Bağdaddan doğan şeir günəşi
Korifeylər
XVI yüzildə Bağdad göylərində bir günəş doğdu. Bu, üç dildə ölməz əsərlər yaradan Məhəmməd Füzuli günəşi idi. Özü də elə bir günəş ki, gur şəfəqlərini getdikcə Azərbaycan-türk dili başa düşülən bütün ölkələrə, məmləkətlərə saçdı. 500 ilə yaxındır ki, çeşidli qitə və iqlimlərdə yaşayan milyonlarla insan istilik və hərarəti bir an da azalmayan bu günəşin şəfəqlərindən qızınır, işığından nurlanır, gözəlliyindən zövq alır.
Orta çağlardan üzü bəri bütün anadilli ədəbiyyatımızın ən yüksək zirvəsi, doğma dilimizi ilk dəfə ərəb və fars dilləriylə yanaşı dura biləcək poeziya dili səviyyəsinə qaldıran Füzuli poeziyasıdır. Türk dilinin fonetik-leksik qanunlarına və ruhuna yad olan əruz vəzni ilə “barışmasında”, daha doğrusu, türk dilinin əruz vəzninə uyğunlaşdırılmasında da Füzuli bütün bacarıq və istedadını sərf etmiş, əsl ustadlıq göstərmişdir. İslam dini və mədəniyyətinin yayılmasında türk hökmdar və sultanlarının qılınc gücünə gördükləri işləri Füzuli öz qələmiylə görmüş, “pəhləvan” qüdrətli sözləriylə dünyanı tutmağa nail olmuşdur.
Məhəmməd Füzulinin doğum tarixi 1494-cü il qəbul edilsə də, onun təxminən 1480-1485-ci illər arasında Kərbəla şəhərində anadan olduğu daha çox inandırıcıdır. Şairin həyatı haqqında yeri gəldikcə verdiyi cüzi məlumatları, eləcə də əsərlərində adları keçən bir çox tarixi hadisə və şəxsiyyətləri diqqətlə araşdıran görkəmli füzulişünas alimlər də bu fikirdədirlər: məsələn, tanınmış türk araşdırıcılarından Əbdülqadir Qaraxan, Hasibə Mazıoğlu, italyan şərqşünası Alessio Bombaçi, Azərbaycan alimi Ə.Səidzadə və başqalarını göstərmək olar. Doğulduğu yer, özünün birmənalı olaraq dediyi kimi, Ərəb İraqı, müsəlman dünyasının mühüm mədəniyyət mərkəzi - Bağdad yaxınlığında yerləşən Kərbəla şəhəridir. Məsələn, farsca divanının dibaçəsində (giriş hissəsində) yazır:
“...Doğulduğum və yaşadığım yer İraqi-Ərəbdir ki, sultanların kölgəsindən uzaq və sakinlərinin şüursuzluğu üzündən xərabə qalmış bir ölkədir”.
Yenə həmin
dibaçənin sonunda deyir:
Ey
Füzuli, məskənim çün Kərbəladır,
şeirimin
Hörməti hər yerdə vardır, xəlq onun
müştaqıdır.
Nə
qızıldır, nə gümüş, nə ləlü nə
mirvaridir,
Sadə torpaqdırsa, lakin Kərbəla
torpağıdır.
Elə buna görə də bir çox orta əsr təzkirəçiləri
onu “Füzuli Bağdadi” kimi təqdim ediblər. Bəzi
qaynaqlara görə, o da, Dədə Qorqud kimi, Oğuz
türklərinin Bayat boyuna mənsubdur. Şairin
Ağqoyunlu türkmanlarından olduğunu deyənlər də
var. Atası Süleyman kişi mənşəcə
Azərbaycandan olub, sonralar öz elatıyla İraqa
köçüb Bağdad civarında yerləşən Azərbaycan
türklərindən biridir. Hətta
Füzulinin uşaq yaşlarında öz ailəsiylə oraya
köç etdiyini ehtimal edənlər də olmuşdur.
Təsadüfi deyil ki, böyük şair əsərlərində
yeri gəldikcə özünü “qərib”
adlandırmış, ömrü boyu vətən həsrəti,
doğma yurd nisgilindən şikayətlənmişdir.
Özəlliklə lirik qəzəllərində tez-tez rast gəlinən
“qəriblik”, “vətən həsrəti”, “qürbət” motivlərini
yalnız indi çox dəbdə olan sufi-mistik baxımdan izah
etmək mümkün deyil. Çox zaman bu,
haqsızlıqlarla qarşılaşan şairin iç
dünyasından vulkan kimi püskürən şəxsi
iztirabları, daxili mənəvi yaşantıları kimi
üzə çıxır.
Dövrünün
ziyalı və mədəni simalarından olan Süleyman kişi oğlu Məhəmmədə
yaxşı təhsil vermək üçün əlindən
gələni etmiş, savadlı müəllimlər
tutmuş, onun oxuması üçün hər bir şərait
yaratmışdır. Şairin atasının
Hillədə müfti olması fikri də bəzi qaynaqlarda
yer alıb. Məhəmmədin
uşaqlıq və gənclik illəri Kərbəla, Nəcəf,
Hillə və Bağdad kimi şəhərlərdə
keçmiş, təhsilini də çox güman ki, elə
bu şəhərlərdə tamamlamışdır. Uşaqlıqdan elmə və biliyə böyük
həvəs göstərən Məhəmməd
dövrünün bir çox elmlərini - dil, ədəbiyyat,
məntiq, fəlsəfə, tibb, riyaziyyat, astronomiya, nücum,
fiqh və başqalarını mükəmməl öyrənir.
Bu, özünü gələcəkdə
böyük şairin ölməz əsərlərində bədii
formada - çeşidli məcaz və təşbehlər
geyimində verdiyi bilgi və məlumat bolluğu şəklində
göstərir. Bəzi rəvayətlərə
görə, ədəbiyyat müəllimi dövrünün
tanınmış şairi Həbibi, ərəb dili müəllimi
isə Xacə Rəhmətullah əfəndi olmuşdir.
Deyilənə görə, gənc Füzuli
müəllimi Xacə Rəhmətullahın qızına dəlicəsinə
vurulmuş, ancaq ilk məhəbbəti uğursuz olmuşdur.
Gəncliyində ilk sarsıdıcı mənəvi zərbə
alan Füzulinin gələcəkdə
ürəkləri sızladan, yandırıb-yaxıcı
lirik-aşiqanə qəzəllər yazmasında bu əzablı
sevgi də öz rolunu oynamışdır. Hətta
ölməz məhəbbət dastanı “Leyli və Məcnun”da
şairin özünün iztirab dolu qarşılıqsız
məhəbbət macərasını təsvir etdiyini deyənlər
də vardır.
Gənc Məhəmməd çox erkən
yaşlarından yaradıcılığa başlayıb. Ancaq
özünü bütünlüklə bədii
yaradıcılığa həsr etməzdən öncə,
artıq qeyd etdiyimiz kimi, o zamankı bütün elmləri
oxuyub mənimsəmişdir. Eyni zamanda, öz doğma
dilindən başqa, ərəb və fars dillərini də o
dillərdə gözəl şeirlər yazacaq səviyyədə
öyrənməsi və yalnız bundan sonra “ilhamının
köhlən atına” geniş meydan verməsini də dahi sənətkar
dibaçədə xüsusi vurğulayır. Bu,
onun sözə, sənətə necə böyük məsuliyyətlə
yanaşdığını bir daha açıb göstərir.
Sanki bu yolla elmlə poeziyanı bədii
yaradıcılığında birləşdirmək istəmiş,
öz sözləriylə desək, “dövrünün yeganəsi”
olmaq istəmişdir. Təsadüfi deyil
ki, Füzulinin şeirlərini “elmli şeir”, özünü
isə “alim-şair” adlandıran bir çox tədqiqatçılar
vardır.
Gənc yaşlarında keçirdiyi faciəvi sevgi
böhranından özünə gələn Füzuli sonralar
ailə həyatı qurmuş, ev-eşik sahibi olmuşdur. Ümumiyyətlə,
şair ailəni cəmiyyətin əsas dayaqlarından
saymış, islamda ailə məsələləri və
prinsiplərinə böyük hörmətlə
yanaşmışdır. Bunu “Rind və
Zahid” əsərində ata Zahidin oğlu Rində verdiyi məsləhətlərdən
də aydın görmək olur. Şairin
yeganə oğlu Fəzli dövrünün görkəmli
ziyalılarından olmuş, hətta şair kimi
tanınmış, daha çox müəmma və
“maddeyi-tarix”lər yazmışdır.
Füzuli çox çətin və ziddiyyətli bir
dövrdə yazıb-yaratmışdır. O, üç fərqli
hökmdarın hakimiyyəti altında yaşamış,
hakimiyyət dəyişikliklərinin sadə xalqın həyatında
heç bir yaxşılaşma yaratmadığını, əksinə,
insanların güzəranını daha da pisləşdirdiyini
görmüş, yeri gəldikcə, əsərlərində
bu məsələlərə əsl demokratik mövqedən
münasibətini bildirmişdir. Şairin
uşaqlıq çağı Ağqoyunluların hakimiyyəti
dövründə keçmiş, bir şair və ziyalı
kimi məşhurlaşma dövrü Səfəvilərin
hökmranlıq illərinə düşmüş, yetkin və
qoca yaşlarında Osmanlı imperiyasının təbəəsi
olmuşdur.
İlk
irihəcmli əsəri - “Bəng və Badə”(“Tiryək
və Şərab”) poemasını Səfəvi
hökmdarı Şah İsmayıl Xətaiyə həsr
etmişdir. Bəzi Səfəvi hakim və əmirlərinə
qəsidələr də yazmışdır. 1534-cü
ildə Bağdadı alan Osmanlı imperatoru Sultan Süleyman
Qanuninin özünə, Ayas paşa, Cəfər bəy,
Mustafa Çələbi və Veys bəy kimi Osmanlı vali və
bəylərinə daha çox qəsidə və məktublar
yazmışdır. Bəzi mənbələrə
görə, Bağdada gələn Sultan Süleymanla da
görüşmüş, onun gəlişi münasibətilə
yazdığı qəsidəni şəxsən sultanın
hüzurunda oxumuşdur. Füzulinin
sultanın özüylə Bağdada gətirdiyi Osmanlı
şairlərindən - Xəyali (öl.964/1557) və
Taşlıcalı Yəhya bəylə də (öl.990/1582)
görüşdüyünü və şeir-sənət
söhbətləri apardığını məlumat verən
qaynaqlar mövcuddur. Tədqiqatçıların
fikrincə, Füzulini “Leyli və Məcnun” poemasını
yazmağa həvəsləndirən “Rum zərifləri” elə
həmin şairlər - Xəyali və Yəhya bəy
olmuşlar.
Saraydakı Nişançı Mustafa paşa kimi xeyirxah
və sənətsevər adamların məsləhəti ilə
Sultan Süleyman Qanuni uzun illər nöqsansız xidmətləri
və qocalığını nəzərə alıb
şairə gündə doqquz axça təqaüd verilməsi
haqqında barat-fərman imzalamışdır. Ancaq şair
bu baratın faydasını görməmiş,
yalançı, acgöz və rüşvətxor məmurların
“sayəsində” bu təqaüdü ala bilməmişdir.
Bir neçə dəfə ovqaf idarəsinə
gedib-gələn Füzuli dövlət
qulluqçularının saxtakarlıq və
ikiüzlülüyündən dəhşətə gəlmiş,
içindən vulkan kimi püskürən acı istehza və
kinayəli tənqidini həmin Nişançı paşaya
yazdığı məktubunda bütün təbiiliyi və
dolğunluğu ilə qələmə almışdır.
Dahi sənətkarın gördüyü haqsızlıqlardan
təsirlənərək öz dostuna yazdığı bu məktub
sonralar “Şikayətnamə” adıyla məşhur olmuş,
onun ən gözəl əsərlərindən biri kimi əldən-ələ
gəzmiş və bu gün də çox maraqla
oxunmaqdadır.
Təzkirəçilərin verdiyi məlumatlardan və
özünün türkcə divanına yazdığı
dibaçədən belə məlum olur ki, şair doğulub
boya-başa çatdığı Ərəb İraqından
kənara çıxmamış, heç bir xarici ölkəyə
səyahət etməmişdir. Ancaq başqa qəzəl
və qəsidələrində Təbriz, İstanbul şəhərlərinin,
Hindistan ölkəsinin adlarını tez-tez çəkir,
oralara səyahət etmək arzusunda olduğunu bildirir.
Cəmiyyətdə tanınan, müəyyən söz
və mövqe sahibi olan Füzulinin bütün şiə
müsəlmanların ən müqəddəs ziyarətgahlarından
sayılan İmam Hüseyn türbəsində uzun müddət
xidmət etdiyi bəllidir. Fars dilində yazdığı bir
qitədə bu barədə belə deyir:
Ruzi yeyənik
ali-rəsulun qapısında,
Bir ömrdür, olmuş bizə bu ruzi müqərrər.
Bu ruzi
yolu bizlərə bağlanmamış əsla,
Layiq bizik aləmdə belə ruziyə yeksər.
Dünyada
qənaətlə bizik kim, bəyənildik,
Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.
Bu misralardan şairin “Ətəbati-aliyə”də uzun
müddət, özü də qoca yaşlarınadək
işlədiyini öyrənirik. Bu müqəddəs
yerdə onun öz qulluğu ilə fəxr etməsi də
yuxarıdakı misralardan aydın görünür.
Bir çox füzulişünas alimlərin fikrincə,
şair qoca yaşlarında doğulub boya-başa
çatdığı Kərbəla şəhərinə
qayıtmış, ömrünün son illərini də orada
yaşamışdır. Deyilənlərə görə,
Füzulinin ölümündən sonra cənazəsi, öz
vəsiyyətinə əsasən, doğma şəhəri,
eləcə də bütün şiə müsəlmanların
müqəddəs ziyarətgahı olan Kərbəlaya gətirilmiş
və orada İmam Hüseyn məqbərəsinin
yaxınlığında dəfn olunmuşdur. Kərbəla şəhidlərinə möhtəşəm
bir abidə - “Hədiqətüs-süəda” (“Xoşbəxtlər
bağçası”) kimi söz abidəsi ucaldan dahi
şairimizin məzarı bu gün də o müqəddəs
yerdə uyuyur.
M.Füzulinin doğum tarixindən fərqli olaraq, vəfat
tarixi dəqiqdir. Şairin hicri tarixlə 963-cü ildə
Bağdadda geniş yayılan “böyük taun” (vəba)
epidemiyası zamanı vəfat etməsi təzkirələrdə
“keçdi Füzuli” maddeyi-tarixiylə qeyd olunmuşdur. Bunu şairin dostu və müasiri,
dövrünün tanınmış ziyalısı Əhdi
Bağdadidən başlayaraq bir çox təzkirəçilər
öz təzkirələrində göstərmişlər.
Bu isə miladi tarixlə məhz 1556-cı ilə
düşür. İraqda taunun
tüğyan etdiyi həmin ildə dünyasını dəyişən
şairin doğum tarixini, yuxarıda qeyd etdiyimiz kimi, təqribən
1480-1485-ci illərə çəkmək daha doğru
olardı.
“Bütün türk şairlərinin babası” (F.Köçərli) Məhəmməd Füzuli yorulmadan qələm çalmış, üç dildə kamillik və təravətini bu gün də itirməyən misilsiz əsərlər qoyub getmişdir. Ərəb, fars və türk dillərində yazıb-yaradan, hər üçündə ölməz əsərlər müəllifi olan M.Füzuli kimi nəhəng ədəbi simalar dünya ədəbiyyatında çox azdır. Elmi-fəlsəfi bilgilərlə zəngin əsərləri göstərir ki, o, bütün Yaxın və Orta Şərq ədəbiyyatına, incəsənətinə, ictimai-fəlsəfi fikir tarixinə yaxından bələd olmuşdur. Misir və yəhudi ədəbi-mədəni və ictimai-fəlsəfi təmayüllərini dərindən öyrənmişdir. Təsadüfi deyil ki, hələ “molla”, “mövlana” (bizim ağamız), “mütəfəkkir şair”, yaxud “alim-şair” kimi adlarla tanınmışdır.
“Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış, yenicə yaranmaqda olan ədəbiyyatımızı çiyinlərinə almış, ən yüksək zirvələrə qaldırmış və öz yaradıcılığı ilə on illərlə orada saxlamışdır” (C.Cabbarlı).
M.Füzuli ədəbiyyat tariximizdə ilk dəfə Azərbaycan türkcəsində “nəzmi-nazik” -”incə, zərif şeir” yaratmaq istədiyini qarşısına ali məqsəd kimi qoymuş, bu işə bütün bilik və istedadını sərf etmiş və bunun öhdəsindən layiqincə gəlmişdir. Üç dildə Şərq şeirinin bütün janrlarında qələmini sınayan şair hansı mövzuda yazıbsa, həmin mövzuda özündən əvvəl və sonra əsər yazmış əksər Şərq şairlərini kölgədə qoymuşdur. Təxəllüs seçimində olduğu kimi, heç nədə şəriklik və ortaqlığı bəyənməmiş, əl qoyduğu hər bir işdə yalnız birincilik, yeganəlik tərəfdarı olmuşdur.
Doğma türkcəmizdə farsdilli “Leyli və Məcnun”lar səviyyəsində eyni adlı poema, “Şikayətnamə” kimi təzə və orijinal nəsr örnəyi, “Hədisi-ərbəin” - “Qırx hədis” adlı çağdaş tələblərə cavab verən klassik tərcümə əsəri, ölməz şəhidlik abidəsi - “Hədiqətüs-süəda” - “Xoşbəxtlər bağçası” kimi məqtəl dastanı da neçə belə ilklərə imza atmış Füzuli qələminin məhsuludur. Yəni, orta yüzilliyin çox şair və yazıçılarından fərqli olaraq, üç dildə lirik və epik, mənzum və mənsur, bədii və elmi-fəlsəfi əsərlər yazmış, klassik şeirin bütün janrlarının özünəxas ədəbi-bədii imkanlarından ustalıqla yararlanmışdır.
Füzulinin ölməz ədəbi irsi türkcə və farsca “Divan”ları, azərbaycanca, farsca və ərəbcə qəsidələr “Divan”ı, “Bəng və Badə”, “Yeddi cam” (fars dilində) alleqorik poemaları, “Leyli və Məcnun” lirik-epik poeması, “Rind və Zahid”, “Səhhət və Mərəz” kimi farsca yazılmış alleqorik-fəlsəfi nəsr əsərləri, “Şikayətnamə” də daxil olmaqla olduqca orijinal əsər təsiri bağışlayan məktubları, “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) adlı türkcə nəsr əsəri, “Hədisi-ərbəin”in (“Qırx hədis”) tərcüməsi və “Mətləül-etiqad” (“Etiqadın başlanğıcı”) kimi ərəbcə yazdığı elmi-fəlsəfi əsərindən ibarətdir.
Şairin qəzəl janrının üstünlük təşkil etdiyi türkcə və farsca divanlarında rübai, qitə, tərcibənd, tərkibbənd, mürəbbe, müxəmməs və müsəddəs kimi Şərq şeir şəkillərində yazılmış lirik əsərləri də yer alıb. Hansı formada, hansı janrda, hansı bəhrdə (ölçüdə) yazmağından asılı olmayaraq, irili-xırdalı bütün əsərlərindən Füzuli qəlbi, Füzuli ruhu, Füzuli zəkası, Füzuli məntiqi boy göstərir. Daha çox lirik-aşiqanə məhəbbət duyğularının tərənnümçüsü kimi tanınan şairin bütün əsərləri həyatda gözəl və gözəlliyin, təbiətdə xeyirxahlıq və harmoniyanın, cəmiyyətdə humanizm və ədalətin qələbəsinə səsləyən və həvəsləndirən motivlərlə zəngindir.
Füzulinin əsərləri XVI yüz il Bağdad mühitini əks etdirən poetik güzgü, ümumən orta çağlar müsəlman Şərq dünyasını gözlərimiz qarşısında canlandıran obyektiv ədəbi-bədii salnamədir. Bu əsərlər Məcnunun nalə və fəryadı, Leylinin gizli hıçqırıqları və içinə axan göz yaşları, gənc Rindin cəmiyyətdə ədalətli sənət və əzablı mənəvi-irfani axtarışları, qoca Zahidin daxili dünyası ilə övlad məhəbbəti arasındakı qəlb çırpıntıları və s. yoğrulmuş saf incilərdir. Füzuli yaradıcılığı türk dilinin, türk ruhunun, türk zəkasının vulkan püskürtüsü, Azərbaycan bədii fikrinin ən yüksək zirvəsidir. Füzulinin böyüklüyü bir də ondadır ki, ana dilinə məqsədli şəkildə üstünlük vermiş, mükəmməl divanı ilə yanaşı, “Leyli və Məcnun”, “Hədiqətüs-süəda” kimi lirik-epik məzmunlu şah əsərlərini məhz bu dildə yaratmışdır. Füzuli elə bir ədəbi məktəb yaratmışdır ki, ta XIX yüzildə M.F.Axundzadəyə qədər şairlik ilhamı və istedadı olan hər kəs böyük fəxr və məmnunluqla ya bu məktəbin şagirdi, tələbəsi, müdaviminə çevrilmiş, ya da könüllü olaraq qələmi əlindən yerə qoymuşdur.
Füzuli poeziyası nəinki Azərbaycan, hətta bütün Yaxın və Orta Şərq ədəbiyyatında böyük təsir buraxmış, Türkiyə, İran, özbək, tatar şair və yazıçıları uzun müddət onun əsərlərindən bəhrələnmiş, ölməz qəzəllərinə bənzətmə və nəzirələr yazmışlar. Məşhur türk alimi M.F.Köprülünün bu barədə fikirləri daha maraqlıdır: “Yalnız Füzulini yetişdirən azəri sahəsi deyil, Osmanlı və Cığatay ədəbiyyatları da əsrlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır. Daşkənddən Kazana, Krımdan Macarıstan sərhədlərinə, Bağdaddan Qahirəyə, Təbrizdən Buxaraya və İstanbula qədər bütün türk sahəsi əsrlərcə onun tərənnümlərini dinlədi. Azərbaycan, İran və Güney Qafqaz türklərinin fars dilinin müdhiş təhəkkümünə rəğmən, əsrlərcə türklüklərini mühafizə etmələrində, türk aləminin mənəvi vəhdətinin pozulmamasında Füzulinin pək böyük bir təsiri vardı”.
Zəkulla BAYRAMLI,
filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2015.- 6 fevral.- S.10.