Terroru pisləyənlərin
“mənəvi terror”u
Müasir dünya demokratiya pərdəsi altında “gizlənmiş”
bir sıra Qərb dövlətlərinin insan
hüquqlarının müdafiəsi bəhanəsi ilə
öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin
zaman-zaman şahidi olub. Son illər bəzi dövlətlərin
beynəlxalq hüquq normalarına münasibətlərinin
siyasi avantürizm formasında təzahürü, istər-istəməz
belə bir qənaətin formalaşmasına gətirib
çıxarıb ki, Avropa məkanında əsl demokratik dəyərlərə
“ikili standart” yanaşma getdikcə güclənir. Başqa sözlə, özünü
“demokratiyanın beşiyi” sayan bəzi dövlətlər hətta
insan hüquqlarına münasibətdə özlərinin
geosiyasi maraqlarından çıxış edir, beynəlxalq
gərginliyi süni şəkildə artırırlar.
Bu ilin əvvəllərindən
başlayaraq Avropada islamafobiyanın pik həddə
çatması, söz, fikir, mətbuat
azadlıqlarının təminatı adı altında
insanların vicdan azadlıqlarının kobud şəkildə
pozulması, şərəf və ləyaqətlərinin,
milli və dini heysiyyətlərinin alçaldılması,
bir sözlə, dini dözümsüzlüyün
tüğyan etməsi bu həqiqəti bir daha təsdiqləyir.
Bir qədər də konkretləşdirsək, bu ilin yanvar
ayının 7-də Fransanın “Şarli Ebdo”
jurnalının redaksiyasının əməkdaşlarına
qarşı törədilmiş terror aktı zəminində
cərəyan edən hadisələr rəsmi Parisin söz və
məlumat azadlıqları ilə manipulyasiya etdiyini bir daha təsdiqlədi.
Uzun illər ərzində islam dininə
etiqad edən insanları qıcıqlandırmaq yolunu seçən,
Məhəmməd peyğəmbərin (s.ə.s)
karikaturasını dəfələrlə dərc edən
sözügedən jurnalın redaksiyasına silahlı
hücumun təşkili və 10-dan çox əməkdaşının
qətlə yetirilməsi Avropada islam dininə və ümumən
müsəlmanlara qarşı yeni hücumlara
başlanılması üçün cılız bəhanəyə
çevrilib. Nəinki Fransanın, eləcə də
Avropanın bir çox dövlətlərinin rəsmilərinin
“Şarli Ebdo” jurnalının müsəlmanları
aşağılamasına və onların müqəddəs
inanclarını təhqir etməsinə söz və mətbuat
azadlığı kontekstindən bəraət qazandırmaq cəhdləri
isə ikili standart yanaşmaların təzahürü kimi
ikrah hissi doğurur.
Şübhəsiz, müasir dünyada söz, fikir və
mətbuat azadlıqları hər bir sivil dövlət və
cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb
edir. Bu azadlıqlar hər bir cəmiyyətdə
aşkarlıq, hesabatlılıq və siyasi plüralizm
prinsiplərinin təminatında mühüm rol oynamaqla
yanaşı, demokratik inkişafı şərtləndirən
mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin
formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən
biri də məhz kütləvi informasiya vasitələrinin
müstəqil fəaliyyətinin təmin edilməsidir.
Bu da təsadüfi deyildir ki, bəşəriyyətin
mövcudluq tarixi söz, fikir və mətbuat
azadlıqları uğrunda mübarizə səhifələri
ilə zəngindir: sivil cəmiyyət daim azad fikir, sərbəst
düşüncə ifadə etməyə, eyni zamanda dəqiq,
obyektiv informasiya almağa mənəvi ehtiyac duyub.
Bununla
yanaşı, bir həqiqəti də unutmaq olmaz ki, heç
bir hüquq və azadlıq mütləq xarakter
daşımır, yəni hüdudsuz ola
bilməz. Söz, fikir və mətbuat
azadlıqları da hüdudsuz olmayıb müəyyən
konvensiya, saziş və sənədlərlə tənzimlənir,
zəruri hallarda qanunla məhdudlaşdırılır. Beynəlxalq hüquqda isə hər bir dövlət
bərabərhüquqludur. Fransa da insan
hüquq və azadlıqlarının məhdudlaşdırılmasını
birmənalı şəkildə yasaqlayan bir sıra beynəlxalq
konvensiyaları, sazişləri ratifikasiya etməklə üzərinə
ciddi öhdəliklər götürüb. Həmin beynəlxalq sənədlərdə insan
hüquq və azadlıqlarının heç bir dövlətin
daxili işi olmadığı, universal səciyyə
daşıdığı birmənalı şəkildə
vurğulanır. Əgər hansısa
dövlətin qanunvericilik sisteminə daxil olan
normativ-hüquqi aktlarla həmin dövlətin tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr
tətbiq olunur. Həmin prinsip hər bir
ölkədə insan hüquq və azadlıqlarının təminatı
məsələsində beynəlxalq konvensiya və sazişlərin
daha üstün olmasını preventiv məsələ kimi
önə çəkir. Bu baxımdan
Fransanın söz və mətbuat azadlıqlarını
vicdan azadlığından daha üstün tutmasına nə
mənəvi, nə də hüquqi baxımdan bəraət
qazandırmaq mümkündür.
Avropanın bir çox dövlətlərinin
mövqeyində rast gəlinən bu yanlış
yanaşmanın insan hüquq və azadlıqları sahəsindəki
beynəlxalq konvensiyalarla ziddiyyət təşkil etdiyini isə
konkret misallar əsasında göstərmək
mümkündür. Məsələn, Birləşmiş Millətlər Təşkilatının
10 dekabr 1948-ci il tarixli “İnsan hüquqları haqqında
Ümumi Bəyannamə”sinin 30-cu maddəsində göstərilir
ki, “Bu Bəyannamədə heç nə hər hansı
dövlətə, şəxslər qrupuna və
ayrı-ayrı şəxslərə Bəyannamədə
elan olunmuş hüquq və azadlıqların qadağan edilməsinə
yönəlmiş hər hansı fəaliyyətlə məşğul
olmaq və ya hər hansı hərəkəti törətmək
hüququnun verilməsi kimi təfsir oluna bilməz”.
Avropa
Şurasının “İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında” 4 noyabr
1950-ci il tarixli Konvensiyasında da
insanların söz, fikir, sərbəst düşüncə,
əqidə azadlıqları birmənalı təsbit olunub. Həmin konvensiyanın 10-cu maddəsində (Fikri
ifadə etmək azadlığı) göstərilir ki, “1.
Hər kəs öz fikrini ifadə etmək azadlığı
hüququna malikdir. Bu hüquqa öz rəyində
qalmaq azadlığı, dövlət hakimiyyəti
orqanları tərəfindən hər hansı maneə olmadan
və dövlət sərhədlərindən asılı
olmayaraq məlumat və ideyaları almaq, yaymaq
azadlıqları daxildir. Bu maddə
dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya
müəssisələrinə lisenziya tələbi
qoymasına mane olmur. 2. Bu azadlıqların həyata
keçirilməsi milli təhlükəsizlik, ərazi
bütövlüyü və ya ictimai asayiş maraqları;
iğtişaşın və ya cinayətin
qarşısının alınması,
sağlamlığın, yaxud mənəviyyatın
qorunması; digər şəxslərin nüfuzunun və
hüquqlarının müdafiəsi; gizli əldə
edilmiş məlumatların açıqlanmasının
qarşısının alınması; ədalət
mühakiməsinin nüfuzunun və qərəzsizliyinin təmin
edilməsi məqsədilə qanunla nəzərdə
tutulmuş və demokratik cəmiyyətdə zəruri olan
müəyyən rəsmiyyətə, şərtlərə,
məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
1789-cu il tarixli Fransa “İnsan və Vətəndaş
Hüquqları Bəyannaməsi”ndə də söz və mətbuat
azadlıqlarından sui-istifadə yolverilməz sayılır.
Həmin Bəyannamənin 11-ci maddəsində
göstərilir ki, “Fikir və düşüncə
azadlıqlarının azad ifadəsi insanın mühüm
hüquqlarındandır. Hər kəs
azad danışa, yaza və nəşr etdirə bilər.
Lakin bu məsələdən sui-istifadə edən
şəxs qanunun müəyyən etdiyi hallarda məsuliyyət
daşıyır”.
Bu sənədlər bir daha göstərir ki, insan
hüquq və azadlıqları heç bir ölkədə
hüdudsuz deyildir və lazımi hallarda qanunla məhdudlaşdırıla
bilər. İnkişaf etmiş demokratik ölkələrdə
belə hərbi əməliyyatlar, sosial gərginlik və digər
oxşar hallarda hakimiyyət medianın informasiyaya
çıxışı, informasiya əldə etmək və
yaymaq hüququnu sərt şəkildə məhdudlaşdırır.
Məsələn, 2013-cü il oktyabrın
30-da Böyük Britaniya Kraliçası II Yelizaveta Birləşmiş
Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi
mexanizmini müəyyənləşdirən Kral
Xartiyasını imzalayıb. Yeni qaydalara görə,
Britaniya KİV-ləri jurnalistlərin etik normalara riayət etməsini
tənzimləyən qurum yaratmalıdır. Həmin tənzimləyici qurum etik normaların
pozulması faktını aşkarladığı media
orqanını bir milyon funt sterlinq məbləğində cərimələyə
bilər. Üstəlik, bu tənzimləyici
qurumun işinə nəzarət edən xüsusi rəsmi
dövlət orqanı da formalaşdırılıb. Bir
tərəfdən, diffomasiya haqqında qanunun qəbulunu zəruri
sayan, digər tərəfdən, fikir, söz və məlumat
azadlıqlarını məhdudlaşdıran Avropa ölkələrinin
Məhəmməd peyğəmbərin (s.ə.s) təhqir
olunmasını söz azadlığı nümunəsi kimi təqdim
etməyə çalışması heç bir mənəvi,
hüquqi, siyasi çərçivəyə
sığmır.
Başqa bir problem kimi isə sosial şəbəkələrdə
qeyri-obyektiv, qanunazidd informasiyaların yayılmasını
göstərmək olar. Məlumdur ki, bir sıra hallarda sosial
şəbəkələr yayılması qanunla qadağan
olunmuş informasiyanın mənbəyi rolunda
çıxış edir, sonra isə həmin məlumatlar
internet media tərəfindən tirajlanır. Artıq Fransa,
Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən
də bəlli olduğu kimi Youtube, Google, Tvitter, Facebook kimi
sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə
uyğun fəaliyyətini təmin etmək məqsədilə
məhkəmə prosesləri keçirilib və bu məhkəmələr
qanunlara uyğun qərarlar qəbul ediblər. Eyni
zamanda, həmin şəbəkələrə cəmiyyətin
təhlükəsizliyinin təmin olunması ilə
bağlı müvafiq xəbərdarlıqlar da edilib. Həmçinin kəşfiyyat xarakterli, cəmiyyətdə
gərginlik yarada biləcək məlumatların
sızmasının qarşısını almaq məqsədilə
bəzi ölkələrdə sosial şəbəkələrə
qarşı daha sərt addımların atılması
faktları da mövcuddur. Məsələn,
2011-ci ildə Böyük Britaniyada iğtişaşlar
zamanı Facebook və Tvitter sosial şəbəkələrinə
giriş məhdudlaşdırılmışdı.
Bir sözlə, söz, fikir, məlumat
azadlıqlarının insanların digər
azadlıqlarının təminatına problem yaratması,
dini, milli, irqi zəmində qarşıdurma yaratması
yolverilməz sayılır. Bu kontekstdən
yanaşdıqda Fransanın “Şarli Ebdo” jurnalının
redaksiyasının öz fəaliyyətində beynəlxalq
konvensiyalara və insanların vicdan azadlığına
sayğısız yanaşdığı aydın
görünür. Yəni söz və mətbuat
azadlıqları adı altında insanların dini
inanclarının təhqir olunması,
aşağılanması tamamilə yolverilməzdir; bu fakt
özünü “insan hüquqlarının və
demokratiyanını beşiyi” sayan Fransada islamofobiyanın
hökm sürdüyünü təsdiqləyir.
Bundan başqa, bu gün Fransa dövlətinin söz,
fikir və məlumat azadlıqlarının yüksək səviyyədə
təminatı məsələsində səmimi
olmadığını, ikili standartlardan
çıxış etdiyini yaxın tarixi keçmişdə
baş vermiş hadisələr də təsdiqləyir. Təxminən 3 il əvvəl
“erməni soyqırımı”nı inkar edənlərin 1 il
müddətinə azadlıqdan məhrum edilməsini və 45
min avro miqdarında cərimələnməsini nəzərdə
tutan qanun layihəsi Fransa Parlamentinin yuxarı palatası olan
Senatda qəbul edilmişdi. Bu fakt Fransanın
söz və mətbuat azadlıqlarına gerçək
münasibətini təsdiqləmişdi. Fransa
Senatının qəbul etdiyi qanun, ilk növbədə, beynəlxalq
konvensiya və sazişlərdə, protokollarda əksini
tapmış fundamental insan haqlarının bu ölkənin
yurisdiksiyası çərçivəsində
açıq-aşkar məhdudlaşdırılması demək
idi. Məhz buna görə də Fransa
Konstitusiya Məhkəməsi bu qanunu ləğv etmək məcburiyyətində
qalmışdı. Demokratik dəyər və
ideallar uğrunda çoxəsrlik mübarizəsi ilə
öyünən Fransa XXI əsrdə müsəlmanlara
qarşı başladığı ayrı-seçkiliklə
faktiki olaraq geriyə addım atır. Söhbət
insanların vicdan azadlıqlarının, şərəf və
ləyaqətlərinin mətbuatda kobud şəkildə
tapdanmasından, dövlətin bu prosesə dolayısı ilə
dəstək verməsindən gedir.
Qəribə tendensiya həm də bundan ibarətdir ki,
vaxtilə Avropanın özünün fundamental dəyər
kimi önə çəkdiyi tolerantlıq prinsipi son illər
məhz bu geosiyasi məkanda ciddi aşınmaya məruz
qalır. Hələ
2011-ci il iyulun 22-də Norveçdə 70 dinc insanın
ölümü ilə nəticələnən terror aktı
Avropada antiislam kampaniyasının yenidən gücləndiyini,
bu coğrafi məkanda müsəlmanlara qarşı tolerant
olmayan münasibətin hökm sürdüyünü göstərmişdi.
Avropanın ən firavan və dinc ölkələrindən
birində baş vermiş bu dəşhətli faciə yeni
postsosialist dövlətlərinə “demokratiya ixracı”na çalışan bəzi Qərb ölkələrində
islamofobiya meyillərini qabarıq şəkildə təzahür
etdirmişdi.
Norveçdəki qanlı hadisə bu qənaəti bir
daha təsdiqlədi ki, terrorçunun dini, milləti, vətəni
olmur. Sadəcə, onlar öz hərəkətlərinə
haqq qazandırmaq üçün müəyyən
dini-ideoloji ehkamlardan çətir kimi istifadə etməyə
çalışırlar. Bu gün həm islam, həm də
xristian “pərdəsi altında gizlənərək” məkrli
niyyətlərini həyata keçirməyə, gərginlik
yaratmağa çalışan terrorçu qruplaşmalar var.
“əl-Qaidə” təşkilatı, mərkəzi qərargahı
Livanda olan “Hizbullah” hərəkatı, Ermənistanın dəstəklədiyi
ASALA, ABŞ-da “Ku-klus-klan”çıların
yaratdığı “xalq drujinaları”, Yaponiyada fəaliyyət
göstərən “Aum Sinrikyö” təşkilatının fəaliyyəti
dinləri gözdən salmağa, terrorla əlaqələndirməyə
yönəlib. Bu da bir həqiqətdir ki,
adıçəkilən terror təşkilatları müəyyən
qüvvələr tərəfindən və konkret məqsədlər
üçün yaradılıb.
Digər tərəfdən, iqtisadi inkişaf səviyyəsindən
asılı olmayaraq, heç bir dövlət bu
qruplaşmaların törədə biləcəyi vəhşiliklərdən
sığortalanmayıb. Müasir dövrdə terrorizm
bütövlükdə dinc yaşamağın başlıca
təhlükəsinə çevrilməklə,
bütövlükdə insan hüquqları sisteminə,
sivilizasiyaya ciddi və qlobal təhdiddir. Mahiyyətindən,
baş vermə səbəblərindən asılı olmayaraq
“Şarli Ebdo” jurnalı redaksiyası əməkdaşlarının
zorakılıqla öldürülməsi terror cinayəti kimi
müsəlmanlar tərəfindən də pislənilir,
vandalizm aktı kimi qiymətləndirilir. İslam
dini birmənalı şəkildə insanların
öldürülməsinə, onlara qarşı qəddarlıqların
törədilməsinə qarşı çıxır.
İslam dini tolerantlığı əsas dəyərlərdən
biri kimi qəbul edir. Qurani-kərimdə bununla
bağlı buyurulur: “Sizin dininiz sizə, mənim dinim mənə
aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən insanların
müxtəlif inamda, fikirdə ola biləcəyi
və həmin insanlara qarşı münasibətin necə
formalaşacağı aydın görünür. İslama görə, tolerantlıq güclü
qarşısında dözümlülük nümayiş
etdirmək deyildir, əksinə, özündən zəifə,
yaxud bərabər olana eyni cür münasibəti bəsləməyi
bacarmaqdır. Yəni islam istənilən
əks fikrə qarşı zorakılığı istisna
edir, insanlar arasında sülh, həmrəylik və
tolerantlıq ovqatının vacibliyini önə çəkir.
Fransadakı məlum hadisə fonunda Avropada
özünü göstərən neqativ tendensiyalardan biri də
islamın terrorla əlaqələndirilməsi və bu yolla
sivilizasiyalararası toqquşmanın yaradılması,
dövlətlərin bir-birinə inam və etimadının zəiflədilməsi
cəhdləridir. Hələ 2001-ci ilin məlum 11 sentyabr hadisələrindən
sonra bu məqsədləri rəhbər tutan bəzi dövlətlər
islamı guya “terrorçuluğa zəmin yaradan” din kimi qələmə
verməyə çalışsalar da, mütərəqqi
dünya bu yanaşmanı əsassız və təhlükəli
saydı. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə
münasibət bildirərkən islam
dininin terrorla əlaqələndirilməsinin yolverilməz
olduğunu dəfələrlə vurğulayıb,
terrorçunun dininin olmadığını bildirib. Dövlət
başçısı hesab edir ki, heç bir din terror
aktlarına, zorakılığa haqq
qazandırmadığı halda, terrorçuların fəaliyyətinin
bu rakursda şərh edilməsi də yanlış və qərəzlidir:
“Bizi narahat edən məsələ bəzi ölkələrdə
islama nifrət meyillərinin güclənməsidir. Biz indi sivilizasiyalar arasında dialoqdan çox
danışırıq, amma əslində, real həyatda bunun əksini
görürük. Onu görürük ki, müxtəlif
ölkələrdə dini zəmində ayrı-seçkilik
halları artır, islam dininə mənsub
olan insanlara münasibət bəzi hallarda lazımi səviyyədə
deyil və bu dini ayrı-seçkiliyə biz yox deyirik. İndi biz qloballaşmadan söhbət
açırıq, sivilizasiyalararası dialoqdan söhbət
açırıq, demokratik dəyərlərə daha da
sürətlə yiyələnirik. Belə
olan halda biz hər hansı zəmində - dini, yaxud da ki, milli
zəmində ayrı-seçkiliyin olması, hansısa dinin
nümayəndələrinə mənfi münasibət
göstərilməsi ilə heç cür barışa bilmərik”.
Yanvarın
7-də törədilmiş məlum terror aktından sonra
yüksək tirajla çap olunan “Şarli Ebdo”
jurnalının Məhəmməd peyğəmbərin (s.ə.s)
yeni karikaturalarını dərc etməsi müsəlmanların
heysiyyətinə toxunmaqla, sivilizasiyalararası
qarşıdurma meyillərini gücləndirməyə xidmət
edən addımdır. Təsadüfi deyildir ki, həm Roma
Papası, həm də bir çox ölkələrin ali dini rəhbərləri bəyanatla
çıxış edərək bu addımı qətiyyətlə
pisləmiş, insanların vicdan azadlıqlarına hörmətlə
yanaşılmasının vacibliyini diqqətə çəkmişlər.
Lakin ayrı-ayrı Avropa ölkələrində müsəlmanlara
qarşı başlanmış geniş kampaniya, islam dininə etiqad edən insanların
sıxışdırılması, onların deportasiya edilməsi
sözügedən coğrafi ərazidə milli kökə
qayıtmaq adı altında, əslində qatı millətçilik
ovqatının genişlənməsinə cəhdlər
edildiyini göstərir. Bir qayda olaraq islam
dininin, müsəlmanların terrorla əlaqələndirilməsi
də daha çox etnik-dini ziddiyyətlərin təzahürü
kimi özünü göstərir. Nədənsə
unudulur ki, baş verənlər fonunda bu gün hansısa
müsəlman ölkəsində İsa peyğəmbərin,
İncilin, Zəburun, Tövratın təhqir olunmasına,
yandırılmasına rast gəlinməyib. Bunun dindən
gələn səbəbi də var ki, islam
özündən əvvəlki peyğəmbərləri və
dini kitabları qəbul edib təsdiqləyən dindir.
Təəssüflə vurğulamaq lazımdır ki, bəzən
islami dəyərlərin hakim olduğu müsəlman ölkələrində
də tolerantlıq prinsipi ilə uzlaşmayan, hətta Qurani-kərimlə
yasaq olunan addımlar atılır. Dini fundamentalizmin və
cəhalətin bariz təcəssümü olan bu addımlar
isə yanlış olaraq İslamla əlaqələndirilir.
Məsələn, Suriya və İraqda
İŞİD terror qruplaşmasının cihad adı
altında törətdiyi dəhşətli cinayətlər,
insanlığa sığmayan əməllər, əslində,
islamın gerçək mahiyyətinin təhrif edilməsinə,
onun gözdən salınmasına, beynəlxalq ictimaiyyətdə
yanlış təəssüratın
formalaşdırılmasına xidmət edir. Sözsüz ki, bu əməlləri törədənlər
də həmin təşkilatı formalaşdıran,
islamı gözdən salıb zəiflətmək istəyən
qüvvələrin diktəsi altında hərəkət
edirlər.
Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinhedləri və digər millətçi təşkilatlari göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.
Nəhayət, bu gün Avropa bir mühüm məqamı unutmamalıdır: insanların söz və mətbuat azadlıqları kimi, vicdan və etiqad azadlıqları da qorunmalı, mətbuatın milli, dini, irqi qarşıdurma yaratmaq cəhdləri qanun çərçivəsində məhdudlaşdırılmalıdır. Bu, bəşəriyyətin sülh və əmin-amanlıq içində yaşamasının ən ümdə şərtidir. Milyonlarla insanın dini inancının məsxərəyə qoyulması, müqəddəs saydığı peyğəmbərlərin təhqir olunması demokratiya deyil, “mənəvi terror” kimi dəyərləndirilməlidir. Terroru pisləyənlər isə əvvəlcə özləri terrora haqq qazandırmaq kimi riyakar siyasətdən əl çəkməlidirlər.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 7 fevral.- S.5.