MÜSTƏQİLLİK ƏSL
SƏRVƏTDİR
Nəhayət ki, ötən əsrin doxsanıncı illərində Azərbaycan xalqı özünün əzəli və əbədi arzusunu - müstəqillik istəyini gerçəkləşdirə bildi!
Yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyət və uzaqgörənliyi, cəsarət və müdrikliyi sayəsində bu dəfə əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti yaşanmadı, müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi!
Doğrudur, hələ də Azərbaycanı asılı vəziyyətə salmağa, özgə maraqlarının icraçısına çevirməyə cəhd edən qüvvələr mövcuddur. Ancaq dövlətimizin seçdiyi Heydər Əliyev siyasi kursu, yeridilən balanslı və uzaqgörən siyasət, xalqın iqtidara birmənalı dəstəyi müstəqilliyin çətin, keşməkeşli və şərəfli yolu ilə inamla irəliləməyə imkan verir.
Özünün də ən böyük arzusu və amalı olan dövlət müstəqilliyinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib: “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir”.
Ümummilli liderin hər bir fikri kimi, bu kəlamı da özünün dərinliyi, uzaqgörənliyi, məna tutumu və ifadə yığcamlığı ilə fərqlənir.
Müstəqillik niyə sərvət sayılır?
Müstəqil yaşamağı sərvətə çevirən nədir?
Müstəqilliyin sərvətə çevrilməsi prosesi necə gedir?
Sualların sayını artırmaq da mümkündür. Amma başqa bir sual da maraqlıdır: Görəsən, hamı müstəqil dövlət qurmaqla sərvət sahibinə çevrilirmi?
Tarixi faktlar və ayrı-ayrı misallar göstərir ki, heç də yox!
Bəs, müstəqilliyin sərvətə çevrilməsinin şərtləri nədir?
***
Azərbaycanı müstəqilliyə gətirən yol çox çətin və ağır olub. Qeyd etdiyimiz kimi, ötən əsrin əvvəllərində meydana gələn və Yaxın Şərqdə ilk müstəqil demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. XI Qızıl Ordu onu yenidən köhnə imperiyanın tərkibinə qataraq on iki müttəfiq respublikadan birinə çevirdi.
SSRİ adlandırılan nəhəng dövlətdə hər şey mərkəzləşdirilmişdi və vahid iradə əsasında idarə edilirdi.
İstehsal vasitələri üzərində ictimai mülkiyyət qurulmuşdu.
Ərazidə mövcud olan bütün yeraltı və yerüstü sərvətlər dövlətə məxsus idi!
Həmin ərazidə yaşayan xalqa yox, məhz dövlətə!
Dövlət isə bütün sərvətlərə yiyələnərək haqq-hesab apardıqdan sonra kimə (hansı müttəfiq respublikaya) nədən və nə qədər ayıracağını müəyyənləşdirirdi. “Strateji” adlandırılan məhsullardan (məsələn, pambıq, neft, qiymətli metallar və s.) gələn gəlirlər birbaşa “Ümumittifaq büdcəsinə” daxil edilirdi. (Yəni, Moskvanın sərəncamına keçirdi).
Kim nə qədər istəsəydi yox, kimə nə qədər məsləhət bilinsəydi, o qədər də mal-vəsait ayrılardı!
Təbii ki, Ümumittifaq büdcəsinə az verib çox götürənlər və ya əksinə, çox verib, az alanlar da olardı.
Heç
bir etiraz- filan qəbul edilməzdi!
Əksinə,
etiraz niyyətinə düşmək belə təhlükəli
sayılardı!
Xahişlə, müxtəlif münasibətlərlə
(dostluq, inandırma və s.) bəzən nə isə qoparmaq
olardı.
O da həmişə
yox!
Ayrılan vəsaitin verilməməsi, başqa bir yerdə
yaradılan “daha əhəmiyyətli” obyektə sərf edilməsi
mümkün və adi hal sayılardı. Belə ki,
“kiçik” müttəfiq respublikaların ərazisində
inşa edilən nəhəng və xeyli vəsait tələb
edən obyektlər adətən vaxtında istifadəyə
verilməz, vəsaitsizlikdən inşası illərlə, hətta
on illərlə yubadılardı.
Kim nə
deyə bilərdi! Partiya belə məsləhət
görürdü!
Sovet hakimiyyətinin mövcudluğu dövründə əslində
Bakı neftinin “adı mənim, dadı sənin” olub. Rusiyada
sosializmin banisi və SSRİ-nin təşəbbüşçüsü
sayılan V.İ.Lenin ilk günlərdən Bakı neftinə
olan “məhəbbətini” gizlətməmişdi.
1941-1945-ci illər müharibəsi dövründə
Hitler faşizmi üzərində qələbədə
Bakı neftinin böyük rolu olmuşdur və bunu həmin
dövrün bir sıra rəsmiləri də etiraf etmişlər. Lakin...
SSRİ-nin
tərkibində olduğu yetmiş il ərzində
Azərbaycan nefti gecə-gündüz sovrulub aparılsa da,
xalqımıza lazımi faydası dəyməmişdir.
“Ümumittifaq fondu”na daşınan “qara
qızıl”dan ölkə paytaxtına yalnız neftə
bulaşaraq yararsız vəziyyətə düşən
“qara torpaq” qalmışdır. Hazırda
neftçıxarma zamanı yaranmış neft gölməçələrinin
qurudulub təmizlənməsinə və torpağın
rekultivasiyasına külli miqdarda vəsait xərclənir.
Təsəvvür
edin, əgər Azərbaycan xalqı və dövləti həmin
yetmiş ildə neftin sahibi və sərəncamçısı
olsa idi və ondan gələn gəlir indiki kimi xalqın
rifahına və ölkənin inkişafına yönəldilsəydi,
görün indi biz hansı səviyyədə
yaşayardıq!
Adi qaydada
hesablasaq, indikindən yeddi dəfə də yüksəkdə
olardıq!
SSRİ hökuməti hətta Bakını müharibə
dövrü xidmətlərinə görə (neft istehsalı
sahəsində) birinci kateqoriya şəhərlər qrupuna
daxil etmədi ki, İttifaq səviyyəsində təminatı
buna görə bir qədər yaxşılaşsın.
Son 10-15
ildə xalqımız öz neftinin real bəhrəsini
görür və bu qısa müddətdə neft gəlirləri
hesabına nələrə nail olmuşuq, bunu təkcə biz
yox, bütün dünya görür və bilir!
***
Müstəqillik
yalnız yeraltı və yerüstü sərvətlərdən
bəhrələnə bilmək deyil, həm də milli və
dövləti maraqları əsas tutmaqla
düşündüyün və lazım bildiyin formada, azad
şəkildə fəaliyyət göstərmək deməkdir!
Yəni, sərvət sahibi olmaq məsələnin bir tərəfidir. Ondan səmərəli
istifadə etməyi də bacarmalısan!
Fikrimizi yaxın keçmişimizdən
götürülən misallarla davam etdiririk.
SSRİ-nin ərazisi çox geniş, burada iqlim və təbii
şərait bir-birindən kəskin fərqli, “bir bayraq
altında” birləşdirilən insanların mədəniyyət,
məişət və milli-mənəvi dəyərləri zəngin
və rəngarəng idi. Amma hər şey eyni
arşınla ölçülür, bir qərar hər yerə
və hər kəsə eyni dərəcədə şamil
edilirdi. Yerli şəraitə uyğun nəsə
addım atmaq, öz respublikasını daha sürətlə
inkişaf etdirmək üçün səmərəli bir
şey düşünüb tətbiq etmək mümkün
deyildi. Hətta belə hərəkət mərkəzin
itaətindən çıxmaq kimi qiymətləndirilə,
özbaşınalıq tək dəyərləndirilə bilərdi!
Məsələn, o dövrdə Sov.
İKP MK-nın Baş katibi N.S.Xruşşov hər hektar
qarğıdalı sahəsindən daha yüksək məhsul
götürüldüyünü və hər donuzdan il ərzində 10-dan çox çoşqa
alındığını düşünərək ölkədə
qısa müddətdə ət istehsalını artırmaq,
yemə tələbatı ödəmək üçün
(həm də çörəyə) hər iki sahənin
inkişafı barədə qərar qəbul etdi.
Bütün müttəfiq respublikalarda
qarğıdalı əkinlərinin genişləndirilməsinə
və donuzçuluq fermalarının yaradılmasına
başlandı.
İnsanlar
qarğıdalı çörəyi və donuz əti yemək
istəyirlərmi - heç bu barədə soruşan belə
yox idi! (Müsəlman respublikalarında isə heç kim donuza baxmaq istəmirdi. Sadə
əmək adamları “partiya tapşırığı” ilə
donuz fermalarına zorla işləməyə göndərilirdi.
Belə zorakılıqdan isə həmin
insanlara yalnız xoşagəlməz ləqəb “yadigar”
qaldı). Nəticədə
heyvandarlığın digər sahələrinə və
taxılçılığa çox ciddi ziyan dəydi,
ölkə gerilədi.
Müstəqillik
dövründə belə qəribə və gülməli vəziyyət
mümkün deyil! Dövlət başçısı Azərbaycana
və onun vətəndaşına nə gərək
olduğunu gözəl bilir! Həm də istəklərini
həyata keçirməkdə müstəqildir. Bununla
bağlı cənab İlham Əliyevin maraqlı fikirləri
var: “Biz hər şeyi vaxtında etməli idik və
etmişik. Ona görə deyəndə ki, bu
gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər
üçün də maraq doğurur”. Dövlət
başçısı, eyni zamanda, həmin modelin xarakterik cəhətlərini
də açıqlayır: “Siyasi, iqtisadi islahatlar, müstəqil
siyasət, dinlərarası dialoq, yüksək səviyyəli
milli-dini tolerantlıq, dözümlülük, sosial siyasət
və görülən işlər göz
qabağındadır”.
Düşünülmüş, sürətli və
davamlı inkişaf yolunu seçən Azərbaycan
iqtidarı dövlət büdcəsinə kifayət qədər
vəsait yığılmasını təmin etdikdən sonra
inkişafın istiqamətlərini müəyyən etdi. Ən
böyük diqqət infrastruktur layihələrinin icrasına
yönəldildi. Çünki bu
olmasaydı, heç bir regional inkişaf proqramı icra edilə
bilməzdi. Hansı müəssisə
elektrik enerjisi olmadan işləyə bilir? Yaxud yollar, körpülər yoxdursa, yüklər
necə daşınar, istehsal sahələri arasında necə
rahat və operativ əlaqə yaradılar?
Qarşıya
qoyduğu məqsədə, müəyyən edib
formalaşdırdığı inkişaf modelinə və
xalqın rifahının yüksəldilməsi hədəfinə
qısa müddətdə çatmaq üçün
hazırkı iqtidar ölkənin çoxəsrlik tarixi ərzində
icrası mümkün olmayan bir çox arzuları gerçəkləşdirmişdir!
Onlar hansılardır?
Milli
maraqların təmini, dövlətin və xalqın mənafeyi
naminə müstəqilliyin son on bir ili ərzində
görülən işləri və reallaşdırılan nəhəng
layihələri birlikdə qısa şəkildə
xatırlayaq:
-
2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz
3,4 dəfə artmışdır;
- Sənaye
istehsalı 2,7 dəfə
artmışdır;
- On bir il ərzində ölkə iqtisadiyyatına 180
milyard dollar investisiya qoyulmuşdur;
-
2004-cü ildə valyuta ehtiyatlarımız 1,8
milyard dollar idisə, hazırda 50 milyard dollardan çoxdur;
- Bu illər
ərzində 1 milyon 360 min yeni iş yeri
yaradılmışdır;
-
İşsizlik və yoxsulluq 5 faiz səviyyəsinə
düşmüşdür;
- Davos
Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə
görə 38-ci yerə layiq görmüşdür;
-
2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı
100 dollar idisə, hazırda bu 565 dollardır;
- Orta
aylıq pensiya 24 dollardan 221 dollara yüksəlmişdir;
- Ölkə
üzrə 2900 məktəb binası, 560 tibb ocağı
tikilmiş və ya təmir edilmişdir;
- Təkcə
regionlarda 41 olimpiya idman kompleksi və 30 gənclər mərkəzi
tikilmişdir;
- Məcburi
köçkünlər üçün fərdi evlərdən
və çoxmərtəbəli binalardan ibarət 84 qəsəbə
tikilərək istifadəyə verilmiş, 210 min məcburi
köçkün yeni evlərə və mənzillərə
köçürülmüşdür;
-
Ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası
inşa olunmuş, ölkəmizin ümumi enerji potensialı
6300 meqavata çatdırılmışdır;
- On min
kilometr təzə yol çəkilmişdir;
- 340
körpü və tunel tikilib istifadəyə verilmişdir;
- Bölgələrdə
4-ü beynəlxalq səviyyəli olmaqla 6 aeroport inşa
edilmişdir;
- Heydər
Əliyev Beynəlxalq Hava Limanının yeni terminal binası
tikilmiş, yeni Bakı Beynəlxalq Ticarət Limanı və
gəmiqayırma zavodu istismara buraxılmışdır;
- Bir
sıra transmilli layihələr:
*
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri;
*
Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir;
-
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilin sonunda işə
salınacaqdır;
- Bir
neçə transmilli layihənin - TANAP, TAP və “Cənub”
qaz dəhlizi layihəsinin reallaşdırılmasına
başlanılmışdır.
Etiraf edək
ki, on bir il üçün
ağlasığmaz, amma gerçəkliyə çevrilmiş
işlərdir!
Etiraf edək
ki, müstəqil siyasət və sərbəst fəaliyyət
olmasaydı, bütün bunlar yerinə yetirilə bilməzdi!
Etiraf edək
ki, ölkəmiz öz sərvətlərinin əsl sahibinə
və sərəncamçısına çevrilməsəydi,
yalnız milli maraqlar əsasında fəaliyyət qurulmasaydı,
bu niyyətlərin əksəriyyəti kağız üzərində
qalardı!
***
Yuxarıda sadaladıqlarımızdan da
göründüyü kimi, müstəqil Azərbaycan
dövləti qarşıya qoyduğu bütün hədəflərə
çatır.
Bu gün qeyri-neft sektorunu inkişaf etdirmək
istəyirik. Qabaqcadan lazımı infrastruktur və şərait
yaradıldığı üçün uğur
qazanacağımıza şübhə yoxdur!
Dövlət
başçısının sərəncamı ilə 2015-ci
il ölkəmizdə “Kənd təsərrüfatı
ili” elan edilib. Ötən il “Sənaye ili”
sayılırdı və bu sahədə çox böyük
uğurlara imza atıldı. Qeyri-neft sektorunun inkişafına,
nəticədə həm də iqtisadiyyatın “neft amili”ndən
asılılığının aradan qaldırılmasına
xidmət edən bu kimi addımlar
düşünülmüş və planlı qaydada (“plan”
sözündən qorxmaq lazım deyil) aparılır. Diqqət yetirək, “Kənd təsərrüfatı
ili” əslində həm də “Regionların sosial-iqtisadi
inkişafına dair” 2014-2018-ci illər ərzində icra ediləcək
üçüncü Dövlət Proqramının tərkib
hissəsidir. Həm bu, həm də digər sahələr
üzrə görüləcək işləri əhatə
edən dövlət proqramları isə “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının tərkib
elementləridir.
Dövlət proqramının, yaxud dövlət
başçısı tərəfindən imzalanmış hər
hansı bir rəsmi sənədin real işə çevrilərək
istənilən nəticənin alınması
üçün irəlicədən lazımi hazırlıq
işləri görülür, maddi-texniki təminat, baza yaradılır.
Artıq Azərbaycan iqtidarı ölkədə enerji və
nəqliyyat təhlükəsizliyini təmin etmişdir. Bunun
üçün illər ərzində kifayət qədər
vəsait ayrılmış, layihələndirmə və
tikinti işləri görülmüşdür. Bu gün isə ərzaq təhlükəsizliyi
gündəmdədir. Proqnozlar göstərir
ki, yaxın onilliklər ərzində dünyada insanların ərzaqla
təminatında müəyyən çətinliklərin
yaranacağı gözlənilir. Artıq
xeyli qabaqlama tədbirləri icra olunmuşdur.
Yeni vəzifənin də uğurla həyata keçiriləcəyi
zərrə qədər də şübhə doğurmur. Belə ki, aqrar
islahatlardan sonra dövlət kənd təsərrüfatının
yeni münasibətlər əsasında inkişafı
üçün bir sıra vacib məsələləri yoluna
qoymuşdur. Regionlara fasiləsiz elektrik
enerjisi və təbii qaz verilməsi qaydaya salınmış,
yol infrastrukturu qurulmuşdur. Kəndlilər
uzun illərdir ki, on növ verginin doqquzundan azad olunmuşdur.
Sahibkarlara mütəmadi şəkildə ucuz
kreditlər verilir, taxıl əkini ilə məşğul
olanlara subsidiyalar ayrılır. Artıq
regionlarda mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması üçün əsaslı
işlər görülmüş, “Aqrolizinq” xidməti təşkil
edilmiş, kəndlilərə güzəştli qiymətlərlə
mineral gübrələrin satışı qaydaya
salınmışdır. Məhsulun uzun müddət
saxlanılması üçün soyuducu anbarların tikilməsi,
meyvə-tərəvəzin vaxtında alıcılara
çatdırılması üçün “yaşıl
market”lərin inşası, kənd təsərrüfatı məhsulları
satışı yarmarkalarının müntəzəm şəkildə
təşkili də bu tədbirlər sırasındadır.
İki yeni nəhəng su anbarının -
Taxtakörpü və Şəmkirçay su anbarı və
elektrik stansiyalarının tikilərək istifadəyə
verilməsi də ərzaq təhlükəsizliyinin təmininə
ən dəyərli töhfədir.
Beləliklə, müstəqil,
düşünülmüş fəaliyyət xalqın
rifahına xidmət edən ideyaların qısa müddətdə
reallaşmasına imkan yaradır ki, bu da yalnız müstəqillik
dövründə mümkündür.
***
Müstəqillik mənəvi sərvətlərə də
sahib çıxmağa imkan yaradır. Artıq Azərbaycanda saxta
dəyərlərin “yaradılmasına” və təbliğinə,
olmayan şeyin mövcudluğunun sübutuna ehtiyac yoxdur!
Yenə misallara baxaq.
Sosializm özünün mövcudluğu dövründə
daim xalqların beyninə yeritmək istəyirdi ki, cəmiyyətdə
“xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi
prinsipi” hökm sürür. “Sosializmin qəti qələbəsi”ndən
sonra isə artıq “insanların tarixi birliyinin yeni forması”
sayılan “sovet xalqı”nın
yarandığı iddia edilirdi.
Mənəvi
dəyər kimi təqdim edilən belə “təbliğati istəklər”
sosializmin özündən də az
yaşadı.
Qorbaçov yenidənqurmasının ilk illərində Özbəkistandan məhsəti türklərinin qovulması, daha sonralar müttəfiq (başqa sözlə, “qardaş”) respublikalar arasında ərazilərin işğalına xidmət edən münaqişələrin başlanması (Moldova, Gürcüstan, Azərbaycan) və sonradan müharibəyə çevrilməsi sovet təbliğatının boş söz olduğunu təsdiq etdi.
Bu gün Ukraynada baş verənlər də açıq-aydın göstərir ki, nə “xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi” həqiqi dəyər olub, nə də “sovet xalqı” anlayışı reallığı əks etdirib.
Əsl dəyərlər əsrlər boyu formalaşan, zamanın bütün sınaqlarından çıxan, xalqların yaşam tərzindən doğan mədəni-mənəvi dəyərlərdir.
Bu gün müstəqil Azərbaycan Avropa mədəniyyətinə yiyələnməklə yanaşı, öz mədəniyyəti ilə Avropa mədəniyyətini də zənginləşdirməyə çalışır. Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, tar ifaçılığı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır.
Xalqımızın ən böyük, qürurverici dəyərlərindən biri tolerantlığı, dini və milli dəyərlərə hörmətlə yanaşmasıdır. Bu, xalqın qəlb genişliyindən, alicənablığından xəbər verir.
Özünə, öz dəyərlərinə hörmət edən millət və xalq başqalarına da hörmətlə yanaşar.
Bu, birmənalıdır!
Tolerantlıq həm də xalqımızın yaşam tərzidir.
Sosializm dövründə insanlar dini dəyərlərindən uzaq salındı, Allahı danmağa vadar edildi. Ancaq Allahsız quruluşun özünün aqibəti yaxşı olmadı, axırı yaxşı qurtarmadı!
Bu gün Azərbaycanda təkcə məscidlər tikilib təmir edilmir, həm də kilsələr, sinaqoqlar, digər dini məbədlər inşa edilir, azad və rahat şəkildə fəaliyyət göstərirlər.
Biz heç bir xalqın və millətin sitayiş etdiyi dinin müqəddəslərini lağa qoyaraq təhqir etmirik!
Çünki düşüncə və rəftarımızda qəlb böyüklüyü və alicənablıq var.
Bax, Avropa və bütün dünya bunları öyrənməlidir.
Elə tolerantlığımızı bir nümunə kimi öyrənirlər də!
Müstəqillik milli-mənəvi dəyərlərimizə, mədəni sərvətlərimizə maneəsiz qovuşmağa, onlardan bəhrələnməyə və inkişaf etdirməyə də şərait yaradıb!
Misallardan da göründüyü kimi, müstəqillik qazanan dövlətlərin heç də hamısı onu sərvətə, xalqın rifahına xidmət edən amilə çevirə bilməyib! Öz başçılarının yaramaz siyasətlərinin qurbanına çevrilən, müstəqilliyi vassalıqla, forpostluqla əvəz edən Ermənistan kimi dövlətlər əslində olan-qalanlarını da itirməklə xalqını dilənçi vəziyyətinə salaraq ölkədən qaçırırlar.
Müstəqillik sərvətlə, düşünülmüş və uzaqgörən, milli və dövləti maraqlara xidmət edən ağıllı siyasətlə tamamlananda xalqın rifahına, dövlətin tərəqqisinə xidmət edir.
İnsanlar belə dövlətdə yaşamaqdan zövq alaraq daim özlərini xoşbəxt sanırlar!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2015.- 2 fevral.- S.5.