Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik
strategiyaya
doğru”
mövzusunda konfrans təşkil olunub
ABŞ-ın
nüfuzlu analitik mərkəzlərindən olan “Atlantik
Şura”nın və Avropa İttifaqına hazırda sədrlik
edən Latviyanın birgə təşkilatçılığı
ilə yanvarın 30-da Vaşinqtonda “Avropanın şərqi
üçün transatlantik strategiyaya doğru” mövzusunda
konfrans keçirilib. Konfransda Azərbaycanı Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil
edib.
Milli
Məclisin deputatı Slovakiya və Gürcüstan xarici
işlər nazirləri, Ukrayna xarici işlər nazirinin
müavini və Polşa xarici siyasət idarəsinin yüksək
rütbəli təmsilçi ilə birlikdə “Bütöv
və azad Avropaya doğru” adlı paneldə iştirak edib.
Paneldə çıxış edən Səməd Seyidov Azərbaycanın
Şərq Tərəfdaşlığında iştirakı
barədə fikirlərini bölüşüb. O, ilk əvvəl
bu proqram çərçivəsində əldə
olunmuş mühüm nəticələrdən - xüsusilə
ötən dövrdə tərəflər arasında viza
proseduralarının sadələşdirilməsi və
readmissiya haqqında sazişlərin
bağlandığından və Azərbaycanın bir sıra
Avropa İttifaqı proqramlarında iştirakına yol
açan əlavə protokolun
razılaşdırılmasından danışıb. Deputat,
həmçinin enerji sahəsində aparılan uğurlu
dialoq və “Cənub” qaz dəhlizinin
reallaşdırılması istiqamətində göstərilən
qarşılıqlı səyləri vurğulayıb.
Eyni
zamanda, Səməd Seyidov bəziləri tərəfindən
insan hüquqlarından geosiyasi məqsədlər
üçün istifadə olunmasını pisləyib. O, bu mənada
Avropa İttifaqı institutları tərəfindən Azərbaycana
qarşı vaxtaşırı atılan addımların elə
Avropanın öz maraqlarının əleyhinə olduğunu
qeyd edib.
Post-sovet
məkanında mövcud münaqişələrə
münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində
selektiv yanaşmaya yol verildiyini söyləyən komitə sədri
bu kontekstdə Azərbaycan torpaqlarının 20 faizinin
işğal altında qaldığını
xatırladıb. O, əlavə edib ki, ABŞ və beynəlxalq
ictimaiyyət vaxtilə Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı müvafiq tədbirlər görmüş
olsaydı, digər post-sovet ölkələrində oxşar
hadisələr təkrarlanmazdı. Səməd Seyidov, həmçinin
sanksiyaların tətbiqi məsələsində ikili
standartların nümayiş etdirildiyini bildirib.
S.Seyidov
Şərq Tərəfdaşlığının gələcəkdə
uğurlu icrasının təmin edilməsi üçün
keçmişdə buraxılmış səhvlərin dərindən
təhlil edilməsi və lazımı nəticələrin
çıxarılmasının vacibliyini vurğulayıb.
Yusif Babanlı
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.-2015.- 1 fevral.- S.2.