Azərbaycan və Rusiya
gömrük xidmətləri arasında üç sənəd imzalanıb
Fevralın
4-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya
Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri
Andrey Belyaninovun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə Dövlət Gömrük Komitəsində
görüş keçirilib.
Dövlət
Gömrük Komitəsində keçirilən
görüşdə komitə sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyev iki qonşu ölkənin
siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən
söhbət açıb. Azərbaycan və Rusiya arasında
ikitərəfli münasibətlərin uğurla inkişaf
etdiyini söyləyən DGK sədri bildirib ki, bütün
sahələrdə, o cümlədən, gömrük sahəsində
qarşılıqlı əməkdaşlıq yüksək
səviyyədədir.
A.Əliyev
vurğulayıb ki, ölkələrarası münasibətlərin
qurulmasında, inkişaf etdirilməsində gömrük
orqanları da böyük rol oynayır və bugünkü
görüş də əlaqələrin möhkəmləndirilməsinə
öz töhfəsini verəcək.
Rusiya
Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov
Rusiyanın regional əməkdaşlığa böyük
önəm verdiyini və qonşu ölkələrlə daha
da sıx əməkdaşlıq etmək istədiklərini
açıqlayıb. Azərbaycana hər səfərində
ölkə paytaxtının sürətlə inkişaf
etdiyinin şahidi olduğunu vurğulayan qonaq bu
inkişafın bütün sahələrdə, eləcə də
gömrük sahəsində də müşahidə edildiyini
bildirib.
A.Belyaninov
bu gün Azərbaycan və Rusiyanın gömrük xidmətləri
arasında əməkdaşlıq yüksək səviyyədə
olduğunu və Azərbaycana budəfəki səfərinin
qarşılıqlı əlaqələrin davamlı
inkişafına xidmət edəcəyinə əminliyini ifadə
edib.
Görüşün
sonunda Azərbaycan və Rusiya gömrük xidmətləri
arasında 3 sənəd – gömrük xidməti rəhbərlərinin
işçi görüşünün protokolu,
qarşılıqlı ticarət haqqında statistik məlumatların
informasiya mübadiləsinin texnoloji sxemi və 2015-2016-cı
illər üçün ikitərəfli
qarşılıqlı fəaliyyətin planı imzalanıb.
Sənədləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev və Rusiya Federasiyası Federal
Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov
imzalayıblar.
Rusiya
Federasiyası Federal Gömrük Xidmətinin nümayəndə
heyətinin Azərbaycana səfəri fevralın 5-dək davam
edəcək.
Azərbaycan.-2015.- 5 fevral.- S.5.