Nazir Şahin Mustafayev dövlət
başçısının qarşıya qoyduğu
vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə
nazirliyin strukturlarına konkret
tapşırıqlar verib
İqtisadiyyat
və Sənaye Nazirliyində “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət
başçısının müəyyənləşdirdiyi
tapşırıqların icrasına həsr olunmuş
geniş iclas keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, iclasda çıxış edən nazir Şahin Mustafayev ötən ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının artmasında, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsində, biznes və investisiya mühitinin, əhalinin rifahının daha da yaxşılaşmasında xüsusi əhəmiyyətini vurğulayıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ili görülən genişmiqyaslı işlər, həyata keçirilən layihələr və əldə olunan uğurlu nəticələrlə zəngin olub. Bildirilib ki, konfransda Prezident İlham Əliyev proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi barədə tapşırıqlar verib.
Konfransda həmçinin, dövlət başçısı tərəfindən sənaye parklarının, metallurgiya kompleksinin təşkili işinin davam etdirilməsi, sənaye məhəllələrinin yaradılmasına başlanması, Mingəçevirin sənaye şəhəri kimi inkişaf etdirilməsi vəzifələri müəyyənləşdirilib.
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, aqroparkların tikintisinin genişləndirilməsi, bütün şəhərlərdə “yaşıl marketlər”in yaradılması, əsas ərzaq məhsulları üzrə özünü təminetməyə tam nail olunması barədə tapşırıqlar verib.
Konfransda ölkənin ixrac imkanlarının genişləndirilməsi və qeyri-neft ixracının artırılması məqsədilə ixracyönümlü müəssisələrin yaradılmasının və özünü təminetmə səviyyəsi yüksək olan tikinti materiallarının ixracının dəstəklənməsi, ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış və ixracın təşviqi sisteminin yaradılması kimi vəzifələr də müəyyən olunub.
Nazir Şahin Mustafayev dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə nazirliyin strukturlarına konkret tapşırıqlar verib. Belə ki, nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməli, sosial layihələrə diqqət artırılmalı, dövlət investisiyalarından səmərəli istifadənin təmin olunması, eləcə də bu vəsaitlərin istifadəsinə nəzarət məqsədilə monitorinqlər planı tərtib olunmalı və həyata keçirilməlidir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması tədbirləri, prioritet istiqamətlər üzrə güzəştli kreditlərin verilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, nümunəvi biznes planların, metodiki sənədlərin, kataloq və məlumat kitabçalarının sahibkarlara çatdırılması işləri davam etdirilməlidir. İxracın təşviqi sisteminin genişləndirilməsi məqsədilə qısa müddətdə təkliflər hazırlanmalı, yeni bazarlara çıxış imkanları təhlil edilməli, bu sahədə beynəlxalq təcrübə öyrənilməli, Azərbaycanın diplomatik korpusu ilə əməkdaşlıq gücləndirilməlidir.
Sənaye potensialının artırılması məqsədilə iclasda mövcud sənaye parklarının fəaliyyətinin genişləndirilməsi, ölkə regionlarında sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlərlə bağlı məsələlər müzakirə edilib.
Həmçinin iclasda dövlət başçısı tərəfindən məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstərildiyi vurğulanıb, nazirlik əməkdaşlarına vətəndaşlarla münasibətdə həssas olmaları, vətəndaş müraciətlərinə xüsusi diqqət göstərilməsi barədə tapşırıqlar verilib.
İclasda
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının birinci ilinin yekunlarına
həsr olunmuş Konfransda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
vəzifələrin, verdiyi tapşırıqların həyata
keçirilməsi üçün konkret müddət və
icraçılar göstərilməklə Tədbirlər
Planının hazırlanması qərara alınıb.
Azərbaycan.-2015.- 2 fevral.- S.4.