlət və hökumətin heç də sadə olmayan müasir şəraitdə fəaliyyətini müəyyənləşdirən mühüm tədbir idi. Dövlət başçısının dünyada, o cümlədən yerləşdiyimiz regionda baş verən hadisələri obyektiv qiymətləndirməsi və həmin hadisələrin Azərbaycana təsir ehtimalını minimuma endirmək üçün görülmüş və görüləcək tədbirləri dilə gətirməsi isə sübut edir ki, müasir şərait heç də ürəkaçan deyil.

XXI əsr başlayanda hamı güman edirdi ki, təkcə tarixin yeni yüzilliyinə yox, həm də qan-qadasız sivil dövrünə qədəm qoyuruq. Amma bu güman əbəsmiş. Sən demə, nə elm və texnikanın ağlagəlməz inkişafı, nə qloballaşma, nə də demokratik dəyərlərin önə çıxması insan təfəkkürünü dəyişmək imkanındaymış. Heç kommunist düşərgəsinə aid ölkələrin dağılması ilə ikiqütblü dünyanın tarixin arxivinə qovuşması da bəşəriyyəti ağılsız qarşıdurmalardan, günahsız qurbanlardan xilas edə bilmədi. Belə olan halda yaşadığımız dövrü XX əsrin əvvəllərindən nə fərqləndirir ki?! Müharibə desək, müharibə var - hazırda dünyanın neçə regionunda silahlı toqquşmalar günü-gündən şiddətlənir. İnqilab desək, inqilablar var - müxtəlif rəngli və müxtəlif “fəsil”li inqilablar, dövlət çevrilişləri azmı ölkələri, xalqları yaman günə qoyur?! İnanmırıq ki, XXI əsrin bu savaşlarında həlak və bədbəxt olanların sayı 100 il əvvəlkindən geri qalsın. Bəlkə də əksinə, çox olar. Belə getsə, Tanrı dünyanı yaxın gələcəyin dəhşətlərindən qorusun. Çünki qarşıdan İkinci Dünya müharibəsinin başlanma tarixi gəlir. Münəccimlik etmirik, iki əsrin tarixi hadisələri arasındakı analogiyadan ehtiyatlanıb xofa düşürük.

Əgər bugünkü odlu-alovlu dünya coşub-daşan okean, ölkələrsə həmin okeanda üzən gəmi və qayıqlardısa, onda tam əminliklə demək olar ki, Azərbaycan bu fırtınada mahir idarəetmə hesabına bütün “çalxalanma”ları dəf edərək öz kursu ilə məharətlə irəliləyir. Bu bədii bənzətməni dövlət başçısı adıçəkilən konfransda bir başqa cür demişdir: “Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır”. Həqiqətən, ölkəmiz artıq neçə ildir tənəzzül, böhran nədir bilmir. Nə məlum qüvvələrin səyləri ilə cəlb olunduğumuz Qarabağ savaşı, nə bu savaşın nəticəsində münbit torpaqlarımızın, təbii sərvətlərimizin işğalı və yüz minlərlə soydaşımızın öz vətənlərində məcburi köçkünə çevrilərək həlli milyardlarla manat tələb edən problem yaratması, nə də maddi cəhətdən güvəndiyimiz neft və təbii qazın qiymətlərinin oynaması Azərbaycanı inkişafdan səngidə bilmişdir. Bunu sübut edən son 10 ilin rəqəmlərinə nəzər salaq: 2004-cü ildən keçən dövr ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,4, sənaye məhsulları istehsalı 2,7 dəfə artmışdır. Ötən 11 il ərzində iqtisadiyyatımızın müxtəlif sahələrinə 180 milyard dollar sərmayə yatırılmışdır. Diqqətçəkən başqa bir fakt: əgər 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatı 1,8 milyard dollar idisə, indi həmin rəqəm 50 milyard dollardan çoxdur. Bu illər ərzində ölkədə 1 milyon 360 min yeni yeri açılmışdır ki, onun da 1 milyonu daimidir. İndi Azərbaycanda işsizliyinyoxsulluğun səviyyələri 5 faizdən çox deyil. Bu gün ölkədə orta aylıq əməkhaqqı 565 dollardır, halbuki 11 il əvvəl həmin göstərici cəmi 100 dollar olmuşdur. Xatırlatdığımız qaçqın və məcburi köçkünlərin yaşayış və məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərə gəldikdə isə, təkcə son 11 il ərzində onlar üçün 84 qəsəbə salındığını və bununla 210 mindən artıq belə statusa malik soydaşımızın rahat evya mənzillə təmin olunmasını qeyd etmək kifayətdir ki, onların miqyası haqqında təsəvvür yaransın. Son 11 ildə əldə olunan uğurların siyahısına 23 elektrik stansiyasının istifadəyə verilməsini, 64 min müəssisə yaradılmasını, regionlarda 4-ü beynəlxalq olmaqla 6 aeroportun, 2900 məktəb binasının, 560 tibb ocağının, 41 olimpiya kompleksinin, 30 gənclər mərkəzinin tikilməsini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi layihələri və yüzlərlə bu kimi işləri də əlavə etmək olar. Amma bütün hallarda bilavasitə dövlət başçısının rəhbərliyi ilə ərsəyə gələn həmin işlərə elə dövlət başçısının özündən səlis qiymət vermək mümkün deyil: “Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir... Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridirdünyada bizə olan maraq artır”.

Lakin qeyd etdiyimiz kimi, dünyada, o cümlədən ətrafımızda şərait dəyişib, özü də yaxşılığa yox. Prezident konfransda bu dəyişikliyi belə dəyərləndirib: “Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni son bir il ərzində bütün bu və digər amillər mənfi amillərdir”.

Bundan sonra dövlət başçısı yaranmış vəziyyətlə bağlı Azərbaycanı da qarşıda böyük sınaqların gözlədiyini istisna etmədiyini və həmin sınaqlara hazır olmağın vacibliyini vurğulayıb: “İstisna olunmur ki, böhranla, iqtisadi maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq...” Düzdür, ölkədə belə böhranlı şəraiti qarşılamaq üçün vaxtında tədbirlər görülmüşdür və Azərbaycanın artıq dünyanı bir ildən çoxdur ağuşuna almış qeyri-sabit iqtisadi-sosialictimai-siyasi vəziyyətdən sabit inkişafla çıxmağının səbəbi də budur.

Amma sözsüz ki, bu, ali hakimiyyət orqanlarından tutmuş sıravi vətəndaşlaradək heç kimdə arxayınlıq yaranması üçün əsas ola bilməz. Çünki söhbət heç də qısamüddətli regional böhrandan yox, nəhəng güclərin mövqe uğrunda qlobal qarşıdurmasının siyasi, iqtisadi və hərbi fəsadlarından gedir və xüsusən Azərbaycan kimi böyük maraq doğuran kiçik ölkələrin bu açıq və gizli savaşın hədəfinə çevrilmək ehtimalı az deyil. Odur ki, hazırda bir nömrəli vəzifə həmin ehtimaldan maksimum sığortalanmaq üçün görülən tədbirlərin yeni şəraitə uyğun davam etdirilməsidir.

Bəs əsasən siyasiiqtisadi istiqamətli bu tədbirlər hansılardır? Əslində bir-biri ilə bağlı olan tədbirlərin üstündə çox dayanmayacağıq. Onlar barədə Prezident İlham Əliyev konfransdakı giriş nitqində “onluğa vuraraqçox konkret deyib: “İqtisadisiyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirikheç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik. ...İqtisadi amil bax bu imkanları yaradır”. Bununla belə, iqtisadi gücün Azərbaycana siyasi səhnədə öz sözünü deməyə, milli maraqları qorumağa imkan verdiyini deyən dövlət başçısı mərkəzi və yerli icra orqanlarının rəhbərlərindən yeni şəraitə uyğun fəaliyyət göstərmələrini, yəni daha məsuliyyətli, daha diqqətli olmalarını tələb edirbunun vacibliyini konkret səbəblə əsaslandırır: “...neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir”. Deməli, icra orqanları ilk növbədə hər manatın, hər qəpiyin hesabını aparmalıdırlar, dövlət vəsaitinin israfçılığına yol verməməlidirlər. Bunu onlardan Prezident tələb edir, özüçox ciddi və sərt tərzdə: “Belə olan halda, əlbəttə ki, israfçılığa yol verilməməlidir... Eyni zamanda ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. Hər bir vəsaitdən səmərə ilə istifadə edilməlidir”.

Təbii ki, dövlət başçısının bu vacib məsələni konfrans iştirakçılarının diqqətinə dönə-dönə çatdırması səbəbsiz deyil. Bizim bəzi icra orqanlarının israfçılıq mərəzinə tutulmasına Azərbaycanda bələd olmayan, şahidlik etməyən az adam tapılar. Bunun səxavətlik yox, şəxsi marağın təminatı olduğu da hamıya məlumdur. Eyni yolun dəfələrlə asfaltlandığı, bir obyektin saysız təmir olunduğu, əvvəl abadlaşdırmaq, sonra qazıb dağıtmaq “əməliyyat”ının xroniki xəstəliyə çevrildiyi gözdən necə qaça bilər ki?! Yaxud götürək rayon mərkəzlərini. Artıq camaat öyrəşib, icra hakimiyyətinin başçısı dəyişdimi, ilk işi mütləq mərkəzi küçəni və parkı yenidən qurmaq olacaq. Bu yenidən qurmaqsa yüz minlərlə büdcə vəsaiti deməkdir. Başa düşürük, zövqlər müxtəlifdir, köhnə başçının bəyənərək tikib yaratdığı təzənin xoşuna gəlməyə bilər. Amma, cənab məmur, əvvəla zövq nisbi məsələdir, hətta o dərəcədə ki, onun üstündə mübahisə də etmirlər. Sonrası da, zövqünü şəxsi vəsaitinlə evində, əyin-başında təmin et, daha dövlətin və xalqın vəsaiti ilə dövlətə və xalqa məxsus yerlərdə yox!

Bu yaxınlarda paytaxtın Ziya Bünyadov prospekti uzun sürən yenidənqurmadan sonra təmtəraqla istifadəyə verildi. İnsafən, bu can rahatlığı olan yolda çox işlər görülmüşdür. “20 Yanvar” dairəsindən metronunKoroğlu” stansiyasınacan 10 kilometrlik geniş avtomobil yolundabir kəsişmə var, nə də işıqfor. Tikilmiş tunellər, körpülər bu məsafəni 10-15 dəqiqəyə getməyə imkan verir. Ammaolsun? Açılışından bir neçə gün keçməmiş yolun müxtəlif hissələri qazılıb töküldü. İndiKoroğludan “20 Yanvar” istiqamətinə birbaşa gəlmək mümkün deyil. Üstəlik, istisna da olunmur ki, bir müddət sonra əks istiqamətə gedən yolda təmir başlamayacaq və beləcə, dövlətin milyonlar hesabına çəkdiyi yol əlavə vəsait xərcləmək üçün il boyu yarımçıq işləyəcək. Bizdə bu əminlik yaranmazdı, əgər indiyəcən olan bu kimi israfçı hallara şahidlik etməsəydik.

“...Əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burda oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilirlər bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox”. Bu sözləri Prezident konfransda səsləndirib o, çox ciddi problemlə bağlıdır. Kənd təsərrüfatı sahəsində işləyənlər yaxşı bilirlər: bəzi səlahiyyətli rayon məmurları dövlətin xüsusən taxılçılara etdiyi güzəştlərdənbəhrələnməküçün tanıyıb inandıqları yaxınlarının adına olmayan əkin sahələrini yazdırıb subsidiya adı ilə külli miqdarda vəsait mənimsəyirlər. Beləliklə, dövlətin taxıl istehsalını stimullaşdırmaq üçün ayırdığı vəsait həmin bəzi məmurların maddi maraqlarının, necə deyərlər, qurbanı olur.

* * *

Bizdə bu cür neqativ hallara indən sonra son qoyulacağına bir əminlik var. Ən azından mümkün deyil ki, bu problemlərlə bağlı dövlət başçısının ciddi tələbindən sonra hansısa məmur işində dönüş yaratmasın. Əks halda Prezident, həmişəki kimi, qərarında qətiyyətli olacaq: “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.

 

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2015.- 1 fevral.- S.1.