Simvollar danışır...
Elçin AŞUROV: “Dövlətin diqqət
və qayğısı
yaradıcı gənclər
arasında sağlam rəqabəti daha da artırır”
Bu gün Azərbaycanda əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Bu baxımdan gənclərə dövlət qayğısı, onların sağlam həyat tərzinin təşkili daim dövlətin diqqət mərkəzindədir. Gənclərin Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində tam iştirakı təmin olunub. Ölkəmizdə gəncliyə dövlət qayğısı sabahkı uğurlara hesablanan siyasətdir, bu isə öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin növbəti strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. Yanvar ayının 26-da Prezident İlham Əlyevin imzaladığı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamı da bir daha dövlətin gənclər siyasətinə verdiyi önəmi göstərmiş oldu. Bu strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan ölkəmizin mənafeləri naminə istifadə etməkdir. Strategiyada vacib şərtlərdən biri gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahələrindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdırmaqdır.
Bu gün ölkəmizdə istənilən sahədə özünü sınayıb, yeni ideyalar ortaya qoyaraq uğur qazanan gənclər kifayət qədərdir. Bir ilkə imza atmağı hər kəs istər, yetər ki, onu etmək üçün səy göstərəsən. Düşünmək və yaratmaq qabiliyyəti hər bir insanın yaradılarkən aldığı ən qiymətli nemətdir. Bu qiymətli nemətdən lazımınca yararlanan gənclərdən biri də “MƏN” Brend Korporasiyasının yaradıcısı Elçın Aşurovdur. Elçin özünün orijinal düşünmə qabiliyyəti və innovativ, kreativ ideyaları ilə ərsərə gətirdiyi məhsullarla uğurlar qazanmış, qısa müddətdə öz sahəsinin nüfuzlu mütəxəssislərindən birinə çevrilmişdir. İstəyi ideyalarının daha böyük çərçivədə, geniş miqyasda əhatələnməsidir.
1986-cı ildə Bakı şəhərində anadan olan Elçin Aşurov Azərbaycan İqtisad Universitetinin məzunudur. 2008-ci ildə bakalavr təhsilini başa vurub hərbi xidmətə yollanıb. Vətənə olan borcunu ödəyib yenidən mülki həyata dönən Elçin ali təhsilin magistratura pilləsini də bitirmək qərarına gəlib. Bir çox ictimai birliklər, gənclər təşkilatlarının həyata keçirdikləri layihələrin fəal iştirakçısı, koordinatoru olan Elçin ixtisasca iqtisadçı olsa da, dizayn sənətinə böyük marağı və həvəsi olub. Bəllidir ki, bu sənətə sahib olan mütəxəssislər təxəyyül və intellektin sintezi nəticəsində yeni ideyalar formalaşdırır, onu hazır məhsul kimi cəmiyyətə təqdm edir. Məhz bu intellekt, maraq və istək Elçinin iqtisadçı həyatını dəyişir. Elə bizimlə söhbətində gənc mütəxəssis öncə iqtisadiyyatı dizayn sənəti ilə əvəzləməsini belə izah etdi: “İqtisad Universitetində iqtisadiyyatı dərindən öyrənib və bütün sirlərinə bələd olursan. Mən də öz sahəm üzrə zəruri biliklərə sahib oldum. Rəqabət mühiti, müştəri məmnuniyyətinin necə təmin olunmasını öyrəndikdən sonra hiss etdim ki, marketinqdə brendinin payı çox böyükdür. Müştəri istəyini qazanmaq üçün hər bir şirkət, müəssisə öz brend simasını formalaşdırmalı, düzgün marka strategiyası müəyyənləşdirməlidir. Elə mənim də bu sənətə marağım buradan oyandı. İqtisadi biliklərimlə dizayn bacarığımı birləşdirib belə bir korporasiyanı yaratmaq qərarına gəldim və 2012-ci ildə “MƏN”i yaratdıq”.
Gənc müəxəssis deyir ki, müasir dövrdə rəqabət mühitinə tab gətirmək üçün şirkətlər öz brend simalarını formalaşdırmağa böyük önəm verirlər. Düzgün brend strategiyasının məhsulun və xidmətin realizə olunmasında rolu kifayət qədər böyükdür. Ona görə də korporativ brendləşmə “MƏN”in ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Digər tərəfdən bu sahə hər an yenilik tələb etdiyi üçün qurum daim axtarışdadır və dünyada baş verən yenilikləri, brendləri öyrənmək, mənimsəmək üçün lazımi biliklərdən maksimum yararlanır. Qurumun adının nədən “MƏN” adlandırılmasına gəlincə isə E.Aşurov belə dedi: “Biz düşündük ki, hər bir insan və ya şirkət ilk növbədə özünə bir dəyər verməli, yəni hər şeydən öncə “mən” anlamı olmalıdır ki, istənilən sahədə uğur qazana bilsin”.
Artıq 3 ildir fəaliyyət göstərən “MƏN” bir çox layihələrin müəllifi olub. Bu fəaliyyətə dövlət strukturları, özəl sektor, şirkətlər, eləcə də alış-veriş və restoran şəbəkələri, idman klubları, böyük beynəlxalq təşkilatlarla iş daxildir. “MƏN” əsasən korporativ brendləşmənin strategiyası və platforması, korporativ stil - brendin vizual qrafik təsviri, marka inkişaf strategiyası, brendbook-un hazırlanması proseslərini həyata keçirir. “MƏN” eyni zamanda markaların müəllif hüquqlarının təşkilini də nəzərdə tutur.
Hər kəsə bəllidir ki, loqo hər bir qurumun təməl bünövrəsidir. O, istər peşəkar, istərsə də sadə vətəndaşın zehnində ilkin baxışda şirkətə etibar formalaşdırır. “MƏN” də bir çox dövlət strukturlarının, forumların loqolarının müəllifidir. Azərbaycan Gənclər Fondu, Bakı Ali Neft Məktəbi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Təhsil Problemləri İnstitutu, Avtomobil Federasiyası, Sırğortaçılar Assosiasiyası, “ASAN xidmət”in innovasiyalar mərkəzi, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi üçün vətəndaşlardan ideyaların toplanması ilə bağlı yaradılan “İdeya BANKI”, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturlarının və digər nüfuzlu şirkət, idman federasiyalarının loqoları məhz Elçin Aşurovun intellektinin və zövq harmoniyasının məhsuludur. Eyni zamanda gənc mütəxəssis Bakıda Azərbaycan hökuməti, BMT-nin Əhali Fondu (UNFPA), UNESCO və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən və Prezident İlham Əliyevin açılışında iştirak edib nitq söylədiyi Gənclər Siyasəti üzrə I Qlobal Forum, Beynəlxalq Təşkilatlarda Çalışan Azərbaycan Vətəndaşlarının I Toplantısı, Bakı Beynəlxalq Yaradıcılıq Festifalı və bir sıra digər tədbirlərin loqolarını hazırlayıb. Bununla yanaşı, futbol üzrə Azərbaycan kubokunun, ölkə kubokunun model, dizaynı da “MƏN”ə məxsusdur. E.Aşurovun sözlərinə görə, onlar üçün ən qürurverici hadisə isə “Azərbaycan Respublikası Prezidentinin Gənclər Mükafatı”nın təsvirinin, eləcə də onun diplom və vəsiqəsinin “MƏN” tərəfindən hazırlanmasıdır.
Qarşıda böyük hədəflər planlaşdıran Elçin Aşurov fevral ayının 4-də böyük müəllif sərgisi keçirməyə hazırlaşır. Bu sərgidə müxtəlif dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına, özəl sektorlara qurumun hazırladığı loqolar, dizaynlar təqdim olunacaq: “Biz bu sərgidə loqolar, dizaynlarla yanaşı, onların insanlara verdiyi şüuraltı məsələlərə toxunacağıq. Çalışacağıq ki, insanlara gördüyümüz işlərin sadəcə işarələrdən ibarət olmadığını göstərək. Hesab edirəm ki, loqolar, simvollar insanlara məlumat ötürürlər, yəni simvollar danışır. Bu simvollar böyük şirkətlərin brend markası kimi yaddaşlara həkk olunur. İnanıram ki, bu sərgidə bizim əməkdaşlığımız genişlənəcək və gələcəkdə daha da maraqlı, düşündürücü, kreativ ideyalarımızla müştərilərimizi sevindirəcəyik”.
E.Aşurov sonda bildirdi ki, artıq inkişaf etmiş ölkələr sırasında adıçəkilən Azərbaycanda iqtisadi inkişafın səviyyəsi get-gedə yüksəlir, rəqabət mühiti formalaşır və belə bir şəraitdə şirkətlər bu sahəyə daha çox maraq göstərirlər. Gənclərə göstərilən diqqət və qayğı da onların yaradıcılıq qabiliyyətinin ortaya çıxması ilə nəticələnir. Rəqabət artdıqca isə işin daha keyfiyyətli, maraqlı alınması və müştəri məmnuniyyəti qazanmaq üçün ortaya yüksək səviyyəli məhsul çıxarmaq məcburiyyəti yaradır. Bunun üçün isə daim axtarışda olmaq, yeni dünya təcrübəsindən yararlanmaq vacib şərtlərdən biridir. Gənc mütəxəssisin fikrincə, artıq ölkəmizdə bu sahəyə maraq getdikcə çoxalır. Çünki bu gün intellektual, elmi-texniki tərəqqi dünyasıdır və belə olan halda təbii ki, şirkətlər arasında sağlam rəqabət mühiti yarancaq. “MƏN” isə hər bir rəqabətə hazırdır və ətrafına istedadlı gəncləri toplayan şirkət hazırladığı məhsullarla daim ön sıralarda olacağını, müştərilərin məmnuniyyətini qazanacaqlarını düşünür.
Hazırda “MƏN”də 10-na yaxın gənc mütəxəssis fəaliyyət göstərir, onların hər biri üzərinə düşən vəzifəni maksimum dərəcədə yerinə yetirməyə çalışır. Məqsəd isə daha böyük uğurlara imza ataraq ölkəmizdə bu sahədə öncül şirkətə çevrilməkdir.
Yolunuz uğurlu olsun...
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2015.- 1 fevral.- S.5.