Milli-mənəvi dəyərlərin ekran
təcəssümü
Filmlər haqqında söhbət açmazdan əvvəl milli-mənəvi dəyərlərlə bağlı bir neçə faktı qeyd etmək istəyirəm.
Keçən əsrin 50-ci illərinin ortalarında gündüzlər xarrat sexində şagird işləyir, axşamlar isə fəhlə-gənclər məktəbində təhsilimi davam etdirirdim. Bu sexdə mədəniyyət və incəsənət müəssisələri üçün müxtəlif mebellər hazırlayırdıq. Sexə daxil olan mebel çertyojlarının yazıları həmişə rus dilində olurdu.
Bir gün Azərbaycan SSR Ali Soveti idarələrdə yazı işlərinin milli dildə aparılması haqqında qərar qəbul etdi. Bizim sexə göndərilən çertyojlar da artıq Azərbaycan dilində yazılırdı. Qeyri-millətlərdən olan ustalar Azərbaycan dilini bilmədikləri üçün narazılıq edirdilər. Mən çertyojlardakı yazıları ustalar üçün rus dilinə tərcümə edirdim. Az vaxt keçəndən sonra bu məsələ qapandı, yəni göndərilən çertyojlar yenidən rus dilində çap olundu. Başa düşdük ki, çertyojların ana dilimizdə yazılmasına mərkəzdən icazə verməyiblər. Sonradan eşitdik ki, bu məsələnin üstündə Azərbaycan SSR Ali Sovetinin sədri, görkəmli yazıçı Mirzə İbrahimov Moskvanın qərarı ilə işdən azad olunub.
Millətimiz üçün xoşbəxt anlar o vaxt yaşandı ki, 1978-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi Azərbaycan Konstitusiyasına xüsusi maddə ilə daxil edildi. Yaxşı yadımdadır, camaat bu əlamətdar hadisəni böyük sevinc və razılıqla qarşıladı. Nəhayət ki, biz hətta ərizəni ana dilimizdə yazmağa başladıq.
Uzun illər sovet hökuməti Novruz bayramına dini don geyindirdiyi üçün bu bayram rəsmi şəkildə qadağan olunmuşdu. Lakin, buna baxmayaraq, hər bir azərbaycanlı ailəsində Novruzun - yeni ilin gəlişi təntənə ilə qeyd olunurdu. Yenə də sovet dönəmində ulu öndər Heydər Əliyev tərəfindən bu məsələnin müsbət həllinə rəvac verildi.
1934-1939-cu illərdə Azərbaycanda 29 mindən artıq insan repressiyaya məruz qalmışdı. İş o yerə çatmışdı ki, repressiyadan sonra da uzun müddət onun xofu insanların içində yaşayırdı. Adamlar öz fikirlərini, düşüncələrini istədikləri şəkildə ifadə edə bilmir, yaxud da çəkinirdilər.
Kinorejissor və yazıçı Həsən Seyidbəyli 1966-cı ildə mürəkkəb əxlaqi problemlər qaldıran “Sən niyə susursan?” macəra filmini çəkib onu montaj edərkən həmin kinolentdən 200 metrdən çox kəsib atmışdı. Ondan soruşanda ki, “niyə çəkdiyiniz bu qədər kinolenti kəsib atdınız?” belə cavab vermişdi: “Onsuz da filmi Moskvada təhvil verəndə həmin epizodları kəsib atacaqdılar”.
Bəli, filmlərimizdən kəsilib atılmış hissələri saxlamırdılar, onları yandırırdılar. Gəlin kino tariximizə nəzər salaq. “Fətəli xan” filmi 10 hissə olduğu halda, çəkiləndən on bir il sonra ekranlara buraxılanda 7 hissə qalmışdı. “Dəli Kür” filminin finalı kəskin sosial-siyasi məsələyə toxunduğu üçün kəsilmiş və ailə-məişət mövzusu ilə əvəz olunmuşdur. Sovet hökumətinin qatı düşməni olan Kərbəlayi İsmayılın mərdliyini əks etdirən epizod “Axırıncı aşırım” filmindən çıxarılmışdır.
Bolşevik - daşnak yığnağı olan 26 Bakı komissarı haqqında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında iki dəfə - 1932 və 1966-cı illərdə “İyirmi altı komissar” və “İyirmialtılar” tarixi-inqilabi filmləri çəkilmiş, bu filmlərdə bolşevik-daşnaklar Azərbaycan xalqının xilaskarları kimi tamaşaçılara təqdim olunmuşlar. Bunlardan fərqli olaraq insanların şüurunda keçmiş qalıqların kök salmasını, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxmasını və respublika üçün mürəkkəb dövrdə mənfi hallara qarşı kəskin mübarizə aparıldığını real boyalarla əks etdirən “Bir cənub şəhərində” və “İstintaq” sosial və detektiv-publisistik kinodramlarının ümumiyyətlə ekranlara buraxılması Moskva tərəfindən qadağan edilmişdi. Yalnız ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu filmlər ümumittifaq ekranlarına buraxılmış və böyük uğur qazanmışdır.
Burada daha
iki filmi qeyd etmək istəyirəm. Müharibə illərində
qələbə naminə hər cür maddi çətinliklərə
dözərək ailəsini halal zəhmətlə
dolandıran, vətənin azadlığını hər
şeydən yüksək tutan, sadə adamların mənəvi
ucalığından söhbət açan “Bizim Cəbiş
müəllim” filmində belə bir epizod var. Neftçi Nəcəfzadə
oğlu Namiqə qələbənin bizim xeyrimizə həll
olunmasında Bakı neftinin həlledici rol oynamasından, bunun
üçün neftçilərimizin gecəni gündüzə
qataraq mədənlərdə çalışmalarından
danışır. Film Moskvada təhvil verilərkən rejissor
H.Seyidbəyliyə həmin epizodun çıxarılması
məsləhət görülür.
Əxlaqi-etik
məsələlərə toxunan, müasirlərimizin mənəvi
aləminin zənginliyindən bəhs edən “Ad günü”
televiziya filmində göstərilir ki, Əli adlı gənc
ata oğluna ad günü keçirmək üçün
bazara yollanır. Bazarda piştaxta üzərindəki
qarmaqcıqlardan asılmış təzə kəsilən
mal ətləri göz oxşayır. Moskvanın mərkəzi
televiziyasında rejissor R.Ocaqova həmin epizodun filmdən
çıxarılması barədə tapşırıq
verilir. Səbəb onu göstərirlər ki, Bakıda təzə
mal ətləri bazarda başlı-başına qalıb, amma
Rusiyanın elə vilayətləri var ki, orada əhali aylarla ət
tapa bilmir. Rejissorlardan H.Seyidbəyli və R.Ocaqovun qəti
etirazları sayəsində həmin epizodlar filmlərdə
saxlanıldı.
İyirmi
ildən artıqdır ki, xalqımız müstəqil Azərbaycanda
yaşayır, demokratik prinsiplər əsasında və
ruhunda bir ölkə qurur, dövlətçiliyimizi möhkəmlətmək
üçün əlindən gələni edir.
Memarı
ulu öndər Heydər Əliyev olan müasir və müstəqil
Azərbaycan beynəlxalq aləmdə son on il ərzində
iqtisadi cəhətdən inkişaf etmiş nüfuzlu lider
dövlət kimi həm də milli sərvətləri və
milli-mənəvi dəyərləri ilə tanınır.
Muğam və aşıq sənətimiz, xalçamız,
tar ifaçılıq sənətimiz, kələğayımız,
Novruz bayramı UNESCO-nun “Bəşəriyyətin şifahi və
qeyri-maddi irsinin şah əsərləri” siyahısına
daxil edilmişdir.
Azərbaycan
kinematoqrafçılarının yaratdıqları dəyərli
kino əsərlərinin milli-mənəvi dəyərlərimizin
təbliğində və yetişməkdə olan gənc nəslin
təlim-tərbiyəsində əhəmiyyəti çox
böyükdür.
Elmin
müxtəlif sahələrindən - ünsiyyətin mənəvi-əxlaqi
baxışı haqqında çox şey öyrənmək
olar. Lakin insanın mənəvi həyatının bir
çox çalarlarından baş çıxarmaq
üçün incəsənətin dili ilə
danışmaq daha rahatdır. Belə fikir var ki, bədii dəyərlərlə
təmasda olmadan mənəvi kamilliyə çatmaq
mümkün deyil. Bununla bağlı ulu öndər Heydər
Əliyev demişdir: “Hər şey dəyişsə də,
kino hər bir insan üçün çox mühüm incəsənət
növü, mənəvi həyatın mühüm sahəsi
olaraq qalır”.
Ümumən
cəmiyyətimizin mənəvi həyatında incəsənətin
rolunun artması ilə əlaqədar onun məzmunu da dəyişmişdir.
O, tematika və janr etibarilə daha da zənginləşmişdir.
Onun elə formaları meydana çıxıb ki, bu gün
tamaşaçıdan estetik cəhətdən ciddi
hazırlıqlı olmaq tələb edilir.
II
Dünya müharibəsi qurtarandan sonra dünya kinosunda bir
sıra yeniliklər baş verdi, yeni cərəyanlar
yarandı. Məsələn, İtaliyada tənqidi realizmin
yeni forması olan neorealizm cərəyanı qısa vaxt ərzində
özünə yaşamaq hüququ qazandı. 50-ci illərin
sonu, 60-cı illərin əvvəllərində Fransa kinosunda
yaranmış “Yeni dalğa” cərəyanı milli
kinematoqrafiyanın tematik və stilistik baxımından yeniləşməsinə
şərait yaratdı. Eyni yeniliklər sovet
kinematoqrafiyasına da öz təsirini göstərdi. O
dövrdə sovet kinosunun tərkib hissəsi kimi inkişaf edən
Azərbaycan kinematoqrafiyasında da neorealizm özünü
göstərməyə başladı.
Keçən
əsrin 60-cı illərinin ortalarında Azərbaycan kinosunda
yaxşılığa doğru dəyişikliklər getdiyi
daha aydın müşahidə olunurdu. Kino işçiləri
öz filmlərində gündəlik məişət məsələlərinə
daha geniş yer verir, həyatın adi
xırdalıqlarını ekrana çıxarmağa
çalışırdılar. Müasirlik sürətlə
filmlərin əsas mövzusuna çevrilirdi.
Ümumiyyətlə,
respublikamızda kino sənətinin yüksəlişi
60-cı illərin sonu, 70-ci illərin əvvəllərinə
təsadüf edir. 70 və 80-ci illərin birinci
yarısında Azərbaycan kinosu özünün intibah
dövrünü yaşamışdır.
Məhz
60-70-ci illərin hüdudunda gənc qüvvələrin Azərbaycan
kinosuna axını kino sənətimizdə yeni bir canlanmaya səbəb
oldu. Bu axının ön cərgəsində nisbətən
yaşlı nəslin nümayəndəsi rejissor Həsən
Seyidbəyli gedirdi. Əgər o vaxtlar bütün ölkədə
hay-küyə səbəb olmuş “Bir cənub şəhərində”
filmi 1969-cu ilin məhsulu idisə, “Sən niyə susursan?” macəra
filmi bundan bir qədər əvvəl, 1966-cı ildə
çəkilmiş, o dövr üçün gözlənilməz
mürəkkəb mənəvi-əxlaqi problemlərə
toxunmuşdu. Film şərəfsizlik, biganəlik, möhtəkirlik,
xalq malının talan edilməsi kimi eybəcər hallara
qarşı mübarizəyə çağırış
kimi səslənmişdir.
“Bir cənub
şəhərində” sosial filmi Azərbaycan kino sənəti
üçün istər irəli sürülən probleminə,
istərsə də bədii dəyərinə görə
tamamilə yeni olan maraqlı bir əsərdir. Mətbuatda
filmlə bağlı bir-birinə zidd fikirlər söylənildi:
“...Filmdəki hadisələr 1968-ci ildə baş verir. Filmin
yaradıcıları, görünür, çox ciddi əxlaqi
məsələlər qaldırmaq istəmişlər. Lakin kəskin
münaqişə axtarışlarında onlar zahirən “təsirli”
olan, həqiqətdə isə bizim zəmanəmizdə
yalnız nadir patoloji hadisə kimi təzahür edən uydurma
bir əhvalatı süjetin kulminasiya nöqtəsinə
çevirmiş və beləliklə, ekrana bir-birindən əcayib
hadisələri... çıxarmışlar”, “Müəlliflər
filmdə insanın patriarxal xürafat və ehkamların
hökmranlığından, mənən köləlikdən
azad olmasının bəzən çətin və
özünəməxsus proses olduğu barədə çox
vacib söhbət aparırlar.”
Göründüyü
kimi, film haqqında müxtəlif rəylər söylənsə
də, müəlliflər “analitik” üsuldan istifadə etməklə
o vaxt əxlaq barədə cəmiyyətdə mövcud olan
saxta, trafaret fikirləri alt-üst etdilər.
Həyatımızı
yenidən qurduğumuz indiki müstəqillik dövründə
məhz belə filmlər bizə daha çox gərəkdir.
Anarın,
Elçinin, Yusif Səmədoğlunun, Alla Axundovanın, Fərman
Kərimzadənin, Əli Qafarovun, Ramiz Fətəliyevin, Oktay
Mirqasımın, Fikrət Əliyevin, Gülbəniz
Əzimzadənin, Ənvər Məmmədxanlının və
başqalarının həyat mövqeyini üzə
çıxaran, yaradıcılıq və mövzu
baxımından diqqəti cəlb edən əhəmiyyətli
filmləri istehsal olunmuşdur. Adları çəkilən və
digər sənətkarların əsərlərində
ictimai, sosial, mənəvi-əxlaqi problemlərə geniş
yer ayrılmışdır. “Telefonçu qız”, “O
qızı tapın”, “Bizim Cəbiş müəllim”,
“Xoşbəxtlik qayğıları” (rej.H.Seydibəyli), “Qanun
naminə” (rej. M.Dadaşov), “Uşaqlığın son gecəsi”,
“Gün keçdi” (rej.A.Babayev), “Ad günü”, “Bağlı
qapı”, “Özgə ömür” (rej.R.Ocaqov), “Həyat bizi
sınayır”, “Şərikli çörək”
(rej.Ş.Mahmudbəyov), “Baladadaşın ilk məhəbbəti”,
“Yuxu” (rej.F.Əliyev), “Yeddi oğul istərəm”,
“Qızıl qaz” (rej.T.Tağızadə) və başqa dəyərli
kino əsərlərində digər vacib məsələlərlə
yanaşı, adamların mənəvi-əxlaqi
saflığından danışılır.
Hadisələri
II Dünya müharibəsi illərində Bakıda cərəyan
edən “Bizim Cəbiş müəllim” hərbi kinopovestində
qələbə naminə hər cür maddi çətinliklərə
dözüb, ailəsini halal zəhmətlə
dolandırmağa çalışan, vətənin
azadlığını hər şeydən yüksək tutan
sadə adamların mənəvi ucalığından söhbət
açılır.
Gözlənilməz
və gərgin süjeti olan “Qanun naminə” bədii filmindəki
hadisələr 30-cu illərə aiddir. Lakin filmdə irəli
sürülən problemlər indi də öz
aktuallğını saxlayır, çünki söhbət
qanunçuluq, saflıq, mənəviyyatın təmizliyi kimi
həyati əhəmiyyətə malik kateqoriyalardan gedir.
“O
qızı tapın” və “Xoşbəxtlik
qayğıları” kinolentlərinin süjetləri bizim
gündəlik həyatımızdan
götürülmüşdür. “O qızı tapın” fimi
insanları düzlüyə, doğruluğa, vicdanlı
olmağa çağırır. Bu qəbildən olan filmlər
insanların, xüsusilə gənclərin mənəvi-əxlaqi
tərbiyəsində mühüm rol oynayır və qanun
keşiyində duranlara hörmət hissi aşılayır.
Bundan başqa, film cəmiyyətimizdə cinayət
qruplaşmalarının gələcəyinin
olmadığı fikrini açıb göstərir.
“Xoşbəxtlik
qayğıları” filmində dramatik konfliktin əsasını
keçmiş adət-ənənələrlə yeni əxlaq
qayğıları arasındakı ziddiyyət təşkil
edir, mənfi hisslərə, mənəviyyatsızlığa
münasibət bildirilir. Film məhəbbət, xoşbəxtlik
haqqında çox vacib, müasir bir problemin həllinə həsr
olunmuşdur.
“Qızıl
qaz” psixoloji filmi lirikiyi və poetikliyi ilə diqqəti cəlb
edir. Filmdə müasirlərimizin mənəvi və əxlaqi
simalarından, insan şəxsiyyətinə hörmət etmələrindən
danışılır. Burada münaqişənin gərginliyi
onun qəhrəmanlarının taleyi vasitəsilə
açılır. Filmdəki hadisələr Azərbaycanın
cənubunda yerləşən sovxozların birində baş
verir. Sovxoz yaxşı inkişaf edib, həm də
varlıdır. Bu işdə sovxozun direktoru Muxtarovun əməyi
böyükdür. O, adamların qeydinə qalmaqla
yanaşı, bəzən onların şəxsi işlərinə
də qarışır, hətta kiminsə bədbəxtliyinə
səbəb olur. Filmin müəllifləri gənclərin sərbəst
həyat yolu seçmək hüquqlarından bəhs etməklə
yanaşı, müasir dövrdə köhnə ənənə
və təsəvvürlərin puçluğunu, qəhrəmanların
simasında insan mənəviyyatına vurduğu ağır nəticələri
də açıb göstərirlər.
Neft
Bakısının XX əsrin əvvəllərindəki həyatını,
Bakı müsəlman milyonçularının məişətini,
bir parça çörək üçün neft mədənlərində
ən çətin şəraitdə işləyib
yaşayan fəhlələrin ağır güzəranını
ekranda canlandıran “Qızıl uçurum” melodramı
adından da göründüyü kimi, varlanmaq hərisliyinin
insanı düçar etdiyi faciədən bəhs edir.
Kasıb
Cəlil taleyin hökmü ilə neft sahibkarlarından biri
olur. Lakin gözlənilmədən əldə olunan
var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz
qazanılmış milyonlar onu yoldan çıxarır,
pullarını göyə sovurur, mənəvi və fiziki
iflasa uğrayır.
Filmdə
pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri,
bu cəmiyyətin insanların həyatına göstərdiyi
təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı
ziddiyyətlər öz əksini tapmışdır. Həyatda
hər şeyə - məhəbbətə, insanlığa, səadətə
var-dövlətlə qiymət verənlər uçuruma
yuvarlanıb məhv olurlar. Bu, filmin ideyası, həm də həyatın
qanunudur.
“Şərikli
çörək” bədii filmi Böyük Vətən
müharibəsinin son günlərində və müharibədən
sonrakı ilk aylarda uşaqların çətin və fərəhsiz
həyatından danışır. Burada lirik intonasiya
üstünlük təşkil edir, birinci şəxsin dilindən
əhvalatların nəqli bədii quruluşun əsas ifadə
vasitəsinə çevrilir.
Müharibə
illərində çörəyi olanlar özlərini
xoşbəxt hesab edirdilər. Çünki çörəkləri
vardı, həm də çörək şirin
dadırdı. Lakin çörəyi acı dadanlar da özlərini
xoşbəxt sayırdılar. Özlərinə görə
xoşbəxt idilər. Çünki həyat onları
sınağa çəkmişdi, onlar məhrumiyyətlərə,
əzab-əziyyətlərə dözürdülər, mənəviyyatlarının
uçuruma yuvarlanmasına imkan vermirdilər.
Filmin
müəllifləri çətinliklər barədə səbrlə
və sadə şəkildə söhbət açırlar.
Müharibə çoxlarını həm fiziki, həm də
mənəvi cəhətdən şikəst etmişdi. Hər
cür əsəbilik, nifrət artıq üzə
çıxmışdı. Amma əsas məsələ -
insan həmrəyliliyinin sarsılmazlığı, xeyirxahlığın,
ədalətin yenilməzliyi, insanlarda mənəviyyatın zənginliyi
daha güclü şəkildə özünü göstərmişdir.
Kinematoqrafçılarımızın
həyat materialına belə geniş şəkildə
müraciət edib müasir mövzuda çəkdikləri
filmlərdə eyni məsələlərə, eyni problemlərə
toxunmaları heç də təkrarçılıq kimi
başa düşülməməlidir. Onlardan hər birinin
eyni məsələyə öz münasibəti, öz müəllif
mövqeyi vardır. Ona görə bu məsələlərin,
bu problemlərin ekran həlli də müxtəlifdir, rəngarəngdir.
Müasir mövzuda yaradılmış filmlərdəki bu rəngarənglik,
cəsarətli müəllif fikrinin təcəssümü,
sovet cəmiyyətində mövcud olan problemlərin bəzək-düzəksiz
ekrana çıxarılması, qəhrəmanların
başlarına gələn hadisələrlə bağlı
keçirdikləri daxili psixoloji sarsıntılar,
düşdükləri ən çətin vəziyyətlərdə
belə öz mənliklərini, öz qürurlarını
qoruyub saxlamaları kimi müsbət keyfiyyətlərdən
irəli gəlir.
80-90-cı
illərdə çəkilmiş filmlərdə bu məsələlərin
necə həll olunduğunu görmək çətin deyil.
“Babamızın babasının babası”, “Bağ
mövsümü” (rej. T.Tağızadə), “Bağlı
qapı”, “Park”, “Özgə ömür”, “Həm ziyarət, həm
ticarət”, “Ölsəm, bağışla” (rej. R.Ocaqov),
“İşgüzar səfər” (rej. R.İsmayılov),
“İmtahan” (rej. G.Əzimzadə, Ş.Ələkbərov),
“Sahilsiz gecə” (rej. Ş.Ələkbərov), “Gecə
qatarında qətl” (rej. Ə.Mahmudov), “Sarı gəlin” (rej.
Y.Rzayev), “Gümüşgöl əfsanəsi”, “Nə gözəldir
bu dünya” (rej. E.Quliyev), “Göz qabağında şeytan”
(rej. O.Mir-Qasım), “Fəryad” (rej. C.Mirzəyev) filmlərində
kinematoqrafçılar kinonu real həyata bir qədər də
yaxınlaşdıra bilmiş, kinoda uydurma personajlar canlı
insanlarla əvəz olunmuşdur. Biz bu filmlərdə ideoloji
kinonun personajlarını demək olar ki, görmürük.
R.Ocaqovu
bir rejissor kimi daim psixoloji, materialına görə sadə,
lakin düşündürən, məzmunca dərin
dramaturgiya maraqlandırırdı. “Ad günü” televiziya
filmindən başlayaraq onun çəkdiyi kinolentlər
materialına, janrına, bədii səviyyəsinə görə
müxtəlifdir. Amma bu filmləri bir amal birləşdirir:
insan mənəviyyatını tədqiq etmək, insanların
psixologiyasını və onların mühitini öyrənmək.
“İstintaq” və sonrakı filmlərində
çalışmışdır ki, ölkədəki
sistemin çürüklüyünü,
bürokratçılığı, insanların çətin
həyat tərzini və bununla bağlı onların mənəvi-əxlaqi
keyfiyyətlərini göstərsin.
Bu
günün tamaşaçıları “Bağlı qapı”
kino əsərinə baxarkən personajların yaşayıb
yaratdıqları zamanın ovqatını duyub hiss edir, sosial
şəraitlərini, məişət
qayğılarını görüb müəyyən nəticəyə
gələ bilirlər. Belə bir yalançı “əxlaq
qaydaları” şəraitində yaşayıb fəaliyyət
göstərən “Bağlı qapı” filminin gənc qəhrəmanı
müxtəlif vəziyyətlərə düşsə də,
hər addımda çətinliklər qarşısında
qalsa da, öz mənliyini, insanlıq ləyaqətini qoruyub
saxlaya bilir. Film aktual sosial-mənəvi problemlər
qaldırır, əxlaqi mahiyyət daşıyır, ibrətamiz,
bir növ eyhamlı hekayə təsiri
bağışlayır.
“Park” filmində
qəhrəmanın üzləşdiyi sınaqlar daha mürəkkəbdir.
Bu sınaqlar Maratın daxili aləmində ziddiyyətlərin
yaranmasına səbəb olur. Qəhrəman ətrafındakılardan
deyil, özü-özündən, daxilində gedən
münaqişədən mənliyini qoruyub saxlamaq məcburiyyətində
qalır.
Psixoloji
kinodram olan bu film sosial və mənəvi problemlərə
toxunmaqla yanaşı, gənclərin
dünyagörüşündən, onların həyat
mövqeyindən danışır. Burada həyata
baxışlar, məhəbbət, dostluq, xarakterlər
toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət ,
mənəviyyatla mənəviyyatsızlıq bir-biri ilə
mübarizə aparır. Gənc fəhlə Marat ümumi
vacib işin naminə şəxsi maraqdan yüksəkdə
durur.
“Park”dan fərqli
olaraq “Özgə ömür” filmində şəxsiyyətin
ikiyə bölünməsi faktı ilə üzləşirik.
Bu dramatik film Bakıda ali məktəblərdən birinə rəhbərlik
edən Fariz Rzayevin, təzadlı həyat sürən
insanın faciəsindən bəhs edir. Bir tərəfdən
iş yoldaşı ilə sevişən əməkdaşın
məsələsini özü üçün ayırd etmədən
onu əxlaq pozğunluğu adı altında işdən
qovur, digər tərəfdən özü tənha qonşu
qadınla gizli yaxınlıq edir, bu qadınla
oğrun-oğrun yaşayır. Necə deyərlər, öz
gözündə tiri görmür, başqasında tük
axtarır.
Film
insanlar arasında, ələlxüsus da ailədə
qarşılıqlı münasibətlərin vacibliyindən
söhbət açır. Filmə baxarkən belə nəticəyə
gəlirsən ki, bu, həyatın mənası, ikili həyat
keçirməyin faciəsi haqqında psixoloji
düşüncələrdir.
Tamaşaçıları
1947-ci ilin Bakısına qaytaran və müharibədən
çıxmış, onun ağrı-acılarını
görmüş adamların həyatından bəhs edən
“Ölsəm, bağışla” filmi məhəbbət və
ölüm haqqındadır. Elə bir məhəbbət ki,
insan qəlbini pis fikirlərdən, pis əməllərdən
xilas edir, onu təmizləyir, paklaşdırır.
Rejissor bu
filmində də mənəvi saflaşma probleminə
toxunmuşdur. Həyat filmin qəhrəmanı Yusifi
ağır sınaqlardan çıxarır, onu sərtləşdirir.
Filmin sonunda qəhrəman həlak olur. Lakin onun qəlbi hər
cür natəmiz fikirlərdən təmizlənir. Axı, o,
ölümündən bir qədər əvvəl sevib
sevilmişdi...
Baş qəhrəmanları
itlər olan filmlər kinematoqrafiyada az deyil. İlk
baxışda “Bağ mövsümü” bədii filmi də bu
kateqoriyaya aiddir. Çünki burada Toplan adlı itin taleyindən
danışılır. Bu iti küçük ikən
Abşeron kənd sakini, sürücü Ağababa tapıb
evinə gətirmiş və it böyük, mehriban ailənin
üzvü olmuşdur. Lakin müəlliflərin
qarşısında qoyulan məsələ daha mürəkkəb
idi. Toplanın hərəkətləri vasitəsilə
kinopovestin dərin mənasını açmaq, mənəvi
- əxlaqi problemlərə toxunmaq, yoldan çıxmanın
nə kimi ağır nəticələr verdiyini və mənən
alçalmanı göstərmək, tamaşaçı
qarşısında belə bir sual qoymaq: Ağababanın evində
baş verən dramatik hadisəyə görə kimdir
günahkar?
İlk
baxışda heç də mürəkkəb bir süjetə,
dramaturgiyaya malik olmayan bu filmin çox qüvvətli və
aktual ideyası var: mənəvi saflıq, mənəvi
yüksəklik! Filmdə rəmzi xarakter daşıyan və əsərin
ideyasının açılması üçün vasitə
olan Toplanın aqibəti, onun yağlı tikələrə
şirnikləndirilməsi səhnələri təsadüfən
düşünülməmişdir. İtin tədricən ona
doğma həyətdən didərgin düşüb, özgə
qapılarda sülənməsi tamaşaçını dərin
düşüncələrə sövq edir.
Hər
bir sənət adamını müasir mövzu, insani münasibətlər,
hər bir kəsin həyatda öz yerini axtarıb tapması
problemləri daim düşündürür.
“Gümüşgöl əfsanəsi” filmindən
göründüyü kimi, müəllifləri gənclərimizin
bir hissəsinin infantiliyi, uşaqlıq dövrünün
xüsusiyyətlərini özlərində saxlamaları
çox ciddi narahat etmişdir. Həyatda hamı büdrəyə
bilər: zəiflər də, güclülüər də.
Lakin öz xalqına arxalananlar büdrəsələr də,
mənəvi təmizlik zirvəsinə yüksəlmək
üçün böyük imkana malikdirlər. Filmin hikməti
bundadır.
Azərbaycan
kino tarixində filmin nümayişi ilə bağlı
kütləvi tamaşaçı fəallığına
nadir hallarda rast gəlmək olardı. Əlbəttə,
vaxtilə dövlət əhəmiyyətli siyasi filmlərə
kütləvi baxışlar keçirilir, sonra da mətbuat səhifələrində
müxtəlif peşə adamlarının
çıxışları təşkil olunurdu. Bütün
bunlar ictimai rəy kimi oxuculara təqdim edilirdi. Amma
yazıçı Elçinin “Toyuğun diri qalması” povesti
əsasında ekranlaşdırılmış “Sahilsiz gecə”
televiziya filmi tamamilə başqa məqsədlə
tamaşaçı fəallığına səbəb
olmuşdu. Film 30-cu illərin repressiyasının
qurbanlarına, “xalq düşməni”nin qızının
acı taleyinə həsr olunmuşdur. Zibeydənin həyat
nümunəsində film aktual əxlaqi-etik problemlərə
toxunur.
Ehtiyac
yetim qızı öz taleyini istədiyi kimi qurmağa imkan
vermir. Riyakarlıq, idealların satqınlığı cəmiyyətdə
fahişəlik kimi təzahürü yaradır. Dürdanə
mənəvi və fiziki pozğunluğun caynağından
canını qurtara bilir, öz çətin səadətinə
qovuşa bilir. Zibeydə isə axına düşüb gedir.
Yalnız qoca vaxtında tənhalığın
acısını dadır.
Bu filmin
yaranması Azərbaycan kinosunda bir çox mövzulara qoyulan
qadağaların ləğv edilməsi sayəsində
mümkün olmuşdur. Qəhrəmanların faciəli talelərindən
söhbət açaraq, filmin müəllifləri əxlaqsızlıq
kimi sosial bəlanın səbəblərini
araşdırmağa səy göstərmiş, öz qəhrəmanlarına
ürək ağrısı və mərhəmətlə
yanaşmışlar.
Filmin
mövzusu əvvəlcədən çoxlarını
çaşdırmışdı. Lakin kimsə bu mövzunu
işləməli idi. Bu cəsarətli və qətiyyətli
addımı rejissor Ş.Ələkbərov atdı. Və
gözlənildiyi kimi, tamaşaçılar, xüsusilə
qadın tamaşaçıları tərəfindən
böyük hay-küyə səbəb oldu. Qeyd etmək
lazımdır ki, filmdə heç də söhbət
iki-üç əxlaqsız qadından deyil, qadınları
bu yollara salan səbəblərdən gedir. Digər tərəfdən
filmdə qaldırılan problemlər təkcə Azərbaycana
aid deyil. Kinoşünas Ə.Hüseynov çox doğru
olaraq yazır ki, “Sahilsiz gecə” filmində gördüklərini
yalnız təmkinlə, ağılla təhlil edən
tamaşaçı duya bilər ki, burada bizim əxlaqımızı
Zibeydələr yox, Ağagüllər, Nisələr,
qardaşı Zibeydəyə vurulan tələbə
oğlanın bacısı kimi təmiz insanlar təmsil edirlər.
Bunun üçün isə “məhdud baxış bucağının”
məngənəsindən çıxıb filmin təsvir
bölümlərini ayrı-ayrılıqda yox, bir kül
halında qavramağa çalışmaq lazımdır.”
80-ci illərin
sonunda Moskvanın irəli sürdüyü “Yenidənqurma
modeli” təkcə Rusiyaya yox, bütün müttəfiq
respublikalara, o cümlədən Azərbaycana da şamil
edildi. Az vaxtdan sonra məlum oldu ki, bu model istənilən nəticələri
vermədi. Bütün bu özfəaliyyətlərin - yenidənqurma
adı altında həyata keçirilən layihələrin
praktik əhəmiyyəti yox idi.
Həmin
dövrdə çəkilən filmlərdə yaxın
keçmişdən həyatımızın eybəcər cəhətləri
aydın şəkildə öz əksini tapırdı. Cəmiyyət
bu eybəcərliklərdən xəbərdar idi. Ancaq ikili həyat
yaşayaraq bütün bunlara göz yumurdu. Vicdanı təmiz
adamlar zahiri təmtərağa və gurultulu şüarlara elə
alışmışdı ki, nəyin doğru, nəyin yalan
olduğunu seçə bilmirdilər.
Kinematoqrafçılarımız filmlərində belə ağır və mürəkkəb mövzunu komediya janrında həll etməyə çalışırdılar. Çünki kinokomediya güldürür, düşündürür, yumor vasitəsilə çox ciddi məsələlərə toxunur.
Rejissor V.Mustafayevin “Yaramaz” satirik kinokomediyasının personajı Hətəmi həyatda işi düz gətirməyən adam adlandırırlar.
Sadəlövhlüyü, təmizliyi ucbatından belələri “işgüzar adamlar” tərəfindən lağa qoyulur, ələ salınır. Hər tərəfdə alver gedir, oğurluq edilir, adamlar bir-birilərini aldadırlar. Bütün bunlar Hətəmin gözləri qarşıısnda baş verir. Nəhayət Hətəm də “ağıllanmağı” qərara alır. Və gözlənilmədən çox qısa müddət ərzində ağlasığmaz uğurlar qazanır, suvenir fabrikinin direktoru olur. Eyni zamanda “işgüzar” adamlara xas olan keyfiyyətlərə yiyələnir, yalançılıq, amansızlıq və satqınlıq onun iliyinə işləyir. Pul onun qəlbinin təmizliyini əlindən alır.
Yaxşı adamın pis adama çevrilməsi prosesi haqqında olan bu film ekssentrik komediya, qrotesk və satira dili ilə, özünəməxsus formada danışır. Filmdə fantaziya, yumor, həyat müşahidələri, dəqiq zarisovkalar yerində işlənmişdir. “Yaramaz” qeyri-şərtsiz biz tamaşaçılara çox vacib mənəviyyat dərsi verir.
Sənətdə, o cümlədən kinoda yüksək əxlaq vətəndaşlığın ifadəsidir. Baş verən hadisələrdə mənəviyyatın təcəssüm olunması vasitəsilə film qarşısına qoyduğu vəzifəni - tərbiyəvi funksiyasını yerinə yetirir. Mənəviyyat insanın hərtərəfli həyat fəaliyyətini - onun gördüyü işləri, adamların ünsiyyət saxlamalarını, bir-birinin işinə yaramalarını, insanın ətraf aləmlə əlaqəsini əhatə edir. Biz bunu müxtəlif janrlarda - sosial dramda (“Sahilsiz gecə”, “Otel otağı”, “Odla qol-boyun”), psixoloji dramda (“Ovsunçu”, “Güllələnmə təxirə salınır”, “Vahimə”), lirik komediyada (“Yuxu), satirik melodramda (“Nə gözəldir bu dünya”), faciəvi komediyada (“Sarı gəlin”, “Həm ziyarət, həm ticarət”) və digər janrlarda çəkilmiş filmlərdə görə bilərik. Bu və son illərin digər filmlərində kino işçiləri ekranı real həyata bir qədər də yaxınlaşdıra bilmiş, uydurma kino personajları canlı insanlarla əvəz olunmuşlar. Bu filmlərdə ideoloji kinonun personajları demək olar ki, görünmür. Bu qəbildən olan kino əsərlərində faktlar, həyat və insanlar mənəviyyat prizması vasitəsilə göstərilir.
Müasir həyatımızın problemlərindən bəhs edən “Nə gözəldir bu dünya” satirik melodramında göstərilir ki, bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim xəstələri evlərinə buraxır. Lakin məlum olur ki, ətraf bu xəstələrdən betər xəstədir.
Film ruhi xəstələrin həyatından danışsa da, əslində burada, cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. Biz filmdə iki aləmlə qarşılaşırıq. Biri ruhi xəstələrin yaşadıqları xəstəxanadır. Digəri isə xəstəxanadan kənarda olan şəhər evləri, ofislər, qaynar küçələrdir, kapitalist həyat tərzinə uyğunlaşmağa çalışan insanlardır, cəmiyyətin özüdür. Dərman olmadığına görə evə buraxılmış xəstələr bu həyat tərzinə, öz qohumlarının, yaxınlarının qeyri-insani rəftarlarına, onların mənəviyyatsızlıqlarına, etik qaydalarına riayət etməmələrinə dözməyib xəstəxanaya - “bu gözəl, gözəl həyata” qayıdırlar.
Əgər kino sənətinin daha yaxşı xarakterik xüsusiyyətlərini təyin etməyə çalışsaq, ilk növbədə yaradıcılıq axtarışlarının müxtəlifliyi ilə qarşılaşacağıq. Kinematoqraf bu günün ən vacib problemlərini əhatə etməyə, tarixi tədqiq etməyə, gələcəyə nəzər salmağa çalışır. Bütün bunların arxasında kino sənətinin mənəvi həyatın, əxlaqın və mənəviyyatın problemlərinə xüsusi bağlılığını görmək çətin deyil. Həmin mövzuda filmlər kəmiyyətcə çoxalmış, ən əsası isə müxtəlif nəsillərdən olan sənətkarların bu sahədə bədii axtarışlarının səmərəliliyi xeyli yüksəlmişdir.
Biz bunu ailə-məişət mövzusunda çəkilən, lakin böyük əksəriyyəti bir-birini təkrarlayan və son vaxtlar televiziya ekranlarında nümayiş etdirilən seriallar haqqında deyə bilmərik. Çünki müəlliflər bu seriallarda insan amilini, insan mənəviyyatını ön plana çəkməyə çalışsalar da, buna nail ola bilmirlər. Ssenarilər məlum sxem üzrə çəkilir. Hadisələrin gedişindən aydın olur ki, onlar tələm-tələsik yazıldığına görə serialların bədii səviyyəsi çox aşağı düşür.
Halbuki serialları qısaltmaqla müharibə şəraitində yaşayan ölkəmizdə hərbi-vətənpərvərlik mövzusunda bu gün gənclərimizin formalaşmasında mühüm rol oynayacaq və yüksək mənəvi-əxlaqi dəyərləri təcəssüm etdirə biləcək neçə-neçə televiziya filmi yaratmaq mümkündür.
Aydın KAZIMZADƏ,
əməkdar incəsənət
xadimi
Azərbaycan.-2015.- 1 fevral.- S.7.