Unudulmaz Bülbülün yadigarı
Polad
Bülbüloğlu-70
Polad Bülbüloğlu...
1945-ci il 4 fevral, İkinci Dünya müharibəsinin başa çatmasına 3 ay 5 gün qalmış Şuşa şəhərində böyük müğənni, görkəmli mədəniyyət xadimi Murtuza Məmmədovun (Bülbül) ailəsində doğuldu.
1957-ci ildə 12 yaşında “Koroğlu” operasının ilk tamaşası öncəsi səhnəyə çıxıb “ Evləri var xana-xana” xalq mahnısını təmiz, təravətli bir səslə ifa etdi.1963-cü ildə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində dərs almağa başladı. İlk mahnılarını 17 yaşında yazdı: “Moskva haqqında mahnı”, “Sumqayıt haqqında mahnı”, “Birinci görüş”, “Sabahın xeyir”. Sonralar yaratdığı “Zəng et”, “Şən Azərbaycan”, “Bayatı”, “Dolalay”, “Toy”, “Bakı mənim şəhərim”, “Gəl, ey səhər”, “Şeyx”, “Sən və mən” əsərləri dillərdə dolaşdı.
Bəstəkarın simfoniya, simfonik poema, simli kvartet, “Monoloqlar”, “Qəhrəmanlıq” adlı musiqi əsərləri, estrada orkestri üçün süitalar və pyesləri dünyanın neçə-neçə nüfuzlu konsert salonlarında səsləndi. “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yazdığı “Eşq və ölüm” ikihissəli baleti bu janrda milli musiqi zirvələrindən biridir.
“İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Oxuyur Müslüm Maqomayev”, “Babək”, “Mən mahnı bəstələyirəm”, “Qorxma, mən səninləyəm”, “Yol əhvalatı”, “Dolu” və başqa filmlərin musiqisi Polad Bülbüloğluna məxsusdur.
Əməkdar incəsənət xadimi (1973), xalq artisti (1982) Polad Bülbüloğlu 17 il Azərbaycan Respublikasının mədəniyyət naziri (1989-2006), TÜRKSOY-un baş direktoru (1994-2000) olmuşdur.
Böyük yaradıcılığına və Azərbaycan xalqına göstərdiyi xidmətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu vətənin ən yüksək mükafatı - “İstiqlal” ordeni ilə təltif etmişdir.
O, böyük Bülbül ocağının ruhu, daim yanan çırağıdır. Ötən əsrin 60-cı illərindən bugünədək milli mədəniyyətimizin seçilmiş səhifələrini aramsız şimşək çaxışıyla işıqlandıranlardan biri də odur.
Müğənnidir, bəstəkardır, neçə-neçə mahnının, irihəcmli musiqi əsərlərinin ifaçısı, yaradıcısıdır. Onun yazdıqları və oxuduqları başqalarına bənzəmir. Onun səhnə və ekran əsərlərinə bəstələdiyi, həyat çırpıntılarıyla dolu musiqilər dramaturq və rejissorla tamaşaçı arasına ipək yolu salır.
Azərbaycanın mədəniyyət tarixində zaman-zaman qalmaq, yeni gələn nəsillərə tükənməz enerji ötürmək üçün elə bunlar da yetərlidir.
Deyilənlərlə bərabər, o həm də ulu öndər Heydər Əliyevin yaratdığı, inkişaf etdirdiyi idarəçilik məktəbinin ən layiqli nümayəndələrindən biridir, dövlət xadimidir.
Ayrı izaha gərək yox...
Əlbəttə, söhbət Polad Bülbüloğludan gedir.
Ən azı iki aydan bəri kütləvi informasiya vasitələri sanki bəhsə girmiş kimi Polad Bülbüloğlunun 70 yaşa çatması barədə məlumatlar yayırlar. Bu qəbildən olan xəbərlər yalnız Azərbaycan mətbuatında deyil, postsovet ölkələrinin, türk dünyasının informasiya məkanında da görsənir.
Amma hər halda, adamın inanmağı gəlmir. Ona görə
inanmağı gəlmir ki, milyonlarla insanın
yaddaşında əbədi gənclik obrazı kimi hopub qalan
Polad müəllim yetmişinə yetişib.
Nə
olsun ki, onun şəxsiyyət vəsiqəsində il 1945, ay fevral, gün 4-dür...
İndi
buna - hər bəstəsi, ifasıyla insanı ən azı
30 il, 40 il geriyə, ömrün yaz
çağına aparan bir sənətkarın 70 yaşa
yetişdiyinə kim inanar?
Əlbəttə
heç kim...
Həyatda təsadüfi heç nə olmur. Qəribədir ki, bu sətirlərin
müəllifi nə zamansa Polad müəllim haqqında qələmə
aldığı təəssürat yazısına belə bir
ad qoymuşdu: “Gənclik nəğmələri qocalmır
heç vaxt”.
Görünür,
izahına ehtiyac olan hər bir hikmətli düşüncəni
anlamaq üçün açar sözlərə ehtiyac var:
“gənclik”, “nəğmə”, “qocalmaq”, “vaxt”...
Bu yazı boyunca ən azı jurnalistin vəzifə borcu
baxımından ustad sənətkar Polad
Bülbüloğlunun publisistik obrazını məhz
bugünün gözüylə təqdim etmək
üçün bir çox zəruri məqamlara baş vurmaq
qaçılmazdır.
Bununla belə, nəzərə alaq ki, əsrimiz sürət
əsri, oxucumuz sürət əsiridir. Bəlkə
bu səbəbdən Polad Bülbüloğlu sənətinin
sirrini açmağa tələsdik. Tələsdik
və dedik ki, Polad Bülbüloğlu musiqisini qocalmağa
qoymayan bu estetik sərvətin içindəki gənclik
ruhudur. Gənclik ruhu - deməli, nikbinlik,
coşqu, humanizm, hətta böyük kədəri belə
bütün çilələrinin bitəcəyinə tükənməz
bir ümidlə daşıyıb aparmaq istəyi onun sənətinin
bədii-estetik fəlsəfəsi, leytmotividir.
Polad Bülbüloğlunun yaratdığı bir
böyük insanlıq nəğməsi Azərbaycanda, demək
olar ki, hər gün səslənir. O nəğmə belə adlanır
- “Gəl, ey səhər”. Əgər hansı bir günsə
onu efirdə səsləndirmirlər, yenə də boşluq
yaranmır, İstanbulda, Moskvada, Bakıda, Gəncədə,
Lənkəranda, Qarabağda, lap elə çadır şəhərciyində,
təmas xəttində, səngərdə yenə də kimsə
öz-özünə, öz içində oxuyur,
zümzümə eləyir o mahnını - Gəl, ey səhər...
Yadıma
gəlir, təqribən 10 il öncə
Polad müəllim bizim bu sevimli, doyulmaz mahnımıza yeni nəfəs
verdi, klip çəkdirdi.
Böyük Bülbülün yadigarı onda da axıb
gedən ruzigar içində milyonlarla pərəstişkarını
sevindirməyi hamıdan yaxşı bacardı. Azərbaycanın
efir məkanı “Gəl, ey səhər” harayıyla doldu.
Bu nədir? Nostalgiya, yoxsa
yeni bir səhər ümidi? Polad müəllim
“Gəl, ey səhər” deyir, Azərbaycan səhərə
bürünür. O illərdə, on yeddi il
Azərbaycanın mədəniyyət naziri olan sənətkar
hamıya yol acıb, özünün təbliğatına
qadağa qoymuşdu. Bəlkə ona görə
həm uzaqlardan, həm də sanki adamların qəlb
döyüntüsü kimi yaxın bir məsafədən gələn
bu haray möcüzə yaradır, eşidənləri sehrləyirdi.
Budur, Polad Bülbüloğlu yenidən təşnə
könüllərə sərin su kimi çilənir, ürəklərin
sarı simini səsləndirir.
Onun şüşə kimi saf avazı Qobustan
qayalarında cingildəyir.
Qosqoca dünya milyon səhər görüb. Milyon-milyon səhərlər
içindən milyardlarla insan keçib.
Bəs nədən insan oğlu elə hey yeni bir səhərin
sevdasıyla alışıb yanır?
Cavab birmənalıdır:
çünki səhər ömrün, həyatın
aydınlığı, şirinliyidir.
Polad Bülbüloğlu yeni ifasında məhz bu həqiqəti
təsdiqlədiyinə görə təkrarən sevilir, o, bədii
ifadənin gücü ilə insanları inandırır ki, səhərlər
açılmasa, dərin dəryalar quruyar, dəli küləklər
mülkləri, dağları, səhraları belə pəncəsinə
alıb uçurar.
Hər səhər yeni bir gün deməkdir. İnsan
öz qəlbini səhərə açır. Səhər böyük əməllərin,
böyük işlərin başlanğıc nöqtəsidir.
Bu dəfə
o bizi nəinki gəncliyə, hətta bir az
da irəli, müqəddəs beşiyə qədər
aparır. Poladın nəğmələri Azərbaycan
xalqının gözəllik arzusudur. Bəlkə
də millətimiz heç zaman xoşbəxtliyə Polad
Bülbüloğlunun nəğmələrindəki qədər
yaxın olmayıb.
Gəl, ey səhər... ümid nəğməsi... qəribədir,
o nəğmənin sinirlərindən dərin bir qüssə
də axıb gedir. İlahi, bu ki həm də dünəndir!
Polad
Bülbüloğlu sənətini milyonlara sevdirən sirrin
kökü də dünəndədir...
Hər bir istedadlı insan gələcəkdə
böyük bir şəxsiyyət, yaxud yaradıcı bir fərd
kimi yetişirsə, o, müəyyən bir məktəbdən
keçir, ustadlardan dərs alır. Bunu nəzərə
alaraq mən nə zamansa Polad müəllimə belə bir
sual verdim.
- Polad
müəllim, nədənsə sizin səsinizi, bəstə
və oxularınızı hər zaman unudulmaz ahənglər
sırasında xatırlayıram. Yaşın
hansı məqamındasa eşidilən melodiya ömrün
sonunacan dinləyicinin yol yoldaşına çevrilir, ondan
ayrılmır. Sizcə bunun sirri nədədir?
O azca
düşünüb dilləndi:
- Bu suala
cavab vermək məndən ötrü çətindir. Əslində bu, cavabı özündə olan bir
sualdır. Hər halda
çalışacağam ki, sənət yolunun bəzı məqamlarına
nəzər yetirim, zəruri mənbələri göstərim.
Bilmirəm niyəsə, nəğmələrimin
yaranması təkcə tamaşaçı, dinləyici
üçün yox, mənim özüm üçün də
hadisədir.
Yaratdıqlarımın bir dəyəri varsa, mən buna
görə atama, anama, təbiətə, Allaha və bir də
erkən yaşlarından tanış
olduğum musiqi təcrübələrinə borcluyam.
İnsanların hamısının səsi var, o səsi
cismimizin cəmi ikicə teli və içimizdən gələn
hava yaradır.
Düzdür, hamı danışa bilir, amma
oxuma qabiliyyəti hər adamda olmur. Görünür,
oxuyanlar seçilmiş adamlardır. İçimizdən
gələn nəfəs, canımızdakı o iki telin titrəyişi,
səsin ruhdan, ürəkdən və beyindən süzülərək
bənzərsiz harmoniya yaratması, ifanın fəlsəfi,
estetik mənayla yüklənməsi musiqi elminin əsasını
təşkil edir və xüsusi məktəblərdə,
konservatoriyalarda dərs kimi keçilir. Mənim
belə konservatoriyam olmayıb. Mənim dərsim, mənim
məktəbim Bülbülün, Rəşid Behbudovun və
dünya klassiklərinin - Koruzonun, Cilinin, Qobinin lent
yazıları olub. Atam dünya klassik musiqisinə
tez-tez qulaq asardı. Vaxtaşırı
opera teatrına gedərdim, tamaşalara baxardım. Rusların bir sözü var - orta səviyyəli sənətçidən
də nəsə öyrənmək olar. Biz bütün
ifalara qulaq asırdıq, hamının qabında nə
olduğunu bilməyə can atırdıq. 60-cı
illərin sonunda mən səhnəyə gələndə
Mark Bernes, Leonid Utesov, Lyudmila Zıkina kimi müğənnilər
çox populyar idilər və mən onlarla bir səhnədə
çıxış edirdim. Yəni bu
böyük ustalarla təmas da bir məktəbdir. Opera sənətində, şübhəsiz ki, sənətçi
mütləq peşəkar məktəb keçməlidir.
Təcrübə göstərir ki, estradada -
istedad varsa, zəhmətsevərlik, öyrənmək həvəsi
varsa, xüsusi məktəb keçmədən də müəyyən
məqamlara yetişmək mümkündür. Bilirsiniz ki, vaxtilə Bülbülün səs
yazılarını bərpa etmisəm. Bülbül
oxuduğu vaxtlarda texnika, səsyazma aparatları çox zəif
olub. Biz Moskvada Şalyapinin lentləri bərpa
olunan xüsusi laboratoriya - studiyada işləyirdik. Bəzən bir mahnıya, bir nota, bir musiqi
parçasına otuz-qırx dəfə qulaq asmalı olurdum.
Orada belə bir prinsip var; əgər musiqiyə
təbii səslər düşürsə, ona yol verilir, gərək
mexaniki səslər olmasın. Bir
mahnını bərpa edəndə çətinliklə
üzləşdik. Mahnı səslənir,
qəflətən zəif bir xışıltı nota
qarışır, uzun dinləmələrdən sonra müəyyən
etdik ki, bu, döşəmədən çıxan səsdir,
görünür, müğənni oxuyarkən
ayağını tərpətmiş və döşəmədən
çıxan səs də lentə
düşmüşdü. Bu cür gərgin vəziyyətdə
Bülbülün 60-dan çox ifasını bərpa etmək
üçün həmin laboratoriyada iki il
vaxt sərf etdim. Nəticədə Bülbülün
plastinka-albomu yarandı...
Polad Bülbüloğlunun yaradıcılığı
nəinki Azərbaycanı, eləcə də keçmiş
SSRİ-də yaşayan digər xalqların musiqi tarixində
ayrıca bir mərhələdir. O, ötən əsrin 60-cı illərindən
başlayaraq bir-birindən gözəl bəstələrə
imza atmış, dünyanın ən məşhur
salonlarında konsertlər vermişdir.
Yeri gəlmişkən, XX əsrin ikinci yarısı, ta
1990-cı ilə qədər milli mədəniyyətimiz sanki
bir intibah dövrü yaşamışdır. Xüsusən musiqi və
teatr sahəsində həmin əsrin əvvəlində
yaradılmış möhkəm bədii-estetik zəmin,
başqa sözlə, Üzeyir bəy Hacıbəyli, Fikrət
Əmirov, Bülbül, Müslüm Maqomayev, Niyazi, Qara Qarayev
və digərlərinin Şərqlə Qərbin musiqi
harmoniyasını ustalıqla birləşdirən
yaradıcılıq örnəkləri, digər tərəfdən
Cabbar Qaryağdıoğlunun təmiz türk-Azərbaycan
muğam yaradıcılığındakı fenomenal səyləri
60-cı illərdə səhnəyə gələn gənclik
üçün arxa, dayaq rolunu oynayırdı.
Polad müəllim yazılarında, müsahibələrində
səhnə fəaliyyətini 60-cı illərin sonu ilə əlaqələndirir. Lakin mən
görkəmli dövlət xadimi Kamran Hüseynovun həyatından
və dövründən bəhs edən sənədli roman
üzərində işləyərkən Kamran müəllimin
qələmə aldığı salnamədə maraqlı
bir fakta rast gəldim və o hadisəni əsərə daxil
etməyi vacib saydım. Orada deyilir: “Kamran Hüseynov
harada, hansı vəzifələrdə işləyibsə,
yaradıcı insanların əhatəsində olub, onunla fəxr
edib, onlarla nəfəs alıb. İncəsənət
adamları Mingəçevirə də çox gəlirdilər.
Bir dəfə böyük müğənni
Bülbül gəlmişdi. Dedi ki, səhnə təşkil
elə, konsert verim. Kamran güldü:
- Ay
qardaş, - dedi, - bu çölün irəməsində
hardan tapım səhnəni?
Gördü ki, Bülbül küsən kimi olur. Dərhal sözünün
ardını gətirdi:
- Sən
darıxma, axşama səhnə məndən.
Adamı tökdü Kürün qırağında
boş bir düzəngaha. Taxta, balta, mişar.
Axşamüstü bir orkestrin yerləşəcəyi səhnə
hazır idi. Səhnənin önündə kubik daşların
üstünə uzun-uzun taxtalar atıldı. Bu da tamaşa salonu.
...Beləcə
səhnə düzələndən sonra bir köhnə piano
tapıb səhnəyə çıxardılar. Polad Bülbüloğlunun o vaxt 5-6 yaşı
olardı. Atasıyla o da gəlmişdi.
Kamran Hüseynov balaca Poladı özü
qucağına alıb səhnəyə çıxdı.
Polad piano çaldı. Bülbül
də oxudu”.
Bu əhvalat 1951-ci ildə baş verib. Belə
çıxır ki, Polad Bülbüloğlu 6 yaşından
səhnə fəaliyyətinə başlayıb. Özü də korifey bir sənətkarın,
atasının xeyir-duası, alqışıyla.
Üzeyir bəy, Cabbar Qaryağdıoğlu kimi,
Bülbül də milli musiqimizin iftixarıdır. Ötən əsrin 30-cu illərində
İtaliyada dörd illik musiqi təhsili alan
Bülbül yalnız müğənni deyil, milli musiqimizi
qoruyan, yaşadan, dünyaya çıxaran dahi bir sənətkardır.
1897-ci ildə gözəl Şuşanın
Xanbağı məhəlləsində doğulan
Bülbülün atası Məşədi Rza dindar olsa da,
yaxşı səsi varmış. Özü
oxumasa da, şübhəsiz, səsindəki şirinlik, kolorit
ruhun yaddaşıyla oğluna və nəvəsinə
ötürülmüşdü.
Üzeyir bəydən sonra Bülbül milli musiqi
dünyamızda həqiqətən də sehr, möcüzə
yaratdı. O,
“Arşın mal alan”da, “Aşıq Qərib”də, “Əsli və
Kərəm”də oynadı, milli operanın Koroğlu zirvəsinə
yüksəldi.
Bülbülün xatirə muzeyində avtoqrafla olduqca dəyərli
bir kitab saxlanılır. Həmin kitab musiqi aləminə qədəm
basanların, musiqisini öyrənib dərk etmək istəyənlərin
ana kitabıdır. “Azərbaycan musiqisinin əsasları”
adlanır. Yaradanı Üzeyir bəy
Hacıbəylidir. Müəllif 1945-ci ildə belə bir
avtoqrafla kitabını professor Bülbülə
bağışlayıb: “Bu əsərin yaranmasının təşəbbüskarı
və misilsiz Koroğlu, SSRİ Xalq artisti Bülbülə”.
Bu avtoqraf
yazılan il Polad Bülbüloğlu anadan
olub. O, Şuşa musiqi mühitini əsasən Bakıda
duyub, çünki nəinki Qarabağdan olan, ümumiyyətlə
dövrünün bütün görkəmli, istedadlı
musiqiçiləri, bununla bərabər yazıçı və
şairlər, rəssamlar, səhnə xadimləri onların
evinə, böyük Bülbülün ziyarətinə gəliblər.
Sonralar özünün dediyi kimi, Qarayev sinfinin yetirməsi
Polad Bülbüloğlu ata ocağından əxz etdiyi ilahi
enerji ilə, 60-cı illər Bakısının yeni sənət
çağırışlarının təsiri altında
bir-birindən gözəl əsərlər, ifalar yaradacaq. Lakin hərdən
adama elə gəlir ki, Polad Bülbüloğlunun “Gəl, ey
səhər” mahnısı müasir dövrdə milli
mahnı janrının zirvələrindən biridir. Bu mahnının sözləri o qədər
aydın, fəzası o qədər genişdir ki, dinləyici
dünyanın əbədiyyətinə inanır. Yenə də Polad müəllimlə söhbətimizi
xatırlayıram.
Soruşuram:
- Polad
müəllim, Sizin yeni ifanız - “Gəl, ey səhər”
mahnısı əsasında hazırladığınız
klip həm gənclər, həm orta yaşlılar arasında
böyük maraq doğurub. Sanki mahnı insanlar
arasındakı yaş fərqini yoxa çıxarıb, kimsə
bir az böyüyüb, kimsə bir az
cavanlaşıb. Bax bu fikrə münasibətinizi
bilmək istərdim.
- Mən
onu ifa etdim. O nə təsir bağışlayır, bunu demək
mənə görə çox çətindir.
Duyduqlarımı, hiss etdiklərimi dilə gətirmişəm,
şübhəsiz ki, beş il öncə
belə oxuya bilməzdim və yəqin ki, beş il bundan sonra
da belə oxuya bilmərəm.
- Klip nə
zaman lentə alınıb?
- 1998-ci
ilin avqust ayında.
- Nə
zamandan susurdunuz...
- Bəli,
oxumurdum.
- Və nəhayət
pərəstişkarlarınıza mərhəmət göstərərək
bütün çətinliklərin ötüb keçəcəyini,
dünyanın üzünə açılan sabahların daha
ümidli, daha bəxtiyar olacağını dilə gətirdiniz.
Bəlkə demək istəyirsiniz ki, bizi ən
böyük çətinliklərdən nikbinlik və
ümid adladacaq?
- Uzun
müddət oxumamağımla çox maraqlanırlar. Hətta təəccüblənirlər, necə yəni
səhnə üçün darıxmırsınız?
Özüm də bilmirəm niyə.
1998-ci ildən bu yana oxumurdum. Köhnə
səhnə dostlarım gəlirdi, gedirdi, məsələn,
Sofiya Rotaru, başqaları... Düzü, hərdən
ürəyimdən oxumaq keçirdi. Çünki
mən bütün həyatımı musiqi içində
yaşamışdım. 70-dən çox
ölkəyə qastrol səfərinə
çıxmışdım. Keçmiş
SSRİ-nin ən böyük salonlarında, zallarında, hətta
stadionlarda oxumuşdum. Hamısı da gur,
haylı-küylü... Amma elə bil içimdə
nəsə qırılmışdı. Sonra bir qədər
inzibati iş başımı qatdı. Filarmoniyaya
direktor gələndən özümü oda-közə
vururdum. Elə sanırdım ki,
müğənni kimi karyeram bitib. Özümü
həqiqətən də Azərbaycan mədəniyyətinin
dirçəlişinə həsr etmək qərarına gəlmişdim.
Filarmoniyanın direktorluğunu qəbul edəndə
onun hesabında 20 qəpik vardı, borcu isə 220 min rubl idi.
Üç-dörd aydan sonra
borclarımızı ödədik, gəlir yarandı, hətta
işçilərə mükafat verdik. Sonra
mədəniyyət naziri oldum. Yaradıcılıq
ikinci plana keçmişdi. Bu mənim
daxili vəziyyətim idi.
- “Gəl, ey səhər” mahnısının tarixçəsi
barədə nə deyərdiniz?
- 1968-ci
ildə Arif Babayev “Uşaqlığın son gecəsi” filmini
çəkirdi, o filmə musiqi yazdım. Həmin
mahnı da o filmin son kadrlarında ifa olunur. Onu yazanda 23 yaşım var idi.
Böyük sənətkar, SSRİ Xalq artisti, Stalin
mükafatı laureatı Bülbül dünyasını dəyişəndə
Poladın 16 yaşı vardı. Əlbəttə, itki
xalqın itkisi idi. Azərbaycan səhnəmizin
bir də heç zaman doğulmayacaq Koroğlusundan
ayrılmışdı (1957-ci ildən 1961-ci ilə qədər
Bülbül bu rolda 400 dəfə səhnəyə
çıxmışdı). “Sənsiz”, “Sevgili canan”,
“Nalədəndir” (hər üç romansın bəstəkarı
Ü.Hacıbəylidir) professional musiqiləri, “Xumar oldum”, “Kəklik”,
“Mehribanım”, “Süsən sünbül”, “Gülə-gülə”,
“Əlimi bıçaq kəsibdi” kimi xalq
mahnılarının bənzərsiz ifaçısı balaca
Poladın xoşbəxt dünyasını uçurub əbədi
olaraq susurdu...
* * *
Lakin Bülbülün nəğmələri susmadı,
yaşadı xalqın sinəsində, Azərbaycan
torpağında boy atıb ucaldı. Onun əsərlərindən
biri də çağdaş musiqimizin gənclik simvolu Polad
Bülbüloğludur.
Polad
Bülbüloğlunun bənzərsiz səsi, qaynar, səmimi
nəfəsi, şirin ləhcəsi nə az-nə çox 50
ildən çoxdur ki, Azərbaycanın dərin, müdrik
göy üzündə, nəhayətsiz səmasında qanad
çalır.
Unudulmaz Bülbüldən yadigar qalan ən qiymətli
musiqi inciləri, xalq nəğmələri Polad
Bülbüloğlunun ifasında yenidən doğulur, yeni bir
həyat başlayır.
Polad
Bülbüloğlu bir az əvvəl
etiraf edirdi ki, o, müğənniliyə sözün
professional mənasında vokal məktəbdən gəlməyib.
Oxuduğuna görə valideynlərinə, təbiətə,
Allaha və bir də erkən yaşlarından aurasında
böyüdüyü musiqi təcrübələrinə minnətdardır.
Əlbəttə, sadalananların hamısını bir
yerdə götürəndə, bu, mükəmməl bir məktəbdir
və onların qovşağında qüdrətli bir sənətkar
kimi yetişmək tamamilə təbiidir. Lakin burada ən
əsas məqam odur ki, başlıca şərt Allah
vergisidir, fitri istedaddır.
55 illik (bəlkə bundan da artıq) səhnə həyatında
Polad Bülbüloğlunun arxalandığı əsas
özül, şübhəsiz ki, fitri istedadıdır. O bu əsas özül
üzərində ustad zirvəsinə yüksəlmiş
nadir musiqiçilərimizdən biridir.
Bu zirvəyə yüksəlmək üçün isə
musiqiyə sonsuz sevgi, ecazkar səslər, melodiyalar
dünyasını yorulmadan, bezmədən kəşf etmək,
öyrənmək ehtirası gərəkdir.
Polad Bülbüloğlu ötən yüzillikdə Azərbaycan
musiqisini dünya vokal sənətinin ən bəşəri, ən
ortaq çalarları ilə qovuşduran ilk
ifaçılardan biridir.
Polad səhnəyə gələn illərdə Azərbaycanın
kütləvi tamaşaçısı hədsiz dərəcədə
konservativ idi, mühafizəkar idi. O, muğam etalonundan iynənin ucu
boyda kənarlaşmanı bağışlamırdı.
Lakin Polad Bülbüloğlunun cəsarətli, heç
kimə bənzəməyən ifasındakı Şərq və
Qərb harmoniyasını, bu qoşalaşmanı dinləyici
tam bir səmimiyyətlə sevərək qəbul edir.
Polad Bülbüloğlunun ifaları - oxuduğu bəstəkar və xalq mahnıları, bəstəsi özünə aid nəğmələr olduqca doğma və əzizdir. Bu mahnılarda xalqımızın xeyirxahlığı, nikbinliyi, əyilməzliyi, təmənnasızlığı, bəxtiyarlığı var!
Polad Bülbüloğlu oxuyanda ən kədərli insanın belə içində qeyri-adi bir hadisə baş verir; ürək gülür, ürək sevinir, damardakı qan durulur... Estetik təsir vasitəsi - konkret halda, musiqi sanki fiziki bir təsir imkanı qazanır. Bax bu, sənət möcüzəsidir. Bax bu möcüzənin müəllifi Polad Bülbüloğludur.
Mən bu yığcam qeydlərlə Azərbaycanın qüdrətli sənətkarı, dünya şöhrətli bəstəkarı və müğənnisi Polad Bülbüloğlunun sənətkarlığını təhlil etmək fikrindən uzağam.
Bu bir istək yazısıdır.
Bu cümlələri qələmə almaqla istəyirəm ki, Polad müəllimi anadan olmasının 70 illiyi münasibətilə təbrik edim. Əslində mən Polad müəllimin 50, 60 yaşına inanmadığım kimi, onun 70 yaşa dolduğuna da inanmıram. İllər ondan heç nə qopara bilməyib.
Polad müəllimin nəğmələri yenə də şüşə kimi cingildəyir, Qobustan qayalarındakı yazılar kimi davamlı, dözümlüdür. Polad Bülbüloğlu saçlarına dən düşsə də, səhnə üçün yenilməz və şux qamətini qoruyub saxlayıb.
Vaqif BƏHMƏNLİ
Azərbaycan.-2015.- 4 fevral.- S.7.