Konstitusiya və vətəndaşlıq borcu

 

Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik təsisatların yaradılmasında həm də dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsinə istinad etməsi demokratik prosesləri, hüquqi, iqtisadi və digər sahələrdəki islahatları sürətləndirmiş və nəticədə ölkəmiz qısa müddətdə uğurlu inkişaf yolu keçmişdir. Bu gün isə Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının dinamik inkişafı təmin olunmuş, Azərbaycan inkişaf sürətinə görə dünyada öncüllər sırasına çıxmışdır.

Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan demokratik hüquqi dövlət quruculuğu prosesinin başlanması və uğurla davam etdirilməsi, müasir dövlət təsisatlarının yaradılması, ölkənin Əsas Qanununun - Konstitusiyanın qəbulu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi siyasətin müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin və əvəzsiz xidmətinin ən mühüm bəhrəsi kimi dövlətin gələcək inkişafı üçün möhkəm və sarsılmaz təmələ çevrilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 72-ci maddəsinə əsasən isə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək heç kəsi məsuliyyətdən azad etmir. 73-cü maddəyə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadanqanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

Bu gün ölkəmizdə iqtisadi sahədəki bütün uğurlu işlərdə və dinamik inkişafda layiqli payı olan Vergilər Nazirliyi tərəfindən səlahiyyətlərinə aid edilən cinayət və digər hüquqpozma hallarına, xüsusilə vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıqiqtisadi fəaliyyət sahəsində olan digər cinayətlərə qarşı məqsədyönlü, ardıcıl və səmərəli mübarizə aparılır. Bunun üçün ölkəmizdə təkmil qanunvericilikinformasiya texnologiyaları bazası olan qurumlar yaradılmışdır.

Azərbaycanın iqtisadisosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır. Bu xidmət orqanları tərəfindən fizikihüquqi şəxslərə vergi xidməti, onların qeydiyyata alınması, vergi qanunvericiliyinin tətbiqi və icrası ilə bağlı uğurlu tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli qanunu ilə vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edən Vergi Məcəlləsi qəbul edilmişdir. Həmin məcəlləyə əsasən ölkəmizdə ödənilməsi məcburi olan dövlət vergiləri və yerli vergilər (bələdiyyə vergiləri) sistemi müəyyən olunmuşdur. Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa), əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergilər daxildir. Naxçıvan Muxtar Respublikası vergilərinə də Vergi Məcəlləsinin 6.1-ci maddəsində sadalanan həmin dövlət vergiləri aiddir. Fiziki şəxslərin torpaq və əmlak, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən, eləcə də bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergiləri isə yerli vergilərdir.

Ölkəmizin vergi qanunvericiliyi Konstitusiyadan, Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Bu qanunvericilik aktları sisteminə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi də daxildir və həmin məcəllənin 213.1-ci maddəsi ilə xeyli miqdarda, 213.2-ci maddəsi üzrə isə mütəşəkkil dəstə tərəfindən törədilən və külli miqdarda vergiləri və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu maddənin qeydinə əsasən “xeyli miqdar” dedikdə,

2 min manatdan 50 min manatadək, “külli miqdar” dedikdə,

50 min manatdan yuxarı olan məbləğ nəzərdə tutulur.

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Prezidentin 25 avqust 2000-ci il tarixli fərmanına əsasən Cinayət Məcəlləsinin bir sıra maddələri ilə yanaşı, 213-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Vergilər Nazirliyi tərəfindən aparılır. 14 iyul 2000-ci il tarixli qanunla qəbul edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə Vergilər Nazirliyinə həm də ibtidai araşdırma funksiyası verilmişdir. Onu da qeyd edək ki, istintaq, təhqiqat, əməliyyat-axtarış və bir sıra digər funksiyaları həyata keçirmək üçün 12 sentyabr 2000-ci ildə Vergilər Nazirliyinin Hüquq-Mühafizə Orqanları ilə Əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi yaradılmış və 11 iyun 2001-ci il tarixdə bu qurum Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çevrilmişdir.

Ölkəmizdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsidir ki, dövlət büdcəsinə vergi daxilolmalarının xüsusi çəkisi 1995-ci ildə 234,8 milyon manat olduğu halda, 2010-cu ildə 4.292.800,0, 2011-ci ildə 5.475.062,0, 2012-ci ildə 6.025.366,5, 2013-cü ildə 6.663.633,4, 2014-cü ildə isə 7.113.622,4 min manat təşkil etmişdir. Daxilolmaların əsas hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqifiziki şəxslərin payına düşür. Bu o deməkdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əksər hüquqifiziki şəxslər vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməklə bağlı konstitusiya və vətəndaşlıq borclarını vicdanla yerinə yetirirlər.

Dünyanın əksər dövlətlərində, həmçinin ölkəmizdə iqtisadi sahədə cinayətkarlığa, o cümlədən vergiləri ödəməkdən yayınma cinayətlərinə qarşı ciddi mübarizə aparılır. Məsələn, dünyanın iqtisadi nəhəngi sayılan ABŞ-da bütün səviyyələrdə deyirlər ki, bu ölkədə iki şeydən qaçmaq olmaz: ölümdən və vergidən. Bir sıra inkişaf etmiş ölkələrdə qanunvericilikdə istənilən məbləğdə vergidən yayınmaya görə müəyyən hüquqi nəticələrə səbəb olmaqla məhkumiyyət yaradan cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycanda isə bu daha çox ədalət və humanizm prinsiplərinə söykənir. Yəni, qanunvericiliyə əsasən, 2 min manatadək məbləğdə vergiləri ödəməkdən yayınmaya görə maddi məsuliyyətin bir növü olan vergi məsuliyyəti müəyyən edilmişdir.

XXI əsrdə həm dünyada, həm də ölkəmizdə cinayətkarlığın dinamikasında ciddi dəyişikliklər baş vermiş, vergiləri ödəməkdən yayınma kimi kriminal fəaliyyət forması cinayətkarlığın mənzərəsini müəyyən edən əsas göstəricilərdən birinə çevrilmişdir.

Ölkəmizdə bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadisosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında bir sıra yeni səlahiyyətlər, o cümlədən də ibtidai araşdırma səlahiyyəti verilməklə əməliyyat-axtarış fəaliyyətinin subyektinə çevrilmiş, dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən vergi xidməti orqanlarının rolu 2014-cü ildə də durmadan artmışdır. Həm Vergilər Nazirliyi rəhbərliyinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi təşkilati və hüquqi tədbirlərin, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyin və nəzarətin düzgün təşkilinin nəticəsi olaraq vergi xidməti orqanları tərəfindən 2013-cü ildə 766, 2014-cü ildə isə 1213 iqtisadi fəaliyyət sahəsində cinayət faktları aşkar olunaraq qanunauyğun tədbirlər görülmüşdür.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən son illərdə Azərbaycan Respublikası CM-in 213-cü və s. maddəsi ilə çoxsaylı cinayət işləri istintaq edilmiş, dövlət büdcəsindən yayındırılan on milyonlarla manat vəsaitin büdcəyə ödənilməsi təmin olunmuş və həyata keçirilən preventiv tədbirlər nəticəsində iqtisadi fəaliyyət sahəsində çoxsaylı cinayətlərin qarşısı alınmış, faktiki fəaliyyət üçün deyil, yalnız vergiləri ödəməkdən yayındırmaq üçün vasitə kimi formal olaraq təşkil edilmiş çoxsaylı hüquqifiziki şəxslərin cinayətkar fəaliyyətinə son verilmişdir. Vergilər Nazirliyi rəhbərliyinin həyata keçirdiyi bir sıra uğurlu islahatların nəticəsi olaraq ölkədə iqtisadi cinayətlərə, o cümlədən bunun bir növü olan vergi ödəməkdən yayınma hallarına qarşı mübarizə işində departament mobil bir quruma çevrilərək digər struktur qurumlar və hüquq-mühafizə orqanları ilə birlikdə ayrı-ayrı cinayət faktlarının aşkar edilməsi, təhqiqatı, istintaqı və əməliyyat-axtarış tədbirləri üzrə tədbirlər həyata keçirmişdir.

Təkcə bir faktı qeyd etmək kifayətdir: əgər sözügedən departament yarandıqdan sonra, yəni, 2001-2005-ci illəri əhatə edən 5 ildə 472 nəfər haqqında 377 cinayət işinin istintaqı tamamlanmış və dövlətə vurulan 15.477.874 manat məbləğində ziyan ödənilmişsə, təkcə 2013-cü ildə bu qurumun istintaq idarəsinin müstəntiqləri tərəfindən 331 nəfər haqqında 383 cinayət işinin, 2014-cü ildə isə 365 nəfər haqqında 405 cinayət işinin istintaqı tamamlanmış və son iki ildə istintaq olunan cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilən 237 material üzrə dövlətə vurulmuş 47.657.701 manat ziyan ibtidai araşdırma mərhələsində ödətdirilmişdir. 2013-2014-cü illərdə məhkəmələrə göndərilən 225 nəfər haqqında 215 mürəkkəb və çoxepizodlu cinayət işlərinə vergidən yayınma faktlarına görə başlanılaraq ayrıca icraatda istintaq olunan çoxepizodlu 404 cinayət işinin birləşdirilməsi də nəzərə alınsa, onda departamentin istintaq idarəsinin fəaliyyəti ilə bağlı tam aydın mənzərə yaranar. 2012-2014-cü illərdə istintaqı tamamlanmış cinayət işləri üzrə cinayət prosesində 147.090.273 manat ziyanın təqsirləndirilən şəxslərdən alınıb dövlət büdcəsinə ödənilməsi haqqında mülki iddialar qaldırılmışdır ki, onların da hamısı məhkəmələr tərəfindən təmin olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 2013-cü ildə vergi sahəsində hüquqpozmalarla bağlı qeydə alınmış cinayətlərin açılma faizi 95,4, 2014-cü ildə 95,7 faiz təşkil etmişdir. Bu ilə qalıq qalmış 414 cinayət işi üzrə dövlətə vurulmuş ziyandan 8.409.000 manatının müstəntiqlər tərəfindən 2014-cü ildə ibtidai araşdırma mərhələsində ödətdirilməsi təmin olunmuşdur. Beləliklə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yarandığı 15 il ərzində səlahiyyətlərinə aid bütün sahələr üzrə yüksək göstəricilərə nail olmuşdur.

İstintaq və məhkəmə təcrübəsi göstərir ki, bəzi şəxslər fəaliyyətləri barədə uzun illər vergi orqanlarına bəyannamələr təqdim etməməklə və ya bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. Məsələn, vergiləri ödəməkdən yayınma cinayətinə görə məhkum olunmuş Bakı şəhər sakini İlkin Abbasov əvvəllər məhkum olunmuş 7 nəfərdən ibarət mütəşəkkil dəstə yaradaraq 2012-2013-cü illər ərzində 109 müəssisə yaratmaqla və əldə etməklə bu müəssisələr üzrə 6.611.095 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə 2014-cü ildə Azərbaycan Respublikası CM-in 213.2.1 və 213.2.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək onların hər biri haqqında həbs qətimkan tədbiri seçilməklə başlanmış cinayət işinin istintaqı bu ilin yanvar ayında tamamlanıb məhkəmə məsuliyyətinə verilmişdir. Lakin bu onların son əməlləri deyil. Son illər vergi ödəməkdən yayınma cinayətlərinə görə ölkə vətəndaşları ilə yanaşı, vergi ödəyiciləri olan xarici ölkə vətəndaşları da cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında müxtəlif, o cümlədən həbs qətimkan tədbirləri seçilərək məhkəmə məsuliyyətinə, yaxud istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa verilmişlər.

Lakin bəzən vergi ödəməkdən yayınan belə şəxslər bir sıra müxtəlif kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və ölkəmizdə fəaliyyət göstərən xarici qurumlar tərəfindən hər vəchlə “müdafiə” olunurlar. Hətta vergi ödəməkdən yayınma cinayətlərinə görə cinayət məsuliyyətinə alınanları və məhkum olunmuşları “siyasi məhbus” adlandırımaqdan belə çəkinmirlər. Bu cür qanunazidd “fəaliyyət”ə bir sıra xarici dövlətlərin və beynəlxalq təşkilatlarin rəsmi nümayəndələrinin, hətta səfirliklərinin də qoşulması heç cür başadüşülən deyil. İfşa olunmuşifşa olunmaq təhlükəsi ilə üz-üzə qalan məharətlə maskalanmış bir qrup şəxsin cinayət məsuliyyətindən azad olunmaları üçün aparılan iftiraböhtan kampaniyalarının kimlərdən və haralardan qaynaqlandığı, bunun məram və məqsədi hamıya yaxşı məlumdur.

Hər kəs yaxşı bilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüququn qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanan Cinayət Məcəlləsinin qanun qarşısında bərabərlik prinsipi adlanan 6-cı maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər. Bundan əlavə, vergidən yayınma cinayətlərinin müəyyən edilməsi və qarşısının alınması üçün informasiya texnologiyaları sahəsində tətbiq olunan müasir metodların və səmərəli prinsiplərinin tətbiqi şəraitində belə cinayətləri və başqa hüquq pozuntularını törətmiş şəxslərin müəyyən edilməməsi və məsuliyyətdən yaxasını qurtarması sadəcə, mümkün deyil. Odur ki, hər kəs öz hüquqları ilə bərabər, vəzifələrini də yaxşı bilməli və bunlara hər zaman əməl etməlidir. Bu vəzifələrdən biri də ölkədə həyata keçirilən uğurlugenişmiqyasli sosial layihələrin icrasında mühüm mənbə və vasitə olan, dövlət büdcəsinin əsasını təşkil edən bütün növ vergilərin vaxtında ödənilməsidir.

 

Xanoğlan ŞIXƏLİYEV,

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri

Azərbaycan.-2015.- 5 fevral.- S.6.