2. Rusiyanın Qarabağda erməniləşdirmə siyasəti

 

Qarabağ: tarix olduğu kimi

 

XVIII əsrin ortalarından etibarən Qarabağ ərazisi Rusiya İmperatorluğunun intriqa mənbəyinə çevrilmişdi. Qafqazda möhkəmlənmək və regionu tam nəzarətə götürmək üçün erməniləri özlərinə müttəfiq seçən çar hakimiyyəti onların bu ərazilərə köçürülməsini təşviq edirdi. 1781-ci ilin sentyabrında Rusiya dövlətinin himayə etdiyi Qarabağ və Sığnaq məliklərindən bəzilərinin - Hətəm bəy, Bəylər bəy, məlik İsrail və Yusif bəy, hakim Stefan Salamon, rəislər Sarkis, Qriqori, Babay və Danilin imzası ilə II Yekaterinaya, Q.A.Potyomkinə və V.A.Suvorova ünvanlanmış məktub göndərilir.

 

Erməni kilsəsinin məkri

 

Məktubda xristian məliklərin “rus qoşunlarının səfəri zamanı müsəlmanlara qarşı silahlı mübarizəyə qalxacağı” vəd edilir, “Qarabağa 10 min nəfərə qədər piyada qoşun göndərilməsi və həmin qoşuna komandanlığın məhz V.A.Suvorova tapşırılması” xahiş olunur. Rusiya hakim dairələrini Qarabağ ərazisinə hücuma şirnikləndirmək üçün Qarabağın təbii ehtiyatları və məhsuldar torpaqları geniş şəkildə təsvir edilirdi (Arməno-russkie otnoşeniə v XVIII veke. 1760-1800 qq. (Sb.dok.), t. IV, ç. II (Erevan, 1990), dok. ¹ 113a, ss. 183-184; İoannisən A.R. (1947), dok, ¹1, ss. 199-206).

Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsen Arqutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövləti yaratmaq üçün Rusiya hökumət nümayəndələri ilə danışıqlar aparmış və bunun üçün 1783-cü ildə “Erməni-rus müqaviləsi layihəsi”ni hazırlamışdır. 18 bənddən ibarət olan bu layihəyə görə, Azərbaycanda müstəqil erməni dövləti yaradılmalı və bu dövlətin ərazisində qoşun saxlamaq hüququ Rusiyaya məxsus olmalı idi. Bu planı reallaşdırmaq məqsədi ilə Q.A.Potyomkin 1783-il aprelin 6-da Qafqaz komandanı P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında yazırdı: “Şuşalı İbrahim xan devrilməlidir, çünki bundan sonra Qarabağda Rusiyadan başqa heç kimdən asılı olmayan “erməni vilayəti” təşkil ediləcəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin. Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər bura axışacaqlar”.

“Qarabağ 99 sualda” kitabında vurğulanır ki, Rusiya tərəfindən dəstəklənən xristian məliklərlə əlaqə İbrahimxəlil xandan gizli, ehtiyatlı şəkildə, əsasən İ.Arqutinski vasitəsilə aparılırdı. Lakin Rusiya agenti Y.Reyneqsin “rus qoşunlarının yürüşü nəticəsində İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və erməni çarlığının bərpası” haqqında məlumat verən məlik Abova göndərmiş olduğu məktub Qarabağ xanının əlinə keçmiş, bu zaman İbrahimxəlil xan yüksək diplomatik məharət göstərərək məliklərin xəyanətkar mövqeyini sübuta yetirmiş və onların müqavimətini qıra bilmişdi.

1783-cü ilin baharında Rusiya ordusunun Cənubi Qafqaza yürüşü haqqında xəbərlər yayıldı. Bu yürüşün başlıca olaraq Qarabağ xanlığına qarşı yönəldiyini aydın dərk edən İbrahimxəlil xan siyasi manevr etmək yolu ilə xanlığa yaxınlaşan təhlükəni dəf etmək üçün həmin il aprelin 6-da P.S.Potyomkinə “Rusiya dövlətinin himayəsinə girmək” arzusunu bildirən məktub göndərmişdi. II Yekaterina İbrahimxəlil xanla bağlı məsələnin həllini bütünlükdə Q.A.Potyomkinə həvalə etmişdi. 1783-cü il mayın 19-da Q.A.Potyomkin II Yekaterinaya yazırdı: “Əlverişli şərait yaranan kimi İbrahimxəlil xanı tabe edərək onun vilayətini milli hakimiyyətə (xristian məliklərə) vermək lazımdır. Bununla da Asiyada sizin vədinizə uyğun olaraq və mənim vasitəmlə ermənilərə çatdırılacaq xristian dövləti yaranacaqdır”.

1783-cü il iyulun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxeti çarlığının Rusiya dövlətinin təbəəliyini qəbul etməsi Azərbaycan xanlıqlarının siyasi vəziyyətini daha da ağırlaşdırdı. Rusiya himayəsinə arxalanan II İrakli xristian məliklərin Qarabağ xanlığı ərazisindəki separatçılıq hərəkətlərinə yardımı gücləndirdi. Gürcüstandakı rus qoşunlarının komandanı S.Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qarabağ xanlığı üzərinə yürüş etmək üçün sürətlə hazırlıq işləri görürdülər. Bu münasibətlə erməni keşiş İ.Arqutinski knyaz Potyomkinə yazırdı ki, əgər rus ordusu Gəncəyə qədər irəliləyə bilsə, erməni məlikləri onlara qoşulacaq və onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta biləcəklər.

1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qarabağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli Gəncə və İrəvan ərazisini ələ keçirməklə yanaşı, bütövlükdə Azərbaycan torpaqlarını Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı. O, Rusiya hakim dairələrinə göndərmiş olduğu məktublarının birində yazırdı: “... Belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz”.

Lakin Rusiya-Osmanlı müharibəsi (1787-1791) başlandığı üçün rus qoşunları Qafqaz xəttinə çağırılmış və Azərbaycan ərazisindən geri dönməyə məcbur olmuşdular. 1787-ci ilin sentyabrında birləşmiş qüvvələrin geriyə döndüyünü görən xristian məlikləri də onların ardınca getməli olmuşdular. Beləliklə, XVIII əsrin II yarısında Rusiya imperiyasının erməni missionerlərinin və Qarabağın xristian məliklərinin köməyi ilə Azərbaycan xanlıqlarını, o cümlədən Qarabağ xanlığını ələ keçirərək bu ərazidə “alban çarlığı” və ya “erməni dövləti” yaratmaq siyasəti baş tutmamışdır.

Amma çar hökuməti Azərbaycanda özünə dayaq yaratmaq cəhdindən əl çəkmir və bölgənin etnik tərkibinin dəyişdirilməsi üçün xüsusi tədbirlər həyata keçirirdi. XVIII əsrin sonu - XIX əsrin əvvəllərindən etibarən isə Rusiyanın Azərbaycandakı işğalçılıq fəaliyyəti gücləndi. Gürcüstanın, eləcə də Azərbaycanın Car-Balakən camaatlığının və Gəncə xanlığının işğalından sonra növbədə, şübhəsiz ki, Qarabağ xanlığı idi. Böyük bir imperiya ilə qarşı-qarşıya çıxmaq imkanında olmayan Qarabağ xanı İbrahim Cavanşir məcburiyyət qarşısında imperiya qoşunlarının komandanı P.Sisianovla 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi bağladı. Müqaviləyə əsasən, Qarabağ xanlığı məhz Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Bu müqavilə Qarabağın Azərbaycana məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

 

Erməni köçü Qarabağın etnik tərkibini dəyişdirdi

 

Bu dövrdən sonra Qarabağa ermənilərin köçürülməsi dinamik xarakter aldı. Faktlara nəzər salaq. Rus alimi N.N.Şavrov 1911-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Novaə uqroza russkomu delu v Zaqafqaze” kitabında yazırdı: “1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürmüş və onları Yelizavetpol (Qarabağ bura aid idi - İ.H.) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi... 124 min rəsmi köçürülən erməni ilə yanaşı, qeyri-rəsmi köçən ermənilərin sayı 200 mindən artıqdır... Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”.

Hələ 1805-ci ildə 390 erməni ailəsinin Şuşaya yerləşdirilməsi məlumdur. Çarizmin köçürmə siyasəti nəticəsində qeyri-müsəlmanların və eləcə də ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Rusların 1810-cu ildə Qarabağda apardıqları siyahıyaalmaya görə, burada 12000 ailə və ya təqribən 60000 insan yaşamışdır. Qarabağ əhalisinin 9500 (79%) ailəsi azərbaycanlı, 2500 (21%) ailəsi isə erməni və rus əhali idi. Rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində isə Qarabağın toplam 642 kəndinin 155-nin ermənilərə, 487-sinin isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu kəndlərdə yaşayan 18563 ailədən 14618-i (78%) azərbaycanlılar, 3945-i (21,2%) isə ermənilərdən ibarət idi. Əhali sayında isə göstərici fərqli idi: Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdi.

1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay və 1829-cu ildə Rusiya ilə Türkiyə arasında bağlanan Ədirnə müqavilələrinə əsasən, ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülmələri rəsmiləşdirildi. Rəsmi məlumatlara əsasən 1828-1830-cu illərdə Şimali Azərbaycana İrandan 40 min, Osmanlı imperiyasından isə 90 minə qədər erməni köçürüldü. Bunların da əsaslı hissəsi məhz Qarabağ ərazisində məskunlaşdırıldı. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə torpağı ayrıldı və yerli müsəlman mülkədarlardan xüsusi ərazidən yerlər satın alındı. Çar hökuməti ermənilərin Qarabağın iqtisadi həyatında da möhkəmlənməsinə xüsusi əhəmiyyət verirdi. Onlara ən yaxşı torpaqlar bəxşiş kimi verilir, sahibkarlıq fəaliyyətləri xüsusi himayə edilir, böyük vergi və gömrük güzəştləri alır, ən əsası isə ermənilər dövlət qulluğuna götürülürdülər.

Lakin çar hökuməti əraziyə ermənilərin axınını kütləviləşdirsə də, azərbaycanlılar tarixi torpaqları olan Qarabağda əksəriyyət təşkil edirdilər. 1832-ci ilin siyahıyaalınmasının nəticələrinə görə, etnik tərkibin 64,8 faizini azərbaycanlılar, 34,8 faizini ermənilər təşkil edirdi. Göründüyü kimi, 1823-cü ildən sonra Qarabağdakı ermənilərin sayı 4 dəfə artmışdır. Ümumiyyətlə isə 1916-cı ilədək Qarabağda əhalinin 51 faizi azərbaycanlılar, 46 faizi ermənilər idi.

Qeyd edək ki, Qarabağ xanlığı ləğv edildikdən sonra burada komendant üsuli-idarəsi yaradılmış, ərazi mərkəzi Şuşa olan Hərbi Müsəlman Dairəsi tərkibinə daxil edilmişdi. Çar hökumətinin 1840-cı il inzibati-hərbi islahatları nəticəsində Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və mərkəzi Şamaxı olan Kaspi (Xəzər) vilayətinə tabe edilmişdi. 1846-cı ildə Şuşa qəzası Şamaxı quberniyasına, 1859-cu ildən Bakı quberniyasına tabe edildi, 1867-ci ildə isə Yelizavetpol quberniyası tərkibinə daxil oldu. Bu məkrli inzibati-ərazi bölgüləri ermənilərin idarəçilik sistemində daha geniş təmsil edilməsinə imkanlar açdı.

XIX əsrin sonlarından etibarən ermənilərin Azərbaycan ərazisində başladıqları soyqırımı siyasəti qanlı məcrada davam edirdi. Kütləvi soyqırımı Qarabağda daha faciəli fəsadlar törətmişdi. Minlərlə insan öldürülmüş, yurdundan didərgin düşmüş, onlarla kənd yandırılmışdı. Həmin dövrdə ermənilər həm imperiya idarə üsulu, həm də güclü müxalif qüvvəyə çevrilən bolşeviklər tərəfindən fəal himayə olunurdular. Yəni hələ o dövrdən etibarən Rusiyada hansı ideologiyanın, hansı siyasi və dövlət quruluşunun hakim olmasından asılı olmayaraq, ermənilərə və onlar üçün yaratdıqları dövlətə məhz “forpost” kimi yanaşmışlar.

Osmanlı və İran ərazilərində yaşayan erməniləri Şimali Azərbaycan torpaqlarına köçürən Rusiya onlara bu ərazilərdə dövlət yaratmağa söz vermişdi. 1828-ci ildə “Erməni vilayəti”ni və 1848-ci ildə İrəvan quberniyasını təsis etməklə çar Rusiyası bunu həyata keçirmək üçün mühüm addımlar atmış oldu. Erməniləri öz siyasi məqsədləri üçün istifadə etmək istəyən Rusiyanın ikinci planı qonşu dövlətlərin işğalında ermənilərdən bir vasitə kimi yararlanmaq idi. Belə ki, XIX əsrin son rübündə xaricdə yaşayan ermənilər arasında terrorçu milli qrupların, yəni təşkilatların yaradılmasına başlanıldı. Bunların arasında ən çox tanınanı “Hnçak” və “Daşnaksütyun” komitələri idi.

Tarixdə ilk dəfə erməni-azərbaycanlı qanlı toqquşması 1905-ci ilin yanvarında oldu. Ermənilər inqilabi şəraitdən istifadə edərək Bakıda törətdikləri qanlı hadisələri qısa bir zamanda Azərbaycanın digər bölgələrinə də yaydılar. Qarabağ isə qanlı hadisələrin ən qaynar nöqtəsinə çevrildi. Şuşada iki il ərzində minlərlə azərbaycanlı qətlə yetirildi. 1905-1906-cı illərdə Qarabağdakı hadisələrdə ermənilərə ən çox yardım edənlər Qarabağ və Tiflisdə yerləşən rus hərbi qarnizonları oldu.

Digər böyük problem isə çarizmin XIX əsr boyunca ermənilərin köçürmələrini davam etdirməsi nəticəsində Qarabağın demoqrafik vəziyyətinin köklü şəkildə dəyişməsi idi. Artıq Şuşa qəzasına gətirilib yerləşdirilən ermənilərin sayı 1886-cı ildə əhalinin 58 faizini təşkil edirdi. 1897-ci ildə aparılan siahıyaalmaya görə, Qarabağın ümumi əhalisinin (415721 nəfər) 59,5 faizi azərbaycanlılara, 39,5 faizi ermənilərə və 1 faizi isə ruslara aid olmuşdu. Maraqlı fakt kimi onu da göstərmək olar ki, rusiyalı tarixçi Skibitski XX əsrin əvvəllərində Şuşa qəzasında yaşayan ermənilərin sayının 25 faizə qədər azaldığını qeyd edir. 1905-1906-cı il hadisələrindən sonra, 1912-ci ildə aparılan qeydiyyatlarda ümumi olaraq Qarabağ üzrə statistik rəqəmlər azərbaycanlıların lehinə (62 faiz - 36 faiz olaraq) dəyişsə də, Şuşa qəzasında ermənilərin sayında artım görünməkdədir.

1897-ci ildə rusların həyata keçirdiyi siyahıyaalmaya görə, Cənubi Qafqazda cəmi 900 min erməninin yaşadığı göstərilir. 1911-ci ilin rəsmi məlumatına görə isə, ermənilərin Qafqazdaki sayı artıq 1,3 milyona çatmışdı. Təqribən 13-14 il ərzində 400 minə (45%) qədər çoxalan ermənilər Cənubi Qafqazdakı çar hakimiyyətinin dayağına çevrilmişdilər. Bunun nəticəsi olaraq onlar Rusiya Dumasında təmsil olunmaq haqqı qazandılar. Artıq ermənilər Cənubi Qafqazın “müqəddəratını təyin edən” üç xalqdan biri idilər.

 

Qarabağda erməni terroru

 

1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımlarının ən dəhşətlilərindən biri də Qarabağ ərazisində baş verdi. Bu dövrdə Gəncə quberniyasının tərkibində yer alan Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarında yerli əhalinin kütləvi soyqırımları həyata keçirildi. Andranikin başçılığı altında erməni quldur dəstələri 1918-1919-cu illər ərzində Qarabağ bölgəsində 150 azərbaycanlı kəndinin minlərlə əhalisini qırıb yox etmişdi.

Osmanlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını azad edərkən Gəncə-Bakı istiqamətindəki yol boyu məntəqələri, sonra da oktyabr ayında başda Şuşa olmaqla Qarabağda erməni quldur dəstələrinin törətdiyi qırğınların qarşısını ala bildilər. Lakin 30 oktyabrda Osmanlı dövləti ilə ingilislər arasında imzalanan Mudros müqaviləsinə görə, Qafqaz İslam Ordusunun Qarabağı və sonra da Azərbaycanı tərk etməsindən sonra bundan istifadə edən ermənilər Qarabağda yenə də qırğınlar törətməyə başladılar.

1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olan vilayətlərdən biri də Qarabağ idi. Hələ 1918-ci ilin 29 mayında Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanı Ermənistana inzibati mərkəz kimi güzəştə gedəndə irəli sürülən əsas tələblərdən biri məhz Qarabağa qarşı erməni iddialarının götürülməsi idi. Lakin erməninin özünə, sözünə, imzasına inanmaq olarmı? Bir müddət sonra Ermənistan Respublikası Xalq Cümhuriyyətinin rəhbərləri ilə razılaşmanı pozaraq, Qarabağa qarşı yenidən əsassız iddialarla çıxış etməyə başladı. Həmin dövrdə Qarabağ məsələsi tək Azərbaycanla Ermənistan arasında deyil, bölgədə maraqları olan digər dövlətlərin də müzakirə predmeti idi.

Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci ilin noyabr ayında İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: “Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5, ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur. Özü də onlar buranın yerli əhalisi deyillər. Rusiya ilə müharibədən sonra Türkiyədən bura köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq”.

Qarabağ ərazisində yaşayan azərbaycanlılara qarşı ermənilərin apardığı kütləvi soyqırımının qarşısını almaq üçün Xalq Cümhuriyyəti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. Fövqəladə hallar səlahiyyəti ilə Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təyin edildi və aprelin 3-də ingilislər tərəfindən də tanındı. Təqribən 6 aylıq müddətdə sürən siyasi, maliyyə və hərbi hazırlıq işlərindən sonra 1919-cu il iyulun 19-25-də aparılan uğurlu döyüşlər nəticəsində erməni-daşnak “ağalığına” son qoyuldu və siyasi həyat normallaşınca erməni icmaları yığıncaqlar keçirərək rəsmi bir şəkildə Azərbaycan hökumətini tanıdılar. Xüsusilə 1919-cu il avqustun 19-da Qarabağ erməniləri toplandıqları VII qurultaylarında Azərbaycan hökuməti ilə bağladıqları 26 maddədən ibarət razılaşma şərtlərini qəbul etdilər. Burada göstərilirdi ki, Paris Sülh Konfransı bu məsələ barədə qərar qəbul edənədək ermənilərin məskunlaşdıqları Dağlıq Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Azərbaycan Xalq Cümhuriyyətinin hüdudları daxilində hesab edilir.

Lakin bu da erməni təcavüzünün qarşısını ala bilmədi. 1920-ci il martın 22-də Şuşada ermənilər bolşeviklərin köməyi ilə qiyam qaldırdılar. “Qarabağ 99 sualda” kitabında qeyd olunur ki, Baş Qərargah rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında yaradılan xüsusi qərargah martın 26-da Ağdamda yerləşdirildi. Bunlardan başqa, Ağdaş və Zaqatala alaylarından da bəzi hərbi qüvvələr Qarabağa gətirildi. Uğurlu yürüşə başlayan Azərbaycan Ordusu aprel ayının 5-də Şuşaya daxil ola bildi. Aprel ayının 12-dək, demək olar ki, Şuşa ətrafındakı erməni hərbi qüvvələrinin ən möhkəm bazaları məhv edilmişdi. Ümumiyyətlə isə, 1920-ci il aprel ayının sonunadək Azərbaycan Ordusu Qarabağ bölgəsində ölkə ərazisinin bütövlüyünü bərpa edərək, öz vəzifəsini şərəflə yerinə yetirə bilmişdi. Lakin Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı əməliyyatlarda iştirak etməsindən istifadə edən Rusiyanın XI ordusunun ölkəni istila etməsi və bolşeviklərin hakimiyyəti ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi. Bununla da Qarabağ ətrafında hadisələrin yeni mərhələsi başlandı.

 

Yeni separatizm ocağı: “muxtar vilayət”

 

Azərbaycanda sovet hakimiyyəti qurulandan cəmi iki gün sonra, yəni 1920-ci ilin 30 aprelində İnqilab Komitəsi Ermənistan Respublikasına nota verərək qoşunlarını Zəngəzurdan və Qarabağdan çıxarmağı tələb etdi. May ayında isə Qarabağda artıq sovet hakimiyyəti quruldu, lakin bu, vəziyyəti dəyişmədi. Bölgədə erməni hegemonluğu indi bolşevik maskası arxasında davam edirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra iki dövlət arasında sərhədlərin müəyyənləşməsi məsələsində Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi. Azərbaycan İnqilab Komitəsi Ermənistan Sovet Respublikasına göndərdiyi 30 noyabr tarixli teleqramında və 1 dekabr bəyannaməsində Qarabağın dağlıq hissəsinin muxtariyyətinin tanınması məsələsinə diqqət ayırırdı.

Artıq separatçılar Qarabağın Ermənistana birləşdirilməsi yönümündə konkret fəaliyyətə keçmişdilər. 1921-1923-cü illər arasında baş verən proseslər bir daha sübut edir ki, ermənilər öz məkrli fəaliyyətlərinə məhz himayədarlarının məsələyə müdaxiləsi nəticəsində nail olmuşlar. Həmin dövrdə bütün Qafqaza faktiki nəzarəti həyata keçirən Rusiya K(b)P MK Qafqaz Bürosu Qarabağ məsələsində birtərəfli ermənipərəst mövqe nümayiş etdirirdi. Belə ki, 1921-ci ilin iyul ayında Qafqaz Bürosu Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana məxsus olmasını göstərən bəyannamə qəbul etdi. Bu hadisədən üç həftə sonra Azərbaycanın Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi məsələ ilə bağlı müzakirələr keçirdi və müvafiq qərar qəbul etdi. Beş maddədən ibarət qərarın 3-cü bəndində göstərilirdi ki, “...məsələnin yeganə həlli erməni və müsəlman kütləsinin sovet quruculuğu işinə cəlb edilməsi ola bilər”. Problemin həlli haqqında Azərbaycanın mövqeyini Tiflisə çatdırmaq N.Nərimanova həvalə olunur. Aparılan müzakirələr nəticəsində Qafqaz Bürosu haqsız mövqeyindən qismən geri çəkilir. 1921-ci ilin iyulunda Rusiya K(b)P MK Qafqaz Bürosunun plenumunda qərara alınır: “Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi bağlılığını, onun Azərbaycanla daimi əlaqəsini nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vilayəti verilsin”.

Lakin muxtar vilayət statusu da ermənilərin iddialarını azaltmadı və onlar öz məkrli niyyətlərini davam etdirdilər. 1922-ci ilin noyabr ayında Qarabağ ərazisindəki kənd sovetləri sədrlərinin və katiblərinin geniş müşavirəsi keçirildi. Müşavirədə əsas müzakirə olunan məsələ ilə bağlı qəbul edilən qərarda göstərilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması bəyənilir. 1922-ci ilin dekabr ayında Zaqafqaziya Federasiyasının İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. SSRİ-nin təsis edilməsindən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənilərin avantüraları yeni mərhələyə qədəm qoydu. 1923-cü ilin iyul ayının 1-də AK(b)P MK Rəyasət Heyəti Dağlıq Qarabağın muxtariyyətinin dekretləşdirilməsi və onun layihəsinin Mərkəzi Komitədə qəbul olunması barədə qərar qəbul etdi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını AK(b)P MK-ya həvalə etdi. İyulun 1-də AK(b)P MK RH-nin iclası Kirovun sədrliyi ilə Qarabağ haqqında məsələni dinləyərək altı bənddən ibarət qərar qəbul etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağa muxtariyyət vermək təklif olundu. 1923-cü il iyulun 4-də AMİK də eyni məzmunlu qərar qəbul etdi.

1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi mərkəzlə razılaşdırılmış dekret qəbul etdi. Dekretdə göstərilirdi ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində Azərbaycan SSR-in tərkib hissəsi kimi mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsın. Həmin dekret əsasında DQMV-nin əsasnaməsinin hazırlanması və Aran Qarabağla sərhədlərinin müəyyənləşdirilməsi üçün geniş tərkibdə komissiya yaradıldı. Komissiyanın yekun qərarına görə, Şuşa şəhəri muxtar vilayətin tərkibinə qatılmır. Lakin iyulun 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin birgə iclasında Şuşanın DQMV-nin tərkibinə verilməsi barədə qərar qəbul edildi. 1923-cü ilin sentyabrında Xankəndinin adı 1918-ci il mart qırğını zamanı minlərlə azərbaycanlının öldürülməsinə başçılıq etmiş Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) rəsmən Azərbaycanın tərkib hissəsi elan olundu.

Artıq mərkəz və Sovet Azərbaycanının rəhbərliyi elə düşünürdülər ki, Dağlıq Qarabağla bağlı məsələ qapadılmışdır və erməni iddiaları bir daha özünü büruzə verməyəcək. Hətta ermənilərin böyük dostu və himayədarı S.Kirov AK(b)P-nin VI qurultayındakı məruzəsində DQMV-nin yaradılmasına qiymət verərək deyirdi: “Biz, nəhayət, bu məsələni həll etdik. Şübhəsiz, tamamilə doğru hərəkət etdik. Heç bir şübhə yoxdur ki, bu məsələni yenidən həll etmək bir daha lazım gəlməyəcək”.

Lakin Qarabağ məsələsi qapadılmadı. Bu dəfə 65 ildən sonra özünü göstərdi: amansız müharibə və qanlı faciələrlə...

 

(ardı var)

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2015.- 6 fevral.- S.7.