Azərbaycanda görülən işlər
deməyə əsas verir ki,
Avropa
Oyunlarının parlaq gələcəyi var
Bakıda
keçiriləcək ilk Avropa Oyunlarına
hazırlığın vəziyyətini öyrənmək,
eləcə də bir sıra təşkilati məsələləri
həll etmək üçün bəzi ölkələrin
Milli Olimpiya komitələrinin və ya əlaqədar
qurumlarının nümayəndələri Azərbaycana səfər
edirlər. Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK)
baş katibi Emzar Zenaişvili bu yaxınlarda həmin məqsədlə
Bakıda olub və görülən işlərlə
maraqlanıb.
E.Zenaişvili
Azərbaycana səfərinin təəssüratlarını
AzərTAc-ın xüsusi müxbiri ilə
bölüşüb.
O
deyib: “İlk növbədə qeyd etməliyəm ki, birinci
Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisədir.
Bu günə qədər Amerikada, Sidneydə, Pekində və
daha bir neçə ölkədə Olimpiya Oyunları
keçirilib. Amma Avropa Oyunları Avropanın tarixində ilk dəfədir
ki, keçirilir. Daha maraqlısı isə odur ki, bu oyunlar Azərbaycanın
paytaxtında, bizim hamımızın sevdiyimiz gözəl
Bakı şəhərində təşkil olunur. Ona görə
də deyirəm ki, bu, çox mühüm, tarixi hadisədir”.
Başqa
ölkələrdən olan həmkarları ilə birlikdə
Bakıda və respublikanın regionlarında olduğunu
vurğulayan baş katib gördüklərindən heyran
qaldığını gizlətməyib. “Biz, Azərbaycanda həyata
keçirilən islahatlardan, yeni tikililərdən, xüsusən
də ilk Avropa Oyunlarına hazırlıqla bağlı
görülən işlərdən məmnun qaldıq. Paytaxt
Bakıda, eləcə də bölgələrdə - Mingəçevirdə,
Qəbələdə, Qubada və digər regionlarda
yaradılan şərait bizi valeh etdi. Paytaxtda yüksək səviyyəli
əsl Olimpiya kəndi yaradılıb. Belə bir Olimpiya kəndi
dünyanın heç bir yerində yoxdur. Bütün
gördüklərimiz deməyə əsas verir ki, Avropa Oyunlarının
parlaq gələcəyi var. Azərbaycan bütün
dünyaya nəyə qadir olduğunu sübut edəcək və
bu, Azərbaycanın vizit-katrı olacaq”.
Baş
katib qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidenti
İlham Əliyevin və “Bakı-2015” birinci Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gərgin
əməyinin bəhrəsidir. Azərbaycan xalqı bunun
müsbət nəticələrini bundan sonra görəcək.
Mən görülən işlərə və yaradılan
şəraitə, eyni zamanda, bizə göstərilən
qonaqpərvərliyə görə bir daha Azərbaycan rəhbərliyinə
minnətdarlığımı bildirirəm.
E.Zenaişvili
deyib ki, Gürcüstan dövləti və
idmançıları Bakı Olimpiya Oyunlarına xüsusi
olaraq hazırlaşırlar. Gürcüstanın cüdo,
güllə atıcılığı, güləş,
üzgüçülük və idmanın digər növlər
üzrə idmançıları Bakıdan qələbə
ilə dönməyi qarşıya məqsəd qoyublar.
Dövlət bu sahəyə xüsusi diqqət yetirir.
İdmançılar üçün xüsusi geyim
forması da sifariş verilib. Çempionatda birinci, ikinci və
üçüncü yerləri tutacaq idmançılar və
komandalar üçün xüsusi mükafat fondu da müəyyən
olunub. Ona görə də hesab edirəm ki, bizim
idmançılarımız bu mübarizədən qalib
ayrılmalıdırlar.
Baş
katibin sözlərinə görə, ilk Avropa
Oyunlarını izləmək üçün
Gürcüstan Prezidenti və Baş nazirinin, parlamentin
deputatlarının da Azərbaycana səfərləri nəzərdə
tutulub.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.-2015.- 4 fevral.- S.6.