Azərbaycan 2015-ci ilə mühüm iqtisadi uğurlarla qədəm qoymuşdur

 

Qlobal böhran şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi

 milli inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir

 

Tarixə çevrilmiş 2014-cü il Azərbaycan üçün bir sıra mühüm makroiqtisadi göstəricilərlə yadda qalmışdır. Dinamik inkişafını davam etdirməklə strateji hədəflərinə doğru irəliləyən respublikamız qeyri-neft sektorunun nəzərəçarpacaq artımı hesabına karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atmışdır.

 

Makroiqtisadi sabitlik təmin edilir

 

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında səslənən makroiqtisadi göstəricilər bir sıra Avropa ölkələrində qlobal böhranın mənfi nəticələrinin gücləndiyi şəraitdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş iqtisadi kursun səmərəliliyini bir daha sübuta yetirir. Hesabat dövründə respublikanın iqtisadi inkişaf tempini və qlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlığın qorunub saxlanılmasıdır. Ötən il əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu bəyan etmişlər. Ümumdünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün hazırladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi”ndə respublikamız makroiqtisadi sabitlik indeksi üzrə dünyada ilk onluqda yer almışdır. Əsas makroiqtisadi göstəricilərdən sayılan inflyasiyanın birrəqəmli (1,4 faiz) və aşağı səviyyəsinə görə Azərbaycan dünya ölkələrinə liderlik etməklə yanaşı, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinə görə 13-cü yeri tutmuşdur.

Ümumilikdə, dünya ölkələrində qlobal böhranın yeni dalğasının, devalvasiya və defolt kimi neqativ maliyyə proseslərinin başladığı bir vaxtda respublikamız yüksək makroiqtisadi dayanıqlıq nümayiş etdirmişdir. Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında Prezident İlham Əliyev hesabat ilində Azərbaycanın valyuta ehtiyatlarının dinamik artımını mühüm uğurlardan biri kimi səciyyələndirmişdir: “Valyuta ehtiyatlarımız artıb. Yadımdadır, bir il bundan əvvəl göstəriş vermişdim ki, baxmayaraq 2014-cü ildə bizim böyük xərclərimiz - həm infrastruktur layihələrinin, neft strategiyamızın icrası, “Cənub” qaz dəhlizinin inşası ilə bağlı böyük xərclər olacaq, ancaq biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrin icrasına böyük həcmdə vəsait qoyuruq”.

Azərbaycanın strateji valyuta ehtiyatları ötən il ümumi daxili məhsulun 70 faizi civarında olmuş, bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qorumuşdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 9 faiz civarında olmuş, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatmışdır. Əgər dünya dövlətləri əvvəllər sadəcə müxtəlif layihələri həyata keçirmək üçün məcburən xarici borclanmaya gedirdilərsə, müasir dövrdə belə vəsaitlər iqtisadi inkişafın maliyyələşdirilməsində əsas mənbələrdən sayılır. Lakin sırf büdcə kəsirinin örtülməsi məqsədilə xarici mənbələrdən müntəzəm şəkildə kreditlərin cəlbi, eyni zamanda xarici borcların müəyyən limiti keçməsi təhlükəli hesab edilir. Xarici borcun ümumi daxili məhsulda 40 faizdən çox olması böhranlı vəziyyət kimi səciyyələndirilir. Beynəlxalq maliyyə qurumlarının hesabatları həm də göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatmışdır. Problem avro zonasında özünü daha qabarıq göstərir - bu geoiqtisadi məkanda yerləşən ölkələrin xarici borcu 10 trilyon dolları ötmüşdür.

Azərbaycanda isə dövlət borcunun ümumi daxili məhsula nisbəti 7-8 faizdir. Bunu əsas makroiqtisadi göstəricilərdən hesab edən maliyyə institutları ortamüddətli dövrdə ölkə iqtisadiyyatını həm qlobal, həm də lokal təhdidlərə qarşı kifayət qədər dayanıqlı hesab edirlər. Digər mühüm göstərici isə büdcə xərclərinin optimal səviyyədə - ümumi daxili məhsulun 30-40 faizi civarında saxlanılmasıdır.

Ötən ilin ciddi uğurlarından biri də qlobal maliyyə böhranı şəraitində manatın məzənnəsinin sabitliyinin təmin edilməsidir. Ötən il bir sıra region ölkələrində müəyyən xarici və daxili amillərin təsiri altında psixoloji valyuta böhranları baş vermiş, region ölkələrinin əksəriyyətində milli valyutalar ciddi devalvasiyaya uğramışdır. Rus rublu 80, qazax təngəsi 19, türkmən manatı 22, Belarus rublu 17, Ukrayna qrivnası 90, türk lirəsi 8 faiz ucuzlaşmışdır. Belə şəraitdə bir sıra beynəlxalq agentliklər Azərbaycan manatını Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən sabit və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılmışdır. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görmüşdür.

 

Sahibkarlığa yüksək qayğı

 

2014-cü ildə makroiqtisadi tarazlığı təmin edən Azərbaycan investisiya cəlbediciliyini də qoruyub saxlamışdır. Sahibkarlıq mühitinin sağlamlaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, iş adamlarına dövlətin güzəştli kreditlərindən geniş istifadə imkanlarının yaradılması və digər mühüm tədbirlər respublika iqtisadiyyatına investisiya qoyuluşlarının həcminə və strukturuna müsbət təsirini göstərir. 2010-cu ildə ölkə iqtisadiyyatına 17,6 milyard, 2011-ci ildə 21,6 milyard, 2012-ci ildə 25,8 milyard, 2013-cü ildə 28 milyard dollar investisiya qoyulmuşdur. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sözügedən iclasında vurğuladığı kimi, ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşları 27 milyard dollar təşkil etmişdir. Bu, ölkə iqtisadiyyatına yatırılan sərmayələrin dinamik artımını, eləcə də Azərbaycanda yerli və xarici sərmayələri stimullaşdıran normal makroiqtisadi mühitin mövcudluğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bunu belə xarakterizə etmişdir: “Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur”.

Hesabat dövründə respublikanın iqtisadi resurslarının düzgün və məqsədyönlü realizə edilməsi, real sektorun dəstəklənməsi, sənayeləşmənin stimullaşdırılması, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması, vergi mühitinin liberallaşdırılması tədbirləri də ölkənin investisiya cəlbediciliyinin yüksəlməsinə təsirini göstərmişdir. Əgər əvvəllər ölkə iqtisadiyyatına investisiyalar əsasən neft-qaz sektoruna yatırılırdısa, indi əcnəbi iş adamları daha çox qeyri-neft sektorunun sənaye texnoparklarına, İKT, turizm və digər sahələrinə maraq göstərirlər.

Ötən ilin sonlarına doğru beynəlxalq siyasi konyunktur ilə bağlı neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyat 3, qeyri-neft sektoru 7 faiz artmışdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, son illər ərzində görülən işlərin bariz nümunəsi, aparılan uğurlu siyasətin təzahürüdür: “Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin. İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir”.

Nazirlər Kabinetinin son iclasında vurğulandığı kimi, ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Həyata keçirilən sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, tranzit potensialının reallaşdırılması və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı yüksəlməsini təmin etmişdir.

Ötən il biznes mühitinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yerinin açılması da qlobal böhran şəraitində kifayət qədər ciddi göstəricilərdən biri hesab oluna bilər.

Regionlarda sahibkarlığın inkişafına təkan verən amillərdən biri də dövlətin güzəştli kreditləridir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ötən il 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir. Bunun hesabına isə 12500-dən çox yeni iş yerinin açılması imkanı yaranmışdır. Həmçinin 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

 

Regionların inkişafında yeni mərhələ

 

Ötən ilin ciddi uğurlarından biri də qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 19,5 faiz artmasıdır. Sosial-iqtisadi inkişafın uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır. Xüsusi vurğulamaq lazımdır ki, bu göstəricilər son 11 ildə uğurla həyata keçirilən regional inkişaf proqramlarının nəticəsidir. Bu günlər Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans ölkəmizdə regionların inkişafına yönəlmiş dövlət siyasətinin ardıcıllığını bir daha təsdiqləyir.

Konfransdakı nitqində Prezident İlham Əliyev demişdir: “2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər, bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır... Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”.

Ölkə başçısının konfransda vurğuladığı kimi, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramları ötən illərdə regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə yüksəlməsinə, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycan bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevrilmişdir. Ümumilikdə 2003-2013-cü illərdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.

Proqramlar çərçivəsində 2708 məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, “ASAN xidmət” modelinin formalaşdırılması, biznes forumlarının, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Regional inkişaf tədbirlərinin davamı kimi ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların inkişafının davamına təminat yaratmışdır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

Dövlət proqramının başlıca məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və regionların inkişafı istiqamətində tədbirlərin davam etdirilməsidir. Proqramda müəyyənləşdirilmiş məqsədlərə nail olunması üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluğunun artırılması və yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələrə diqqət veriləcəkdir.

Proqram çərçivəsində ölkə başçısı 2014-cü ildə bölgələrə 23 səfər etmiş, 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. İctimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 72 əlavə sərəncam imzalanmış, 270 milyon manat vəsait ayrılmışdır. Ümumilikdə sonuncu proqramın reallaşdırılması ilə bağlı son 1 ildə regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir. Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilmişdir.

2014-ci ilin “Sənaye ili” elan edilməsi Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələdə inkişafını da təmin etmişdir. Bununla yanaşı, ötən il təsdiq edilmiş tədbirlər planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülmüşdür.

“Sənaye ili”ndə regionlarda 105 sənaye müəssisəsi açılmışdır. Ümumilikdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artmışdır. Sənayenin inkişafına dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. Xüsusi vurğulamaq lazımdır ki, ötən ilin dekabrında Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcəkdir.

 

Kənd təsərrüfatına dəstək güclənir

 

Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin davamlı şəkildə artırılmasına çalışan Azərbaycan hökuməti bu məqsədlə aqrar sektorun inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək, kənd yerlərinin tarazlı inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir. Bu da təsadüfi deyildir ki, ölkə başçısı cənab İlham Əliyev bu il yanvarın 12-də 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı sərəncam imzalamışdır.

Sərəncamın preambula hissəsində vurğulanır ki, Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ-hüquqi baza təkmilləşdirilmişdir: “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır”.

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək ölkəmizin aqrar potensialının geniş təbliği məqsədinə xidmət edir. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bu məqsədlə islahatların davam etdirilməsi respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da dolğun əksini tapmışdır. Konsepsiya ilə 2020-ci ilədək qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun orta illik artım tempinin 7 faizdən çox olması qarşıya məqsəd qoyulmuşdur və bu da, əsasən, aqrar sektorun inkişafı hesabına təmin edilməlidir. Sənədə əsasən, qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələr yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi; aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi; özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi; kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur.

2014-cü ildə də respublikada aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər intensivləşmişdir. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması deyilənlərin əyani təsdiqidir. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan həmin güzəştlərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Ölkə başçısının 2014-cü il 16 yanvar tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında isə kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması vacibliyi bir daha önə çəkilmişdir. Sənəddə məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, məhsulların qəbulu və saxlanması üçün ixtisaslaşdırılmış terminalların və anbarların yaradılması, müvafiq nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir.

Ötən il intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş dövlət siyasəti, eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Son illər dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaratmışdır. Qiymətlərin sabit saxlanılması məqsədilə istehlak bazarında gündəlik monitorinqlər aparılmaqla bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, nəticədə süni qiymət artımına yol verilməmişdir. Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkında işlər artıq praktik müstəviyə keçmişdir. Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Ümumilikdə ötən ilin yekunları və 2015-ci ildə hökumətin diqqət mərkəzində saxladığı aktual çağırışlar cari ildə ölkəmizdə maliyyə sabitliyinin və iqtisadi artım tempinin qorunub saxlanılacağını, vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına xidmət göstərən tədbirlərin davam etdiriləcəyini əminliklə söyləməyə ciddi əsaslar verir.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2015.- 6 fevral.- S.6.