Xalqla iqtidar arasında olan birlik bugünkü uğurların əsas səbəbidir

 

Qlobal böhranın ötən ilin ortalarından başlayan ikinci dalğası bəşəriyyəti yenidən silkələdi. Dünyanın siyasiiqtisadi müstəvisindəki bu titrəyişlər yeni gərginliklərə səbəb oldu. Amma 2007-ci ildən üzü bəri dünyanı iflic edən aramsız böhranların burulğanlarına baxmayaraq, ölkəmizin III minilliyin əvvəlindəki tərəqqisi müasir dünyanın iqtisadi tarixinə möcüzə kimi həkk olundu.

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev dünyada yeni çağırışların, siyasiiqtisadi gərginliklərin sayının artmasına, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə, son bir ildə mənfi tendensiyaların yenidən kəskinləşməsinə baxmayaraq, ölkəmizdə nəhəng enerji və nəqliyyat layihələrinin icra edilməsini, regionların sürətlə inkişaf etməsini, insanların sosial rifahının yaxşılaşmasını inkişafın Azərbaycan modeli kimi dəyərləndirdi: “...Ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.

Dövlət başçısının konfransda nümayiş etdirdiyi əminlik və tələbkarlıq nikbin gələcəyə köklənməyə əsas verir. İqtisadi islahatlar davam etdiriləcək. Qarşıdakı illərdə yenə də investisiya proqramlarının, sosialinfrastruktur layihələrinin icrası təmin olunacaq.

2004-cü ildən bugünədək ümumi daxili məhsul 3,4, sənaye istehsalı 2,7, valyuta ehtiyatları isə 27 dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 180 milyard dollar olmuşdur. Lakin dünyanın əksər dövlətləri qlobal böhran illərində trilyonlar itirdilər, nəhəng banklar və maliyyə qurumları çökdü, aparıcı şirkətlər gəlirlərinin böyük hissəsindən məhrum oldular. Məhz buna görə ölkəmizin nailiyyətlərini təsdiq edən statistik rəqəmlərə çoxlarının qibtə etməsi başadüşüləndir. Əldə olunan böyük maliyyə resursları dövlətimizin kredit reytinqlərini artırır, gözlənilməz böhran qasırğalarından sığortalanmağa imkan verir. Dövlət başçısı bu ehtiyatların hər birimizin həyatında vacib rol oynadığını belə qeyd etmişdir: “Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”.

Konfransda o da vurğulandı ki, Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Əsassız təzyiqlərə məruz qalsaq da, bizə qarşı kampaniyalar aparılsa da, yolumuza inamla davam etmişik, məqsədimizdən dönməmişik. Bizim nailiyyətlərimizə həsəd aparanlar, mane olmaq istəyənlər, müstəqilliyimizdən diksinənlər olub. Azərbaycanın bugünkü intibahına, çiçəklənməsinə paxıllıq edənlər az deyil. Prezident məhz iqtisadi gücün bu imkanları yaratdığını, artıq iqtisadisiyasi cəhətdən heç kimdən asılı olmadığımızı xüsusi vurğuladı: “Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirikheç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

Azərbaycanın iqtisadi tufanlardan kənarda qalmasını dövlət başçısı sabit adanın inkişafı kimi qiymətləndirir. Böhrandan bir neçə il əvvəl vüsət alan investisiya layihələri bu günbir neçə istiqamətdə aparılır; elektrik enerjisi təminatı, yollar, qazlaşdırma, içməli su, meliorasiya prioritet sahələrə çevrilir. Son 11 il ərzində inşa edilən 23 elektrik stansiyası ölkənin enerjiyə olan tələbatının təxminən üçdə birini ödəyir. Qazlaşdırma bütün şəhərlərdə 100 faizdir, 2018-ci ilin sonuna kimi isə bütün ölkədə qazlaşmanın səviyyəsi 90-95 faizə çatdırılacaq. Bu müddət ərzində 10 min kilometr uzunluğunda magistral yollar, kənd yolları, 340 körpütunel tikilib. Bölgələrdə 6 aeroport inşa edilərək istifadəyə verilib. İçməli və suvarma suyu ilə bağlı layihələrə milyonlarla vəsait xərclənib. Bəs dünyanın trilyonları itirdiyi vaxt Azərbaycanın belə inkişaf etməsinin səbəbi nədir?

Konfransda dövlət başçısı bunun səbəbini neft gəlirlərinin vaxtında vacib investisiya layihələrinə yatırılması ilə izah etdi: “İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idiketmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model varbu model başqa tərəflər üçünmaraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib”.

Bütün bunlar o deməkdir ki, təzadlar və böhran içində yaşayan dünyada biz irəli sıçramışıq. Prezidentin dediyi kimi, nə qazandıqsa, özümüz qazandıq, tək qazandıq. Kiməsə güvənmədən, kiməsə arxalanmadan. Əslində bu təklik rəmzidir. Biz ona görə irəli getmişik ki, öz təkliyimizdə haqqa, ədalətə, öz gücümüzə, tolerantlığımıza, xalqla hakimiyyətin birliyinə güvənirik. Və heç şübhə yoxdur ki, dünya düzənində baş verən qlobal böhranın fəsadlarına baxmayaraq, Azərbaycanda prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, infrastruktursosial layihələrə üstünlük veriləcək. Məktəblərin, tibb ocaqlarının, idman qurğularının, uşaq bağçalarının tikintisi davam etdiriləcək. İxrac bazarlarının əldə edilməsi də bu prioritet məsələlər sırasındadır.

Konfransda həmçinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə yüksək qiymətləndirildi, cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatların bundan sonra da aparılacağı bildirildi. Vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev dedi: “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.

Bəli, bu gün ölkəmizdə sürətli inkişaf prosesi gedir, düşünülmüş və müstəqil siyasət yeridilir, iqtisadi, siyasi sahələrdə islahatlar aparılır. Bütün bunların qarantı isə xalqla iqtidar arasında olan birlikdir. Prezident konfransda bu birliyi belə dəyərləndirmişdir: “Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir”.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2015.- 5 fevral.- S.6.