Şair dünyası

 

Onda hələ 1971-ci ilin 17 noyabr günüydü, ölümünə 4 il qalırdı. Gecə, hamı yatandan sonra, üzündə qəm nişanəsi belə bir yaddaş yazdı: “Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə, İsa İsmayılzadənin diqqətli qayğısı ilə açıla bilər.

Sərdar Əsəd. 17.XII”.

Buyaddaşdan kimsə xəbər tutmayacaqdı. 1975-ci ilin 29 iyununda Azərbaycanın istedadlı şairlərindən biri - Sərdar Əsəd ölümünə fərman verəcəkdi. Sonra buyaddaşson şeirləri arasından üzə çıxacaqdı. İlk baxışda buyaddaşheç nədən xəbər vermir. Elə düşünə bilərik ki, ömrün-günün haradasa qırılacağı qorxusu ilə yazılıb. Amma “yaddaş”ın sonundakı tarixi gördükdə dəhşətə gəlirsən. Deməli, Sərdar Əsəd - o gözəl şair ən gözəl şeirlərini, poemalarını yazdığı illərdə ÖLÜM haqqında fikirləşirmiş, artıq onun qaçılmaz olduğunu görürmüş. Budur Sərdar Əsədin iki şeir kitabı - “Yanan memar” və “İllər ayrısı”, bir də ölümündən sonra “Ədəbiyyat qəzeti” və “İlham” qəzetində çap edilən şeirləri ilə üz-üzə dayanmışam. Bircə-bircə o şeirləri oxuyuram və hər misraya sərraf gözüylə baxıram.

Ara-sıra qəm aşılayan misralar da var, ancaq bunların heç biri Sərdar Əsəd şeirlərinin nikbinliyi üzərinə kölgə sala biləcək xallar deyil.

Bəli, kədərli misralar var. Sərdar Əsəd də bir çox şairlər kimi ana ölümündən kədərlənib yazırdı:

Ana ağrısının sözü olaydım,

Titrəyib yanaydım tellərin üstə.

O yorğun ayağın izi olaydım,

Yataydım getdiyi yolların üstə.

Söhbət ki bu məqama yetişdi, gərək deyim: Azərbaycan şairləri içərisində ən yaxşı ANA şeirlərinin birini də Sərdar Əsəd yazıb.

Şairi görmək mənə də qismət olub. Tələbəlik illərimdə (1967-1972) bir neçə şeir gecəsində görmüşəm onu. Qəribə səsi vardı və bu səs ən yaxşı misralarına ayrıca bir həzin ahəng qatırdı.

Sərdar Əsədin yaşadığı 46 illik bir ömürdə xoşbəxt günlər də olub. Onu bir şair kimi seviblər də, etiraf da ediblər, hərçənd ki, bəzi şairlər kimi “dəbdə” olmayıb, buna ehtiyacı da yox idi. O, gözəl ailə başçısı idi (bu yaxınlarda vəfalı ömür yoldaşı, tanınmış jurnalist Tükəzban Əsədova da dünyasını dəyişdi - Allah rəhmət eləsin!) heç bir düşməni də yox idi. Ancaq...

Bu dünyada ən mükəmməl kardioqram bəlkə də şair ürəyinin ağrılarını hiss edə bilməz. Sərdar Əsəd Cəbrayılın Soltanlı kəndində dünyaya göz açıb (1929), elə ağlı kəsəndən repressiya qasırğasının zərbəsini hiss edib. Atası Heydər kişi sovetin əleyhinə qaçaqçılıq edirmiş. Və qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibirə sürgün olunurlar. Doğrudur, tezliklə onlar Sibirdən qayıdırlar, çünki atası qaçaqçılıqdan çəkilir. Amma bu hadisə gələcək şairin həyatından hələm-hələm silinib gedə bilməzdi. Sonrakı illər sakit keçir. O da hamı kimi orta məktəbi bitirir. O zaman Leninin adını daşıyan Pedaqoji İnstitutun filologiya fakültəsində təhsil alır. Sonra da Süleyman Rəhimovun köməyi ilə “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəlir. Şeir kitabları çap olunur. Əlfi Qasımovla, Əli Kərimlə, Tofiq Bayramla, Məmməd Arazla, Ələkbər Salahzadə, Səttar Bəhlulzadə ilə oturub-durur. Xoşbəxt ədəbi həyat keçirir.

Ancaq Sərdar Əsədin faciəsi onun “Ədəbiyyat və incəsənət” qəzetindən işdən çıxarılmasıyla başlanır. Düz beş il (1958-1963) o, işsiz qalır. Sonra bir nəşriyyatda işə düzəlir. Sonra...…sonra... yenə işsizlik, yenə pulsuzluq.

Bu yazıda “Sərdar Əsəd necə şair idi” sualına qısaca cavab vermək istərdim.

Əvvəlcə Sərdar Əsədin şair dünyasından soraq verən kiçik bir xatirəni dinləyək. O xatirənin müəllifi böyük şair Məmməd Arazdır: “Sərdar Əsəd deyirdi: “Mən bir balaca qələm sahibiyəm.Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki, onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də fəhmi var. O canlıdır, o, xış kimi, kotan kimidir... Naşı əl torpağa xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmək olmaz, olsa da, cücərti alınmayacaq. İlahi, gör hələ Füzuli olan şəxs nə sarsıntı keçirib”.

Sərdar Əsəd beləcə şeirə, sözə qarşı həssas, son dərəcə məsuliyyətli idi. İstəyirdi ki, hər şeirində nəsə təzə bir söz desin, məlum deyilmişlərə qayıtmasın, qayıtsa da, ona təzə can versin. Bax bu şeirdə olduğu kimi: başdaşıda bir gözəl rəsm. Ona adi gözlə baxanda heç nə görə bilməzsən. Sərdar Əsəd gözüylə baxanda isə:

Yanağı gündən allanır,

Bir xəzəllə sığallanır.

Kirpiyindən şeh sallanır,

Buzları qışda ağlayır.

Donub görünməz qorxuya,

Susub cavabsa sorğuya.

Ayılmaz, gedib yuxuya,

Gözləri huşda ağlayır.

Görmür özü gündüzünü,

Döndərib dostdan izini.

Əliylə örtüb üzünü,

Heykəli daşda ağlayır.

Elə bir dövr idi ki, poeziyada Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə kimi təzə söz deyən şairlər yetişmişdi. Rəsul Rza novator şeirin bayraqdarı olaraq qalırdı. Digər şairlərimiz də (Qabil, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Nəbi Xəzri, Nəriman Həsənzadə, Cabir Novruz) sözün əlçatmaz qatlarına can atırdılar. Sərdar Əsəd anadilli şeirimizin qoşma, gəraylı kimi formaları ilə bu söz qatlarına “hücumelan eləmişdi. Sözlər, ifadələr dünyanın adiliklərindəki qeyri-adilikləri, məchulluqların arxasındakı məlumluqları və əksinə, məlum şeylərin, nəsnələrin daxilindəki naməlumluqları kəşf edirdi.

Sərdar Əsəd sözü belə diriltməyi, adilikdən, yekrənglikdən çıxarıb ona yeni mənalar işığında baxmağı xoşlayırdı. Ən çox anasına şeir həsr etmişdi; ana nisgili, ana ömrü bu şeirlərin başlıca mövzularıydı. Öncə bir şeirini misal gətirdik. Ana obrazı onun təzə şeirində yeni bir poetik biçimdə üzə çıxırdı:

Ay illər, səninlə gəl qucaqlaşım,

Məsum körpəliyi yenə anırıq.

Nədənsə üstümdə durmayır başım,

Yenəmi beşikdə yırğalanırıq?!

 

Sərdar Əsəddə rəssamlıq duyğusu, təbii ki, sözlə gözəl bir mənzərə yaratmaq duyğusu güclü idi. İstənilən rəssam bu gün onun çox şeirini oxuyub tablo yarada bilər.

Deyirlər ki, Sərdar Əsədlə Əli Kərim möhkəm dost olublar. Onların talelərində, dünyaya şair baxışında doğmalıq çox idi. Sərdar Əsəd də Əli Kərim kimi söz heykəli yonurdu, yüzilliklər boyu qəlibdən-qəlibə keçən sözləri bir də sığallayır, tutya kimi əzizləyir, poeziyaya çevirirdi. Sərdar Əsəd də sağlığında qədir-qiymət adlı bir insaf gözündən keçə bilmədi. Tənqidçilər susdular. O yerdə ki Sərdar Əsəd görünməliydi, o yerdə ortabablar, miyanələr meydan suladılar.

Əli Kərim 38, Sərdar Əsəd 46 il yaşadı.

Əli Kərim iyunun 30-da (1969), Sərdar Əsəd iyunun 29-da (1975) dünyalarını dəyişdilər. Sözləri, taleləri yaxın olan şairlərin ölümü də yaxın oldu. Sərdar Əsədin bu misraları ilə hər ikisinin ruhu şad olsun deyirəm:

Gedəni gəlməz olur,

Hey fikir daşıyanlar

Dünyada ölməz olur

Əzabla yaşayanlar.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 1 fevral.- S.8.