Nəzəriyyələri ilə dünya
elmini zənginləşdirən alim
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, görkəmli şəxsiyyət Lütfi Zadənin adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilir. Onun elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rifahına, rahatlığına yönəlmişdir. Ən məşhur şirkətlər L.Zadənin elmi ideyalarından bəhrələnirlər. Hamımızın yaxşı tanıdığı Yaponiyanın “Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Toshiba”, “Ormon”, “Sanyo”, “Saniy-Trintron”, “Daewoo” “Goldstar” (LC), “Samsung”, “Honda”, eləcə də Amerikanın “General Motors”, “Motorola”, “DuPant”, “Codak” və yüzlərlə ölkənin tanınmış sənaye şirkətləri dahi alimin elmi nəzəriyyələrindən istifadə edərək sıçrayışla inkişaf edir, böyük iqtisadi səmərəyə nail olurlar. L.Zadə vətənini, xalqını çox sevir. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” - deməklə millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.
2011-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. Yubileyləri bütün dünyada yüksək səviyyədə bir çox tədbirlərlə qeyd edilib.
Lütfi Ələskərzadə 1921-ci il fevral ayının 4-də Bakıda Asiya küçəsində yerləşən 79 saylı evdə anadan olmuşdur. Atası Rəhim Ələskərzadə Azərbaycan Universitetinin “Şərqşünaslıq” fakültəsində təhsil almışdır. Sonralar o, həm iş adamı, həm də eksport-import mətbuat nümayəndəsi kimi tanınmışdır. Anası Feyga xanım isə 1918-ci ildə Tiflisdə qızlar gimnaziyasını bitirmiş və Bakının ali tibb məktəbində uşaq həkimi ixtisasına yiyələnmişdir.
Lütfi Bakıdakı 16
saylı məktəbə getmiş və ömrünün 4
ili bu təhsil ocağı ilə bağlı olmuşdur.
Ötən əsrin əvvəllərində Azərbaycanda
ictimai-siyasi və iqtisadi vəziyyət gərgin olduğuna
görə onların ailəsi 1931-ci ildə İrana
köçmək məcburiyyətində qalmışdır.
O, burada ingilis təmayüllü məktəbdə
oxumuş, sonra Tehran Universitetinin mühəndis-elektrik
fakültəsinə daxil olmuşdur. 1942-ci ildə həmin universiteti
bitirmiş, iki il sonra isə Amerika Birləşmiş
Ştatlarına getmişdir. 1946-cı ildə Massaçuset
Texnologiya İnstitutunda təhsilini başa vurmuş, 1949-cu ildə
Nyu Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini
almışdır. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin
sədri olan Norbert Viner L.Zadəyə məktub yazaraq onu Berkli
Universitetinə işləməyə dəvət etmişdir.
Görkəmli alim 1959-cu ildə ailəsi ilə
birlikdə həmin şəhərə
köçmüşdür. 1959-cu ildən
Kaliforniyadakı Berkli Universitetində çalışır.
1965-ci ildən isə dünyanın
bütün aparıcı firmalarında onun nəzəriyyələri
tətbiq olunur.
L.Zadə doktorluq dissertasiyasını 1949-cu ildə
Kolumbiya Universitetində müdafiə edərək fəlsəfə
doktoru elmi dərəcəsi alır. Kolumbiya Universitetində 10 il işləyən Lütfi əvvəlcə
1950-ci ildə professor köməkçisi, 1957-ci ildə isə
professor vəzifələrini tutur. L.Zadənin
1950-ci ildə ayrı-ayrı jurnallarda kibernetikanın
atası Norbert Vinnerin proqnozlaşdırma nəzəriyyəsini
inkişaf etdirən sanballı elmi əsərləri dərc
olunur. Onun 1952-ci ildə nəşr
etdirdiyi elmi işi isə avtomatik idarəetmə sistemində
çevirmə nəzəriyyəsinin əsasını qoyur.
Daim qərar qəbul edən elektron idarəetmə
avtomatın iş prinsipini 1950-cb ildə “əgər-onda”
münasibəti əsasında quraraq təsvir edir. 1954-cü
ildə L.Zadə özünün “Sistem nəzəriyyəsi”ni yaradır. Həmin illərdə dünya
şöhrətli alim Norbert Vinner nüfuzlu jurnal səhifələrində
L.Zadənin elmi məqalələri ilə tanış
olur və onu gələcəyin ən böyük alimi kimi
görür. Lütfini Berkli Universitetinə
işləməyə çağırır. Alim bu universitetdə elektrik mühəndisliyi
kafedrasında çalışmağa başlayır. 1963-cü ildən həmin kafedraya
başçılıq edir və bundan sonra kafedranın
adını dəyişdirərək “Elekrtik mühəndisliyi
və kompüter elmləri” adlandırır. Berkli Universiteti və bu kafedra onun bir alim kimi
yetişib formalaşmasında və inkişafında
böyük rol oynayır.
Berkli Universitetində işlədiyi dövrdə
Lütfi Zadənin diqqətini əsasən xətti sistemlər
və avtomatlar problemi cəlb edir. Burada o, professor
Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili
üçün vəziyyətlər fəzası
yanaşması probleminin araşdırılması ilə məşğul
olur. Beləliklə, “xətti sistemlərin təhlili
üçün vəziyyətlər fəzası” adlı
müştərək elmi əsəri meydana gəlir. Nəticədə Lütfi Zadə dinamik idarəetmə
sistemlərinin əsasını təşkil edən yeni
yanaşma metodu təklif edir. Bu metodun mərkəzində
alimin vəziyyətlər fəzası nəzəriyyəsi
dayanırdı. 1964-cü ildə dünya
elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi
yaranır. 1965-ci ildə azərbaycanlı
alim tərəfindən tamamilə yeni, çox qiymətli
qeyri-səlis məntiq nəzəriyyəsi ortaya qoyulur. Bununla da dünya elm tarixində, kompüter sahəsində
böyük kəşflər edilir.
Professor
Lütfi Zadənin “Zamana görə dəyişən şəbəkələrin
tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini ilə
birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin
inkişaf etdirilməsi” (1950), Ç.R.Raqassini ilə birlikdə
yazdığı “Z-çevirmə üsulunun
yaradılması” (1952), “Qeyri-xətti süzgəclər nəzəriyyəsinin
yaradılması” (1953), “Sistemlərin identifikasiya problemlərinin
formalaşdırılması” (1956), Ç.A.Desoir ilə
birlikdə yazdığı “Xətti sistemlərin təhlili
üçün vəziyyət fəzası” (1963), R.E.Belman
ilə birlikdə yazdığı “Qeyri-səlislik şəraitində
qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və
qeyri-səlis “əgər-onda” qaydalarının
konsepsiyası” (1973), “Təbii dilin işlənilməsi
üçün mümkünlük nəzəriyyəsi”
(1978), “Təxmini mühakimə nəzəriyyəsi” (1979),
“Sağlam düşüncəyə əsaslanan mühakimə
nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis
qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı,
soft computing nəzəriyyəsi” (1991), “Sözlə işləyən
kompüterlər nəzəriyyəsi” (1996), “Qeyri-səlis
informasiya qranulyasiya nəzəriyyəsi” (1997), “Təəssürat
nəzəriyyəsi” (1998) əsərləri dünya elminin
inkişafında mühüm rol oynayır.
Görkəmli alimin dünya idarəetmə elminə
verdiyi ən böyük töhfələrdən biri elmi ədəbiyyatda
Z-çevirmə üsulu kimi tanınan (Zadə
sözünün baş hərfi) diskret və rəqəmli
idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını
qoyan elmi nəzəriyyədir. Alimin xidmətlərindən
biri də müasir idarəetmə elminin əsasını təşkil
edən vəziyyətlər fəzası, dinamik sistemlərin
idarəolunma və müşahidəolunma nəzəriyyələrinin
təklif olunmasıdır. Məşhur tədqiqatçının
son dövr təklif etdiyi nəzəriyyə rəqəmlə
yox, sözlə işləyən kompüter nəzəriyyəsidir.
Bu cür maşınlarda informasiyanın
qranulyasiyası kimi rəqəmlər, kodlar deyil, sözlər,
cümlələr istifadə olunur. Belə
kompüterlərin ən adekvat modeli təxmini məntiqi qərarçıxarma
qabiliyyətinə malik olan və təəssürat əsasında
informasiyanı işləyə bilən insan beynidir. Alimin hələlik təklif etdiyi son nəzəriyyə
təəssürat nəzəriyyəsidir. Qeyri-səlis məntiq qəbul edilmiş qeyri-müəyyən
informasiyanın əsasında nəticə çıxarma
üsullarını verirsə, təəssürat nəzəriyyəsi
ətraf aləm haqqında tez, dolğun və dəqiq
ölçmə aparmadan informasiya almaq üsullarını təqdim
edir. Bu nəzəriyyənin məqsədi
insanda olan oxşar süni təəssürat sistemi yaratmaq
prinsipləri və üsulları verməkdir.
Lütfi
Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin
fəxri doktoru adına layiq
görülüb. O, İEEE Educational medalı (1973), İEEE
Centennial medalı (1984), Honda mükafatı (1989), Berkeley
Citation (1991), İEEE Rişard Hamming medalı (1992), Rufus
Oldenburger medalı (1993), İEEE Fəxri medalı (1995),
Bolzano medalı (1997), Edvard Feigenbaum medalı (1998), İEEE
Milenium medalı (2000), V.Kaufman mükafatı və
Qızıl medalı (2004), Egleston medalı (2007), Franklin
medalı (2009), “Dostluq” ordeni (Azərbaycan, 2011 ) ilə təltif
olunmuşdur.
Məşhur alim 200-dən çox elmi məqalənin tək
müəllifi və 70-dən çox elmi jurnalın redaksiya
heyətinin üzvüdür. Onun elmi-tədqiqat işi ONR N00014-02-1-0294
Omron Qrant, Tekes Qrant, Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin qrantı (2008, 2011,
2012), Azərbaycan Universitetinin qrantı və UC Berkeley
Universitetində Soft Computinq üzrə təşəbbüs
(BİSC) proqramı qrantları vasitəsilə dəstəklənmişdir.
Lütfi Zadənin doğma Bakıya ilk səfəri
1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində
üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə
problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan
sonra olmuşdur.
43 ildən
sonra professor Lütfi Zadə “BakuTel” beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgi və
konfransında iştirak etmək üçün 2008-ci il noyabrın 8-10-da Bakıya ikinci dəfə səfər
etmişdir. Səfər zamanı Fəxri
xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edən dünya şöhrətli alim Prezident
İlham Əliyev tərəfindən də qəbul
edilmişdir. Lütfi Zadə Bakıya səfərindən
və ölkə başçısı ilə
görüşündən məmnunluğunu ifadə
etmişdir.
2011-ci ildə “Dostluq” ordeni ilə təltif edilən
Lütfi Zadə Prezident İlham Əliyevə minnətdarlıq
məktubu göndərmişdir. Məktubda deyilir:
“Hörmətli Prezident İlham Əliyev! Mən Azərbaycanda
olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Sizin apardığınız qara qızılın
insan qızılına çevrilməsi doktrinası Sizin rəhbərliyinizin
ilkin vaxtlarından çox dəyərlidir və minlərlə
vətəndaşa və Azərbaycandan kənarda yaşayan
dostlarına da yaxşı mənada təsir edir və Sizin Azərbaycanın
gələcəyi ilə uzaqgörən planlarınız məni
xoşbəxt və əmin edir ki, gənc və müstəqil
Azərbaycan cavan və məşhur siyasi lider tərəfindən
güclü əllərdədir. Azərbaycanın
dostları bu faktı da bilirlər ki, Azərbaycanın
görkəmli, uzaqgörən və güclü Prezidenti var
və bu da ölkədə yaşamaq üçün
sülh şəraitini yaradır. Son bir
neçə il ərzində Sizin əldə etdiyiniz sosial
sabitlik və iqtisadi inkişaf Azərbaycanda yaşamaq, oxumaq və
işləmək üçün ən gözəl yer
olması baxımından güclü platforma yaradıb”.
Professor
Lütfi Zadənin 2011-ci ildə təltif edildiyi orden və
medallarını xüsusi qeyd etmək çox vacibdir: Soft
Computing inkişafı fondu ücün Trust Fondunun medalı,
Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2011-ci il sərəncamı ilə “Dostluq” ordeni, Konstruktor
və texnoloji elmlər cəmiyyətinin “Sürətlə
inkişaf edən elm və texnologiyada ruhlandırıcı
görünüş” üçün transdissiplinar təltifi
və medalı.
Lütfi Zadənin adı İEEE İntellektual Sistemlər
jurnalının AI/Intellektual Sistemlər üçün
Şöhrət Zalı (AI/Intelligent Systems Hall of Fame)
siyahısına 2011-ci ilin avqust ayından daxil eilmişdir. Görkəmli
alimin adı hələ 2006-cı ildə Silikon Vadisi Mühəndislik
Şöhrət Zalına və Almaniyada Nixdorf kompüterlər
muzeyi siyahısına salınmışdır.
Bu gün 94 yaşını qeyd edən dünya
şöhrətli azərbaycanlı professor Lütfi Zadə
fundamental elmi nəticələri, nəzəriyyələri,
ixtiraları, yenilikləri ilə xoşbəxt
insanlardandır. O, şərəfli ziyalı ömrünün bu
müdrik çağında da dünya elminə əvəzsiz
töhfələr verir.
Böyük alimlə ad günü ərəfəsində
söhbət etdik. Professor bəzi suallarımıza
cavab verdi:
- Bu il 94 yaşınız tamam olur. Sizi
ürəkdən təbrik edirik. İndiki
və gələcək fəaliyyətinizdə uzun
ömür, cansağlığı və uğurlar
arzulayırıq. Bu yaşda özünüzü necə
hiss edirsiniz və elmi karyeranızın hələ də fəal
olmağını necə idarə edirsiniz?
- Əvvəla, mən fikir və ideyalarımı
bölüşmək üçün imkan
yaratdığına görə “Azərbaycan” qəzeti
redaksiyasına və sizə təşəkkür edirəm. Təbriklərə
görə minnətdaram. İndi sizin
sualınıza cavab olaraq deyə bilərəm ki, mən
uşaqlıqdan həmişə mühəndis və ya alim,
araşdırıcı, tədqiqatçı, professor, bu qəbildən
olan bir mütəxəssis olmaq istəmişəm. Kolumbiya və Berkeley kimi nüfuzlu universitetlərdə
akademik olmaq yalnız uğurdan xəbər verirdi. Mənim təcrübəmdəki nailiyyətlər
qazandığım müvəffəqiyyətlərdə
çox mühüm rol oynayır. Akademik
karyerasına daxil olan zaman bu qədər nailiyyəti gözləmirdim.
Yaxşı professor, bir neçə kitabın,
məqalələrin müəllifi olmağı təxmin
edirdim, amma tanınmış şəxs olmağı
ağlıma belə gətirmirdim. Mən
qeyri-səlis çoxluqlar anlayışını kəşf
edəndə özümü xoşbəxt saydım və bu
anlayış mənə, eləcə də bir
çoxlarına bu istiqamətdə onun həm nəzəri,
həm də praktiki tərəflərini inkişaf etdirmək
üçün yeni imkanlar yaratdı. Uca
Tanrıya təşəkkür etmək istəyirəm ki,
bir çox insanların əldə edə bilmədiyi müvəffəqiyyətlərə,
mövqeyə nail olmuşam. Nəzəriyyələrim
mən həyatda olmayanda da yaşayacaq. Bu
mənim üçün vacib şərtdir.
- İndiyə kimi əldə etdiyiniz nailiyyətlər
barədə fikirlərinizi bilmək istərdik. Elə nailiyyətlər
varmı ki, siz onları arzulamısınız, lakin əldə
etməmisiniz?
-
Düşünürəm ki, istədiyim nailiyyətlərin
çoxunu əldə etmişəm. Xeyli
mükafatlar və medallar almışam. Əldə
edə bilmədiyim bir neçəsi var, onlardan yalnız
birini qeyd edəcəyəm. Bu, Yaponiyanın Kiyoto
mükafatıdır, məbləği 1 milyon dollardır... Mənim Yaponiyada güclü tərəfdarım
olub, ölkənin aparıcı siması, Tokio Universitetinin
prezidenti və yaxın dostum. Əgər
o, vəfat etməsəydi, həmin mükafata da sahib
olacaqdım. Əlbəttə ki, bu o qədər
də əhəmiyyətli deyil. Sadəcə,
həmin mükafatı alsaydım, məmnunluq hissi keçirəcəkdim.
Mən ayrı-ayrı vaxtlarda iki əhəmiyyətli
mükafatı - Honda və Okavo mükafatlarını
qazanmışam. Bir neçə il
bundan əvvəl texnologiyanın inkişafı
mükafatına da layiq görülmüşəm. Onun dəyəri 500 min dollardır.
-
Düşünürəm ki, bu sual bütün alimlər
üçün maraqlı olacaq. Hazırda hansı elmi istiqamət
və elmi iş üzərində işləyirsiniz?
- Bəli,
mən hələ də elmi fəaliyyətimdə aktivliyi
qoruyuram. 94 yaşımda hər hansı bir ideya
üzərində düşünə, kəşf edə, məqalə
yaza bilirəm. Elə indilərdə
“Qeyri-səlis məntiq - mənim şəxsi perspektivim”
adlı məqaləmi bitirmişəm. 2008-ci
ilin dekabr ayında ürək infarktı keçirdim və o
vaxta qədər isə ildə 2054 mil Amerika təyyarəsi
ilə uçurdum. Xəstəlikdən
sonra səfərlərimin sayını azaltdım və
Berklidə daha çox vaxt keçirirəm.
Mənim ən mühüm yazılarımdan çoxu məhz
2008-ci ilə təsadüf edir. Bir qədər ironik
olsa da, mühüm ideyalarım da 2008-ci ildə yaranıb.
İndiki işlərim axırıncı 60 ildə
meydana gələn ideyaların inkişafı və
davamıdır. Bu ideyalar hadisələrin
axarınca daha geniş addımlamağı təkmilləşdirir.
Fikirləşirəm ki, bu ideyalar mən həyatda olmayanda da
yaşayacaq və insanlar mütləq o qənaətə gələcəklər
ki, professor Lütfi Zadə öz
ideyalarında haqlı imiş və onlara müəyyən
adamların inamsızlığı və qeyri-obyektiv fikirləri
əsassız imiş.
- Mən
bilirəm ki, siz Azərbaycanın gələcəyi ilə
çox maraqlanırsınız. Bu barədə
fikirlərinizi bilmək istərdik.
- Mən
Azərbaycanı 10 yaşında tərk etmişəm. Lakin doğma yurdum öncə qeyd etdiyim kimi, mənim
qəlbimdə, fikrimdə həmişə olub, isti yer tutub.
Azərbaycanı neçə illərdən
sonra ilk olaraq 1965-ci ildə birgünlük və 2008-ci ildə
bir neçə günlük ziyarət etdim. Həmişə vətənimdə baş verən
hadisələrdən məlumatlı olmağa
çalışıram və əlbəttə ki, Azərbaycanda
yaşayan çoxlu dostlarım var və hər zaman bura gələn
azərbaycanlılarla görüşürəm, fikir
mübadiləsi aparıram. Mən deyərdim
ki, başqa ölkələrin gələcəyindən fərqli
olaraq Azərbaycanın gələcəyi barədə
çox optimistəm. Azərbaycanın bəxti gətirib
ki, onun çox uzaqgörən lideri var. Mən Bakıda olan
zaman qürurverici hadisələrdən biri o oldu ki, Prezident
İlham Əliyevlə görüşdüm, onun biliyi,
dünya hadisələrindən anlayışı, Azərbaycanın
gələcəyi barədə planları, arzuları mənə
çox xoş təəssüratlar bağışladı.
Və mən hiss edirəm ki, o, vətənin
işıqlı gələcəyi üçün öz məsuliyyətindən
də artıq işlər görür. Əlbəttə
ki, təbii sərvətlərin, yəni neft və qazın
olması buna çox kömək edir. Mən
belə başa düşürəm ki, respublikanın neft və
qazdan olan gəliri 9 milyonluq xalqa
bölüşdürülüb. Başqa
ölkələrdən fərqli olaraq Azərbaycan
infrastrukturunun yaxşılaşdırılması
üçün zəngin resurslara malikdir, hansı ki hər kəsin
yaşayışının inkişafına böyük
köməkdir. Əvvəldə də
söylədiyim kimi, mən Azərbaycanın gələcəyi
barədə çox optimistəm, əsasən iki səbəbə
görə - idarəçiliyin səviyyəsi və
resursların olması. Əgər təkcə resurs
varsa, idarəçilik yoxdursa, orada uğur ola
bilməz, əgər idarəçilik varsa, resurs yoxdursa,
orada da nailiyyət qazanmaq mümkün deyil, ikisi olan halda
şanslar çox yaxşıdır.
- Azərbaycanda
dövlətin informasiya texnologiyaları sahəsinə
ayırdığı diqqəti siz necə qiymətləndirirsiniz?
- Çox məmnunam ki, cənab Prezidentdən sonra Azərbaycanda elm və informasiya texnologiyalarının inkişafına rəhbərliyi nazir, professor Əli Abbasov yerinə yetirir. Bu iş heç də asan deyil, amma bu sahədə qazanılan uğurlar təqdirəlayiqdir. Azərbaycanda elmi mühitdə informasiya texnologiyalarını mühüm istiqamətlərdən biri etmək üçün çoxsaylı təşəbbüs siyahıları qəbul olunmuşdur. İnformasiya texnologiyalarını inkişaf etdirmək naminə Asiya ölkələri, xüsusilə Cənubi Koreya ilə rəqabətə girmək çox ağırdır. Cənubi Koreya mənim üçün çox gözəl nümunədir ki, oradakı alimlər informasiya texnologiyalarını bu qədər yüksək səviyyədə inkişaf etdirə biliblər. “Samsung” Cənubi Koreya Siemensinə nisbətən çox diqqətəlayiqdir. Ötən əsrin 50-ci illərinin sonundan başlayaraq “Samsung” həm peşəkar, həm də həvəskar avadanlıqların istehsalçısı kimi ən aparıcı yerlərdən birini tutur. Bax, bu növlü rəqabətlər mövcuddur. Azərbaycan əhalisi təxminən 10 milyon təşkil edir, mən dəqiq saya əmin deyiləm. Amma 10 milyon əhali ilə olduqca çox əhalisi olan Cənubi Koreya arasında rəqabət aparmaq asan məsələ deyil. Mən hələ Çini demirəm, çünki onunla rəqabət daha çətindir. Ona görə düşünürəm, Azərbaycan üçün gərəkli o olar ki, əməkdaşlıq haqqında razılaşmalar universitetlərlə qurulsun və məncə, Cənubi Koreya bu cür əməkdaşlığa daha maraqlı olar, nəinki Avropa ölkələri. Lazımi investisiyalara malik, lakin çox da baha olmayan istehsal müəssisələrinin Azərbaycanda tikilməsi məsləhətdir. Elə mütəxəssislər var ki, Əli Abbasovun nümunəsində, informasiya texnologiyaları sahəsində əldə edilən uğurları ilə respublikanı bu istiqamətdə regional mərkəzə çevirə bilmişdir. Azərbaycan elmə və texnologiyaya böyük diqqət və hörmətlə yanaşır. Bu da qeyri-neft sektorlarından çox gəlir əldə etməyə kömək edir. Azərbaycanda təkcə informasiya texnologiyaları sahəsində deyil, başqa sahələrdə də güclü irəliləyişlər var. Bu, məni çox sevindirir.
- Azərbaycan alimlərinin
I qurultayı 19 dekabr 2014-cü ildə Bakıda keçirildi. Siz də qurultaya - plenar iclasa öz təbriklərinizi göndərdiniz. Azərbaycan alimlərinə nə arzulayardınız?
- Mən bu qurultaya öz salamlarımı videoçəkiliş vasitəsilə göndərmək imkanına malik olduğuma görə çox şadam. Və təbii, alimlərin qurultaylarının keçirilməsi çox vacib tədbirdir. Azərbaycan rəhbərliyi elmin inkişafına, informasiya texnologiyalarına, təhsilə, mədəniyyətə və s. sahələrə böyük diqqət yetirir. Bunlar da mədəniyyət, intellektual səviyyə və s. üçün çox əhəmiyyətlidir. Beləliklə, mən salamlarımı bütün Azərbaycan alimlərinə yetirməklə onlara daha böyük uğurlar, elmi nailiyyətlər və yeni konfranslar keçirməyi arzulayıram.
Şahnaz
ŞAHBAZOVA,
Azərbaycan
Texniki Universitetinin dosenti,
Lütfi Zadə adına Beynəlxalq
Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan.-2015.- 5 fevral.- S.9.