Prezident İlham
Əliyevdən Azərbaycan gəncliyinə növbəti mükafat
Dövlət
başçısının “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf
Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamı
gənclərə qayğı və diqqətin keyfiyyətcə
yeni mərhələyə daxil olduğunun təsdiqidir
Bu il Azərbaycan gəncliyi artıq 18-ci dəfə Gənclər Gününü qeyd edəcək. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla təqvimdə yer alan Gənclər Günü hər il daha böyük coşqu və yüksək nailiyyətlərlə qeyd olunmaqdadır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də hər dəfə Gənclər Günü ərəfəsində Azərbaycan gəncliyinə dövlət qayğısını hiss etdirir. Elə 2015-ci il də bu baxımdan istisna olmadı və Prezident İlham Əliyev Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Perspektiv 10 ildə gənclərin inkişafı üçün strateji proqram
Strategiyaya əsasən qarşıdakı növbəti 10 il ərzində Azərbaycan gəncliyinin bütün qruplarının sosial-məişət problemlərinin bütövlükdə həll edilməsi hədəf kimi müəyyənləşdirilib. Strategiyanın qəbulu bir daha sübut edir ki, Azərbaycan gənclərinin probleminin həlli daim dövlətin diqqət mərkəzindədir. Elə bu səbəbdəndir ki, Strategiyada perspektiv 10 il ərzində gənclərin yüksək səviyyədə ali və peşə təhsili alması, onların peşəkar kadrlar kimi yetişdirilməsi məsələsi öz əksini tapıb. Eyni zamanda, əmək bazarının tələblərinə uyğun olaraq, ixtisasların yaradılması, gənclərin hazırlıq səviyyəsinin artırılması yolu ilə onların dəqiq elmlərə istiqamətləndirilməsi, gənc alimlərə Azərbaycan elmini xaricdə təmsil etmək imkanlarının yaradılması, həmçinin onların vətənpərvər ruhda tərbiyə edilməsi, informasiya cəmiyyətində və müharibə şəraitində milli maraqların müdafiə edilməsi yönündə fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, hətta, gənclərin ictimai sektorda, yerli özünüidarəetmə orqanlarında, inzibati idarəçilikdə və qanunvericilik prosesində daha aktiv iştirakını təmin etmək nəzərdə tutulub.
Əlbəttə ki, strategiyanın reallaşdırılması nəticəsində gənclərin kreativliyinin və qabiliyyətinin üzə çıxarılması yolu ilə onların ixtisaslarına uyğun işlə təmin olunması, ümumilikdə, işsizliyin tamamilə azaldılması, region gənclərinin əmək fəaliyyətinə cəlb edilməsi, yaxud bölgələrdə təyinatlı iş yerlərinin yaradılması, eyni zamanda gənclərin mənzil-məişət problemlərinin həlli istiqamətində effektiv addımların atılması və s. həyata keçəcək. Bütövlükdə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda 14 yaşından 35 yaşınadək bütün gənclərin təhsil alması, işlə təmin olunması, mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş onların Azərbaycanı beynəlxalq miqyasda təmsil etməsinədək tədbirlərin görülməsi planlaşdırılıb.
Bir sözlə, gənclərin mürəkkəb transformasiya dövrünü yaşayan dünyada yeni çağırışlara müvafiq inkişafını nəzərdə tutan Strategiya bir daha Azərbaycan dövlətinin cəmiyyətimizin avanqard qüvvəsinə göstərilən dövlət dəstəyinin və diqqətinin ardıcıl olduğunu təsdiqləyir. Bu mənada müasir Azərbaycan gəncliyi də unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq bugünkü uğurlara, dövlətin yüksək səviyyəli diqqət və qayğısına məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olub.
Azərbaycanda gənclər siyasətinin əsasını Heydər Əliyev qoyub
Qeyd edilməsi vacibdir ki, hələ 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn ulu öndər Heydər Əliyev ölkənin möhkəm əsaslarının formalaşdırılması və kadr potensialının gücləndirilməsi üçün gənclərlə genişmiqyaslı işə başladı. Azərbaycan gəncləri perspektiv inkişafın əsaslarını təşkil edən mühüm prosesləri dərindən mənimsəmək üçün o zamankı nüfuzlu ali təhsil məktəblərində təhsil almağa və tədqiqat işləri aparmağa göndərildi. Qısa müddət ərzində Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilməyi bacardı. Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyətilə iki əsr ərzində xalqımıza tarixən malik olmuş keyfiyyətləri qazandırdı, ziyalılarımızı “terror maşınından” xilas etdi və gələcək inkişaf üçün möhkəm özül, peşəkar kadr potensialı formalaşdırdı.
Lakin təəssüf hissilə demək lazımdır ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların oyunlarının qurbanına çevrildi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, reketçiliklə məşğul olan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri hərbi-siyasi oyunların alətinə çevirirdi. Gənclərin bir qismi təhsil, elm prosesindən kənarlaşdırılırdı, cəmiyyət üçün yararlı deyil, əksinə, təhlükəli qüvvəyə çevrilirdi. AXC-Müsavat iqtidarı dövlətçiliyin qorunması və torpaqlarımızın Ermənistanın işğalından müdafiə edilməsi istiqamətində döyüşlərə atılan gəncləri siyasi oyunların alətinə çevirməklə Bakıda qardaş qanı tökməyə yönləndirirdi. Bu isə Azərbaycanın perspektivini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı.
Amma 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycan dövlətçiliyini və gəncliyimizi xilas etdi. O, gənclərin enerjisini, həvəsini və gücünü görərək onların Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi. Məhz, ümummilli lider Heydər Əliyevin hələ 1969-1982-ci illərdə keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərdiyi yüzlərlə azərbaycanlı gənc müstəqilliyimizin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynamağa başladılar. Elə ikinci dəfə hakimiyyətə gələndən sonra da dərhal gənclərlə işə başlayan ümummilli lider yeni dövrün çağırışlarına uyğun Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında fəal iştirak etməyə başladılar. Paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara start verildi.
“Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir” - deyən ulu öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyinin əsasını qoydu, 1996-cı ildən başlayaraq, gənclərin forumları təşkil edildi. Bununla yanaşı, “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar qəbul edilmiş, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan təxris olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.
Prezident İlham Əliyev gənclər siyasətini keyfiyyətcə yeni mərhələyə yüksəldib
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - deyən və 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini şaxələndirərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illərdə)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edildi, 2007-ci il ölkədə “Gənclər ili” elan edildi, həmçinin gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə iş sektoru yaradıldı, “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Bunlar da təbii ki, gəncliyin inkişafına, onların daha həvəslə çalışmasına və dövlətçiliyimizin müdafiəsində fəal iştirakına əlavə stimul verdi. Elə gənclərimizin həm Azərbaycanda, həm də xaricdə xüsusi fəallıq nümayiş etdirməsi faktını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında əyani şəkildə görürük. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıralarından olan gənclərin müxtəlif vəzifələrə irəli çəkilməsi də bir daha gəncliyimizə olan diqqət və qayğının bariz nümunəsidir.
Beləliklə, həyata keçirilən uğurlu gənclər siyasətinin nailiyyətidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal təbəqə kimi demokratikləşmə prosesində səmərəli iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat, siyasət, ictimai və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Çünki müasir Azərbaycanın gəncləri fəaliyyətlərini dövlətçiliyə təmənnasız xidmət prinsipləri üzərində qurur və onlar keçmişi unutmur, gələcəyi parlaq görürlər. Bu mənada, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş, Heydər Əliyev irsinə sadiq olan Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin onlara göstərdiyi etimadı doğruldacaqlar.
Ramil VƏLİBƏYOV,
YAP Nizami rayon təşkilatının aparat
rəhbəri
Azərbaycan.-2015.-
1 fevral.- S.4.