Prezident İlham Əliyev xalq artisti Polad
Bülbüloğlunun 70 illik yubiley mərasimində
iştirak etmək üçün Bakıya gələn bir
qrup tanınmış mədəniyyət və incəsənət
xadimi ilə görüşüb
Fevralın
4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində
iştirak etmək üçün Bakıya gələn bir
qrup tanınmış mədəniyyət və incəsənət
xadimi ilə görüşüblər.
Qonaqları
salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizin
hamınızı görməyimə şadam. Azərbaycana
xoş gəlmisiniz. Əksəriyyətinizlə
çoxdan tanışam, bəzi qonaqları ilk dəfədir
görürəm. Ümidvaram ki, Bakı
sizdə xoş xatirələr doğuracaq. Siz buraya bizim əziz Polad Bülbüloğlunun yubiley
tədbirlərində iştirak etmək üçün onun
yaxın dostları kimi gəlmisiniz. Bu,
çox dəyərlidir. Ona görə ki, onilliklərlə
davam edən dostluğunuz həmişə hamıya gözəl
nümunədir. Bu, xoş münasibətləri qurmaq, qiymətləndirmək
və dostluğu ömür boyu davam etdirmək nümunəsidir.
Mən çox şadam ki, Polad Bülbüloğlu öz
yubileyini Vətənində, dostları və
yaxınlarının əhatəsində qeyd edir. Bu da bizim
üçün, Bakı üçün xüsusi ab-hava
yaradır. Düşünürəm ki, belə bir yubiley
günündə bizim görüşümüz böyük
əhəmiyyət kəsb edir.
Qeyd
etdiyim kimi, mən burada iştirak edənlərin əksəriyyətini
tanıyıram, bəzilərini isə ilk dəfədir
görürəm. Amma düşünürəm ki, bizim
münasibətlərimiz həm ənənəvi, həm də
yeni tanışlıqla davam edəcək. Hər dəfə
Rusiyadan bizə mədəniyyət və
yaradıcılıq kollektivlərindən ibarət nümayəndə
heyəti gələndə mühüm məsələləri,
qarşılıqlı fəaliyyəti, o cümlədən
də humanitar mövzuları müzakirə etmək
üçün yaxşı imkanlar yaranır. Amma bu gün
bizim mövzumuz bir qədər başqadır. Biləndə
ki, Rusiyadan çoxlu qonaqlarımız gələcək, mənə
çox xoş oldu.
Bizi Polad
Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq
əlaqələri birləşdirir. Demək olar ki, 40 ildir
bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim,
Polad Bülbüloğlu isə məşhur müğənni
və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi
münasibət bəsləyirdilər. Mən də həmişə
ona belə münasibət bəsləmişəm. Sonradan
Moskvada təhsil aldığım illərdə onunla mütəmadi
ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki,
davam etdiririk. Dünən söhbətimizdə qeyd etdiyimiz
kimi, növbəti yubileyə qədər də tez-tez
görüşəcəyik. Bu, mənim Polad
Bülbüloğluna təqdim etdiyim ilk mükafat deyil, 10 il əvvəl
ona “İstiqlal” ordeni təqdim edilmişdi, bu gün isə
“Şərəf” ordeni təqdim edilir.
Polad
Bülbüloğlunun yaradıcılığı hamıya
yaxşı məlumdur. Bildirmək istəyirəm ki, onun
yaradıcılığının milli köklərə
yaxınlığı, eyni zamanda, keçmiş Sovet
İttifaqı respublikalarında rəğbətlə
qarşılanması məni daim heyrətə gətirirdi.
Ona görə də hesab edirəm ki, Polad
Bülbüloğlunun yaradıcılığı xalq
yaradıcılığıdır. Onun yaradıcılığının
kökləri Azərbaycan tarixinin ən dərin izlərinə
gedib çıxır. O, böyük sənətkarımız,
Azərbaycan xalqının fəxri olan, xalqımızın
tarixində görkəmli ifaçı və vətəndaş
kimi qalan müğənni Bülbülün ailəsində
anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir
göstərib. Onun mahnıları keçmiş Sovet
İttifaqı məkanında hitə çevrilib. Əvvəllər
belə termin işlədilmirdi, amma indi bu termini işlətmək
olar, bu mahnılar indiyə kimi yaşayır. Xüsusi qeyd etmək
istəyirəm ki, o, ancaq özünün bəstələdiyi
mahnıları oxuması ilə unikaldır. Bu da bir daha onun
istedadının dərinliyini əks etdirir. O, həyatı
boyu sevimli işi ilə məşğul olur. Əsas da elə
budur: həm musiqiçi, həm ifaçı, həm də
yaradıcı insan və bu gün də Azərbaycanın
Rusiyadakı səfiri kimi. Şadam ki, o, bu sahədəki fəaliyyətinə
də yaradıcı yanaşır və ölkələrimiz
arasında ikitərəfli münasibətlərin
inkişafı üçün çox işlər
görür. Azərbaycan dövləti, Azərbaycan xalqı
adından onu yubiley münasibətilə bir daha təbrik etmək
və yüksək mükafatı təqdim etmək istəyirəm.
X X X
Prezident
İlham Əliyev Azərbaycan Respublikasının ən
yüksək mükafatlarından biri olan “Şərəf”
ordenini Polad Bülbüloğluna təqdim etdi.
X X X
SSRİ
xalq artisti İosif KOBZON çıxış edərək
dedi:
-
Bilirsiniz, bu, bizim üçün nəinki Poladın bayramı,
bu, həm də böyük dostluq bayramıdır. Siz,
Poladı səciyyələndirərək, hamısını
dediniz. Mən onu uzun illərdir ki, artist kimi tanıyıram.
Qonaq
burada müxtəlif ölkələrin - Rusiya, Moldova, Özbəkistan,
Qazaxıstan, Gürcüstan və Tacikistanın
tanınmış mədəniyyət və incəsənət
xadimlərinin iştirak etməsindən böyük məmnuniyyət
hissi keçirdiklərini vurğulayaraq bildirdi:
- Dünən
biz Poladın çox gözəl baletinə tamaşa etdik.
Artıq ikinci dəfədir ki, onun baletinə baxıram. Məndə
belə bir duyğu yaranıb ki, bu musiqi dərin, milli köklərə
söykənir. Bunu Sizin unudulmaz atanız da həmişə
qeyd edirdi. Polad Azərbaycandan qidalanır. Onun
üçün Azərbaycan mənbədir, anadır, həmişə
ehtiram göstərdiyi xalqdır. Polad da xalqını Rusiyada
layiqincə təmsil edir. Həqiqətən də o, hərtərəfli
istedadlı insandır. Həqiqətən də, Polad
respublikanın sərvətidir. Bizdə “Respublikanın sərvəti”
adlı veriliş var. Polad isə deyərdim ki,
respublikasının milli sərvətidir. Çox şadam ki,
Siz, böyük Azərbaycanın Prezidenti kimi Polada belə dəyərli
münasibət bəsləyirsiniz. Mən gənc dostumu təbrik
edirəm.
Sağ
olun ki, Siz gözəl xanımınızla bu tədbirə gəldiniz.
Sizin xanımınız və onun xeyirxahlığı
haqqında da bizim çox gözəl məlumatımız
var. Sağ olun ki, mədəniyyətə bu cür gözəl
münasibət bəsləyirsiniz. Hər dəfə
Bakıya gələndə şəhərin göz
qabağında bu cür dəyişməsi bizi heyran edir.
Söhbət təkcə gözəl, uca binalardan getmir.
Söhbət həm də küçələrin təmizliyi,
həmçinin sakinlərin gözlərindən yağan
saflıq, onların Azərbaycanın qonaqlarına olan səmimi
münasibətindən gedir.
Biz
dostumuz Polad və Azərbaycana görə çox xoşbəxt
və məmnunuq. Mədəniyyətə, xalqa göstərdiyiniz
ehtirama görə Sizə minnətdarıq. Bildiyimizə
görə, burada belə bir deyim var ki, neft kapitalı insan
kapitalına çevrilib. Buna görə biz çox sevinirik.
Hamınız sağ olun. Azərbaycan Prezidentinə minnətdarıq.
X X X
Sonra
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY
çıxış edərək dedi:
- Dünən
gecə bizim Rusiya Prezidenti Vladimir Putin Polad Bülbüloğlunun
“Şöhrət” ordeni ilə təltif olunması barədə
Fərman imzalayıb. Əlbəttə, burada keçmiş
postsovet məkanını təmsil edən bir çox
nümayəndələr ola bilərdi. Bir çox millətlərin
Poladı sevən nümayəndələri gəlmək istəyirdi
- belaruslar da, ukraynalılar da, Baltikyanı ölkələrin
nümayəndələri də. Düşünürəm
ki, Polada belə münasibət onun insanlara olan
doğmalığından irəli gəlir. Onda insanlara
doğmalıq və səmimiyyət duyğuları var.
X X X
Rusiyanın
əməkdar artisti Bari ALİBASOV Bakı haqqında təəssüratlarını
bölüşdü və paytaxtımızın ötən
illər ərzində sürətli inkişaf yolu
keçdiyinin şahidi olduğunu vurğuladı.
X X X
Sonra
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab
SERETELİ Prezident İlham Əliyevə xatirə hədiyyəsi
təqdim etdi.
X X X
Sonra bəstəkar,
SSRİ xalq artisti Yevgeni DOQA çıxış edərək
dedi:
- Əgər,
Siz Prezident kimi bu gün bizi buraya toplayan bəstəkara, mədəniyyət
xadiminə, siyasətçiyə belə münasibət bəsləyirsinizsə,
deməli, incəsənət sayəsində ətrafınıza
bütün dünyanı toplaya bilirsiniz. Bütün bunlar
müdrik xalqın zəkasının və
ziyalılığının təzahürüdür. Bəli,
Sizin çox gözəl şəhəriniz var. Amma bu şəhərə
belə mənəvi nəfəs verən insanlarsız o,
boş görünərdi. Bu, son dərəcə heyrətamizdir.
Müdrik rəhbərlərin bu xüsusiyyəti göstərir
ki, ilk növbədə mənəviyyat olmalıdır.
Yevgeni
Doqa Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim
etdi.
X X X
Rusiyanın
xalq artisti Lyudmila RÜMİNA rəhbərlik etdiyi Moskva Mədəniyyət
Folklor Mərkəzinin kollektivi adından dövlətimizin
başçısına xatirə hədiyyəsi təqdim etdi.
X X X
TÜRKSOY-un
baş katibi Düsen KASEİNOV dövlətimizin
başçısına tədbirin yüksək səviyyədə
keçirilməsinə verdiyi dəstəyə görə
minnətdarlığını bildirdi, vaxtı ilə
TÜRKSOY təşkilatına ulu öndər Heydər Əliyevin
göstərdiyi diqqəti dərin ehtiramla xatırladı,
Polad Bülbüloğlunun TÜRKSOY-un ilk sədri kimi əməyini
yüksək qiymətləndirdi.
X X X
Tacikistanın
xalq artisti Curabek MURODOV Prezident İlham Əliyevin ulu öndər
Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini bildirərək,
ölkəmizdə mədəniyyətə və incəsənət
xadimlərinə dövlət səviyyəsində göstərilən
qayğını yüksək dəyərləndirdi.
X X X
Daha sonra
SSRİ Dövlət mükafatı laureatı Andrey DEMENTYEV
çıxış edərək bildirdi:
-
Poladı mən uzun müddətdir tanıyıram. Onun
yeniyetmə çağlarını da çox yaxşı
xatırlayıram. Qara bığları, gur saçları
olan gözəl oğlan idi. Çox gözəl də
mahnı oxuyardı. Demək istəyirəm ki, Tanrı ona belə
bir gözəl torpaqda doğulmağı, burada tərbiyə
almağı nəsib edib. Burada ona bütün bəşəriyyətə
məhəbbət, qarşılıqlı hörmət hissləri
aşılanıb. Bu, çox gözəldir. Mən
bütün dünyanı gəzmişəm. Bakı isə mənim
üçün ən füsunkar şəhərlərdən
biridir. Söhbət, təkcə gözəl binalar və təmizlikdən
getmir. Burada həm də çox gözəl bədii zövq
var. Hara gediriksə orada insanların öz incəsənətinə
və şəhərinə vurğunluğunun şahidi
oluruq. Bu da heyrətamizdir, qiymətlidir. Demək istəyirəm
ki, bizim dostumuz Polad Bülbüloğlu görkəmli şəxsiyyətdir,
çünki onu hər yerdə tanıyırlar.
Andrey
Dementyev Polad Bülbüloğlunun sənətinin uzun illərdir
musiqisevərlər tərəfindən böyük rəğbətlə
qarşılandığını bildirərək, onun
müxtəlif janrlarda rəngarəng musiqi əsərləri
yaratdığını vurğuladı, balet janrında da
uğur qazandığını bildirdi. Andrey Dementyev Polad
Bülbüloğlunun müəllifi olduğu balet barədə
təəssüratlarını bölüşərək
dedi:
- Dünən
baletə tamaşa etdik. Bu, əsl sənət əsəri
idi. Elə bir əsər idi ki, heç də bütün sənətkarlar
bununla təmasda ola və bu janrda öz sözlərini deyə
bilmirlər. Polad isə balet sənətində də
sözünü deyə bildi. Gözəl musiqi idi. Gənc
balet artistlərindən ibarət truppa çox gözəl
çıxış etdi. Baxmayaraq ki, balet, necə deyərlər,
beynəlxalq incəsənətdir. Mən dünən
axşam hər bir səs, hər bir hərəkətdə Azərbaycanı,
milli incəsənəti hiss edirdim. Bunun hamısı təqdirəlayiqdir.
Andrey
Dementyev yubilyara həsr olunan şerini də oxudu.
X X X
Azərbaycanda
həmişə sənətə və sənət
adamlarına hörmətlə
yanaşıldığını bildirən, yubiley tədbirində
iştirak edən mədəniyyət və incəsənət
xadimlərini ölkəmizdə görməkdən şad
olduğunu vurğulayan Prezident İlham ƏLİYEV dedi:
- Bakı
həmişə dostlarını qəbul edən,
ağuşunu onlara geniş açan, qonaqpərvərliyi ilə
seçilən şəhər olub. Bu, hansısa təzahürün
nümayişi olmayıb, sadəcə, bu, cəmiyyətin
öz istəyindən yaranan müsbət duyğulardır.
Bunu həm şəhərin, həm də insanların
görünüşündən hiss etmək olar. Xüsusilə
də belə bir mötəbər beynəlxalq, mədəni
birliyin görkəmli nümayəndə heyəti təşrif
buyuranda böyük məmnunluq duyulur. Buna görə də həmişə
şadıq, tez-tez gəlin. Sizi görməyimizə şad
olarıq. Bizdə hər il sizin də iştirak etdiyiniz Beynəlxalq
Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu
keçirilir. Biz tez-tez həm də multikulturalizm mövzusunda
tədbirlər keçiririk. Bu yaxınlarda mənim Fərmanımla,
zənnimcə, dünyada hələ ki, yeganə olan Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradılıb. Bu mövzu
çox vacibdir. Biz bu mövzu ilə hələ müasir təhlükələrin
olmadığı bir vaxtda - cəmi bir-iki il bundan əvvəl
təhlükələrin yaranmadığı dövrdən məşğul
olmağa başlamışıq. Bəlkə də belə təhlükələr
var idi, bundan xəbərdar olanlar az olub.
Mədəniyyətlərarası
dialoq, bir ölkədə yaşayan müxtəlif
xalqların, dinlərin və konfessiyaların nümayəndələri
arasındakı münasibətlər uğurlu
inkişafın rəhnidir. Buna görə də
düşünürəm ki, Azərbaycanın bu istiqamətdəki
irəliləyişi çox müsbət haldır. Təəssüf
ki, biz başqa nümunələrə də rast gəlirik. Həm
sərhədlərimizin ətrafında, həm Yaxın Şərqdə,
həm də Avropada münaqişələr, düşmənçilik
münasibətləri artmaqdadır. Çox vaxt bu cür
münasibətlər müəyyən siyasi dairələr, bəzən
media nümayəndələri tərəfindən süni
şəkildə təlqin olunur. Biz öz cəmiyyətimizi
və ölkəmizi bu cür meyillərdən qorumağa
çalışırıq. Buna görə də mədəniyyətlərarası
dialoq çərçivəsində keçirdiyimiz tədbirlər
təkcə görkəmli xadimlərin formal toplantısı
deyil, belə mərasimlər bizim cəmiyyətimizə
müsbət ovqat bəxş edir. Çünki Azərbaycanın
uğurlu inkişafı, ilk növbədə, insan
potensialı deməkdir. Biz bu gün bu barədə
danışmışıq. Tamamilə haqlısınız,
bütün görülən işlərin, gördüklərinizin,
gözə görünməyənlərin də əsasında
insan kapitalı dayanır. Mən ilk
çıxışlarımdan birində demişəm ki, biz
nefti - “qara qızıl”ı insan kapitalına çevirməliyik.
Biz bu istiqamətdə də işləyirik. Bu gün bizim
iqtisadiyyatımızda neft əsas amil deyil, buna görə də
digər sahələr artıq inkişaf etməkdədir.
Tamamilə razıyam ki, bütün bunların əsasında
cəmiyyətin mənəvi vəziyyəti və
sağlamlığı durur. Buna isə yalnız bu cür
ictimai həmrəyliklə nail olmaq mümkündür.
Əlbəttə
ki, hər bir hökumətin və dövlətin öz siyasi
xətti var, həmin siyasət də cəmiyyətin həyatına
əhəmiyyətli dərəcədə təsir göstərir.
Lakin ictimai rəy və cəmiyyətin nikbin əhval-ruhiyyəsi
olmadan heç nəyə nail olmaq mümkün deyil. Buna
görə də bugünkü tədbir multiplikativ effektə
malikdir və cəmiyyətimizə müəyyən müddət
üçün nikbinlik ovqatı bəxş edəcək.
Bayaq sizin söylədiyiniz şeirin misraları ilə tam
razıyam.
X X X
Andrey
DEMENTYEV: Yeri gəlmişkən, Sizin qızınız gözəl
şeirlər yazır.
X X X
Prezident
İlham ƏLİYEV: Siz bayaq qeyd etdiniz ki, bu cür əlaqələri
məhv etmək mümkün deyil, hərçənd belə
cəhdlər olur. Biz isə Azərbaycanda buna yol vermirik, əksinə,
əlaqələri möhkəmləndirməyə
çalışırıq və istərdik ki, ən
başlıcası sizin nümunənizdə gənclər ibrət
götürsünlər. Çünki biz vaxtilə bir
ölkədə yaşamışıq, bizi ümumi
keçmiş, əlbəttə ki, hamımızın
ünsiyyət saxladığımız rus dili birləşdirirdi.
Keçmiş sovet məkanında yaşayan indiki nəslin
nümayəndələri isə bizim nəslimiz kimi belə əlbir
deyil. Bu da təbiidir. Buna görə də biz öz müsbət
nümunəmizlə gələcək nəsillərə
yaxşı siqnallar ötürməliyik. Çünki bundan
heç kəs zərər görməyəcək. Əksinə,
daha yaxşı olacaq. Çünki düşmənçilikdənsə
dostluq və əməkdaşlıq daha yaxşıdır.
Biz buna əsaslanırıq. Gəldiyinizə və münasibətinizə
görə sizə bir daha təşəkkür edirəm.
Bütün bunlar çox dəyərlidir. Sizə ən
xoş arzularımı çatdırıram.
X X X
Sonda xatirə
şəkli çəkdirildi.
Azərbaycan.-2015.- 5 fevral.- S.1-2.