“Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə

 

dair tədbirlər planıtəsdiq edilib

 

 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

AzərTAc xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anma mərasimlərinin və s. təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində Xocalı soyqırımına həsr olunan materialların yayılması nəzərdə tutulub.

Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anma mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə şəhid ailələrinə yardımlar göstəriləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

 

 

Azərbaycan.-2015.- 2 fevral.- S.1.