Azərbaycan taleyini
özü müəyyən edir
Prezident İlham Əliyevin Almaniya və
İsveçrədəki görüşləri Azərbaycanın
həyata keçirdiyi müstəqil siyasəti bir daha
nümayiş etdirdi
Çox
qısa zaman kəsiyi ərzində dinamik və kompleks
inkişafa nail olan Azərbaycanın regionun lider dövlətinə
və beynəlxalq birlikdə söz sahibinə çevrilməsi
dünyanın həm qəbul, həm də etiraf etdiyi
gerçəklikdir. Bu gerçəkliyin əsası
vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən
müəyyən edilib, konturları cızılıb. Ulu öndərin müəyyən etdiyi yeni və
güclü Azərbaycan inkişaf strategiyasının
Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti,
xarizması, yüksək siyasi və liderlik keyfiyyətləri
ilə həyata vəsiqə alması bugünkü
uğurlarımızı təmin edən əsas səbəbdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi
kurs nəticəsində Azərbaycanın yeni dövrün tələblərinə
cavab verən sürətli və kompleks inkişafı təmin
olunub. XXI əsrin əvvəllərindən başlayaraq
yüksək inkişaf sürəti götürmüş
ölkə iqtisadiyyatı son illərdə yaşanan qlobal
iqtisadi və maliyyə böhranı şəraitində də
uğurla inkişaf etməkdə davam edib. Aparıcı ölkələr hələ də
böhran qarşıdurması problemlərini həll etdiyi bir
vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş
yeni strateji vəzifələri həyata keçirib. Bu baxımdan ölkəmizin makroiqtisadi
dayanıqlıq göstəricilərinə görə
dünyada ilk onluqda qərarlaşması təsadüfi
sayıla bilməz. Həyata keçirilən
müasirləşmə strategiyası və uğurlu
sosial-iqtisadi siyasət nəticəsində ölkədəki
yüksək iqtisadi artımın sosial rifaha və yüksək
həyat standartlarına sürətli transformasiyası baş
verib. Nəticədə Azərbaycan
adambaşına düşən ümumi daxili məhsulun həcminə
görə sürətlə irəliləyərək
qısa zaman ərzində orta gəlirli dövlətlər
qrupuna daxil olub.
Regionda və
dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən,
geosiyasi dəyişikliklərin gedişini xalqın
maraqları çərçivəsinə yönəltməyə
qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər
etməyi bacaran, qlobal siyasi və iqtisadi
çağırışlara düzgün adekvat münasibət
ortaya qoyan Prezident İlham Əliyev ölkəmizin
inkişafına və təhlükəsizliyinə nail olmaqla
yanaşı, dünya birliyində onun mövqelərini
davamlı şəkildə gücləndirib. Dövlət
başçısının düşünülmüş,
məqsədyönlü fəaliyyəti ölkəmizdə
milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın
regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına
gətirib çıxarıb. Odur ki, fəaliyyəti ilə
ölkə cəmiyyətindən daim dəstək alan, müasir qloballaşma dövründə
istənilən məsələ üzrə Azərbaycanın
milli maraqlarının sadiq təminatçısı kimi
çıxış edən Prezident İlham Əliyev ulu
öndərin layiqli davamçısı olaraq beynəlxalq
miqyasda ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul
edilir.
İndiyədək keçirilmiş bütün yerli və
xarici rəy sorğularının nəticələri də
Prezident İlham Əliyevin yüksək reytinqini, xalq tərəfindən
alternativsiz siyasi lider kimi dəstəkləndiyini dəfələrlə
sübuta yetirib. Əksər dövlətlərin
praktikasından məlum olduğu kimi, prezident
kürsüsünə sahib olmuş siyasətçinin
reytinqi seçkilər başa çatdıqdan bir qədər
sonra tədricən aşağı düşməyə
başlayır. Lakin son illərdə
ölkəmizdə keçirilən bütün rəy
sorğularının nəticələri göstərir ki,
Prezident İlham Əliyev nadir siyasətçilərdəndir
ki, onun vətəndaşlar arasında reytinqi nəinki
sabitdir, əksinə durmadan yüksəlməkdədir. Bunun da əsas səbəbi cənab Prezidentin fəaliyyətinin
nəticəsi olaraq insanların daim yüksələn
etimadıdır.
Bir neçə gün əvvəl Almaniyaya
işgüzar səfəri zamanı bu ölkənin Kansleri
Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında
verilən suala cavab olaraq Prezident İlham Əliyevin dediyi “Mənim
reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda
keçirilən sorğulara görə mənim reytinqim 90
faizə yaxındır. Bu da yəqin ki,
son illər ərzində Azərbaycanda aparılan islahatlarla
bağlıdır. Deyə bilərəm ki, Azərbaycan
son 11 il ərzində iqtisadi cəhətdən
dünyanın ən sürətlə inkişaf edən
ölkəsidir. İqtisadiyyat 3 dəfədən
çox artmışdır, işsizlik 5 faiz səviyyəsindədir,
yoxsulluq da 5 faiz səviyyəsindədir. Davos
Ümumdünya İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə
görə 38-ci yerə layiq görüb. Belə
nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin
reytinqi yüksək olmalıdır” sözləri də məhz
xalqın dəstəyindən, sevgisindən və
etimadından qaynaqlanır.
Dövlətlərin inkişaf səviyyəsini,
nüfuzunu, beynəlxalq etimadını və bu kimi digər
xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən
biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər
ölkə dünya birliyinin subyekti olaraq həm
özünün milli maraqlarına cavab verən və həm
də müstəqil siyasət həyata keçirmək istəyir.
Məhz bu konteksdən yanaşaraq əvvəldə
də qeyd olunduğu kimi, yerləşdiyi regionun lider dövləti
olan Azərbaycanın həm də beynəlxalq birlikdəki
yerini möhkəmləndirməsi, söz sahibinə
çevrilməsi dünya miqyasında qəbul edilən
reallıqdır. Bu reallığı təsdiq
edən bir çox amilləri sadalamaq mümkündür ki,
bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi
müstəqil siyasətdir. Müstəqil
siyasət yeridən Prezident İlham Əliyev
üçün Azərbaycanın dövləti maraqları hər
şeydən ucadır.
Ulu öndər Heydər Əliyevdən başlanan bu siyasət
bu gün çox uğurla və daha yeni formada davam etdirilməkdədir. Müstəqil
siyasətin fəlsəfəsində həm də müstəqil
iqtisadi siyasət və müstəqil qərarların qəbul
edilməsində dayanır. Odur ki, Azərbaycanda
dövlət adından qəbul edilən bütün qərarlar
yalnız və yalnız Azərbaycanın öz müstəqil
qərarlarıdır. Ölkəmizin
sosial, siyasi, iqtisadi həyatına kiçicik bir məsələnin
diktə edilməsi Azərbaycan dövləti
üçün qəbul olunmazdır. Bununla
bağlı kifayət qədər və beynəlxalq səviyyədə
öz təsdiqini və dəstəyini tapmış faktlar
ortaya qoymaq mümkündür. Azərbaycanın həyata
keçirdiyi enerji siyasəti, sosial-iqtisadi inkişafı,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərini məhz
dialoq və əməkdaşlıq üçün
açıq olduğunu birmənalı şəkildə elan
etməsi bu barədə kifayət qədər aydın fikir
yeritməyə əsas verir.
Almaniyadan sonra Davosda keçirilən Dünya İqtisadi
Forumunda iştirak etmək üçün İsveçrəyə
işgüzar səfər edən Prezident İlham Əliyevə
burada göstərilən münasibət də Azərbaycanın
müstəqil siyasət yeridən ölkə olmasından irəli
gəlir. Prezident İlham Əliyevin iştirakı ilə
Davosda keçirilən sessiyalar göstərdi ki, müstəqil
Azərbaycanın qazandığı uğurlar
baxımından inkişaf etməkdə olan əksər
dövlətlər üçün bir nümunə rolunu
oynamaqdadır və sözügedən kontekstdə
sosial-iqtisadi sferanın ən müxtəlif sahələrində
ölkəmizin malik olduğu təcrübəyə getdikcə
daha çox müraciət olunur. Xüsusən
qlobal maliyyə böhranının yaratdığı fəsadlara
qarşı dayanıqlıq həddini araşdıran
dünyanın bir çox aparıcı mərkəzləri
indi Azərbaycana daha çox maraq göstərməkdə,
onun inkişaf dinamikasını tədqiq etməkdədirlər.
Əlbəttə, beynəlxalq miqyasda
qazandığı yüksək etimadın kökündə
dayanan əsas səbəblər məhz həyata keçirilən
müstəqil siyasətdən irəli gəlir. Danılmaz
faktdır ki, müstəqil siyasət həyata keçirənə
beynəlxalq aləmdə də ehtiram göstərərlər.
Faktiki müstəqil olmayan dövlətlərə
olan münasibət isə başqa paytaxtlardan idarə olunan
Ermənistan kimi dövlətlərin timsalında daha aydın
görünür. Onlardan fərqli olaraq Azərbaycan
beynəlxalq birliyin tamhüquqlu üzvü olmasını
yalnız beynəlxalq sənədlər üzərində
deyil, həm də əməldə təsdiq edir. Bu gün Azərbaycan dünyanı narahat edən hər
bir məsələdə qətiyyətli və prinsipial
mövqe tutur, beynəlxalq miqyasda sülhə və əmin-amanlığa
layiqli töhfələr verir, Azərbaycan ordusunun bölmələri
ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın
təmin olunmasında iştirak edir, beynəlxalq
terrorçuluqla mübarizədə öz sözlərini
deyirlər. Hansısa təşkilatın
işində iştirak edib-etməməklə bağlı Azərbaycan
özü qərar qəbul edir. Bu mənada
faktiki siyasi və iqtisadi müstəqilliyi Azərbaycana beynəlxalq
miqyasda yüksək ehtiramı şərtləndirən
mühüm məqamlardan biridir.
Müstəqilliyin ən mühüm şərtlərindən
biri ölkənin öz təbii sərvətlərinə tam
sahib olmasıdır. Bu baxımdan zəngin karbohidrogen
ehtiyatlara malik olan Azərbaycanın bu sahədə
yürütdüyü siyasət hər birimizdə fəxarət
hissi doğurur. Öz təbii sərvətlərinin
tam sahibi olan Azərbaycanın neft-qaz strategiyası dünyada
yüksək ehtiramla qəbul olunaraq ölkəmizin beynəlxalq
imicinə müsbət təsirini göstərir. Prezident İlham Əliyevin yeritdiyi uğurlu enerji
siyasəti nəticəsində dünya birliyinə təsir
imkanları yüksələn Azərbaycan artıq beynəlxalq
miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə də
çevrilib. Davosda Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən “Regionların transformasiyası: Avrasiya”
mövzusunda sessiyada həm enerji təhlükəsizliyi məsələləri,
həm beynəlxalq çağırışlar və
müstəqillik illərində Azərbaycanın keçdiyi
inkişaf yolundan danışıldı. Bu məsələlərlə
bağlı fikirlərini bölüşən Prezident
İlham Əliyev bir daha bəyan edərək dedi: “Bu gün
biz azadıq, öz bayrağımız var. Biz artıq BMT-nin
üzvləriyik və öz taleyimizi özümüz təyin
edirik. Bunu özümüz edirik”.
Azərbaycan tam müstəqil siyasət
yürüdür. Prezident İlham Əliyevin Almaniya və
İsveçrə səfərlərində keçirdiyi
görüşlər Azərbaycanın həyata
keçirdiyi müstəqil siyasəti, eləcə də bu
siyasətin mahiyyətini və keyfiyyətini bir daha
bütün dünyaya nümayiş etdirdi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2015.- 5 fevral.- S.7.