Respublika Prokurorluğunun
kollektivi hər cür
qanunsuzluğa
qarşı mübarizənin
gücləndirilməsini bundan sonra da davam etdirəcək
Fevralın
6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi
aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar
Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və
Bakı Şəhər prokurorluqlarının rəhbər
heyətinin, rayon (şəhər) və ərazi hərbi
prokurorlarının iştirakı ilə prokurorluq
orqanları tərəfindən 2014-cü ildə
görülmüş işlərin vəziyyəti və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunan geniş kollegiya iclası keçirilib.
AzərTAc xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasının həyatında 2014-cü ilin müstəsna əhəmiyyəti olub. Dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələrin reallaşdırılması, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik təkmilləşməni, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin edib.
Diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu olub. Digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və mənfi təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilib.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının, eləcə də bu Akademiyanın üzvü və iştirakçısı olan dövlətlərin iştirakçılığı ilə ötən ilin iyun və noyabr aylarında Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyəti xüsusi vurğulanıb.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb. Bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Daxili
İşlər Nazirliyi ilə əlaqəli şəkildə
həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış
tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda
doğurmaqla cəmiyyətin maraq dairəsində olan,
keçmiş illərdə törədilməklə uzun
müddət ərzində bağlı qalan bir sıra
xüsusilə ağır və ağır cinayətlərin
açılması və cəzanın
labüdlüyünün təmin edildiyi konkret misallarla diqqətə
çatdırılıb.
Hesabat
dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə
qarşı mübarizə sahəsində təxirəsalınmaz
istintaq-əməliyyat tədbirlərinin görülməsinə,
qeydə alınmış 205 qəsdən adam öldürmə
cinayətinin, o cümlədən qeyri-aşkar şəraitdə
törədilmiş bu qəbildən olan cinayətlərdən
83-nün “isti izlər”lə açılmasına baxmayaraq, qəsdən
adam öldürmə cinayətlərinin sayının
artması, 12 belə cinayətin, o cümlədən
Bakının Suraxanı və Nizami rayonlarında,
respublikamızın Gəncə, Sumqayıt, Şirvan şəhərlərində,
Neftçala, Tərtər, Salyan, Xaçmaz, Xızı, Qəbələ
və Ucar rayonlarının hər birində bu qəbildən
olan bir cinayətin bağlı qalması həyata keçirilən
istintaq və əməliyyat-axtarış tədbirlərinin
ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur
qurumlarına və tabe prokurorlara
2014-cü ildə və əvvəlki illərdə törədilməklə
bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin
açılması üçün zəruri
tədbirlərin görülməsi, daxili
işlər orqanları ilə qarşılıqlı əlaqədə
konkret hadisələr
üzrə istintaq və əməliyyat-axtarış
işlərinin real vəziyyətinin
öyrənilməsi yolu ilə onların
intensivliyinin artırılması, səlahiyyət
dairəsində olan bütün
imkanlardan istifadə olunmaqla
təqsirkar şəxslərin müəyyən
olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin hesabat dövründə davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.
Ötən il ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya və rüşvətxorluq kimi təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 333 şəxs barəsində 206 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.
Eyni zamanda, Baş İdarənin fəaliyyətində formalaşmış müsbət meyllərin inkişaf etdirilməsi, korrupsiya cinayətlərinə və hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılması, idarə əməkdaşlarının hazırlıq səviyyələrinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının yeni formalarının tətbiqi üçün zəruri tədbirlərin görülməsi, cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödənilməsi göstəricilərinin yüksəldilməsi barədə tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər prokurorluğu orqanları tərəfindən digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.
Ötən il xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, o cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılıb, nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.
Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdəki kimi, 2014-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin olunub.
Baş prokurorun birinci müavini Rüstəm Usubov, baş prokurorun müavinləri - respublika hərbi prokuroru Xanlar Vəliyev və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, eləcə də Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlərin çıxışlarında 2014-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilib. Çıxışlarda “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.
Kollegiya
iclasına yekun vuran baş prokuror Zakir Qaralov əmin
olduğunu bildirib ki, Azərbaycan Respublikası
Prokurorluğunun kollektivi öz qüvvəsini səfərbər
edərək digər əlaqədar dövlət təsisatları
ilə birlikdə dövlətçiliyimizin
maraqlarının, ölkəmizdə bərqərar olmuş
dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın
qorunması, cinayətkarlığın bütün təzahürlərinə
və hər cür qanunsuzluğa qarşı mübarizənin
gücləndirilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının etibarlı müdafiəsi
üçün səlahiyyət hədləri daxilində zəruri
tədbirlərin görülməsini bundan sonra da təmin edəcək,
dövlət müstəqilliyimizin möhkəmləndirilməsi
və Azərbaycanın daha da qüdrətlənməsi
yolunda öz xidmətlərini göstərəcək.
Azərbaycan.-2015.- 7 fevral.- S.6.