Səbail rayonu 2015-ci ilə uğurlu inkişaf dinamikası ilə qədəm qoyur

 

Paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda dünən keçirilmiş müşavirədə 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2015-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2014-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.

Qeyd olunmuşdur ki, 2014-cü ildə Səbail rayonunda nəzərə çarpan müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq məhsul istehsal edilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox nəqliyyat xidmətləri göstərilmişdir. 2014-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 206,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,4 faiz çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3.272.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 63,3 faiz çoxdur. Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 faiz çox istehlak malları satılmış, 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28,9 faiz çox iaşə xidmətləri göstərilmişdir.

2014-cü ildə Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 974 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3 faiz çoxdur. 2014-cü ildə rayonda hamısı daimi olmaqla 1837 yeni yeri açılmışdır. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək rayonda 44163 yeni yeri açılmışdır ki, onların da 43295-i daimidir.

2014-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunmuş Azərbaycan Xalça Muzeyi, Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoramı, Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası istifadəyə verilmişdir.

Rayonda aparılan abadlıq-quruculuq işlərində Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi xüsusi qeyd olunmalıdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yerləşən “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq yenidən qurulmuş, bağça üçün 90 yerlik yeni əlavə korpus tikilmişdir. Fond tərəfindən bağça bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunmuşdur.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”nda Səbail rayonu ilə bağlı proqrama daxil edilmiş 24 bənd üzrə tədbirlərin həyata keçirilməsi üçün rayonda bütün qüvvələr səfərbər olunaraq bu istiqamətdə müvafiq işlər aparılır.

Qeyd olunanlarla yanaşı, keçən il rayonda müvafiq dövlət proqramının icrası ilə bağlı 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çataraq qurğu şəbəkəyə qoşulmuş, Bibiheybət mədəniyyət evi və qəsəbə kitabxanası, 2 saylı şəhər poliklinikası və “Turacuşaq bağçası əsaslı təmir olunmuşdur.

Badamdar qəsəbəsində yeni su anbarlarının, ikimərtəbəli yeni idman kompleksininhotel binasının tikintisi davam etdirilir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır. Badamdar qəsəbəsində Sahib İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı 4 ədəd yaşayış binalarının fasadları və həyətləri də təmir olunmuş, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən binanın fasadına vaxtı ilə bu binada yaşamış şəhid Sahib İbrahimxəlilovun yeni dizaynla işlənilmiş xatirə lövhəsi quraşdırılmışdır. Badamdar şosesində 2,2 kilometr məsafədə yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər, həmçinin burada yerləşən obyektlərin fasadında və istinad divarında təmir-bərpa işləri davam etdirilir.

Hazırda rayonda Su İdmanı sarayının, “Alov qüllələri” kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeniİnterkontinental” və 5 mərtəbəli “İnturist” mehmanxanalarının, Səbail Rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binaların, Ali Neft Məktəbi üçün yeni idman, yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Badamdar qəsəbəsində yeni xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli və beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçirəcək Bakı Media Mərkəzinin tikintisi, Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri-yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçrülməsi işləri aparılmış, Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçid inşa olunmuş, dairənin mərkəz hissəsində müasir istirahər bağı, yeni yaşıllıqlar salınmışdır.

Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və yeni istirahət güşələrinin yaradılması işləri davam etdirilmişdir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.

Bibiheybət qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, yeni landşafın yaradılması işləri aparılmışdır. Yol boyunca bir neçə yerdə dekorativ rəngli daşlardan mozaika kompozisiyaları yaradılmış, 8 min kvadratmetr sahəyə yeni yaşıl qazon salınmış, 10 min yeni ağac, 1000 ədəd dekorativ ağac, 50 min gül kolu əkilmiş, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülmüşdür. Gül kollarından gözəl kompozisiyalar şəhərin mərkəzində Ü.Hacıbəyli küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarında da yaradılmışdır. Ümumilikdə isə il ərzində rayon ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilmiş, 21000 kvadratmetr sahəyə qazon otu salınmışdır.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir. Keçən il Qurban Abbasov, Fikrət Əmirov, Ü.Hacıbəyli küçələrində, Neftçilər prospektində bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılmışdır. Hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər prospeklərindəki binaların və Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir. Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Ötən il ərzində rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, magistral, məhəllədaxili və qəsəbədaxili küçə və yolların təmir-asfaltlaşdırılması işləri aparılmışdır.

2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülmüşlər. 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirmiş, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri - Aytən İbrahimovaLeyla Zeynalovanın adları musiqi sahəsində xüsusi istedadı olan gənc kimi Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və onlar xüsusi aylıq təqaüdə layiq görülmüşlər.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona Musayeva və 160 saylı klassik gimnaziyanın müəllimi Rubiynə Qasımova 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasinda olmuşlar. Müsabiqənin keçirildiyi 7 il ərzində Səbail rayon məktəblərində çalışan müəllimlərdən 54 nəfər “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olmuşlar. Beynəlxalq müəllim günü ərəfəsində ölkə başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 3 nəfəri - “Əməkdar müəllim” fəxri adına və 4 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşlər.

2014-cü il ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19947 olmuşdur.

Keçən il rayonun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, ABŞ-ın Nyu-York şəhərinin Bruklik inzibati rayonu və Yaponiyanın paytaxtı Tokio şəhərinin Mequro rayonu ilə dostluq və əməkdaşlıq haqqında protokol imzalanmışdır.

İl ərzində həyata keçirilən işlərlə yanaşı, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər də təşkil edilmişdir. Səbail Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli görülmüş, yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma və digər işlər aparılımışdır ki, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir.

Ötən il ərzində Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 132 manat sosial yardım təyin olunmuşdur. Ümumilikdə Səbail rayonunda müxtəlif növkateqoriyalar üzrə 2814 nəfər sosial müavinət alır. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi tərəfindən ötən il ərzində 13187 nəfər təqaüdçüyə 39.741,6 min manat təqaüd və müavinət ödənilmişdir.

Səbail Rayon Məşğulluq Mərkəzi tərəfindən 938 nəfər axtaran işə düzəldilmiş, il ərzində mərkəzdə 140 nəfər vətəndaş üçünKompüter istifadəçisi”, “Kompüter-dizayner”, “İngilis dili”, “Xalçaçı”, “Kompüter mühasibliyi”, “Aşpaz köməkçisi”, “Qazanxana maşinisti” və “Dərzi” peşə kursları açılmışdır. “Əmək yarmarkalarında” 42 nəfən daimi işlə təmin olunmuşdur.

2014-cü ildə ölkəmizdə mühüm siyasi tədbir olan bələdiyyə seçkiləri keçirilmişdir. Mühüm siyasi tədbirlə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə nəzərdə tutulan əsas təşkilati və hazırlıq tədbirləri görülmüşdür. Rayonda yaradılmış 42 məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşlar. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuşdur. Rayonda seçkiqabağı hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuş, 3 bələdiyyə üzrə qeydə alınmış müxtəlif siyasi partiya, ictimai birlik və bitərəfləri təmsil edən 116 namizəd arasından Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15 və Bibiheybət bələdiyyəsinə 9 nəfər üzv seçilmişdir.

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov qeyd etmişdir ki, 2014-cü il ərzində Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 663 cinayət hadisəsi qeydə alınmış, onlardan 488-nin və ya 78,6 faizinin açılması təmin edilmişdir. Ağır və xüsusi ilə ağır cinayətlərin sayı keçən illə müqayisədə 111-dən 99-dək və ya 12 fakt azalmış, onların 50-sinin və ya 58,8 faizinin açılması təmin edilmişdir. Qeyri-aşkar şəraitdə baş vermiş cinayətlər 277-dən 312-dək artmış, onlardan 191-nin və ya 62,4 faizinin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlər 94-dən 78-dək və ya 16 fakt azalmış, onların 72-sinin və ya 92,3 faizinin açılması təmin edilmişdir.

Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon icra hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Tədbirdə bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2014-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 2 fevral.- S.6.