Mədəniyyət və Turizm Nazirliyində

 Fransanın nümayəndə heyəti ilə görüş

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və fransız prodüser Daniela Lümbrozo mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüblər.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi, həmçinin bu mədəni tədbirlərin Fransanın nüfuzlu televiziya kanallarında yayımlanması məsələləri müzakirə edilib.

Ə.Qarayev qeyd edib ki, dövlət səviyyəsində, həmçinin xalqlarımızın bir-birinin mədəniyyətinə göstərdiyi qarşılıqlı maraq bu əməkdaşlığın uğurlu inkişafına daim təkan verir.

Fransanın ölkəmizlə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, qarşılıqlı sərgilər keçirildiyini vurğulayan Paskal Mönye Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafına xüsusi diqqət ayrıldığını söyləyib. O, bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi təşəbbüslərindən məmnunluğunu ifadə edib.

 

 

Azərbaycan.-2015.- 8 fevral.- S.5.