Azərbaycanın sosial-iqtisadi inkişafının

 bundan sonra da davam edəcəyinə şübhə yoxdur

 

 

İndiki dünya düzənində siyasi və iqtisadi xaos yaşanmaqdadır. Bu xoşagəlməz prosesdən dövlətlər və xalqlar əziyyət çəkirlər. Hər bir dövlət ayrılıqda çalışır ki, müxtəlif tədbirlər görməklə bu siyasi qarşıdurmanın gətirdiyi iqtisadi təlatümlərdən minimum ziyanla çıxsın. Bəzi dövlətlər əhalinin güzəranında mühüm rol oynayan sosial xərcləri azaldır, digərləri iqtisadiyyata investisiya qoyuluşunu ən aşağı həddə endirirlər. Bir sözlə, ölkələr və xalqlar hazırda dünyada baş verən siyasi qarşıdurmadan çəkdikləri əziyyətdən qurtulmağın yollarını axtarırlar. Lakin hamını narahat edən bu prosesin nə qədər davam edəcəyini heç kəs dəqiq deyə bilmir.

Azərbaycan sivil dünyaya inteqrasiya olunan açıq ölkədir. Deməli, dünyada baş verən hadisələr bu və ya digər dərəcədə ölkəmizə də təsir göstərir. Amma Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi siyasət sayəsində ölkəmiz öz inkişafını uğurla davam etdirir. Son 11 ildə ölkə iqtisadiyyatı bütün parametrlər üzrə inkişaf edib, məhsul istehsalı artıb, əhalinin güzəranı yaxşılaşıb.

Hazırda Rusiya ilə Qərb arasında qarşıdurma pik həddə çatıb. Bəzi siyasətçilər, analitiklər bu prosesin daha böyük qarşıdurmaya və gərginliyə səbəb olacağını söyləyirlər. Hətta bəziləri üçüncü dünya müharibəsinin anonsunu verməkdən belə çəkinmirlər. Bu gərginlik, qeyd etdiyimiz kimi, ölkəmizə də müəyyən mənfi təsir göstərir. Çünki Azərbaycan böyük qarşıdurmanın tərəfi olan Rusiya ilə qonşudur. Yəni baş verən proseslər bizim regionumuzu əhatə edir.

Krımın işğalından sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və siyasi oyunlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu. Beləliklə, dünya iqtisadiyyatında baş verən zəncirvari reaksiya iqtisadiyyatın və sosial sferanın bütün sahələrinə mənfi təsir göstərməyə başladı. Ən acınacaqlısı isə odur ki, heç kim bu vəziyyətin qarşısını almaq istəmir. Əksinə, birləşmiş Qərb dövlətlərinin Rusiya ilə daha ciddi konfrontasiyaya getmək istədiyi açıq görünür. Bu da dünya iqtisadiyyatında yeni bir durğunluğun başlandığını xəbər verir.

Yaxın keçmişə nəzər saldıqda görürük ki, müstəqilliyini yeni qazanan, öz iqtisadiyyatını bazar prinsipləri üzrə quran dövlətlər hansı çətinliklərdən keçməyə məcburdur. Azərbaycan öz iqtisadi inkişafının yüksək zirvəsinə çatanda - 2008-ci ildə dünyada qlobal maliyyə böhranı baş verdi. Həmin dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan iqtisadi islahatlar, həyata keçirilən qabaqlayıcı tədbirlər, maliyyə vəsaitindən düzgün istifadə ölkəmizin bu böhrandan ciddi ziyan çəkmədən çıxmasını təmin etdi. Üstəlik, həmin dövrdə ölkədə məhsul istehsalı artdı və bir çox önəmli böyük infrastruktur və sosial layihələr uğurla icra edildi. Bu böhran şəraitində ümumi daxili məhsulun artan templə yüksəlməsi ölkəmizə xarici dövlətlərin və transmilli şirkətlərin marağını artırdı. Sərmayə yatırmaq istəyən iri şirkətlərdə bizə qarşı bir inam yarandı və onlar əmin oldular ki, Azərbaycana qoyulan kapital gəlir gətirəcək.

Sərbəst bazar iqtisadiyyatında müxtəlif dövrlərdə iqtisadi böhranların baş verməsi tarixdən məlumdur. Bu, iqtisadiyyatın liberal dəyərlərə söykənməsindən qaynaqlanan bir prosesdir. Və belə şəraitdə bütün dünya dövlətləri birləşərək bu böhranın aradan qaldırılmasında əməkdaşlıq edirlər. 2014-cü ilin böhranı siyasi qarşıdurma üzündən baş verdiyi üçün burada əməkdaşlıqdan söhbət gedə bilməz. ABŞ Prezidenti Barak Obamanın verdiyi bəyanat bunu bir daha təsdiq edir. O, açıq şəkildə bildirdi ki, Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar bu ölkənin iqtisadiyyatının çökməsinə səbəb olub. İndi heç kəs proqnozlaşdıra bilmir ki, bu iki nəhəng qüvvənin arasında olan qarşıdurma nə qədər davam edəcək və bundan dünya iqtisadiyyatı nə vaxta kimi ziyan çəkəcək. Əgər bu gün qarşı-qarşıya duran tərəflər arasında sülh olsa da, dünya iqtisadiyyatındakı böhranın aradan qalxmasına illərlə vaxt lazım olacaq.

İndiki halda bizim üçün vacib olan ölkəmizin siyasi və iqtisadi durumudur. Çünki iqtisadi cəhətdən nə qədər inkişaf etsək, siyasi proseslərə təsir etmək imkanımız da bir o qədər artar. Bu, bizə beynəlxalq aləmdə fəal siyasət aparmağa imkan verir. Ölkəmizin xarici siyasətinin başlıca məqsədi Ermənistan tərəfindən işğal olunan torpaqlarımızın azad edilməsi, buna paralel olaraq dünyada baş verən siyasi proseslərə təsir göstərməklə ölkəmizin xeyrinə faydalanmaqdır. Azərbaycan regionda gedən bütün siyasi və iqtisadi məsələlərin həllində söz sahibidir. Bunun nəticəsidir ki, Qərbin və güclü beynəlxalq qüvvələrin bütün səylərinə baxmayaraq, ölkəmiz Ermənistanı regionda həyata keçirilən bütün layihələrdən kənarlaşdırıb. Bu, bizim diplomatiyamızın böyük uğurudur. Əgər dövlət başçısı qətiyyət göstərib bu təzyiqlərin qarşısını vaxtında almasaydı, bizi Ermənistanla əməkdaşlığa məcbur edəcəkdilər. Hadisələrin bu cür inkişafı sonda ölkəmizin əlavə ərazilər itirməsi ilə nəticələnə bilərdi. Həmin güclər bir daha əmin oldular ki, Azərbaycan öz milli maraqlarından geri çəkilmək fikrində deyil və ona göstərilən bütün təzyiqlər mənasızdır.

Xarici siyasətdə təkcə Dağlıq Qarabağla kifayətlənsəydik, öz problemini həll edə bilməyən, gücsüz dövlət imicini formalaşdırmış olardıq. Prezident İlham Əliyev geniş vektorlu xarici siyasət apararaq beynəlxalq məsələlərin həllində ölkəmizin müstəqil mövqeyini ortaya qoydu. Bununla sübut etdi ki, Azərbaycan bütün məsələlərdə beynəlxalq hüquqa söykənən ədalətli qərarların qəbulunun tərəfdarıdır. O ki qaldı ölkəmizin Dağlıq Qarabağla bağlı siyasətinə, burada müdafiədən hücum mövqeyinə keçmişik. Bu, dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir. Biz dünyaya sübut etdik ki, haqlıyıq, ədalət bizim tərəfimizdədir. Bu mövqedən çıxış edərək düşməndən işğal edilən torpaqların birmənalı şəkildə, qeyd-şərtsiz qaytarılmasını tələb etdik. Bu siyasətimiz indi uğur qazanır. Son dövrdə bir neçə beynəlxalq təşkilat öz qətnamələrində işğal etdiyi torpaqlardan çıxmağı Ermənistandan tələb edirlər. Buna görə də hazırda Ermənistan özünün işğalçılıq siyasətini gizlədə bilmir.

İndi Azərbaycan bütün göstəricilərə görə düşmən ölkədən güclüdür. Beynəlxalq qüvvələr də məcbur olub qüdrətli Azərbaycanın mövqeyini müdafiə edirlər. Çünki dilənçi vəziyyətində olan, iqtisadiyyatı iflasa uğrayan, beynəlxalq hüquq normalarını pozan dövlətlə əməkdaşlığın perspektivlərini görmürlər. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətdir, onunla əməkdaşlıq etmək hamı üçün faydalıdır. Bu səbəbdən əvvəllər bizə laqeyd münasibət bəsləyən, Ermənistanı müdafiə edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar indi ölkəmizlə işbirliyi qurmağa üstünlük verirlər.

Azərbaycanın xarici siyasəti sülhsevər, qarşılıqlı və bərabər əməkdaşlıqdır. Ölkəmiz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini də danışıqlar yolu ilə həll etmək istəyir. Bizim sülhsevər olmağımızı 20 il ərzində aparılan danışıqlar da sübut edir. Lakin Ermənistan müxtəlif bəhanələrlə işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Bəzi hallarda arxalandığı qüvvələrə güvənərək güc tətbiq edəcəyi ilə bizi hədələməyə də çalışır. Onları qorxudan yaranan təşvişdir. Ermənilər başa düşürlər ki, indiki halda Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclüdür. Bu gün ordumuz müasir silahlarla silahlanmaya görə dünyada 7-ci, güclü ordular sırasında isə 50-ci yerdədir. Bu o deməkdir ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, hərb yolu ilə qısa bir müddətdə azad olunacaq. Müharibə olarsa, qələbə qazanacağımıza Ermənistanda da şübhə etmirlər. Onların çaşqınlıq içində verdiyi bəyanatlar bunu təsdiqləyir.

Ardıcıl və müstəqil xarici siyasət ölkəmizə beynəlxalq aləmdə siyasi nüfuz qazandırıb. Çünki ölkəmiz heç bir dövlətin təsiri altında beynəlxalq məsələlərdə qərar qəbul etmir. Bütün hallarda beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq ədalətli mövqe nümayiş etdirir. Bəzi dövlət və beynəlxalq güclər apardığımız siyasətdən narazı qalsa da, əksər ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə dünyanın 155 dövləti ölkəmizin namizədliyini dəstəklədi. Bu fakt sübut edir ki, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Qeyd edək ki, Ermənistan bu siyasi yarışmada bizə rəqib olmaq istəyirdi. Lakin anladı ki, işğalçı ölkə hətta havadarlarının köməyi ilə belə bu siyasi mübarizədə qələbə qazana bilməyəcək.

Ötən il Azərbaycan üçün siyasi cəhətdən də uğurlu oldu. Ölkəmiz 2014-cü ildə Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdi. Təşkilatın iclasında çıxış edən Prezident İlham Əliyev dünyada və Avropada baş verən siyasi proseslərə qiymət verərək ölkəmizin aydın mövqeyini sərgilədi. Xüsusilə Ermənistanın işğalçılıq siyasətinə ikili standartlardan yanaşmanın yolverilməz olduğunu bildirdi. Dünyada mövcud olan ikili standartlarla yanaşmanın beynəlxalq hüquqa zidd olduğunu bildirməklə onun yaratdığı acı nəticələri bir daha hamının diqqətinə çatdırdı. Prezidentin məzmunlu və cəsarətli çıxışı dünyadakı mövcud reallıqları düzgün qiymətləndirən ədalətli siyasətçilər tərəfindən yüksək dəyərləndirildi. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti sülhsevər və beynəlxalq qanunların aliliyinə hörmət göstərməkdir.

Ötən il dünya tarixinə iqtisadi böhran və sosial problemlər ili kimi daxil olsa da, Azərbaycan üçün uğurlu oldu. Bu nailiyyətlərin əldə olunmasında dövlət başçısı tərəfindən son 11 ildə aparılan düzgün iqtisadi siyasət durur. 2014-cü il böhranlı il olsa da, dövlət büdcəsində nəzərdə tutulan bütün investisiya və sosial layihələr tam icra edildi. Ən başlıcası isə, inkişaf edən ölkələrdən fərqli olaraq, əhalinin sosial durumuna mənfi təsir göstərən heç bir addım atılmadı. Əksinə, əhalinin güzəranının daha da yaxşılaşması istiqamətində əlavə tədbirlər həyata keçirildi.

Hazırda Azərbaycanın 50 milyard dollardan artıq daxili valyuta ehtiyatı var. Bu, Azərbaycan kimi kiçik bir ölkə üçün böyük məbləğdir. İndiki iqtisadi böhran şəraitində valyuta ehtiyatlarının əhəmiyyəti çoxdur. Belə güclü maliyyə mənbələri ölkəmizə cari ildə də qeyri-neft sektorunu dinamik inkişaf etdirməyə imkan verir. İqtisadiyyatda real sektorun inkişafında kapital qoyuluşu xüsusi əhəmiyyət daşıyır. Dövlət valyuta ehtiyatlarından istifadə edərək qeyri-neft sektoruna sərmayə yatırmağa imkan qazanır. Bununla bərabər əhalinin sosial müdafiəsinin təmin edilməsində heç bir problem yaranmayacaq.

Neft dünyada bir çox ölkələrin əsas gəlir mənbəyidir. Elə ölkələr var ki, Azərbaycandan dəfələrlə çox dünya bazarına neft və qaz çıxarır. Üstəlik, həmin dövlətlər uzun illər ərzində bu işi həyata keçirir. Azərbaycan isə müstəqil şəkildə cəmi 20 ildir ki, karbohidrogen ehtiyatları ixrac edir. Lakin həmin ölkələrin iqtisadi və sosial inkişafının dinamikasına baxdıqda görürük ki, onların sosial-iqtisadi göstəriciləri ölkəmizdən qat-qat aşağıdır. Bu onu göstərir ki, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə edir. Nəticədə iqtisadi və sosial sferalarda böyük uğurlar qazanılır. Təkcə ötən il iqtisadiyyata qoyulan 27 milyard dollar sərmayənin 16 milyardı daxili investisiyalardır. Son 11 ildə iqtisadi inkişafın dinamikasına görə Azərbaycan dünyada lider dövlətdir.

Təbii ki, Azərbaycanın bugünkü uğurlarının təməlində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu neft strategiyası durur. “Əsrin müqaviləsi” imzalanan dövrdə baş verən siyasi prosesləri xatırlayanda bu kontraktın imzalanmasının nə qədər çətin olduğunu aydın görürük. Bir tərəfdən Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi, bir tərəfdən qaçqın və məcburi köçkünlərin acınacaqlı durumda yaşaması vəziyyəti son dərəcə gərginləşdirmişdi. Ölkədə həmin illər daxili siyasi qarşıdurma pik həddə idi. Müstəqilliyimizi istəməyən xarici güclər bu fürsətdən istifadə edib daxildəki qüvvələrlə dövlət çevrilişinə cəhd edirdilər. Bir sözlə, Azərbaycan zəif, gücsüz durumda idi. Lakin ölkəmizin bəxti onda gətirdi ki, belə çətin anda onun güclü lideri var idi. Beləliklə, Heydər Əliyev cəsarətli addım ataraq mümkün olmayan bir işi həyata keçirdi. “Əsrin müqaviləsi” imzalandı, dünyanın inkişaf etmiş ölkələri və onları təmsil edən şirkətlər Azərbaycanla əməkdaşlıq etməyə başladı. Bu müqavilə həm də ölkəmizin müstəqilliyinin qorunmasında mühüm rol oynadı.

Müasir dövrün ən böyük iqtisadi uğuru isə ötən il “Cənub” qaz dəhlizi müqaviləsinin imzalanmasıdır. Bu saziş də, qətiyyətlə demək olar ki, “XXI əsrin müqaviləsi”dir. Hər iki layihənin oxşar cəhətləri var. “Cənub” qaz dəhlizi layihəsinin imzalanmasına mane olan güclər “Əsrin müqaviləsi”nə də eyni müqaviməti göstərmişdi. Hər iki layihənin imzalanmasında dövlət başçılarından qətiyyətli addım atılması tələb olunurdu. Lakin geniş araşdırmalar aparanda məlum olur ki, “Cənub” qaz dəhlizinin imzalanmasına müqavimət daha güclü idi. Çünki Avropa qaz bazarı dünyada yüksək alıcılıq qabiliyyətinə malik olan sabit bazardır. Bu bazarda Avropa və Rusiya şirkətləri hegemonluq edir. Həmin şirkətlərə bazara yeni ixracçıların daxil olması sərf etmir. Üstəlik, Rusiya qaz amilindən siyasi alət kimi istifadə etdiyindən bu aləti əlində möhkəm saxlamaq istəyir. Qaz ixracı ilə bağlı Avropa dövlətlərinin aralarında da ciddi fikir ayrılıqları var. Buna görə də “Cənub” qaz dəhlizi sazişinin imzalanması uzun bir prosesdən sonra baş tutdu.

Neft ixracı qaz ixracından çox asandır. Bu məhsul dünya bazarlarında istənilən alıcıya birjalarda müəyyən edilən qiymətə satılır. Yəni burada alıcı və qiymətlər birjalarda keçirilən hərraclara görə tez-tez dəyişə bilər. Lakin qaz ixracında həcm və qiymət məsələsi əvvəlcədən konkret alıcı ilə müəyyənləşdirilməlidir. Bunun üçün bir neçə dövlət və tərəfdaş şirkətlərlə öncədən həcm və qiymət məsələsində razılıq əldə olunmalıdır. Avropada isə siyasi hakimiyyətdə olan qüvvələr tez-tez dəyişir. Hər yeni hakimiyyətin öz maraqları, işə yanaşma üsulları və ən başlıcası, siyasi ambisiyaları durur. Bir ölkə ilə danışıqlar aparılır, razılaşma əldə olunan ərəfədə yeni siyasi qüvvələr hakimiyyətə gəlir və beləliklə, danışıqlara yenidən başlamaq məcburiyyəti yaranır. Bəzən də hakimiyyətə yeni gələn siyasi qüvvələr Avropa bazarına qaz ixrac edən dövlətlərlə yaxın siyasi və iqtisadi münasibətlərdə olan qüvvələr olur. Onlar da bu maraqlardan çıxış edərək müxtəlif bəhanələrlə sazişin imzalanmasına mane olurlar.

Prezident İlham Əliyev bu məsələdə düşünülmüş və uzaqgörən siyasət yürüdərək Rusiya ilə Avropa bazarında birbaşa rəqabət aparmadan sazişin imzalanmasına nail oldu. Halbuki bəzi qüvvələr Azərbaycanı öz siyasi oyunlarına cəlb etməklə şimal qonşumuzla üz-üzə qoymaq istəyirdi. Amma “Cənub” qaz dəhlizindən enerji ehtiyatlarının satılacaq ölkələr arasında Rusiyanın alıcıları yoxdur. Beləliklə, “Cənub” qaz dəhlizi sazişinin imzalanması iki ölkə arasında ciddi qarşıdurma yaranmasına imkan vermədi.

“Cənub” qaz dəhlizi ölkəmizin 100 il ərzində inkişafına təminat verən bir layihədir. Layihənin icrası yeni iş yerlərinin açılmasına, yerli şirkətlərimizin işgörmə qabiliyyətinin və gəlirliyinin artmasına, əhalinin sosial rifahının daha da yaxşılaşmasına təminat verəcək. Ən başlıcası isə, ölkəmizə çoxlu gəlir gətirməklə bərabər, onun valyuta ehtiyatlarının artmasına imkan yaradacaq. Bu da ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində, əhalinin güzəranının yaxşılaşmasında əhəmiyyətli rol oynayacaq.

“Cənub” qaz dəhlizi layihəsinin həm də mühüm siyasi əhəmiyyəti var. Azərbaycan qazının Avropaya nəqli ölkəmizin bu qitə ilə siyasi, iqtisadi və mədəni baxımdan inteqrasiya olunmasını sürətləndirəcək. Bundan əlavə, ölkəmizə qeyri-neft sektorunda istehsal olunan malların Avropa bazarlarına rahat çıxarılmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan Avropa təhlükəsizlik sisteminə daxil olaraq öz dövlət müstəqilliyini etibarlı şəkildə qoruyacaq.

Azərbaycan təkcə neft-qaz ölkəsi olmaqla kifayətlənmək fikrində deyil. Ölkəmizin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Xüsusilə Azərbaycanın sənayeləşməsi ön plandadır. Ötən il Azərbaycan tarixində “Sənaye ili” kimi qaldı. Ümumiyyətlə, son 11 ildə bu istiqamətdə böyük layihələr icra edilib. Xüsusilə sənayedə yeni istehsal sahələrinin yaradılması diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, ölkədə 410-dan çox müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlayıb, hazırda 530-dan artıq müəssisənin tikintisi davam edir. Rəqəmlər Azərbaycanda qeyri-neft sektorunun inkişafının hansı sürətlə getdiyini əyani şəkildə göstərir. Beləliklə, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə qədər yüksəlib. Təsadüfi deyil ki, II Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci yerə qədər yüksəlib. Bu o deməkdir ki, ölkəmiz dünyanın 40 ən güclü iqtisadiyyatına malik dövlətləri sırasındadır.

Azərbaycanda sənaye nəhəngi olan texnoparkların yaradılması da təqdirəlayiq haldır. Burada elm və texnikanın son nailiyyətləri olan texnologiyalardan istifadə edilir. Texnoparklarda hazırlanan məhsullar yüksək keyfiyyətli olduğu üçün daxili bazarla yanaşı, xarici bazarda da satılır. Onların fəaliyyəti ölkəmizin ixrac qabiliyyətini artırmaqla bərabər, həm də ölkəyə valyuta gətirilməsini təmin edir. Hazırda yeni texnoparkların yaradılması istiqamətində böyük işlər görülür. Texnoparklar əsasən ənənəvi sənaye mərkəzlərində yaradılır. Dövlət başçısının göstərişinə əsasən bölgələrdə də sənaye zonalarının yaradılması istiqamətində müəyyən işlər görülür. Regionlarda sənaye zonalarının yaradılmasının ölkə iqtisadiyyatına böyük faydası olacaq. Orada yaradılan müəssisələr yerli xammala uyğunlaşdırılıb məhsul istehsal edərsə, digər yardımçı sahələrin inkişafına şərait yaranar, yeni iş yerlərinin açılmasına imkan verər. Ən başlıcası, bölgələrdə rahat ev-eşiyi olan insanların iş dalınca şəhərlərə gəlməsinə ehtiyac qalmaz.

Azərbaycanda həmçinin böyük metallurgiya kompleksinin yaradılması istiqamətində işlər görülür. Ölkəmizdə zəngin filiz yataqları var. İndi həmin təbii resurslardan istifadə edərək sənayenin inkişafına yeni güc qatmış olarıq. Qeyri-neft sənayesinin inkişafında bu kompleksin böyük əhəmiyyəti var. Ona görə ki, biz sənayenin bir çox sahələrində xaricdən gətirilən metallurgiya sənayesinin məhsullarından xammal kimi istifadə edirik. Həmin xammalın xaricdən gətirilməsi istehsal edilən məhsulun maya dəyərinin yüksək olmasına zəmin yaradır. Ölkəmizdə metallurgiya məhsullarının istehsalı isə sənayenin digər sahələrində ondan istifadəni daha sərfəli edəcək. Bu, eyni zamanda, istehsal edilən məhsulların maya dəyərində özünü göstərəcək. Kompleks tam istifadəyə verildikdə ölkənin daxili tələbatı ödənilməklə bərabər, dünya bazarına da məhsul ixrac etmək imkanı qazanacağıq. Belə nəhəng layihələrin iqtisadi inkişafla bərabər, böyük sosial əhəmiyyəti də olur. Layihənin icrası və sonrakı fəaliyyəti dövründə minlərlə Azərbaycan vətəndaşı burada çalışaraq öz güzəranını quracaq.

Cari ildə də bu istiqamətdə görülən işlər davam etdiriləcək. Bu, 2015-ci ilin dövlət büdcəsində də öz əksini tapıb. 2015-ci ilin büdcəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya layihələrinin həyata keçirilməsi üçün vəsait ayrılıb. Bundan əlavə, Sahibkarlığın İnkişafına Kömək Milli Fondu vasitəsilə yerli sahibkarlara yeni sənaye müəssisələrinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Belə müəssisələrin regionlarda yaradılmasına üstünlük verilməsi də təqdirəlayiq haldır. Dövlətin verdiyi güzəştli kreditlərdən istifadə edən sahibkarlar cari ildə bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlamasına nail olacaqlar. Həmin müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq.

Azərbaycanda qeyri-neft sektorunda digər ən böyük sahə aqrar bölmədir. Ölkədə əmək qabiliyyətli əhalinin 38 faizi bu sahədə çalışır. Son dövrlər dünyada yanacaq resursları ilə bərabər ərzaq məhsulları istehsalı da strateji əhəmiyyət daşımağa başlayır. Dünya əhalisi sürətlə artır, təbii ki, onun ərzağa olan tələbatı da çoxalır. Beləliklə, Yer kürəsində əhalinin ərzaqla təminatında problemlər ildən-ilə artır. Səbəb əhalinin sayının artması ilə bərabər, torpaqlardan fasiləsiz istifadə, aqrotexniki normalara əməl edilməməsi, iqlim dəyişikliyinin məhsuldarlığı kəskin şəkildə azaltmasıdır. Hazırda dünyada milyonlarla insan ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar günün reallıqlarıdır.

İndi bu proses dünya ölkələrini ciddi şəkildə narahat edir. Hətta bəzi inkişaf etmiş dövlətlər gələcəkdə ərzaq təhlükəsizliyini təmin etmək üçün digər ölkələrdən torpaq sahələri satın alır və ya uzunmüddətli icarəyə götürür. Bir çox dövlətlərsə yenidən aqrar sektorun inkişafına strateji sahə kimi baxmağa başlayır. Ötən il Rusiya taxıl ixracına qadağa qoydu. Bu onu göstərir ki, gələcəkdə bir sıra ölkələr öz ərzaq təhlükəsizliyini təmin etmək üçün idxalçı ölkələrdən asılı vəziyyətə düşə bilər.

Ölkəmizdə aqrar sektora diqqət həmişə yüksək olub. Ümummilli lider Heydər Əliyev MDB məkanında ilk dəfə aqrar islahatların keçirilməsinə qərar verdi. Neft ixracından əldə edilən gəlirdən kənd təsərrüfatı sahəsinə sərmayə qoyulması nəticəsində bu sektorda məhsul istehsalı artmağa başladı. Hamının yaxşı yadındadır ki, müstəqilliyimizin ilk illərində, demək olar, bütün növ ərzaq məhsulları xaricdən gətirilirdi. İndi bu məhsulların idxalı ildən-ilə azalır. Səbəb yerli istehsalın artması nəticəsində xaricdən gətirilən məhsullarla rəqabətdə üstünlük təşkil etməsidir.

Bu gün Azərbaycanda quşçuluq sənayesi o qədər inkişaf edib ki, daxili bazarda xarici idxalçılara, demək olar ki, yer yoxdur. Bir sıra meyvə-tərəvəzlərin istehsalında da tədricən belə vəziyyət yaranır. Sovetlər vaxtında üzümçülüklə bağlı qəbul edilən son yanlış qərar Azərbaycanda bu növ məhsulun yetişdirilməsinə böyük zərbə vurdu. Bunun nəticəsində həmin dövrlərdə yüksək keyfiyyətli yerli istehsal olan üzüm istehsalı tədricən azaldı. İndi bazarda ölkəmizdə istehsal olunan üzüm məhsulları kifayət qədərdir. Bu o deməkdir ki, artıq Azərbaycanda ənənəvi üzümçülük sahələri bərpa edilir.

Taxıl strateji əhəmiyyət daşıyan ərzaq məhsuludur. Dövlət taxıl əkinini stimullaşdırmaq üçün fermerlərə hər cür kömək göstərir. Bunun sayəsində Azərbaycanda bir neçə iri taxılçılıq təsərrüfatları yaradılıb. Hazırda 19 belə iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində işlər görülür. Təcrübə göstərir ki, bu cür iri komplekslərin olması zəruridir. Həmin iri təsərrüfatların fəaliyyətini orta və kiçik fermer təsərrüfatlar ilə müqayisə etdikdə görürük ki, birincidə məhsuldarlıq daha yüksəkdir. Məsələn, son statistika göstərir ki, kiçik və orta fermer təsərrüfatlarında hər hektardan 23 sentner buğda götürüldüyü halda, iri fermer təsərrüfatlarında bu rəqəm 50 sentnerdir.

Məlum olduğu kimi, cari il “Kənd təsərrüfatı ili”dir. Deməli, bu il aqrar sektora diqqət daha çox ayrılacaq. Aqrar sektorun inkişafı bu sahəyə ayrılan investisiyalardan asılıdır. Son illər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlərin 80 faizə qədəri regionlarda çalışan sahibkarlara verilib. Bu isə o deməkdir ki, belə kreditlərdən ən çox faydalanan aqrar sektorda çalışanlardır. Ötən 10 il ərzində regionlardakı sahibkarlara 4,5 milyard manat vəsait ayrılıb. Bunun nəticəsidir ki, aqrar sektorda məhsul artımı 48,9 faiz olub.

Azərbaycanda su çatışmazlığı üzündən min hektarla əkin sahəsi dövriyyədən kənarda qalmışdı. Görülən meliorativ tədbirlər nəticəsində son 10 ildə 20 min hektar torpaq sahəsi dövriyyəyə cəlb edildi. Şəmkirçay və Taxtakörpü su anbarlarının fəaliyyəti isə min hektarlarla yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq. Bu su anbarları ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

Hazırda fermerlər torpaq vergisindən başqa bütün növ vergilərdən azad edilib. Dünyanın heç bir yerində aqrar sektorda çalışan sahibkarlara dövlət tərəfindən belə bir güzəşt edilməyib. Üstəlik, əkin apardığı sahə üçün işlətdiyi yanacaq, sürtkü yağlarına görə dövlət büdcəsindən fermerlərə əlavə vəsait ödənilir. Həmçinin istifadə edilən gübrələrə, damazlıq cins heyvanlara, toxuma görə də dövlət subsidiyalar ödəyir. Eyni zamanda, fermerlərin satın aldıqları kənd təsərrüfatı texnikasına görə də dövlət əlavə vəsait ödəməyi öhdəsinə götürüb. Şübhəsiz ki, həyata keçirilən bu məqsədyönlü aqrar siyasət öz bəhrəsini verir və yaxın bir neçə ildə ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə zəmin yaradacaq.

Real sektorun inkişaf etdirilməsinin ilkin şərtlərindən biri də kapital qoyuluşudur. Bunsuz iqtisadi inkişafa nail olmaq mümkün deyil. Dünyada bu problem bankların aktiv dəstəyi ilə həll olunur. Təəssüflər olsun ki, ölkəmizdə banklar asan yolla varlanmağa üstünlük verir. Hazırda bankların verdiyi kreditlərin böyük əksəriyyəti istehlak kreditləridir. İqtisadiyyatın müxtəlif sahələrinə verilən kreditlər istehlak kreditləri ilə müqayisədə çox aşağıdır. Əslində real sektorda çalışanların özləri də bu kreditləri götürməkdə maraqlı deyil. Səbəb verilən kreditlərin faizinin yüksək olmasıdır. Buna görə də sahibkarlar kredit götürüb öz bizneslərini inkişaf etdirə bilmirlər.

Prezident İlham Əliyev son çıxışlarında belə halların yolverilməz olduğunu bildirərək banklardan tələb edir ki, onlar kreditlərin faiz dərəcələrini aşağı salaraq real sektorun kreditləşdirilməsinə üstünlük versinlər. Dövlət başçısının bu mövqeyi son dərəcə dəqiq və ədalətlidir.

Bank resurslarının formalaşmasının üç əsas mənbəyi var. Mərkəzi Bankın verdiyi kreditlərin faizi 3,4-4, əhalidən alınan əmanətlərinki isə 9,5-10 faizdir. Xarici maliyyə qurumlarından alınan kreditlərin faizi də yüksək deyil. Bu gün bizim bankların resurslarının 70 faizi əhalidən alınan əmanətlərin hesabına yaranıb. Deməli, banklarımız həmin əmanətləri yenidən əhaliyə 20-30 faizlə kredit şəklində qaytarır. Kreditlərin bu qədər yüksək faizlə verilməsinin heç bir qanunauyğunluğu yoxdur.

Əgər banklar ötən illər ərzində kreditləri real sektorda çalışan sahibkarlara münasib faizlərlə versəydi, indi real sektorda artım daha yüksək olardı, üstəlik, özləri də qazanardı. Dünyada iqtisadi böhran yarananda banklar sahibkarlara verilən kreditlərin faizini aşağı salır ki, böhrandan hər iki tərəf az ziyanla çıxsın. Bizdə isə banklar, əksinə, krediti daha yüksək faizlə verməklə maliyyə sektorundakı müəyyən problemlərdən bəhrələnmək istəyirlər.

Ümumilikdə ölkə iqtisadiyyatının inkişaf prinsipləri düzgün qurulub, görülən işlərin hamısı dərin təhlil aparılaraq həyata keçirilir, mövcud reallıqlar nəzərə alınır, maliyyə vəsaitinin hansı sahələrə qoyulacağı dəqiq müəyyənləşdirilir, valyuta ehtiyatlarından səmərəli istifadə edilir. Ən başlıcası isə, dövlətin müəyyənləşdirdiyi düzgün iqtisadi siyasəti var. Bütün bunlar böhranlı 2015-ci ildə də iqtisadiyyatımızın inkişafına imkan yaradacaq. Dövlət başçısı özünün son çıxışlarında vurğuladı ki, heç bir böhran ölkəmizin dinamik inkişafına təsir göstərə bilməz. Bu, cari ilin də ölkəmizin tarixinə inkişaf, quruculuq ili kimi daxil olacağına möhkəm inam yaradır.

 

Vahid ƏHMƏDOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 6 fevral.- S.5.