Azərbaycan dünya
miqyasında artıq seçilən ölkələrdən biridir
Prezident İlham
ƏLİYEV: “Üçüncü
proqramın icrası ilə də bağlı heç
bir problem
olmamalıdır. Proqramı icra etmək üçün bütün
cəmiyyət səfərbər olmalıdır və əminəm
ki, biz buna
nail olacağıq”
III Dövlət Proqramının icrasının birinci ilinin yekunları respublikanın ötən illərdən başlanmış sürətli inkişafında hər hansı geriləmənin olmadığını bir daha göstərdi. Ötən dövrün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın iqtisadiyyatında uğurların ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir.
Dünyada maliyyə və iqtisadi böhranın yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsində bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır.
İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri respublikanın maliyyə resurslarının kəskin artımına, iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Azərbaycanın valyuta ehtiyatları da artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə hətta bir çox ölkələri də qabaqlayır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirib: “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı III Dövlət Proqramı keçən il qəbul edilmişdir. Keçən il biz Heydər Əliyev Mərkəzinin bu salonunda II Dövlət Proqramının yekunlarını müzakirə etmişdik və üçüncü proqramın qəbul olunması məsələsi o vaxt qoyulmuşdur. Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır. Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır”.
Ötən bir ildə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir.
Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Azərbaycan hökumətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşıb, 400 min insana ünvanlı sosial yardım verilir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Bu da çox mühüm nəticə kimi qiymətləndirilə bilər.
Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Cənab İlham Əliyev demişdir ki, qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları alt-üst edir. Ötən il qeyri-neft sektorunda 7 faizlik artımın baş verməsi də ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası da mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.
Prezident İlham Əliyev
III Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirib: “Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq ki, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.
Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün növbəti illərdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.
Regional inkişaf sahəsində əldə olunmuş uğurlu nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq, davamlı inkişaf edir. Dünya bazarında neftin qiymətinin büdcədə nəzərdə tutulmuş həddən aşağı düşməsi də mühüm layihələrin başa çatdırılmasına təsir göstərməmişdir. Bütün bunlar isə ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 5 fevral.- S.7.