“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq  qərara alır:

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 607; 2005, ¹ 10, maddə 905; 2008, ¹ 8, maddə 701; 2014, ¹ 6, maddə 620) aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:

“Maddə 15-1. Azərbaycan Respublikası vətəndaşının andı

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişya  Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:

“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm.”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 6 fevral.- S.2.