Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Serbiyanın

 Baş naziri Aleksandr Vuçiç ilə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Münxendə Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edildi. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırıldı. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.

Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulandı. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirildi.

Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi, ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

AzərTAc

Azərbaycan.-2015.- 7 fevral.- S.2.