Mədəniyyət və Turizm
Nazirliyində ukraynalı yazıçılarla görüş
Fevralın
5-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Azərbaycan Yazıçılar Birliyinin nəzdində
fəaliyyət göstərən Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin dəvəti
ilə “Azərbaycan-Ukrayna ədəbi görüşləri”
çərçivəsində ölkəmizə gəlmiş
ukraynalı yazıçılarla görüşüb.
AzərTAc xəbər verir ki, qonaqları səmimi salamlayan nazir ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrin inkişafından söz açıb. Bildirib ki, ölkələrimiz arasında ədəbi əlaqələr hər zaman inkişafda olub. Bu mədəni əlaqələr dövlətlər arasında sülhün qorunmasına xidmət edib. Son dövrdə Azərbaycanın mədəniyyət və ədəbiyyatı sahəsində baş verən mühüm hadisələr haqqında qonaqları məlumatlandıran nazir, inşa olunan yeni mədəniyyət mərkəzləri haqqında informasiya verərək qonaqları şəhərin tarixi mədəni abidələri ilə tanış olmağa dəvət edib. Nazir ölkələrimiz arasında mədəni əlaqələrin müasir qaydalara uyğun yeni tendensiyalarla qurulmasının tərəfdarı olduğunu nəzərə çatdırıb. Hər iki ölkə arasında keçirilən mədəniyyət günlərinin yeni sferada təşkili, poeziya, elm və sənət adamlarının qarşılıqlı təcrübə mübadilələrinin vacibliyini vurğulayıb.
Ukrayna Ali Radasının deputatı Sergey Taruta səmimi görüşə görə nazirə təşəkkürünü bildirib. Qarşılıqlı əlaqələrin intensiv inkişafı üçün daha da səmərəli metodlardan istifadənin vacibliyini vurğulayıb. Ukraynanın slavyan xalqlarının həyatında, mədəniyyətində, ədəbiyyatındakı rolundan danışan qonaq Azərbaycan-Ukrayna mədəni, ədəbi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə
Ukraynanın ölkəmizdəki səfiri Aleksandr
Mişşenko, Ukrayna Ali Radasının deputatı Mariya
Matios, “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski,
Ukrayna Yazıçılar Birliyinin katibi Lesya Mudrak və digər
insanlar iştirak ediblər.
Azərbaycan.-2015.- 6 fevral.- S.4.