“Sürgün edilib” adıyla Bakıda
güllələndi
Represiya
qurbanları
Şəmkir rayonunun Təzəkənd kəndinin
sakini, bölgədə səriştəli iş adamı və
istiqlalçı kimi tanınan Hacı Rəhim Bayramov Azərbaycan
XI sovet ordusu tərəfindən işğal ediləndən
sonra iki dəfə həbs edilmişdir. Birinci dəfə
1922-ci ildə, ikinci dəfə 1937-ci ildə.
Onun barəsində hər dəfə söhbət düşəndə atam danışardı: “1937-ci il noyabr ayının əvvəlləri idi. Gecəyarı həyət darvazamız döyüldü, evimiz magistral yolun qırağında olduğundan elə bildim yenə kiminsə evi ilə bizin evi səhv salıblar. Çünki belə hallarla dəfələrlə rastlaşmışdım. Qapını açanda gördüm NKVD işçiləridir. Kimin evini axtarırsız, kim lazımdır? - deyə soruşanda cavabları qısa oldu: “Səssiz-küysüz geyin, bizimlə getməlisən”. Geyinib maşına oturdum. Elə bildim Şamxora milis idarəsinə aparırlar. Leninkəndə - indiki Çinarlı qəsəbəsinə (o vaxt Gəncəyə yol Leninkənddən idi) yaxınlaşanda maşın sağa - Şamxora, rayon mərkəzinə yox, sola - Leninkəndə dönəndə bildim ki, Gəncəyə gedirik. Fikirləşdim ki, yəqin, Ağ dağların döşündə güllələyəcəklər. Son vaxtlar bolşeviklərin belə əməlləri barədə çox eşitmişdim. Bu fikirləri beynimdə dolandıra-dolandıra təxminən indiki Şəmkir DYP postunu keçəndə bir balaca özümə gəldim. Arxada, sağımda, solumda, sürücünün yanında isə bir nəfər panamalı oturmuşdu, heç biri dinib-danışmırdı. Beləcə, dinməz-söyləməz Gəncə həbsxanasına gəlib çatdıq. Maşından düşürüb bir kabinetə apardılar, orada iki nəfər oturmuşdu. Biri sual edir, o biri yazırdı. Təqribən yarım saat çəkən dindirmədən sonra məni kameraya saldılar. Burada Şəmkir stansiyasından və ətraf kəndlərdən də xeyli adam var idi. Hamısının da üzü tüklü, əsəbi, çoxunu dindirməsən, tanıya bilməzdin.
İçəridəkilərlə salamlaşanda bir saqqallı yaxınlaşıb mənə əl uzatdı:
- Ay Salman, əyə, səni nə üstə gətiriblər? - deyəndə bildim ki, Hacı Rəhimdir.
- Ay Hacı, deyirlər qardaşların Məhəmməd və Süleyman qaçaq dəstəsinin üzvü olublar, “Bitdili İmamı”nın ləğvində, Keçili qiyamında bolşeviklərə və ordu əsgərlərinə qarşı vuruşublar. Guya özümün də qaçaqlarla, müsavatçılarla əlaqəm var. Kürən Məhəmmədin (Məhəmməd Qurbanov) Azərbaycanı SSRİ-dən ayıran dəstəsinə qoşulmuşam... Nə bilim, elə şeylər deyirlər ki, yuxuma da girməz.
Atam Gəncə həbsxanasında iki ay iyirmi gün saxlanılandan sonra aldıqlarını alıb, günahı olmadığı üçün evə buraxmışdılar.
...Hacı Rəhim Bayramov Qaracəmirlidə Çopurlar nəslindəndir. Atası Əmiraslan kişi, anası Cəvahir təsərrüfatçı idi. Ailədə üç qardaş (Rəhim, Bayram, İbrahim), iki bacı (Nurəstə və Günəş) olublar. Ailənin böyük övladı Rəhim 1893-cü ildə Qaracəmirlidə anadan olub. Molla təhsili aldıqdan sonra atası Əmiraslan kişi onu Gəncədə ticarət məktəbində oxumağa göndərib. Rəhim ailə qurduğu Minanı tələbəlik illərində Bağmanda görüb bəyənmişdi. Minanın atası Paşa bəy (Sarı Paşa) Gəncə üsyanının başçılarından və Milli Müsəlman Komitəsinin aparıcı şəxslərindən olan Sarı Ələkbərlə əmiuşağı idilər. Bəy qızı Mina da sonralar razılaşıb Şəmkirin Təzəkənd kəndinə gəlin köçmüşdü. 1938-ci ildə “xalq düşməni”nin həyat yoldaşı kimi azadlıqdan məhrum edilərək Qazaxıstanın şimalında qışda sərt şaxtadan, yayda qızmar istidən insan yaşayışı mümkün olmayan çöllərdə 8 il məşəqqətli sürgün-məhbus həyatı yaşamışdır. Bu barədə bir qədər sonra.
Rəhim Bayramov Gəncədə məktəbi bitirəndən sonra Şəmkir stansiyasında ticarətlə məşğul olurdu. Ata evimizin yaxınlığında yaxşı mülk tikdirib, 1910-cu ildə Mina ilə ailə qurdu (Ev indi də durur və orada bir vaxtlar Çörəkçi Hüseyn, daha sonra Dəmirçi Vəli, indi isə Vəli kişinin nəvələri yaşayır).
Hacı Rəhim ticarət məktəbində oxuduğu illərdə Müsavatın sıralarına qoşulmuşdu. Erməni-bolşevik quldur birləşmələrinin işgəncəsindən əziyyət çəkən, elindən-obasından qaçqın-köçkün düşən zavallılara yardım əli uzadan Gəncə Xeyriyyə Cəmiyyətinin fəallarından idi. 1917-ci ilin yayında Müsəlman Milli Komitəsinin nəzdində həmkəndlisi - türk ordusunun zabiti Hüsaməddin Tuğacın rəhbərliyi altında yaradılan könüllü ordu qruplaşmalarına üzv olmuşdu. 1918-ci ilin yanvarında Qaracəmirlidən Çopurlar nəslindən olan dəstə ilə birlikdə “eşelon davası”nda iştirak etmişdi. Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində əlindən gələn köməyi əsirgəməmişdi. Gəncə üsyanının son saatlarınadək bolşevik-erməni qüvvələrinə qarşı vuruşmuşdu. Bunu Gəncəbasarı işğal edən yeni hökumət üzvlərinin çoxu yaxşı bilirdi.
1920-ci ilin aprelində hakimiyyəti ələ alan erməni-bolşevik birləşmələrinin silahlı dəstələri ilk gündən kəndbəkənd müsavatçıların, Gəncə üsyanı iştirakçılarının “ovuna” çıxmışdı. İnqilabi hökumətin nümayəndələri üsyanda iştirakı bəlli olanları, yeni quruluşa qarşı çıxanları, qaçaqlarla əlaqəsi olanları və onlarla əlaqə saxlamaqda şübhəli bilinənləri ya yerindəcə güllələyir, ya da zindana salırdılar. Yeni quruluşun “qurucuları”, xüsusilə NKVD və Az.QPU-nun bəzi əməkdaşları sapı özümüzdən olan satqınlarla əlbir olub Şəmkirin iri təsərrüfat sahiblərinə, bəylərə, pullu, imkanlı adamlara “qolçomaq”, “mülkədar”, “əksinqilabçısan” deyir, hədə-qorxu gəlir, əlaltdan onlardan pul, xalı-xalça, qızıl-gümüş və s. qoparırdılar.
1922-ci ildə Hacı Rəhimi Şəmkir NKVD-nin əməkdaşları həbs edəndə hər gün “Bir-iki günə Gəncəyə, oradan da Bakıya, Bayıl həbsxanasına göndərəcəyik” desələr də, bir aydan sonra buraxdılar, hətta 1924-cü ildə Hacı Rəhim Bayramovu bolşeviklər təmtəraqla öz sıralarına - firqə üzvlüyünə qəbul edib, az sonra Dəllər-Cırdaxan (Çaparlı) kənd şurasının sədri seçdilər. Hələ bu harasıdır, Bayramovların dədə-babadan qalma var-dövlətinə, xüsusilə qızılına ata malı kimi “şərik çıxan” bolşeviklər Hacı Rəhim Dəllər-Cırdaxanda bir neçə il işlədikdən sonra onu Şəmkir stansiyasında yeni yaradılan firqə özəyinin katibi, daha sonra isə Təzəkənd Kənd İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri təyin etdilər.
Hacı Rəhim
tədbirli adam idi. Bu vəzifələrdə
işləyəndə bolşeviklərin iç üzünə
daha yaxından bələd oldu. O, elin-obanın dəyərli
oğul və qızlarının başına gətirilən
müsibətləri görüb sarsılır, sovet
quruluşuna nifrəti daha da artırdı. Hacı
Rəhim üzdə onlarla olsa da, qəlbən elin-obanın tərəfində
idi. Neçə-neçə
günahsız həmkəndlisini rüşvətxor
bolşeviklərin tilovundan, həbsdən, işgəncədən,
Sibirə sürgündən xilas etmişdi. Deyilənə görə, kənd şurasında
1928-1937-ci illərdə vergiyığan işləyən,
Hacı Rəhimin yaxın dostu Nəcəf Abdullayev də belə
xeyirxah işləri ilə xalqın tərəfində olub.
Vergini vaxtında və istənilən qədər verməyə
imkanı olmayanlara, habelə xeyir-şər işləri ilə
əlaqədar bir-iki gün kolxoz işinə çıxa
bilməyənlərə “Kolxoz quruculuğunun əleyhinə
gedir” bəhanəsi ilə işgəncə verəndə, həbs
etmək istəyəndə qabağa durub deyərmiş:
“Tutmayın, döyməyin, mən zamin dururam, nə
lazımdır, nə qədər lazımdır, gətirər
verər”. Beləliklə, onları el içində
alçaldılmadan,
həbsxanadan qurtarardı.
NKVD-çilər bəzi kənd cavanlarını
“qaçaqlarla əlaqəsi var” bəhanəsi ilə gecəyarı
gəlib evdən götürmək istəyəndə tapa
bilməmişdilər. Onu Hacı Rəhimin aradan
çıxardığını ağıllarına belə
gətirmirdilər. Amma neyləməli, çuğul elə
çuğuldur, istəyirsən o işi gizli gör, istəyirsən
aşkar, - fərq etməz. Çuğul
Hacı Rəhimin “qaçırmalarını” lazımi yerə
çatdırmışdı. Əvvəl-əvvəl
hökumət adamları bu xəbərə inanmadılar.
Odur ki, bir neçə gündən sonra Təzəkənd
firqə özəyinin başçısına dedilər:
“Kolxoz quruculuğuna qarşı əksinqilabi fəaliyyətdə
iştirakı olan Mirağanın oğlu Mirkazımı sabah
axşam evindən aparacağıq, sən də orada
olarsan...” NKVD-çilər gecə Təzəkəndə
gəlib Mirkazımı evdə tapmayanda daha onlarda şübhə
yeri qalmadı. ÇK əməkdaşları
Hacı Rəhimi aradan götürmək üçün kələyə
əl atırlar. Onu özləri
öldürüb deyirlər ki, Təzəkənd firqə
özəyinin başçısını xuluflu Qaçaq
Əbdüləli öldürüb. Bununla NKVD-çilər
həm də bölgədə böyük nüfuza malik
Qaçaq Əbdüləlini el içində hörmətdən
salmaq istəyirdilər...
Atam deyirdi ki, mən də bu məsələlərdən
xəbərsiz idim. Qarlı-çovğunlu bir qış gecəsi
idi, hər yeri buz bağlamışdı, küləyin
uğultusundan qulaq tutulurdu. Gecənin bir aləmində
həyət darvazamız asta-asta döyüldü. Bir
döydülər, iki döydülər, üç
döydülər... Evdən çıxmaq istəmirdim,
çünki o vaxt belə qapıdöymələrin
çoxu ölümlə, qarətlə, ya da həbsxana və
sürgünlə nəticələnirdi. İkincisi də,
belə vaxtsız qapıdöydülərdə tanış adam mütləq ucadan ev sahibini səsləyirdi
ki, o, darvazanı döyənin kimliyini bilsin. Digər
tərəfdən, darvazanın təkrar-təkrar
döyülməsi həm də həyəcan siqnalı,
qonşuların köməyinə ehtiyacımız var demək
idi.
Məcbur
olub artırmaya çıxdım, səsə qonşulardan
oyanan vardısa, eşitsin deyə bir az da
ucadan:
- Ay adam, kimsən, gecənin bu vaxtı nə olub,
nə lazımdır? - deyib
yavaş-yavaş darvazaya sarı getdim, çatıb bir də
soruşdum:
- Kimdir?
-
Tanış adamdır, aç, bura Hacı Rəhimin evidir, sən
Hacı Rəhimsən?
Səsimi
bir az da qaldırdım:
- Yox, ay
qardaş, bu onun qapısı deyil.
- Bəs
onun evi hansıdır?!
- Ay
qardaş, mən nə elə adam
tanıyıram, nə də evinin yerini bilirəm, - deyib
divarın arxasına tərəf sıxıldım ki, birdən
atəş açsalar, güllə dəyməsin.
Çağırılmamış
qonaqlar darvazanın ağzında bir az
dayandılar, nə pıçıldaşdılar, nə
danışdılar, bilmirəm, bir də gördüm
maşına oturub getdilər.
Evə keçmək istəyirdim ki, gördüm
Hacı Rəhim “Ay Salman, ay Salman!” - deyə məni
səslədi. Yaxınlaşdım, əlində
beşaçılan, özü də qalın geyinmişdi.
- Ay
qonşu, bayaqdan sizə qulaq asırdım. Onlar
ÇK-nın adamlarıdır, dostlarım mənə deyiblər
ki, səni öldürməyə gələcəklər.
Ona görə də bir həftədən
çoxdur gecələr yatmıram. Çox sağ ol ki, sən də məni ələ
vermədin. Bilirəm ki, dostluğa sədaqətlisən!
İşdir, bundan sonra belə hallar olsa, üstlərinə
qışqırma, vurarlar! Onların quduzluğunun
qarşısını alan atamın
qızıllarıdır, sabah yoluna qoyacam, yoxsa əl çəkən
deyillər...
Daha bir
neçə il qara-qorxu içində Təzəkənd firqə
özəyinin katibi işləyən Hacı Rəhim məqam
yaranan kimi Şamxor stansiyası və ətraf kəndlərdəki
mağazaları, çayxana, yeməkxana və iaşə
obyektlərini özündə birləşdirən Təzəkənd
Kənd İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri
təyin edildi. Gəncə Ticarət Şəbəkəsinin
müdiri, əslən Koltəhnəlidən olan dostu Qara Məmmədovla
(1938-ci ildə o da repressiya qurbanı olub) işgüzar əlaqələr
qurdu, qısa zamanda “Selpo”nun işində dönüş
yaratdı. Rayon rəhbərliyi tərəfindən
müəyyən edilən plan tapşırıqları
vaxtında yerinə yetirildi.
Olduqca
ünsiyyətcil və el-oba təəssübkeşi Hacı
Rəhim Gəncədəki adlı-sanlı qohumları, eləcə
də mühacirətdə olan Sarı Ələkbərin
adamları ilə, ölümünü gözünün
altına alan köhnə
müsavatçılarla və müstəqillik arzulu insanlarla
əlaqələri gizli də olsa davam etdirirdi. Koltəhnəli
kəndinin sakini, tələbəlik dostu, tanınmış
müəllim Əkbər Namazovla, Şəmkir
stansiyasındakı pambıq tədarükü məntəqəsinin
müdiri, rayon partiya komitəsinin büro üzvü Məhəmməd
Qurbanovla, məntəqənin qapançısı və
mühasibi Qədim Vəliyevlə, Müsavatın fəallarından
olan morullu İsfəndiyar ağa Bədirbəyli ilə,
Tiflis gimnaziyasının məzunu, kənddə almanlardan qalma
şərab zavodunun baş mühasibi İslam Tağıyevlə,
Peterburqda dəmir yolu mühəndisliyi üzrə ali təhsil
almış Şəmkir dəmir yolu stansiyasının rəisi,
qaracəmirlili Salman Bayramovla, Qaçaq Təhməzlə,
onun böyük qardaşı Qaçaq Rüstəmlə,
Abdullaların İsası ilə, Alqocayla, Qapanlıdan
Adıgözəl oğlu Cabbarla, xuluflu Qaçaq
Əbdüləliylə, keçili Qara Astanla, habelə
bölgənin digər tanınmışları ilə
ara-sıra görüşüb dərdləşirdi.
Rayonda
yeni hökumətin təəssübkeşləri yanında
böyük nüfuz sahibi Məhəmməd Qurbanovun vasitəsilə
Gəncədən yaxşı tanıdığı şair
Əhməd Cavadla dost olmuşdu. Şair
Bakıdan Gəncəyə, ya da Seyfəliyə qayıdanda,
Qapanlıda yaşayan qohumlarına baş çəkəndə,
yaxud Bakıya qatarla gedəndə Şəmkir
stansiyasındakı ailəvi gediş-gəlişdə
olduğu dostları Məhəmməd Qurbanovla İslam
Tağıyevin qonağı olurdu. Onların
hər ikisi ailələri ilə birlikdə Şəmkir
stansiyasında dəmir yolu vağzalının
yaxınlığındakı pambıq tədarükü məntəqəsinin
həyətində rayon partiya komitəsi tərəfindən
şura qurucuları və rəhbərləri
üçün nəzərdə tutulmuş xidməti mənzillərdə
yaşayırdı. Məhəmməd
Qurbanovun evində tədbir olanda qapı qonşusu İslam
Tağıyevin və Hacı Rəhim Bayramovun özləri ilə
bərabər ailələri də iştirak edirdi. Gilas yetişən vaxt Şükriyyə xanım
Şəmkir stansiyasına gəlib Məhəmmədin Koltəhnəli
kəndindəki həyətyanı bağından
yığılan gilasdan Seyidə Bəyim, Mina və Füruzə
anayla birlikdə mürəbbə bişirirdi. Baxmayaraq
ki, Şükriyyə xanım belə şeylərə
çox həvəsli və bacarıqlı idi, amma
üçlük: “Sən qonaqsan, bax, məsləhət ver,
necə lazımdır bişirəcəyik...” - deyə
Şükriyyə xanımı əlini ağdan-qaraya
vurmağa qoymurdu. Bişirdiklərindən bir qədər
götürür, çoxunu Şükriyyə xanıma
verirdilər. Şükriyyə xanım buna etiraz edəndə
Seyidə Bəyim ana deyərdi: “Biz burdayıq, sən
Bakıda, özün də deyirsən Cavad əfəndi gilas
mürəbbəsi xoşlayandı, götür apar, biz
özümüz üçün yenə bişirərik”.
Əhməd
Cavad, Məhəmməd Qurbanov, İslam Tağıyev və
Hacı Rəhim çay süfrəsi arxasında bir yerə
cəm olanda həbs olunanların, işgəncələrə
məruz qalan, harda gəldi güllələnənlərin,
gedər-gəlməzə sürgün edilənlərin
acı taleyi barədə danışardılar. Əhməd
Cavad respublikada rus dili üzrə ilk professor idi, Məhəmməd
Qurbanov 1917-ci il oktyabr çevrilişindən əvvəl -
Sibirdə sürgündə olarkən rus dilini öyrənmişdi,
İslam Tağıyev Tiflisdə gimnaziyanı rus dilində fərqlənmə
ilə bitirmişdi, Hacı Rəhim Bayramov isə Gəncədə
ticarət məktəbində oxuyarkən atası Əmiraslan
kişinin təkidi ilə fərdi qaydada rus dilində dərs
almışdı. Onlar həmişə rus mətbuatını,
ictimai-siyası prosesləri izləyir, fikir mübadiləsi
edirdilər. Dördü də rus dilini, ictimai-siyasi həyatda
baş verənləri yaxşı bildikləri kimi,
işğalçı bolşevik hökumətinin müstəmləkəçilik
və azərbaycanlıların soyqırımına rəvac
verən repressiya mexanizminin necə işləməsindən də
xəbərdar idi. Ancaq əlaqədə
olduqları tanışlarının həbs olunduğunu
görəndə tez-tez görüşməyə də
qorxurdular. Çünki İslam
Tağıyev istisna olmaqla, dostların hər üçü
bolşevik hökuməti tərəfindən dəfələrlə
həbs edilmişdi. Məsələn,
Əhməd Cavad birinci dəfə 1923-cü ildə, ikinci dəfə
1925-ci ildə, Məhəmməd Qurbanov birinci dəfə
çar dönəmində, ikinci dəfə 1921-ci ildə,
Hacı Rəhim Bayramov isə qeyd etdiyimiz kimi, 1922-ci ildə həbs
olunmuşdu.
1937-ci ilin
yayında NKVD-çilər və Az.QPU əməkdaşları
56 yaşlı Hacı Rəhimi ikinci dəfə gecəyarı
evindən aparıb Gəncə həbsxanasına salanda
“bir-iki günə buraxarıq” vədiylə yenə də
xeyli pul qoparmışdılar.
Atam deyir ki, məni kameraya salanda Hacı Rəhim
üç ay olardı ki, orada idi. Həbsxana
işçiləri qulluğunda dururdular. Hacı
çox arxayın idi ki, bu həftə də olmasa, gələn
həftə mütləq onu buraxacaqlar. Bir
aydan artıq bir yerdə olduq. Hacı
yaşda məndən çox böyük idi. Oturanda-duranda o mənə kiçik qardaş, mən
ona ağsaqqal-böyük münasibəti göstərirdik.
Əlini saqqalına çəkə-çəkə kamerada
o baş-bu başa var-gəl edən Hacı Rəhim hərdən
mənim fikrə getdiyimi görəndə canıyananlıqla
deyərdi: “Ay Salman, nə fikrə getmisən?! Fikir
eləmə, bir şeyin ki üstündən günə bir
gün gedə, tez qurtarar!”
Bolşeviklər
iki-üç gündən bir Şəmkir stansiyasına
gedib “Hacını sabahda-birigündə buraxacağıq”
adıyla xeyli qızıl-gümüş, “Təbriz”, “Qazax”
gəbələri, “Şirvan” xalçaları və digər
qiymətli əşyalar alırdılar. Hacı
Rəhimin ailəsi, qardaşları NKVD-çilərin bu gəliş-gedişindən
təngə gəlmişdilər. Axırda məcbur olub
Moskvaya belə bir teleqram vururlar: “Hörmətli Lenin hökuməti,
atamız Hacı Rəhimi qoyun tərəzinin bir gözünə,
biz də qızılı tökək o biri gözünə,
başabaş dəyişək”.
Teleqramdan bir neçə gün sonra günortaya
yaxın kamerada olan on beşədək dustağı divardibi
düzdülər. Az sonra bir mühafizəçi
sağında, biri solunda ucaboy, yüksək çinli bir hərbçi
içəri girdi. Süngülü əsgərlərdən
biri dustaqların adlarını oxuduqca başımızı
sinəmizə əyib “mənəm, burdayam” işarəsini
bildirirdik. Adlar oxunandan sonra zabit Hacı Rəhim
Bayramovun ailəsinin Moskvaya vurduğu teleqramın mətnini
oxudu. Sonra “İndi də teleqramla Moskvadan gələn
cavabı sizə çatdırıram” deyib, səsini bir qədər
də qaldırdı: “Vlast bolşevikov naydyot denqi, kuda tratit.
Dela Qadji Raxim Bayramova postanavila 25 let Dalnıy Vostoçnıy
Sibir”.
Dustaqların
rus dilində deyilənləri başa düşmədiyini
hiss edən zabit əlində tutduğu kağızı
Hacı Rəhimə tərəf uzadaraq dedi:
- Al,
teleqramda yazılanları Azərbaycan dilində
yoldaşlarına çatdır.
Hacı Rəhim
teleqramı əlinə alıb bir az da həyəcanla
dedi: “Şura hökuməti pul tapar xərcləməyə.
Hacı Rəhim Bayramovun işini elədik 25 il, Uzaq Şərqi
Sibir...”
Hamımız məyus olduq. Dünənə kimi Hacının
qarşısında quyruq bulayan konvoylar və həbsxana rəhbərləri
narazı baxışları və davranışları ilə
hiss etdirirdilər ki, səni buraxacaqdıq, bu teleqram mane oldu. Hacının “qayğısına” qalan NKVD-çilər
onun yaxınlarından yenə pul qopararaq işi üç
gün ləngitdilər. Ad da qoydular ki,
guya Sibirə sürgünün qarşısını
alırlar. Bu barədə Hacı Rəhim özü də
məlumatlı idi, nə alırdılar, nə verirdilər,
kimlə danışırdılar, - görüşə gələn
yaxınları hər şeyi ona çatdırırdılar.
O da xəlvətə salıb deyilənlərdən məni də
xəbərdar edirdi. Teleqramdan beş
gün sonra gecə saat 12 radələrində Hacı Rəhimi
bizdən ayırdılar. Amma NKVD-çilər, eləcə də
evdən gələnlər Hacı Rəhimə
çatdırmışdılar ki, guya bu adla onu həbsxanadan
çıxarıb, evə buraxacaqlar... Ertəsi gün
yanına çörək gətirənlərə isə
dedilər ki, burda belə adam yoxdur,
axşam Sibirə sürgün edilib.
Bayramovlar ailəsində də elə bilirdilər ki,
Hacı Rəhim Şərqi Sibirə sürgün edilib. Az sonra
NKVD-çilər eşitdilər ki, yaxınları ora-bura
adam salıb, məktub yazıb Hacı Rəhimin sürgün
yerini bilmək istəyirlər. NKVD-çilər
izi itirmək üçün yenə hiyləyə al
atdılar. Sapı özümüzdən olan baltalardan
biri əlində bir parça əzik-üzük kağız
parçası özünü Hacı Rəhimin evinə
çatdırdı ki, vağzalda gəzinirdim, bir də
gördüm, qatar dayandı, Sibir meşələrində kəsilib-yığılmış
şalban yüklü vaqonun əli süngülü
mühafizəçisi qatar tərpənəndə məndən
soruşdu ki, bura stansiya Şamxordu?! Mən də
cavab verdim ki, hə, bu zaman o bu kağızı mənə
atdı, gedib götürdüm. Vağzalda
əlifbanı bilənlər oxuyub dedilər ki, Hacı Rəhimdəndir.
Məktubda
yazılmışdı: “Sibirdən yazırıq. Hacı Rəhim
buranın şaxtasına dözmədi... Yer-yurd
buz bağladığından biz onu dəfn edə bilmədik.
Meşədə hündür bir ağaca
bağlamışıq, havalar açılan kimi dəfn edəcəyik.
Bir dəstə azərbaycanlı, İrkutsk”.
Xəbər bütün Gəncəbasara yayıldı. 1938-ci ilin
yazında, havalar yumşalan kimi Hacı Rəhimin kiçik
qardaşı Bayram, oğlu Əmiraslan və Məcid
böyük ümidlə İrkutska yola düşdülər.
Axtarmadıqları yer, döymədikləri
qapı qalmadı. Axırda kor-peşman
geri qayıtdılar. Bu qayıdışdan sonra Şəmkir
stansiyasında uzun illər heç kim bilmədi
ki, bolşeviklər Hacı Rəhimi sürgünə
göndəriblər, yoxsa güllələyiblər.
Repressiya
qurbanları ilə bağlı silsilə yazılar
hazırlayarkən Milli Təhlükəsizlik Nazirliyinin
arxivində Hacı Rəhim Bayramovun 12493 ¹-li cinayət işi
ilə də tanış oldum. Sən demə, o vaxt Hacı Rəhim Bayramov Gəncədən
Sibirə 25 illik sürgünə yox, birbaşa Bakıya,
Bayıl həbsxanasına gətirilib. Onu Azərbaycan
Dövlət Siyasi İdarəsi IV şöbəsinin rəisi
erməni Avanesyan dindirərək 1937-ci il dekabrın 5-də tərtib
etdiyi ittiham aktında yazıb: “Hacı Rəhim Bayramov
Şamxorda antiinqilabçı, millətçi,
qiyamçı təşkilatın üzvü olmuş,
silahlı qiyamın hazırlanmasında iştirak etmiş,
partiya və hökumət rəhbərlərinə
qarşı terror üzrə göstərişlərdən xəbərdar
olmuşdur.
1893-cü
il təvəllüdlü, Azərbaycan SSR
Şamxor rayonu Təzəkənd kəndinin sakini, azərbaycanlı,
evli, hərbi uçotda olmayan, aşağı təhsilli,
qulluqçu, mühakimə olunmamış, 1924-cü ildən
Azərb. K(b)P üzvü olmuş, 1937-ci ildə xalq
düşməni kimi partiyadan xaric edilmiş, həbs olunanadək
Şamxor stansiyası Kənd İstehlak Cəmiyyəti
İdarə Heyətinin sədri olmuş Bayramov Hacı Rəhim
Əmiraslan oğlu aşağıda qeyd olunanlar əsasında
ittiham edilir:
1.
1893-cü il təvəllüdlü Bayramov Hacı Rəhim
Əmiraslan oğlu antiinqilabçı, millətçi,
qiyamçı-terrorçu təşkilatın üzvü
kimi əksinqilabçı, trotskiçi-terrorçu mərkəzin
və silahlı qiyam hazırlamaq, ziyankarlıq, habelə
casusluq həyata keçirməklə, partiya və hökumət
rəhbərlərinə qarşı terror tətbiq etməklə
Azərbaycanı SSRİ-dən ayırmaq vəzifəsini
qarşısına qoymuş sağçı-əksinqilabçı
təşkilatla bağlı olmuşdur.
2.
1936-cı ilin noyabrında pambıq tədarükü məntəqəsinin
müdiri Qurbanov Məhəmməd Namazalı oğlu tərəfindən
Şamxor rayonunda əksinqilabçı, millətçi təşkilata
cəlb olunmuşdur.
3. Həmin
vaxt Məhəmməd Qurbanov onu bu əksinqilabıçı
təşkilatın silahlı qiyamı, partiya və hökumət
rəhbərlərinə qarşı terror aktları və Azərbaycanda
“müstəqil” əksinqilabçı millətçi
dövlət yaratmaq yolu ilə Azərbaycanı SSRİ-dən
ayırmaqdan ibarət olan məqsədləri barədə məlumatlandırmışdır.
4. Elə
həmin il Bayramov rəhbərlik etdiyi Təzəkənd
Kənd İstehlak Cəmiyyəti sistemində cəlbetmə
və ziyankarlıq həyata keçirməyə başlamaq
tapşırığı almışdır.
5. Qurbanov Məhəmmədin
tapşırığını icra etmək məqsədilə
Kənd İstehlak Cəmiyyəti sistemində ziyankarlığa
başlamış, zəhmətkeşlər və
kolxozçular arasında sovet hakimiyyətində
narazılıq yaratmaq məqsədilə bütün vasitələrlə
kolxozçuların istehlak məhsulları ilə təchizatını
pozmuşdur. Ziyankarlıq nəticəsində 1937-ci ilin ikinci
rübünün təchizat planı yerinə yetirilməmişdir.
6.
Terrorçuluq mövqeyində olmuşdur. Qurbanov
Məhəmməd tərəfindən partiya və hökumət
rəhbərlərinə qarşı terror üzrə əksinqilabçı
təşkilatın məqsədləri barədə məlumatlandırılmışdır.
Təqsirini tamamilə boynuna almışdır.
İstintaq-həbs
işi Azərbaycan SSR 1 dekabr 1934-cü il
tarixli qanununa uyğun olaraq SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasına göndərilməlidir.
Az.SSR
XDİK DTİ
IV şöbəsinin rəisi AVANESYAN”.
Bir ay
sonra Bakı şəhərində, SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyası səyyar sessiyasının 1938-ci il yanvarın 5-nə təyin olunan məhkəmə
iclası cəmi 20 dəqiqə çəkir və Hacı Rəhim
Bayramov güllələnməyə məhkum edilir.
Hökm yanvarın 6-da gecə saat
12:10-da icra yeri bildirilməyən ünvanda həyata
keçirilir.
Hacı Rəhim
Bayramov güllələnəndən on beş
gün sonra - 21 yanvar 1938-ci ildə həyat yoldaşı,
heç bir idarə qapısı tanımayan, heç bir yerdə
işləməyən, evdar qadın, altı uşaq
anası, 53 yaşlı Mina Bayramovanı da gecə yarı
uşaqlarından zorla ayırıb Gəncə həbsxanasına
salırlar.
19
yaşlı Məcid, 15 yaşlı Cəvahir, 13 yaşlı
Nurəddin, 9 yaşlı Məhyəddin, 3 yaşlı
Roza ailənin böyük
övladı 23 yaşlı Əmiraslanın ümidinə
qalırlar. Mina iki ay 20 gün Gəncə həbsxanasında
saxlanılır. Barəsində açılmış
10751 ¹-li cinayət işində bildirilir ki, 5 ¹-li məhbus
Bayramova Mina Paşa qızı SSRİ MİK-in 4 iyul
1934-cü il tarixli qərarına əsasən vətən
xaininin həyat yoldaşı kimi 21 yanvar 1938-ci ildə
SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il
tarixli qərarına əsasən 8 il müddətinə azadlıqdan
məhrum edilərək Şimali Qazaxıstanın Temlaq
stansiyasındakı Potma islah-əmək düşərgəsinə
göndərilir.
Mina Bayramovanın daha məşəqqətli günləri
bundan sonra başlayır. Xəyalına da gəlməzdi ki,
bir vaxtlar Şəmkir stansiyasında evində süfrə
açdığı, bir yerdə mürəbbə
bişirdiyi knyaz qızı Şükriyyə xanımla, əsli-kökü
Gədəbəyin ağır seyidlərindən olan Seyidə
Bəyim xanımla cəhənnəmi xatırladan bu
sürgün düşərgəsində məhbus həyatı
yaşayacaqlar. Rəfiqələrinə və
ona üç ayda bir dəfə Azərbaycana - ailəsinə
məktub yazmağa icazə verilirdi. Mina ananın ilk məktubunu
may ayının son günlərində alan
Bayramovların sevincinin həddi-hüdudu yox idi. Şəmkir stansiyasından Qaracəmirliyə,
oradan da Gəncəyə qanad açan bu xoş xəbər
hamının ürəyindəki “güllələyiblər”
fikrini yox etdi. Əmiraslan da, Məcid də,
Nurəddin də, illah da ki doqquz yaşlı Məhyəddin və
üç yaşlı Roza elə bil analarını evdə
görürdülər. “Anam
sağdır”, “Anam gələcək” deyə sevinclərindən
həyətə-bacaya sığmırdılar.
Növbəti
məktublarda Mina böyük oğlu Əmiraslana və
kiçik oğlu Məcidə bərk-bərk
tapşırmışdı: “Məktub yazanda qoy uşaqlar, hər
kəs özü öz əli ilə bir-iki cümlə
yazsın. Mən də bilim ki, hamınız
sağ-salamatsınız”. Ananın tövsiyəsi ilə
dörd il altı övladın
altısı da hər biri fərqli rəngli qələmlərlə
analarına birlikdə cavab məktubu yazdılar. Ancaq dörd ildən sonra fərqli xəttin biri
azaldı. 1941-ci ildə oğlu Məhyəddin
qəflətən rəhmətə getdi. Mina ana məktublarında
soruşanda ki, Məhyəddin hardadır, niyə məktubda
yazısı görünmür?!”, Məcid
and-amanla yazdı ki, “biz məktubu yazanda o, evdə yox idi, Gəncəyə
nənəmgilə getmişdi”.
Anaya Məhyəddinin yoxluğunu heç cür bildirmək
istəmirdilər və hər dəfə də bir bəhanə
ilə bu məsələdən yayınırdılar. Məhyəddinin
ölümündən dörd il sonra o fərqli
xətlərin biri də azaldı. 1945-ci ildə
Nurəddin dünyasını dəyişdi. Mina ana məktublarında
Nurəddindən də gileyləndi: “Niyə mənə
heç nə yazmır?!” Məcid yenə min
bir bəhanə ilə “günahı” öz üzərinə
yıxırdı ki, məktub yazanda Nurəddin evdə yox idi.
1946-cı ildə Mina Bayramova azadlığa buraxılanda
birbaşa Şəmkirə, alovu sovrulmuş közərən
ocağına - ailəsinin, uşaqlarının yanına gəldi. Bu münasibətlə
bütün doğmaları, yaxınları, el-oba həyətə
yığışdı, bircə Məhyəddinlə Nurəddindən
başqa. Ürəyinə nəsə daman
Mina ana elə tez-tez “Məhyəddin hanı?”, “Nurəddin niyə
gəlmədi?” deyirdi.
Səhərisi gecəni narahat yatan anaya qapıbir
ağsaqqallar, ağbirçəklər uşaqları həyətə
çıxarıb səkkiz ildə hər kəs öz evindən,
ocağından gedəni, öləni haqqında, müharibəyə
gedib qayıtmayanı, itkin düşəni barədə
danışıb, təskinlik verdi.
Bir vaxtlar Hacı Rəhim Bayramovun Şəmkir stansiyasında çəpər qonşusu olmuş, hazırda Bakıda yaşayan mühəndis Nurəddin Adıgözəlovun dediklərindən:
- Mina nənəgillə çəpər qonşusu olmuşuq, elə indi də qonşuyuq. Mən dünyaya gəlməmişdən 10 il əvvəl Mina nənə sürgündən qayıdıb. Anam yaxınlıqdakı barama qəbulu məntəqəsinin müdiri işləyirdi, onda mən körpə idim. Anamın işi çox olanda məni Mina nənənin yanında qoyurdu. Mina nənə çox mehriban idi, amma sözünə baxmayanda bərk hirslənirdi.
Sonralar mən məktəbə gedəndə onu çox vaxt həyət darvazasının ağzında oturan görərdim, xüsusən də yaz-yay aylarında həmyaşıdları ilə söhbətləşərdi. Biz qonşu uşaqları - Fəxrəddin, Əli, Eldəniz, Zülfüqar, Abbas, Tofiq, Qafar, Yəhya onu görəndə özümüzü yığışdırardıq. Çünki hansı hərəkətimiz xoşuna gəlməsə, o dəqiqə yanına çağırıb danlayardı. Ovqatı yaxşı olanda bizi yanına çağırıb soruşardı: “Dərslərinizi necə oxuyursunuz, rus dilini yaxşı öyrənin...” Hərdən mən özümü təmizə çıxarmaq üçün deyərdim:
- Ay Mina nənə, rus dili çətindir, öyrənə bilmirəm.
Acığı tutardı:
- Yox, öyrənmək gərəkdir, vaxt gələr, nə demək istədiyimi başa düşərsiniz.
Mina nənə tanıdığı bütün uşaqların qayğıkeşi idi. Açığı, evdə öz ata-anamızdan o qədər çəkinmirdik, nəinki Mina nənədən. Həmişə çalışırdıq ki, özümüzü Mina nənəyə sakit, səliqəli, sözəbaxan və dərslərimizi, xüsusən də rus dilini yaxşı oxuyan şagird kimi tanıdaq.
Sonradan bilmişəm ki, Mina nənə sürgündə olub, əziyyət çəkib, haqsızlıqlarla üzləşib. İnstitut tələbəsi olanda, istehsalatda çalışanda bildim ki, Mina nənə “rus dilini yaxşı öyrənin” deməklə nələri nəzərdə tuturmuş.
* * *
1956-cı ildə - Mina Bayramova sürgündən qayıdandan 10 il sonra onun cinayət işinə yenidən baxılmış, Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının qərarı ilə əməllərində cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir.
Bundan üç ay sonra isə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1956-cı il 6 iyun tarixli qərarı ilə Bayramov Hacı Rəhim Əmiraslan oğluna da tam bəraət verilmişdir.
Rəhman SALMANLI,
Azərbaycan.-2015.- 8 fevral.- S.7.