Muğanın bərəkət
boğçası
Dövlət büdcəsindən
maliyyələşməyən rayon
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqində ötən bir il ərzində qazanılmış nailiyyətlər geniş təhlil olunmuş, inkişafın yeni istiqamətləri müəyyən edilmişdir. 2014-cü il istər ölkəmizin paytaxtı Bakı şəhəri, istərsə də ayrı-ayrı regionlar üçün dinamik və şaxələndirilmiş inkişafın mühüm və son dərəcə uğurlu mərhələsi kimi tarixə çevrilmişdir. Bölgələrin tərəqqi və yüksəliş marafonunda İmişli rayonunun qazandığı uğurlar daha çox diqqət çəkir. “Sənaye ili” elan edilmiş 2014-cü ildə İmişlidə sənaye məhsulları istehsalının həcmi nəzərəçarpacaq dərəcədə artmışdır. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq yem, Bitki yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz damazlıq quşçuluq” MMC-nin səmərəli fəaliyyəti rayonun sənaye potensialını daha da artırmış, bütövlükdə İmişlinin iqtisadi yüksəlişini təmin etmişdir.
Muğan düzünün bərəkət boğçası olan İmişlidə inkişaf, yüksəliş indi illərlə ölçülmür. Burada yaxşıya doğru hər gün, hər həftə uğurlu addımlar atılır, rayon mərkəzinin də, kəndlərin də siması sürətlə dəyişir, gündən-günə daha da gözəlləşir. Abadlıq, quruculuq işlərinin daim diqqət mərkəzində saxlanılması, əhalinin həyat şəraitini daha da yaxşılaşdırmağa hesablanan sosial layihələrin uğurla həyata keçirilməsi rayonda sağlam mənəvi-psixoloji mühitin formalaşmasına əhəmiyyətli təsir göstərir, dövlətin xalq üçün çalışdığının əyani təsdiqini şərtləndirir. Ötən bir il ərzində bölgədə yol infrastrukturunun yaxşılaşdırılması daha çox diqqət çəkir. Respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonu ərazisindən keçən 40 kilometri müasir tələblər səviyyəsində əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Sarıxanlı-Boşçalılar, Cəfərli-Əliqulular, Muradxanlı kəndlərini birləşdirən 23 kilometrlik asfalt-beton yolun əsaslı şəkildə təmir olunması bölgə əhalisində böyük razılıq doğurur. Xoşçobanlı-Murğuzalılı, Xəlfəli, Qulubəyli, Qızılkənd, Aranlı kənd yollarında da zəruri təmir işləri görülmüşdür. Abadlıq, quruculuq işləri, kənd yollarının təmiri davam edir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılmışdır. Yaxın gələcəkdə bu təbəqədən olan insanlar üçün ikinci belə bir binanın tikintisi nəzərdə tutulur.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası İmişlinin iqtisadiyyatında da, sosial sferada da əsaslı yüksəlişi, dinamik inkişafı təmin etmişdir. Mübaliğəsiz demək olar ki, son illər İmişli şəhəri tamamilə yenidən qurulur. Təkcə 2014-cü ildə bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 67 milyon manatdan çox vəsait yönəldilmiş, onun 87,7 faizi, 58,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Rayonda sahibkarlığın inkişafına yaradılan münbit şərait, sözün həqiqi mənasında, iş görmək, bolluq və firavanlıq yaratmaq, doğma diyarı gözəlləşdirmək istəyənlərə göstərilən davamlı qayğı və diqqət qazanılan uğurların gerçəkləşməsində başlıca stimul olmuşdur. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, keçən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 91,8 faiz təşkil etmişdir.
2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına İmişlidə 270 layihə üzrə 16 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir ki, bu da öz növbəsində il ərzində 1445 yeni iş yeri açılmasına şərait yaratmışdır.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda əhalinin həyat tərzini, dolanışıq səviyyəsini davamlı olaraq yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər görülmüşdür. Rayonda yüksək idarəetmə bacarığı sayəsində formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan vətəndaş-məmur münasibətləri bölgədə diqqət çəkən sağlam mənəvi-psixoloji mühitin, etibarlı ictimai-siyasi sabitliyin əsas şərtidir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də söhbət zamanı vətəndaş-məmur münasibətlərinə xüsusi önəm verdi:
- İnsan hər şeydən öncə səmimi olmalıdır. Bu əxlaqi keyfiyyət yüksək vəzifə daşıyan dövlət məmuru üçün daha çox lazımdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev demişdir: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”. Bu, dövlət başçısının biz məmurlardan qəti və konkret tələbidir. Bu tələbə gündəlik fəaliyyətimizlə, bölgə əhalisinə nümunəvi xidmətimizlə cavab verməliyik. Sözümün əvvəlində səmimiyyətdən danışdım. İndiki informasiya bolluğu zamanında adamlar son dərəcə həssasdırlar. Onlarla söhbətdə, görüşdə səmimi olmasan çatdırmaq istədiyin fikir havadan asılı qalacaq, məqsədinə nail ola bilməyəcəksən. Atalarımız “el gözü tərəzidir” deyiblər. Xalq ağı qaradan, yaxşını pisdən seçməyi bacarır. İmişli camaatı qovuşduqları firavanlığa, yaşadıqları xoş güzərana görə Prezident İlham Əliyevə, yeritdiyi müdrik siyasətə minnətdardırlar. Onlar inanırlar ki, yeni açılan sabah daha uğurlu olacaq.
Vilyam Hacıyev son illərdə İmişlinin sürətli yüksəlişindən danışarkən bir məqama xüsusi diqqət yetirdi. Dedi ki, indi ölkəmizin hər yerində yeni parklar, xiyabanlar inşa olunur, yaraşıqlı binalar tikilir, yaşıllıqlar salınır, yollar, səkilər çəkilir: “Əlbəttə, bunlar alqışa layiq işlərdir. Bu alqışın əsas ünvanı isə təbii ki, xalqdır, qurub-yaratmaq həvəsli insanlardır. Biz çalışmalı, ona nail olmalıyıq ki, parklardan, xiyabanlardan öncə insanların qəlbinə, könlünə gül-çiçək toxumu səpək, köməyə ehtiyacı olanın qolundan tutaq, qayğıya möhtac ailələrin dadına, harayına çataq”.
Öyrənirik ki, rayon rəhbərliyi əhalini narahat edən problemləri yerində öyrənib operativ surətdə aradan qaldırmaq üçün səyyar qəbulların yaratdığı imkandan səmərəli istifadə etməyə çalışır. Bütövlükdə 2014-cü ildə rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati dairələrində 36 səyyar qəbulu keçirilmişdir. Bu qəbullarda vətəndaşlar tərəfindən edilən 21 müraciət qeydə alınmışdır. Qaldırılan yerli əhəmiyyətli məsələlərin əksəriyyəti qısa müddət ərzində həll olunmuşdur. Rayonun imkanları xaricində olan məsələlərlə bağlı isə respublikanın əlaqədar dövlət qurumlarına rəsmi müraciət edilmişdir.
İmişli ölkənin böyük iqtisadi potensiala malik aqrar-sənaye rayonudur. Dövlət başçısının təşəbbüsü ilə “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ilin rayonun iqtisadi yüksəlişində yeni inkişaf mərhələsi olacağı indi heç kəsdə şübhə doğurmur. Çünki yeni zirvələr fəth etmək, daha böyük nailiyyətlər qazanmaq üçün rayonda möhkəm zəmin yaradılmışdır. Rayonun torpaq istifadəçiləri mövcud imkan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edərək keçən il 17200 hektar sahədə taxıl, 292 hektarda kartof, 401 hektarda bostan məhsulları, 316 hektarda tərəvəz, 180 hektarda dən qarğıdalısı, 3011 hektarda pambıq, 620 hektarda şəkər çuğunduru əkib becərmişlər. Təbii ki, çəkilən zəhmət, axıdılan alın təri hədər getməmiş, İmişli kəndlisi ölkənin ərzaq təhlükəsizliyinə öz sanballı töhfələrini vermişdir. Əvvəlki illə müqayisədə qaramalın sayı 1271, qoyunların sayı 3604, quşların sayı 150000 baş artmışdır. İl ərzində 13760 ton ət, 48373 ton süd, 78134 min ədəd yumurta istehsal olunmuşdur. Ötən ilin uğurlu yekunları özünü konkret rəqəmlərdə aydın göstərir. Keçən il rayonda 50543 ton taxıl istehsal olunmuşdur. Taxılçılar bu il nailiyyətləri daha da artırmaq əzmindədirlər. Bu məqsədlə 2015-ci ilin məhsulu üçün 18655 hektarda taxıl əkilmişdir. İndi rayonun təsərrüfatlarında yaz-tarla işlərinə ciddi hazırlıq görülür.
İlin bütün fəsillərində rayon əhalisini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün 10 hektar ərazidə yeni istixananın tikintisinə start verilmişdir. Dövlət başçısının tapşırığına uyğun olaraq taxılçılıq təsərrüfatı yaratmaq istiqamətində də iş aparılır. Bu məqsədlə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 4000 hektar sahə ayrılması nəzərdə tutulmuşdur. Mövcud ehtiyat mənbələrindən daha səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsulları istehsalında daha böyük artıma nail olmaq üçün rayonda fəaliyyət göstərən “MKT” MMC-yə 3813 hektar torpaq sahəsi ayrılmışdır. Məqsədyönlü şəkildə həyata keçirilən bu tədbirlər heç şübhəsiz “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə qazanılacaq yeni əmək qələbələrinin etibarlı bünövrəsinə çevriləcəkdir.
İmişlinin sabahı haqqında nikbin düşünməyə kifayət qədər əsas var. Bu ilk növbədə rayonda yüksək intellektə malik, vətənpərvər yeni nəsil yetişdirilməsinə verilən önəmdə özünü daha qabarıq göstərir. Bölgədə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mühüm rol oynayır. Yeni məktəblərin tikintisində, ayrı-ayrı təhsil müəssisələrinin cari və əsaslı təmirində təqdirəlayiq işlər görülür. Həyata keçirilən tədbirlər, çəkilən zəhmət özünü qazanılan son nəticədə büruzə verir. 2013-2014-cü tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilərkən əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin olduğu diqqət çəkir. Ötən il İmişli təhsilinin məzunlarından 256 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Bu göstərici əvvəlki illə müqayisədə 51 nəfər çoxdur. Rayon üzrə 27 məzun 500-dən, 7 məzun isə 600-dən yuxarı bal toplamışdır.
Rayonda əhaliyə göstərilən səhiyyə, mədəniyyət və rabitə xidməti də qənaətbəxşdir. Elektrik enerjisinin verilməsindəki fasilələr demək olar ki, aradan qaldırılmışdır. Yaşayış məntəqələrinə təbii qaz çəkilişi davam edir.
İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə” çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilməkdədir. İndiyədək 8320 evə smart elektron su sayğacları quraşdırılmışdır. Artıq sayğacların 7782 evə çoxdan həsrətində olduğu içməli su verilməsi təmin edilmişdir.
İkinci ildir ki, İmişli rayonu respublikanın dövlət büdcəsindən subsidiya almadan yaşayır. Bu, dinamik iqtisadi-inkişaf yolunda olan bir aqrar-sənaye rayonu üçün fərəh doğuran uğur sayılsa da, eyni zamanda böyük məsuliyyətdir, əlavə qayğıdır. Gərək iqtisadi imkanları zərgər dəqiqliyi ilə ölçüb-biçəsən, qazanmağı da bacarasan, xərcləməyi də. Elə çalışasan, elə işləyəsən ki, elin təhnəsi həmişə çörəkli olsun. Muğanın bərəkət boğçası İmişlidə olduğu kimi.
Lazım
QULİYEV,
Azərbaycan.-2015.- 4 fevral.- S.5.