İdmançılarımız keçən
ili möhtəşəm qələbələrlə
yola saldılar
Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Hər il idmançılarımız beynəlxalq turnirlərdə yüzlərlə medal qazanırlar. Dövlət rəhbərliyi xalqın, ilk növbədə böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, ölkənin idman imicinin yüksəlməsinə çalışır.
Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm
tərkib hissəsinə çevrilmişdir.
Prezident İlham
Əliyevin ümummilli inkişafa
xidmət edən siyasi xətti həm də
idmanın infrastrukturunun möhkəmləndirilməsi,
müasirləşdirilməsi və idmanın
inkişafını şərtləndirən digər tədbirlərlə
müşayiət olunur. Beynəlxalq
yarışlarda idmançılarımızın
qazandıqları saysız-hesabsız medallar
bunun əyani təsdiqidir. Bu
uğurlar isə son
illər ölkədə idmanın inkişafına dövlət
tərəfindən göstərilən diqqət və
qayğının nəticəsidir.
Dinamik inkişaf cəmiyyət həyatının bütün sahələrində özünü büruzə verir. Bu baxımdan idman da istisna təşkil etmir. Bədən tərbiyəsi və idmanın inkişafı naminə yeridilən dövlət siyasəti düşünülmüş, məqsədyönlü olduğundan gözlənilən səmərəni verir. Dövlətin idman və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin olimpiya oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr qazanmasına zəmin yaradır. Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm uğurlar artıq adi hal almışdır.
Yola saldığımız 2014-cü il ölkənin idman həyatında bir çox əlamətdar hadisələrlə yadda qaldı. İdmançılarımız dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirdilər. Ümumiyyətlə, idmançılarımız ötən il 805 medal qazanmışlar ki, onlardan 275-i qızıl, 255-i gümüş, 275-i isə bürüncdür. Bunlardan 278 medal (89 qızıl, 80 gümüş, 109 bürünc) olimpiya, 527 medal (186 qızıl, 175 gümüş, 166 bürünc) qeyri-olimpiya idman növlərindən olmuşdur.
Keçən il idmançılarımız bir çox beynəlxalq turnirlərdə uğurlu nəticələrə imza atdılar. Onlardan ən çox yaddaqalanlarını bir daha xatırladaq.
Böyük idman tədbirlərindən biri ötən ilin iyul ayına təsadüf etdi. Həmin ayın 14-28-də Çin Xalq Respublikasının Nanjinq şəhərində Yeniyetmələrin II Olimpiya Oyunları keçirilmişdir. 29 idman növünün təmsil olunduğu yarışlarda 204 ölkədən 3888 idmançı iştirak etmişdir. Ölkəmiz Oyunlarda 9 idman növündə 21 idmançı ilə təmsil olunmuşdu. Azərbaycan beş qızıl, altı gümüş və bir bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmış 86 ölkə arasında 10-cu yeri, qazanılmış medalların sayına (12 medal) görə isə 14-cü yeri tutmuşdur. Komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, müsəlman ölkələri arasında 1-ci olmuşdur.
Təbii ki, olimpiadada qazanılmış bu möhtəşəm qələbə hansısa təsadüfün nəticəsi deyildi. Möhtəşəm zəfərin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlıq və məsuliyyəti dururdu.
Azərbaycan gimnastları da ötən ili uğurla başa vurmuşlar. Onlar bu günə qədər uğur əldə edilməyən gimnastikanın bəzi növlərində medal qazandılar. Belə ki, yeniyetmə gimnastlarımız ilk dəfə olaraq komanda hesabında Avropa çempionatında bürünc medal qazandılar. Böyük gimnastlarımız da onlardan geridə qalmadılar. Qrup hərəkətləri komandamız da ilk dəfə olaraq qitə çempionatında 3 top - 2 lent ilə çıxışlarına görə gümüş medal qazanaraq fəxri kürsüyə yüksəldi.
Qadın idman gimnastikasında Azərbaycan üçün ilk medalı Avropa birinciliyində dayaqla tullanma hərəkətlərinə görə ikinci yeri tutan Anna Pavlova gətirdi. O, həmçinin Dünya kuboku yarışlarında da ilk medalı qazandı. Anna Sloveniyanın paytaxtı Lyublyanada keçirilən yarışlarda müxtəlif hündürlüklü qollarda hərəkətlərinə görə qalib oldu.
Kişi idman gimnastikası üzrə Dünya kuboku uğrunda yarışda ilk medalı isə Oleq Stepko qazandı. O, Xorvatiyanın Osiek şəhərində təşkil olunan yarışda paralel qollarda hərəkətə görə 3-cü yerə layiq görüldü.
Bolqarıstanın Borovets şəhərində aerobika üzrə komandamız ilk dəfə olaraq Dünya kuboku uğrunda yarışı bürünc medalla başa vurdu. Oleq Piunov və İlya Qrişunin də batut üzrə Portuqaliyada təşkil olunan dünya kuboku uğrunda mübarizədə 3-cü yeri tutdular.
Ümumilikdə 2014-cü ildə gimnastlarımız 42-si qızıl, 30-u gümüş və 42-si bürünc olmaqla 114 medal əldə etdilər. Bu medalların böyük hissəsi (68 medal) bədii gimnastikanın payına düşür. Ötən il ölkəmizin bayrağı daha çox Jalə Piriyeva və Marina Durundanın şərəfinə qalxdı. Hesabında ən çox qızıl olan Marina Durunda Avropa Oyunlarının səfiri seçildi. Azərbaycan Gimnastika Federasiyasının reytinqində 1-ci olan böyüklərdən ibarət yığma komandamız həmçinin Beynəlxalq Gimnastika Federasiyasının qrup komandalarının reytinqində (çoxnövçülük) 3-cü oldu.
Dövlət başçısı İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə dünyada bərabəri olmayan Milli Gimnastika Arenasının açılışı, heç şübhəsiz, ilin ən yaddaqalan hadisələrindən biri oldu. Bu mükəmməl arenada yaradılmış şərait nəinki idmançılarımızın məşqləri üçün, həm də gimnastikanın 6 növü üzrə yerli və beynəlxalq yarışların təşkili üçün əlverişlidir. Təsadüfi deyil ki, dünyanın müxtəlif qitələrindən bura təlim-məşq toplanışlarına gəlirlər. Bədii gimnastika üzrə test-turniri xarakterli Azərbaycan çempionatının təşkilindən sonra, iyun ayında burada gimnastikanın bu növü üzrə qitə birinciliyi keçirildi. Bu tədbir mütəxəssislər və Avropa Gimnastika İttifaqının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Ötən ilin yaddaqalan idman hadisələrindən biri də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında pəhləvanlarımızın uğurlu çıxışı oldu. Sentyabrın 8-14-də təşkil olunmuş turnirdə təmsilçilərimiz sərbəst güləş üzrə bir qızıl, bir gümüş, yunan-Roma güləşi üzrə bir gümüş, iki bürünc, qadın güləşçilərimiz bir gümüş, bir bürünc medala sahib oldular. Ümumilikdə komandamız 7 medalla 104 ölkə arasında 4-cü yeri tutdu. Ölkəmizə qızıl medalı Hacı Əliyev (61 kq) qazandırdı.
Güləşçilərimiz aprelin 1-8-də Finlandiyanın Vantaa şəhərində keçirilmiş Avropa çempionatında yeni bir uğura imza atdılar. Mariya Stadnik, Hacı Əliyev və Ruslan Dibirqadjiyev qitə birinciliyinin qalibi oldular.
Mayın 1-4-də paytaxtımız daha bir mötəbər idman yarışına ev sahibliyi etdi. Bakıda taekvondo üzrə Avropa çempionatı keçirildi.
Ötən ilin idman sahəsində əlamətdar hadisələrdən biri İspaniyanın Bilbao şəhərində şahmatçılarımızın uğurlu çıxışıdır. Sentyabrın 13-21-də klublararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət “SOCAR Azərbaycan” komandası ikinci dəfə qitə çempionu adını qazandı.
İyunun 1-8-də Rumıniyanın paytaxtı Buxarestdə boks üzrə qadınlar arasında Avropa çempionatı keçirildi. Komandamız turnirdə bir qızıl və bir bürünc medala sahib oldu. 69 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova finalda İngiltərə boksçusu Steysi Kouplendlə üz-üzə gəldi. Bu dəfə də inamla qələbə qazanan boksçumuz Avropa çempionu tituluna layiq görüldü. Bununla da o, Azərbaycanın boks tarixində qadınlar arasında ilk qitə çempionu oldu. 75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Sarah Şoyriçə uduzaraq bürünc medalla kifayətləndi.
Ötən ilin ən yaddaqalan hadisələrindən biri də “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsində uğurla çıxış etməsidir. Ağdam klubu ölkə futbolu tarixində yeni bir rekorda imza ataraq qrup mərhələsində ilk dəfə 6 xal topladı.
Ağdamlı futbolçular pley-off mərhələsinə yüksəlməklə daha böyük uğur qazana bilərdilər. Təəssüf ki, qrupun sonuncu turunda - Bakıda İtaliya “İnter”i ilə görüşdə çexiyalı hakim Miroslav Zelinkanın matça əlavə olunmuş sonuncu dəqiqədə Almeydanın vurduğu təmiz qolu qeydə almaması “Qarabağ”ı tarixi zəfərdən məhrum etdi.
Dekabrın 17-də Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul etdi. Dövlət başçısı “İnter”lə oyunda hakim ədalətsizliyinə məruz qalmış “Qarabağ”ın artıq tarixə düşdüyünü dedi. Prezident komandanın vurduğu qolun hesaba alınmamasının hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini vurğuladı: “Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı” deyən dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə belə faktlarla qarşılaşdığını qeyd etdi. Prezident bəyan etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz.
Dövlət başçısı son matçda komandanın hakim ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirdiyini vurğuladı: “Mən sizi ilk növbədə ona görə dəvət etmişəm ki, son illər göstərdiyiniz oyunlar, əlbəttə, məni də, xalqımızı da sevindirir. Digər tərəfdən, bilirəm ki, komanda üçün indiki dövr o qədər də asan deyil. Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağ” futbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər. Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağ” klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcəkdir”.
2014-cü ildə Bakı başqa
bir möhtəşəm turnirə ev sahibliyi etdi.
Paytaxtda “Blancpain Sprint” seriyasından “Baku World Challenge” avtomobil yarışı keçirildi. Turnirin qalibi Belçikanın
“Audi Club Team WRT” komandası oldu. Komandaya bu uğuru pilotlar Sezar Ramos və Laurens Vanthur qazandırdılar. Böyük Britaniyanın
“Beechdean AMR” komandası
(pilotlar Conni Adam, Endi Soucek) ikinci,
Almaniyanın “Phoenix Racing” kollektivi
isə (Niki Mayr-Melnhof və Markus Vinkelhick) üçüncü
yerə çıxdılar.
Ümumilikdə yarışda 15 beynəlxalq
komanda 30 avtomobillə
mübarizə aparırdı. Avtoralli Xəzər
dənizi boyunca uzanan və Dövlət bayrağı
meydanının ətrafında
dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirildi. Pilotlar
yarışda “BMW Z4”, “Audi R8LMS Ultra”,
“Mercedes SLS AMG GT3”, “McLaren MP4-12C”, “Lamborghini LFII”, “Porsche 997
GT3”, “Aston Martin Vantage GT3” və “Corvette
Z06 G” avtomobillərini idarə
edirdilər.
“Baku World Challenge” dünyanın
175-dək ölkəsinin televiziya
kanallarında canlı
nümayiş olundu.
Şübhə etməmək olar ki, idmanımız gələcəkdə daha
da inkişaf edəcək, beynəlxalq
aləmdə mövqeyini
getdikcə möhkəmlədəcək. Yeni qədəm qoyduğumuz
2015-ci il ölkə idman həyatı üçün
çox əlamətdar
olacaq. Çünki iyunun 12-28-də Bakıda
ilk dəfə 1-ci Avropa
Oyunları keçiriləcək.
İnanırıq ki, “Bakı-2015”də, eləcə də digər beynəlxalq turnirlərdə idmançılarımızın
bir-birindən möhtəşəm
qələbələrinin şahidi
olacağıq. Bu uğurların təməli
isə məqsədyönlü
dövlət siyasəti
sayəsində artıq
qoyulmuşdur.
Elçin CƏFƏROV,
Azərbaycan.-2015.- 1 fevral.- S.6.