Zəkanın qətiyyəti
Bu qeydlərin böyük hissəsini hələ bir neçə gün əvvəldən qələmə almışdım.
Azərbaycan Prezidentinin Almaniyaya səfərindən, ardınca İsveçrənin məşhur şəhərində keçirilən Davos Forumundan telegörüntüləri izlədikcə, mətbuatdan bütün bunlar barədə oxuduqca yaranan təəssüratlarım aram-aram dəftərçəmə köçürdü. Yazıya da, yəqin, elə bu təəssüratlarla başlayacaqdım.
Amma iş elə gətirdi ki, yanvarın 27-də Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi.
...Və həmin konfransdakı nitqi zamanı Azərbaycan Respublikası Prezidentinin səsləndirdiyi bir fikir günlərdən bəri dəftərçəmdə bu yazının yolunu gözləyən zəngin təəssüratlarıma bir açar oldu.
“Heç kim bizimlə diktat dili ilə danışa bilməz”, - dedi dövlət rəhbərimiz, ardınca da özünəməxsus qətiyyətini bir daha sərgilədi: “Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.
Fatehlər haqqında çox oxumuşam...
Onlar haqqında yazılanlar oxucu marağımı həmişə özünə cəlb edib. Zamanın axarını dəyişən bu insanların ömür səhifələrini tarixi mövzularda qələmə alınmış kitablarla vərəqləməyə çalışmışam. Onların istəklərini, həyat və fəaliyyət örnəklərini, uğur və uğursuzluqlarının səbəbini özüm üçün aydınlaşdırmağa can atmışam.
Fatehlər haqqında oxuduqlarımda maraqlı bir məqam daim diqqətimi çəkib. Bu da demək olar ki, bütün fatehlərin onlarla eyni dövrü paylaşan, onların yanında olan müdriklərlə birgə xatırlanmasıdır.
Dünyanın ən qüdrətli fatehlərinin yanında müdriklər olub, dünyanın ən qüdrətli fatehləri müdrikləri başına toplayıb.
Güc müdrikliyə söykək olub...
Zəka qılıncdan öndə tutulub...
Onların qazandıqları zəfərlərin sirri, görünür, elə burdadır. Fatehlərin at belində qurub-yaratdıqları ucsuz-bucaqsız imperiyaların uğursuzluğa düçarlığının başlanğıc nöqtəsini də silahın ağıldan qabağa düşdüyü məqamlarda axtarmağımız lazım gəlir.
Qılınc zəkanı qabaqladığı gündən o imperiyalarda zaman axsamağa başlayıb və fatehlərin yaratdıqları tarix aramla öz qürubuna doğru yaxınlaşıb.
Düşünürəm ki, bizim indi yaşadığımız dünya, əslində, fatehlərdən yox, müdriklərdən qalan dünyadır. Əgər tarix ancaq əli qılınclı fatehlərin toqquşmalarından ibarət olsaydı, heç tarixin bu dönəminə qədər gəlib çıxa bilməzdik. Qanlı çarpışmalar yer üzündə insan nəslini tamam tükədərdi.
Amma aqillərin müdrikliyi dünyanı XXI əsrə qədər gətirib çıxardı. Həm də onu elə bir inkişaf səviyyəsinə, tərəqqi sürətinə qovuşdurdu ki, əgər insan kimi danışası dili olsaydı, bu sürətə, bu qədər elmi-texniki nailiyyətlərə ən böyük təəccübü elə tarixin özündən eşidərdik.
Fatehlərin at belində öz ləşkərlərini uzaq dənizlərə doğru müsəlləh etdikləri vaxtlar çoxdan geridə qaldı. Çağdaş dünyamız daha ərazi dünyası deyil, fikir dünyasıdır. Və indiki fatehlər də artıq yeni ərazilər fəth etməyə yetərli qədər gücü, cəbbəxanası olan dövlət adamları sayılmaz.
Çağdaş dünyamızın fatehləri qlobal çevrədəki düşüncə döyüşlərində, fikir qarşılaşmalarında öz zəkasının gücünü ortaya qoyan, təmsil etdiyi dövlətin maraqlarından bir addım da geri çəkilməyən, ağlının qüdrəti ilə xalqını irəli aparan siyasət, diplomatiya cahangirləridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi o kəlmələri eşidərkən mən buna bir daha əmin oldum...
***
...Həm də söz adamıyam. Ona görə də müşahidələrim bir çox hallarda ədəbiyyatın meyarlarına söykənir.
İlham Əliyev şəxsiyyəti, onun liderlik məziyyətləri, tək müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi yox, çağdaş dünyamızda zəka fatehliyinin ən parlaq obrazlarından biri kimi də ədəbi müşahidələrimdə həmişə mühüm yer tutub.
Azərbaycanda və müxtəlif xarici dillərdə ayrı-ayrı ölkələrdə böyük tirajlarla nəşr edilmiş “Görkəmli adamların həyatı” seriyasından “İlham Əliyev: bioqrafiya davam edir” adlı kitabımda İlham Əliyev şəxsiyyəti haqqında mümkün qədər təfsilatlı söhbət açmağa çalışmışam.
Amma Azərbaycan
Prezidentinin həyatı kitaba və kitablara sığmaz.
Çünki onun həyat və fəaliyyətinin bir-birini əvəz
edən çox tarixi məqamları ayrılıqda cild-cild
kitabların mövzusudur.
Və
zaman bu sıraya yeni-yeni mövzular əlavə etməkdədir...
***
Tarix
İlham Əliyevə ilk baxışdan sadə, amma əslində
son dərəcə çətin, mürəkkəb və həlledici
bir dönəmdə müstəqil Azərbaycan dövlətinə
rəhbərlik taleyini nəsib edib.
Bu, elə
bir dövrdür ki, yəqin, on illərdən sonra
tarixçilər onun az qala hər gününü
böyük maraqla araşdırıb tədqiq etməli
olacaqlar!..
Biz
çox tez-tez Azərbaycanın dünyadakı yeri barədə
danışırıq. Yazılarımızda da bu istilahdan
istifadə edirik. Əlbəttə, bu ifadənin
daşıdığı məzmun yükü hamımıza
bəllidir. Amma indi xəritəni qarşımızda
açıb Azərbaycanın qlobal dünyadakı yerini bir
anlıq vizual olaraq təsəvvür etməyə
çalışaq.
Müasir
Azərbaycanın dünyadakı yeri hardadır?
Azərbaycan
dünya üçün haradır?
Hər tərəfdən
sıxışdırılan bir ölkə...
Dörd
bir yandan gözü götürməyən qüvvələrin
aramsız təzyiqləri, təhdidləri ilə üzləşən
məmləkət...
Ətrafdakı
bir çox güclərin dadlı təam kimi süfrəyə
qoyub həzm-rabedən keçirməyə can atdıqları
sərvətlərlə zəngin strateji məkan...
Amma bu qədər
təzyiqlərə, təhdidlərə, sıxma-boğma cəhdlərinə
rəğmən yenə də öz ayaqları üstündə
möhkəm dayanıb, dirəniş göstərib gələcəyini
yaradan müstəqil dövlət...
***
Azərbaycan,
bəlkə də tarixin heç bir vədəsində indiki
qədər güclü müqavimətin əhatəsində
olmayıb!
Tarixin
heç bir dönəmində müxtəlif cinahlardan bu qədər
düşmən eyni vaxtda üstümüzə yeriməyib!
Dörd
bir yanımızı əhatələyib fürsət
gözləyən düşmən səflərinə bir nəzər
yetirək. Görək kimdir bizi bitirməyə
çalışanlar?!
* İlk
növbədə, əsrlərdir Azərbaycana düşmən
kəsilmiş erməni lobbisi, öz nüfuz dairəsi ilə,
hiyləgər üsulları ilə dünyanın, demək
olar ki, bütün əhəmiyyətli nöqtələrini
sarmış erməni şəbəkəsi, Azərbaycan
Prezidentinin təbirincə desək, dünya erməniliyi...
* Cənubi
Qafqaz regionunda Azərbaycanı öz vassalına çevirmək
istəyən güclər...
n Azərbaycandakı
sabitliyi, tolerant əhvalı pozub əksər müsəlman
ölkələri kimi buraları da qana çalxamağa
çalışan gözəgörünməz qüvvələr...
* Azərbaycanı
özlərinin iqtisadi asılılıqlarında saxlamağa
can atan, ölkəmizdəki nümayəndəlikləri ilə
dövlət içində dövlət qurmaq, hökumətlə
hökumətlik etmək iddiasına düşən meqa
holdinqlər və onların süfrəsinin
qırıntıları ilə bəslənən həşəratlar...
Daha kimlər,
kimlər...
Bütün
bu niyyətlərlə xaricdən və daxildən Azərbaycana
qarşı mövqe tutmuş düşmənlər ölkəmizi
hər vəchlə sıxırlar. Öz məqsədlərinə
nail olmağa çalışırlar.
Tarixə
bir qədər obyektiv, təmkinlə, daha doğrusu olduğu
kimi yanaşmağa çalışaq. Zamanında
bütün müsəlman Şərqində yoxdan bir
Cümhuriyyət var etmiş atalarımızın
qurduqları dövlət bir-iki eşalon əsgərin
qarşısında tab gətirə bilmədi...
Azərbaycan
Xalq Cümhuriyyəti 23 aydan sonra ömrünü başa
vurası oldu...
İndi
isə Prezident İlham Əliyevin timsalında müstəqil
Azərbaycan dövləti on ildən yuxarıdır ki, bu qədər
təhdidlərin qarşısında duruş gətirir!..
Azərbaycan
Xalq Cümhuriyyətindən fərqli olaraq biz ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi nizamlı dövlətçilik
kursu sayəsində bir müstəqil dövlətin ayaqda
durması üçün ən mühüm sayılanlara
nail ola bilmişik.
Azərbaycanda
müstəqilliyin dəyərini anlayan, bu dəyərin
qorunmasından ötrü öz məsuliyyətini dərk edən
bir xalq var...
Azərbaycan
cəmiyyəti ayrı-ayrı maraqların müdafiəçisi
qismində çıxış edən qüvvələrə
yox, öz dövlətinə inanan, öz dövlətinin dəyərlərinə
tapınan, sabit, nizamlı, sivil bir cəmiyyətdir.
Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının birinci ilinin yekunlarına həsr olunmuş
konfransda ölkə rəhbərimiz bunları da söylədi:
“2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə
nail olmasaq, bizim siyasi müstəqilliyimiz də
yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin
vəziyyətini görürük”.
Bəli,
bu gün Azərbaycan özünün iqtisadi müstəqilliyi
ilə, sosial-iqtisadi imkanları ilə nəinki
özünü dolandırmaq, hətta kasıb dost ölkələrə
də yardım əli uzatmaq iqtidarındadır.
...Və
bu inkişafla, bu yüksəlişlə, üzərimizə
yeriyən düşmənlər qarşısındakı bu
məğrur duruşla Azərbaycan, Prezident İlham
Əliyevin çıxışlarında qeyd etdiyi kimi,
tarixinin ən qüdrətli dövrünü yaşayan
müstəqil dövlət dəyərləndirməsini
doğruldur.
***
Zaman
keçdikcə, əslində nə qədər qarışıq
bir dünyada yaşadığımıza daha çox fərq
etməli oluruq.
On illər
əvvəl elmi-texniki tərəqqi bizləri hər yeni
nailiyyəti ilə sevindirdikcə, insanlar daha çox elmə,
maarifə tapındıqca, demokratiya, insan hüquqları,
tolerantlıq çağırışları daha
hündürdən eşidildikcə elə bilirdik ki, qısa
zamandan sonra arzu etdiyimiz bir dünyaya qovuşacağıq.
Yüksək
rifah, demokratik dəyərlər hər bir dünya sakininin
payı olacaq. Bir neçə gün əvvəl
dünyasını dəyişmiş dəyərli xalq
şairimiz Vaqif Səmədoğlunun öz munis misralarında
qeyd etdiyi kimi, bəşəriyyət dövlət, millət
məqamından insana enmək vaxtının
çatdığını hiss edəcək.
Amma
heyhat, biz belə bir dünya gözləyirkən, dünya
daha da zalımlaşdı, insan ətinə yeriklədi...
Adamların
XXI əsrdə, ilin-günün bu vaxtında da mağara əhli
kimi bir-birinin başını kəsib üstəlik bunun
videogörüntüsünü bütün dünyada
yaydıqları qəribə bir əyyama gəlib
çatdıq.
Böyük
güclərin iştahı daha da gücləndi,
dünyadakı münasibətlər əvvəlkindən də
qeyri-səmimi xarakter almağa başladı. Nə qədər
acı olsa da, etiraf edək ki, dünyamız əvvəlkindən
daha riyakar bir dünya oldu.
Bu riyakar
dünyanın şər-xatasından mümkün qədər
qorunmaq üçün indi çarəni öz qınına
çəkilməkdə görən dövlətlər var.
Xüsusən, Azərbaycan kimi yenicə müstəqillik
qazanmış bəzi dövlətlərin getdikcə
dünyadan təcrid yolu seçdikləri, bu ölkələrə
qarşı iş aparan qüvvələrdən mümkün
qədər uzaq durmağa çalışdıqları
özünü hiss etdirir.
Həmin
ölkələrin durumuna nəzər salanda bu, müəyyən
mənada, bəlkə də doğru yoldur, amma o ölkələrin
gələcəyi üçün o qədər də
böyük perspektivlər vəd etməyən seçimdir.
Çünki bütün mənfi çalarlarına rəğmən
müasir dünyamızdakı qlobal inkişaf meyilləri də
vazkeçilməzdir. O meyilləri mənimsəmək,
onların ən müsbətlərini ölkəmizə gətirməkdən
ötrü isə dünyayla iç-içə yaşamaq
lazım gəlir.
Bu
baxımdan, Azərbaycan Prezidentinin seçdiyi yol tarixi bir
yoldur.
Azərbaycanın
gələcəyi üçün əsl qəhrəmanlıq
mövqeyidir.
İlham
Əliyev Azərbaycanı nəinki dünyadan təcrid edir, əksinə
milli dövlətimizin beynəlxalq aləmə inteqrasiya
kursunu ildən-ilə daha da gücləndirir və bu aləmdə
Azərbaycana qarşı olan, hər vəchlə ölkəmizin
mövqelərini sarsıtmağa can atan bədxahlar şəbəkəsinin
birbaşa üzərinə, yığnağına gedir!..
***
Qorxmadan,
çəkinmədən düşmənlərin əhatəsində
dayanmaq, bunu fürsət bilib təxribatçı mövqeləri
ilə Azərbaycan Prezidentinin timsalında müstəqil
dövlətimizə qarşı hücuma keçənlərin
bu hücumları qarşısında bir an belə
özünü itirmədən səbrlə, təmkinlə,
dəmir məntiqlə onları bir-bir susdurub yerlərində
oturtmaq, öz hədlərini bildirmək...
Bütün
bunlar son illər cənab İlham Əliyevin siyasi obrazında
diqqət çəkən ən maraqlı cizgilərdir. Və
bu məqamları izlədikcə Azərbaycan Prezidentinin
psixoloji cəhətdən nə qədər güclü,
hazırlıqlı lider olduğunu düşünürsən.
Etiraf edək,
bəzən adi bir diskussiyanı, mübahisəni axıra qədər
başa çatdırmağa səbrimiz yetmir.
Qarşımızdakının haqsız olduğunu bilə-bilə
həyasızlıqla üzümüzə dirənib bizi
suçlu çıxarmağa
çalışdığını görüncə dayana
bilmirik, emosiyalarımız təmkinimizə qalib gəlir.
Hətta
bəzən coşub harada olduğumuzu da unuduruq...
Amma
ötən ilin yayında Avropa Şurası Parlament
Assambleyasının iclası zamanı bütün
dünyanın gözləri qarşında cənab İlham
Əliyevə qarşı yönəlmiş məqsədli
avantüraları, onun bu avantüralar qarşısında son
dərəcə təmkinli, soyuqqanlı
davranışlarını, təxribatçı suallara iti
cavablarını və bu davranışları, cavabları ilə
də qazandığı psixoloji qələbəni
xatırladıqca düşünürəm ki, belə
durumlarda cənab Prezidentdən əxz etməli olduğumuz o qədər
şey var ki...
Bunun
düsturu, bəlkə də xeyli sadədir: öz
mövqeyində haqlı olduğuna tam əminlik və bu əminliyi
qorumaq üçün mənəvi güc...
Bu iki
amilin vəhdətində bütün avantüralar, məqsədli
təxribatlar mənasını, təsirini itirəcək...
İlham
Əliyevin öz opponentləri üzərində
qazandığı üstünlüklər məhz buna əsaslanır.
***
Azərbaycan
Prezidentinin bu gücünü onun Almaniya səfərində də
müşahidə etdik.
Biz
Almaniyanı özümüzə uzaq ölkə
saymırıq. Avropanın ən qabaqcıl dövlətlərindən
biri kimi bu ölkə ilə də münasibətlərin
dostluq mühitində inkişafına can atırıq.
Amma o da
sirr deyil ki, Avropadakı antiazərbaycançı şəbəkənin
mühüm bir hissəsi məhz Almaniyada özünə yer
edib. Bu ölkədə Azərbaycana qarşı müəyyən
iş aparan “hüquq” təşkilatlarının, eyni zamanda hətta
dövlət təşkilatlarının mövcudluğu
hamıya məlumdur.
Onlar Azərbaycana
qarşı vaxtaşırı hücumlarla müəyyən
maraqların təmin olunmasına çalışırlar.
Eyni maraqlarla bu ölkədən dövlətimizə, dövlət
rəhbərimizə qarşı yönələn təxribatlara
əvvəllər çox şahid olmuşduq. Oxşar
avantüraların Azərbaycan Prezidentinin Almaniyaya son səfərində
də təkrarlanacağı gözlənilən idi. Bunu nəzərə
alaraq cənab İlham Əliyev ora heç getməyə də
bilərdi.
Amma Azərbaycan
Prezidenti şəxsən özü bu şəbəkənin
içərisinə getdi!
Lap
içərisinə getdi!
Sözünü
onların üzünə deyib Azərbaycana qarşı məqsədli
təxribatlarla məşğul olanların haqsız mövqelərini
ifşa etdi!
Ona
qarşı yönələn qərəzli sualların
arxasındakı qara niyyəti, qaranlıq mənzərəni
ölkəmizin parlaq demokratik nailiyyətləri ilə gün
işığına çıxardı. Azərbaycanın bu
nailiyyətləri ilə əslində həm də Avropa
ölkələrində, ABŞ-da polislər tərəfindən
güllə atəşinə tutulan, atların ayaqları
altında tapdaq edilən insanları xatırlatdı. Bu
ölkələrdə hökumət əleyhinə
yazılarına görə sosial şəbəkələrə,
o cümlədən Facebook-a çıxışı
bağlanan, işdən qovulub bir tikə çörəyə
möhtac edilən xarici jurnalistləri yada saldı...
Yaxud
ABŞ-da, Avropada reklam adı altında, əslində bizim
anladığımız “reketçi jurnalistika” ənənələrini
inkişaf etdirən media orqanlarına diqqət yönəltdi.
Və
göstərdi ki, Azərbaycan dövlətinin müstəqillik
yaşı cəmi 23 il olsa da, biz o ölkələrdən
daha müstəqil və daha azadıq!..
***
Hər nə
qədər iqtisadi məzmun daşısa da, ənənəvi
Davos Forumunun əslində siyasi intriqa məkanı olduğunu
xüsusi vurğulamağa gərək yoxdur. Qardaş
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib
Ərdoğanın illər əvvəl Türkiyənin
baş naziri olduğu dönəmdə bu intriqalara haqlı
etiraz olaraq belə oyunları düzüb-qoşanların
üzünə çırpdığı “Mənim
üçün Davos Forumu artıq bitmişdir. Bir daha Davosa gəlməm”
həqiqətini də kimsə unutmayıb.
Belə
haqlı iradlara rəğmən Davos Forumu yenə iqtisadi
mövzuda diskussiya ortamından daha çox, dünya güclərinin
öz niyyətlərini büruzə verdikləri meydan kimi
görünür.
Bu meydanda
hansı oyunlarla üzləşəcəyini kimsə təxmin
edə bilməz...
Amma Azərbaycan
Prezidenti Davos Forumuna da çəkinmədən gedir. Azərbaycanın
maraqlarını bütün dünyaya bəyan etmək
üçün bu tribunadan da faydalanır. Dünya güclərinin
qurduqları bütün oyunlardan Azərbaycanı qazanclı
çıxarmağa çalışır və bunu
bacarır.
Sübut
edir ki, Azərbaycana nə qədər problem yaratmağa
çalışsalar da, yenə bu problemlərdən qurtulmaq
iqtidarındayıq.
***
Davos
Forumunun ən maraqlı məqamı, şəxsən mənim
üçün Azərbaycan Prezidentinin ABŞ-ın Soros
Fondunun rəhbəri Corc Sorosla görüşdüyü
anın telegörüntüləri idi.
O
görüntülər çox həqiqətlərdən
danışırdı, çox mətləblərə bələdçilik
edirdi...
İlham
Əliyev ötən əsrin 80-ci illərinin sonlarından
postsovet məkanındakı, demək olar ki, bütün
xaotik olaylarda qanlı barmaqlarının izi görünən,
öz qanlı barmaqları ilə bu ölkələri
qarışdırmaqdan usanmayan qoca maliyyə imperatoru ilə
üz-üzə əyləşmişdi.
İlham
Əliyev məğrurca, vüqarla Corc Sorosun düz gözlərinin
içinə baxırdı. O isə buz kimi soyuq
baxışlarını Azərbaycan Prezidentinin nüfuzedici nəzərlərindən
yayındırmağa çalışırdı. Həmin
görüşdə cənab İlham Əliyev Azərbaycanın
mövqeyini, xalqımızın sözünü təkcə
diplomatiyanın dili ilə deyil, həm də
baxışları ilə çatdırdı!
İlham
Əliyev Azərbaycanın milli maraqlarından bir millimetr də
geri çəkilmədi!
Əksinə
onlardan tələb etdi ki, indi güzəşt vaxtı
sizindir!..
Sorosun
görüşdən dərhal sonra verdiyi xəbis bəyanatsa
onun İlham Əliyevlə üzbəüz gəldiyi həmin
görüşdə cürət edib Azərbaycan Prezidentinin
üzünə deyə bilmədiklərini qarasınca
danışması idi...
***
Bu il Azərbaycanda
möhtəşəm bir idman, mən isə həm də əlavə
edərdim ki, möhtəşəm siyasət, mədəniyyət
hadisəsi yaşanacaq. Tarixdə ilk dəfə olaraq
keçirilən I Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan
edəcək. Dünyanın nəzərləri növbəti
dəfə ölkəmizə yönələcək.
2012-ci ildə
doğma Bakımızda keçirilən “Eurovision” Beynəlxalq
Mahnı Müsabiqəsi ərəfəsində haray-həşirləri
aləmi götürən bədxahlarımız da güman
ki, yenə əməllərindən qalmayacaqlar. Bütün
vasitələrdən yararlanaraq Azərbaycana qarşı
qarayaxma kampaniyasının yeni mərhələsinə start
verməyə can atacaqlar.
Amma ona da
əminik ki, bütün bunların heç bir faydası
olmayacaq. Bu qərəzli haray-həşirlər, bədxah
çığır-bağırlar Azərbaycanın növbəti
uğurlarının alqış və təntənəsində
öləziyib itəcək!
Necə
ki, “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində belə
oldu. Aparılan bütün qarayaxma kampaniyalarına, gözdənsalma
cəhdlərinə rəğmən Azərbaycan bütün
dünyada bu müsabiqənin təşkilinin yeni bir
normasını müəyyən etdi. Tamam fərqli bir
standartını ortaya qoydu.
Bu
yarışmada iştirakımız heç beş il də
deyildi, bütün dünyanın diqqət kəsildiyi belə
möhtəşəm beynəlxalq tədbirin təşkili
sahəsində heç bir təcrübəmiz, müşahidə
və müqayisə imkanlarımız yox idi, hətta Azərbaycanın
bu işin öhdəsindən gələ bilməyəcəyini
düşünən pessimistlər də ara-sıra
tapılırdı.
Amma bu sahədə
on illərlə saç-saqqal ağartmış təcrübəli
əcnəbilərin “Eurovision 2012”-dən sonra bildirmələri
ki, Azərbaycan bu müsabiqənin təşkilində bir
inqilab etdi, bu bizim üçün böyük bir qürur
idi...
I Avropa
Oyunlarının da, 2017-ci ildə ölkəmizdə təşkili
nəzərdə tutulan İslam Həmrəyliyi
Oyunlarının da modelini məhz biz yaradacağıq!..
Və həm Qərb, həm Şərq dünyasına eyni doğmalıqla qucaq açan, hər iki sivilizasiyanın asanlıqla dil tapdığı bu tolerantlıq məkanında formalaşan modellərlə Azərbaycan bütün dünyada sülhə, tolerantlığa, bəşər övladlarının cismani tərbiyəsi ilə birgə ruhunun da tərbiyəsinə, kamilləşməsinə öz töhfələrini verəcək...
***
Ümumən, hansı sahəyə nəzər salsaq, bu gün bütün dünyada inkişafın nadir bir Azərbaycan modeli görünəcək. Bu mövzuda Azərbaycan Prezidenti də söhbət açdı: “Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir”.
Uğurlarımızı görüb qəlbi açılan dostlarımızın sevincini bölüşdüyümüz kimi, pis niyyətini ölkəmizə qarşı şər kampaniyalarında ifadə edən düşmənlərimizə qarşı da səfərbər olmağı bacarmalıyıq!
Onların avantüralarına meydan verməməliyik...
Bu tək ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursuna, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü inkişaf siyasətinə ümumxalq dəstəyimiz deyil. Həm də Azərbaycan dövlətinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması üçün vətəndaş olaraq üzərimizə düşən mənəvi borcdur!
Xalqımızın yetirdiyi bu iki görkəmli şəxsiyyətin adları isə artıq çoxdan Azərbaycanın müstəqilliyinin qarantına çevrilib...
Və biz bu adları, bu kursu, bu siyasəti pis niyyətlərdən qorumaqla milli dövlətçiliyimizi hifz etmiş oluruq...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin deputatı, texnika elmləri
doktoru, professor
Azərbaycan.-2015.- 4 fevral.- S.3.