Stolüstü tennis üzrə Avropa “Top-16” turnirinin rəsmi açılışı
olub
Bakıda,
Milli Gimnastika Arenasında keçirilən stolüstü
tennis üzrə Avropa “Top-16” kuboku yarışlarının
fevralın 6-da rəsmi açılış mərasimi olub.
AzərTAc
xəbər verir ki, əvvəlcə yarışda mübarizə
aparan komandalar meydana dəvət olunublar.
Sonra
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış
mərasimində Azərbaycan Stolüstü Tennis
Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və
idman naziri Azad Rəhimov, Avropa Stolüstü Tennis Birliyinin
prezidenti Ronald Kramer iştirak ediblər.
Mərasimdə
çıxış edən nazir Azad Rəhimov Azərbaycanın
son illərdə dünyada mühüm idman ölkəsi kimi
tanındığını, respublikamızın mötəbər
beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi
etdiyini bildirib. O, dünyanın və Avropanın mötəbər
idman qurumlarının nüfuzlu beynəlxalq turnirlərin
keçirilməsini həvəslə Azərbaycana həvalə
etdiklərini vurğulayaraq, bu baxımdan Prezident İlham
Əliyevin ölkəmizdə idmanın inkişafına
göstərdiyi diqqət və qayğının
mühüm rol oynadığını diqqətə
çatdırıb. Nazir bu yarışın ölkəmizdə
keçirilməsi ilə bağlı göstərdikləri
etimada görə Beynəlxalq Stolüstü Tennis
Federasiyasına Avropa Stolüstü Tennis Birliyinə minnətdarlığını
bildirib.
Avropa
Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer Avropa “Top–16”
kuboku yarışının Azərbaycanda keçirilməsinin
mühüm idman hadisə kimi qiymətləndirib. O, turnirin
yüksək səviyyədə təşkil olunmasına
görə ölkəmizə minnətdarlığını
bildirib.
Azərbaycan
Stolüstü Tennis Federasiyasının prezidenti Şahin
Mustafayev mötəbər yarışın
açılışı münasibətilə təbriklərini
çatdırıb. Ş.Mustafayev son illərdə
bütün sahələrdə sürətlə inkişaf edən
Azərbaycanın dünyada idman ölkəsi və Olimpiya hərəkatının
fəal iştirakçısı kimi
tanındığını diqqətə
çatdırıb. O, idmanın inkişafının Azərbaycan
Prezidentinin həyata keçirdiyi siyasətin prioritet istiqamətini
təşkil etdiyini, bu sahədə mühüm tədbirlərin
görüldüyünü bildirib. Ş.Mustafayev
idmançılarımızın mühüm beynəlxalq
yarışlarda və Olimpiya Oyunlarında böyük
uğurlar qazanmalarını bunun bariz nümunəsi kimi qiymətləndirib.
Azərbaycanın mühüm beynəlxalq yarışlara
uğurla ev sahibliyi etdiyini deyən Federasiya prezidenti ölkəmizdə
bu il birinci Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi
oyunlarının keçiriləcəyini bildirib.
Azərbaycanda
stolüstü tennis idmanının inkişaf tarixi barədə
məlumat verən Ş.Mustafayev deyib ki, ölkəmizdə
ilk dəfə təşkil olunan “Top-16” kuboku uğrunda
yarışda Avropanın ən güclü 16 kişi və
16 qadın idmançısı mübarizə aparır. O,
yarışda Azərbaycanın iki tennisçisinin - Fərhad
İsmayılovun və Məryəm İmanovanın da
iştirak etdiklərini diqqətə çatdırıb.
Avropa
“Top-16” turnirinin ölkəmizdə stolüstü tennis üzrə
ən mötəbər yarış olduğunu qeyd edən
nazir tədbirin təşkilatçılığına
görə təşəkkürünü bildirib,
idmançılara uğurlar arzulayıb.
Sonra
üçqat Avropa çempionu, 1984-cü ildə mütləq
Avropa çempionu xanım Valentina Popova çıxış
edərək qitənin ən güclü stolüstü
tennisçilərinin Bakıda bir araya gəlmələrindən
sonsuz məmnunluq hissi keçirdiyini bildirib. İdman
karyerasına Bakıda başladığını bildirən
V.Popova Azərbaycanın idmanın bu növündə də
zəngin ənənələrə malik olduğunu qeyd edib.
O, bu yarışın ölkəmizdə stolüstü
tennisin inkişafına təkan verəcəyinə əminliyini
bildirib.
Sonra Şahin
Mustafayev turniri açıq elan edib.
Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı
mübarizə aparır.
Azərbaycan.-2015.-
7 fevral.- S.8.