Qəhrəmanlıq nümunəsi

 

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad gününə həsr edilən xatirə gecəsində bu fikirlər daha çox səsləndirildi

 

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Abşeron rayon şöbəsi və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına “Gənc nəqliyyatçılar” klubunun təşkilatçılığı ilə Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirildi.

Birliyin Abşeron rayon şöbəsinin sədri Zeynəb Şahidqızının qəhrəmanın həyat yolu barədə qısa məlumatından sonra  söz  birliyin sədri Şamil Sabiroğluna verildi.  O bildirdi ki,  igidliyi barədə söz açılan Mübarizin qəhrəmanlığı, Vətənə olan borcunu yerinə yetirmək nümunəsi gənclərimiz üçün bir örnəkdir.

Yeni YurdSosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Mübariz İbrahimov adına”Gənc nəqliyyatçılar” klubunun prezidenti Fuad Rəsul gənclərin  vətənpərvər yetişmələri üçün əllərindən gələni əsirgəmədiklərini,  onun xüsusi qəhrəmanlıq göstərərək adını  Azərbaycan tarixinə şərəflə yazdığını, eyni zamanda həyat yolunun örnək olmasını xüsusi vurğuladılar.

Birliyin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova, “Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, şair-publisist Vaqif Nəcəfzadə və başqaları ailəsindən uzaq ad günü keçirilən igidin həyat yolunun qəhrəmanlıq tarixçəsinin gənclər arasında təbliğ edilməsinin vacibliyini söylədilər.

Türkiyənin Eskişehir Osmangazi Universitetinin professoru Tamella Abbasxanlı-Əliyeva çıxışında göstərdi ki, o, Fəridə Ləmanın “Mübarizim bir dünya  poemasını Anadolu türkcəsinə çevirərək qardaş xalqa daha yaxından tanıtmağı özünə borc bilib və kitabın nəşrinə orada nail olub.

Mübariz İbrahimovun  şərəfli ömür və şəhidlik yoluna həsr edilən bədii əsərlər yazılaraq səhnələşdirilməkdə  və ekranlaşdırılmaqdadır. Belə qısametrajlı filmlərdən biri də “Unutmayaq ki, unudulmayaq” layihəsinin ilk ekran əsəri  olan “Şəhidin məktubu”dur. Gülnarə Sadiqin ssenarisi, Ramin Eyyubovun rejissorluğu ilə “Mübariz-Çingiz” film-studiyasında ekranlaşdırılan filmdə Zeynəb Aslanova, Şəbnəm Rəhimova, Bətul Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicat Fəxri çəkiliblər.

Tədbirin bədii hissəsində “Mübarizim bir dünya  poeması əsasında hazırlanmış “Mübarizli vətən” tamaşasının videogörüntüləri nümayiş olundu.

Sonra vətənpərvər mahnılar oxundu, şeirlər səsləndi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 7 fevral.-  S.6.