Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə xalq artisti Əlibaba Məmmədova
həsr olunan musiqi albomu nəşr edilib
Azərbaycan
muğam sənətinin qorunmasına və inkişafına
xüsusi diqqət və qayğı göstərən Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə milli musiqi mədəniyyətimizin görkəmli
nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq
mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun
85 illik yubileyi münasibətilə xanəndənin həyat və
yaradıcılığına həsr olunmuş yeni musiqi
albomu nəşr edilib.
AzərTAc xəbər verir ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.
Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.
Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət
hesabatı kimi Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin
qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin
gözəl nümunəsi olan
yaradıcılıq yolunu əks etdirir.
Azərbaycan.-2015.- 6 fevral.- S.3.