ABŞERON: Azərbaycanın yeniləşən
simasını əks etdirən rayon
2014-cü ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, qeyri-neft sektorunun və regionların yüksəlişi sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi güclənmişdir. Davos İqtisadi Forumunun 2014-cü ildəki növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci, MDB ölkələri arasında isə artıq 6 ildir ki, birinci yerdədir. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
Xüsusilə qeyd edilməlidir ki, ötən il neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 3 faiz, qeyri-neft sektoru
7 faiz, əhalinin pul gəlirləri 4,8 faiz artmış, Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 60 faizə çatmışdır. Hesabat dövründə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuş, manatın məzənnəsi sabit qalmış, valyuta ehtiyatlarımız artaraq 50 milyard dolları ötüb keçmişdir. “Sənaye ili” elan edilən 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi yaradılmış, həmçinin Azərbaycanın Yer səthini müşahidə edən ikinci peyki orbitə buraxılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 123 min yeni iş yeri açılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enmişdir.
Əldə olunmuş nailiyyətlərdə abşeronluların da payı var
Ölkəmizdə əldə olunmş bu nailiyyətlərdə abşeronluların da payı var. Belə ki, ötən il rayonda qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilmişdir. Bunun nəticəsidir ki, 2014-cü il Abşeron rayonu üçün ən uğurlu illərdən biri olmuşdur. Fevralın 6-da keçirilən Abşeron rayonunun 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı söz açıldı. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini yad etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasəti, dinamik fəaliyyəti sayəsində bütün sahələrdə qazanılmış uğurlar abşeronluları da ürəkdən sevindirir. Öncə Abşeron rayonu üçün əlamətdar hadisələrdən söz açan Zakir Fərəcov bildirdi ki, 2014-cü il oktyabrın 3-də Prezident İlham Əliyevin Abşerona tarixi səfəri hər bir rayon sakininin həyatında silinməz izlər buraxmışdır. Cənab Prezident rayonda Heydər Əliyev Mərkəzinin, yenidən qurulmuş mədəniyyət və istirahət parkının, Bayraq Meydanının, musiqi və şahmat məktəblərinin, “Park Abşeron” Əyləncə Mərkəzinin, Masazırda 13 min tamaşaçı yerlik müasir stadionun açılışında iştirak edərək rayonda aparılan abadlıq-quruculuq işləri ilə ətraflı tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
“Rayonda aparılan abadlıq, quruculuq işlərini yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev “Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırmışdır. Eyni zamanda, ötən il Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan 14 nəfər rayon sakini müxtəlif fəxri ad və medallarla təltif edilmişdir. Biz bu qiyməti bütün abşeronluların əməyinə verilən qiymət kimi dəyərləndirir və bu qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk” - deyə Z.Fərəcov bildirdi.
Abşeron artıq 5-ci ildir ki, dövlət büdcəsindən maliyyələşmir
İqtisadi sahədə dinamik inkişafını davam etdirən Azərbaycan üçün ən önəmli cəhətlərdən biri yaşanan tərəqqinin regionlar arasında bərabər qaydada paylanmasıdır. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişaf tempinin daha sürətli hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin etmişdir.
Abşeron rayonu da Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Bu mənada ölkənin iqtisadi qüdrətinin yüksəlişində Abşeron rayonu da xüsusi çəkiyə malikdir. 2014-cü il də rayon üçün sosial-iqtisadi inkişaf baxımından növbəti yeni mərhələ olmuşdur.
Rayon iqtisadiyyatının güclənməsinin, sahibkarlıq subyektlərinin, istehsal müəssisələrinin fəaliyyəti üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, Abşeron rayonunda artıq beş ildir ki, dotasiya almadan yerli gəlirlər hesabına büdcənin formalaşdırılması təmin edilir. Hesabat dövründə yerli büdcəyə 34 milyon 131 min manat vəsait cəlb olunaraq proqnoza 104,3 faiz əməl edilmiş, rayonun yerli xərcləri isə 95,3 faiz icra olunmuşdur.
Prezident İlham Əliyevin 2014-cü ili ölkəmizdə “Sənaye ili” elan etməsi ilə əlaqədar Abşeronda bu sahənin inkişafına ciddi önəm verilmişdir. Hesabat ilində rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri 110 milyon manatlıq məhsul istehsal etmişlər ki, bunun da 71 faizi qeyri-dövlət sektorunun payına düşür. İl ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 273 milyon manat investisiya yönəldilmişdir.
Hesabat dövründə pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz artaraq 278 milyon manat təşkil etmişdir. Rayonda dövlət əmlakının özəlləşdirilməsi, qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi yolu ilə büdcəyə 804 min manat vəsait cəlb edilmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq hesabat ilində 3083 yeni iş yeri açılmışdır. Beləliklə, 2004-cü ildən bəri rayonda açılmış yeni iş yerlərinin ümumi sayı 21 mini ötmüşdür. Son 10 ildə 9 mindən çox insanın işlə təmin olunduğu 90 Məhdud Məsuliyyətli Cəmiyyət, 18 mindən artıq fiziki şəxs kommersiya, xidmət, istehsal və emal sahələri üzrə fəaliyyətə başlamışdır. Bunu rayonda sahibkarlığın inkişafına yaradılmış əlverişli şəraitin nəticəsi kimi qiymətləndirmək olar.
Abşeron həm də ənənəvi kənd təsərrüfatı rayonudur. Aqrar sahədə islahatların səmərəli tətbiqi burada fermerlərin şəxsi təsərrüfatını daxili tələbata və bazar iqtisadiyyatının qaydalarına uyğun aparmasına imkan yaratmışdır. 2015-ci il yanvarın 1-nə olan statistik məlumata əsasən, qəsəbə və kəndlərin əhalisinin şəxsi mülkiyyətində 19530 baş iribuynuzlu mal-qara, o cümlədən 107 min başa yaxın davar var. İl ərzində isə 1822 ton ət, 40637 ton süd, 2783 sentner yun, 93 milyon ədəd yumurta istehsal olunmuşdur.
Tərəvəzçiliyin örtülü sahələrdə yerləşdirilməsi və yeni istixanaların tikilib işə salınması ildən-ilə şəhər bazarlarına çıxarılan məhsulun artımını təmin edir. Ötən il rayonda 8407 ton tərəvəz istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən 1758 ton çoxdur. Həmçinin 2248 hektar bağ sahəsində 1172 ton meyvə istehsal olunmuşdur.
Təqdirəlayiq haldır ki, kənd təsərrüfatının Abşerona xas sahələri olan zəfərançılıq bərpa edilir, zeytun bağlarının, üzüm plantasiyalarının sahəsi genişlənir. 1 yanvar 2015-ci il tarixə rayon ərazisindəki dövlət və qeyri-dövlət müəssisələrində 141 hektar üzüm, 1590 hektar zeytun, 23,1 hektar zəfəran sahələri mövcuddur. Hesabat dövründə 197 ton üzüm, 543 ton zeytun, 400 kiloqram zəfəran yığılmışdır.
Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Mehdiabad qəsəbəsində yerləşən inzibati binası əsaslı təmir edilmiş, yeni laboratoriyaların tikintisi başa çatdırılmışdır. İnstitut nəinki rayonda, eləcə də respublikamızın digər bölgələrində üzümçülüyün və şərabçılığın inkişafında əhəmiyyətli rol oynayacaq.
Məruzədə o da qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi hələ ötən əsrin 60-cı illərindən kənd təsərrüfatı rayonu kimi formalaşmış Abşeron rayonunda da bu sahənin inkişafına təkan verəcək.
Rayonun infrastrukturu sürətlə yenilənir
Son illərdə rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm də yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.
2014-cü ildə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Təhsilə dövlət qayğısının bariz nümunəsidir ki, 2013/2014-cü dərs ilində Xırdalan şəhərinin “Abşeron Gənclər Şəhərciyi”ndə 600, Mehdiabad qəsəbəsində 400 şagirdlik yeni məktəb binası tikilmiş, Xırdalan şəhər 1 saylı tam orta məktəbi üçün 840, 4 saylı tam orta məktəbi üçün 400, 7 saylı tam orta məktəbi üçün 240, Aşağı Güzdək qəsəbə tam orta məktəbi üçün isə 200 şagirdlik əlavə tədris korpusları tikilərək istifadəyə verilmişdir. Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda təmir işləri davam etdirilir.
Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bağça tikintisi ilə bağlı təşəbbüsünə qoşulan Abşeron rayonunda ötən il daxili imkanlar hesabına 22 uşaq bağçasının tikintisinə başlanılmışdır. Xırdalan şəhərində, Ceyranbatan qəsəbəsində, Məmmədli kəndində uşaq bağçaları tikilərək artıq istifadəyə verilmiş, Masazır kəndində tikilmiş 6 qrupluq uşaq bağçasında isə son tamamlama işləri görülür. Rayonun şəhər, qəsəbə və kəndlərində 17 uşaq bağçasının tikintisi hazırda davam etdirilir və cari ilin sentyabr ayınadək istifadəyə verilməsi təmin ediləcək.
Əhaliyə səhiyyə xidmətini yaxşılaşdırmaq istiqamətində də ötən il bir sıra tədbirlər görülmüşdür. Azərbaycan Prezidentinin 17 aprel 2012-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanası üçün binanın tikintisi davam etdirilir. Rayonun daxili imkanları hesabına Fatmayı kəndində 14 otaqdan ibarət ikimərtəbəli poliklinika binası tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hökməli qəsəbəsinin “Atyalı” yaşayış massivində 11 otaqdan ibarət yeni binanın tikintisində isə son tamamlama işləri görülür.
Rayonda yol infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. 2014-cü il ərzində 7,6 kilometr uzunluğunda Masazır-Saray-Novxanı yaşayış məntəqələrini birləşdirən yol yenidən qurularaq istismara verilmiş, 33,7 kilometr uzunluğunda Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunda isə iş başa çatdırılmışdır. Ötən il daxili imkanlarımız hesabına rayonun yaşayış məntəqələrinin küçə və yollarına 293 min kvadratmetr asfalt örtük çəkilmişdir.
Ötən il rayon Mədəniyyət evində, Tarix Diyarşünaslıq muzeyində əsaslı təmir işləri aparılmış, Xırdalan şəhər uşaq musiqi məktəbi üçün hər bir şəraitə malik, müasir tələblərə cavab verən bina tikilib istifadəyə verilmişdir. Həmçinin Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin inşası davam etdirilir və ilin sonuna kimi təhvil verilməsi gözlənilir. Onu da əlavə edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Abşeron rayonu 2014-cü ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuşdur.
Abadlıq və quruculuq ünvanı
Son illərin real mənzərəsi Abşeronun ölkənin əsas abadlıq və quruculuq ünvanlarından biri olduğunu təsdiq edir. Ölkə Prezidenti İlham Əliyevin abadlıq-quruculuq işlərinin genişləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Abşeron rayonunda da öz bəhrəsini verməkdədir. Hesabat dövründə rayonun şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı abadlıq və quruculuq işləri görülmüşdür.
Rayonda irimiqyaslı layihələr çərçivəsində Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissəsində yolun hər iki kənarında geniş abadlıq, müasir və zövq oxşayan üslubda yenidənqurma işləri aparılmışdır. Bununla əlaqədar 350 min kvadratmetrdən çox sahədə yaşıl ot (qazon), 500 minə yaxın gül, 20 mindən çox dekorativ kol və ağac əkilmişdir. Yaşıllıqların suvarılması məqsədilə 110 kilometr uzunluğunda su xətti çəkilmişdir.
Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi ilə əlaqədar xüsusi tədbirlər həyata keçirilməkdədir. Abşeron rayonunda da ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılır. Ötən il “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda genişmiqyaslı ağacəkmə kampaniyası həyata keçirilmişdir. Ümumilikdə ötən il rayon ərazisində 1 milyondan çox ağac və gül kolları əkilmişdir. Belə tədbirlərin cari ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
Digər çıxışlarda da rayonun ötənilki nailiyyətlətlərindən və qarşıda duran vəzifələrdən söz açıldı. Çıxış edənlər bildirdilər ki, Prezident İlham Əliyevin diqqət və qayğısı, rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə verdiyi yüksək qiymət daha yaxşı işləməyə, Abşeronun ölkənin ən abad və ekoloji cəhətdən təmiz bir rayonu olaraq qalması üçün bütün qüvvə və bacarıqları səfərbər etməyə ruhlandırır. Əminliklə bəyan olundu ki, abşeronlular dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi, daxili və xarici siyasətin uğurlarından bəhrələnərək bundan sonra da öz əməkləri və əzmkarlıqları ilə müstəqil Azərbaycanın tərəqqisinə layiqli töhfələrini verəcək, bunun üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2015.- 7 fevral.- S.4.