Eksponatlar dil açanda
tarix danışar
“İçərişəhər”
tarixi muzeyində də qədim
Bakının yaşıdı maddi-mənəvi
sərvətlər az deyil
Hələ qədimlərdən muzeylər
müqəddəs məbədgah
sayılıb. Çünki onlar xalqın
tarixi köklərini özündə əks etdirir, dünyaya tanıdır, mədəniyyətin
təbliğində və
gənc nəslin vətənpərvərlik tərbiyəsində
mühüm rol oynayırlar.
Bu gün muzeylərin
fondlarında qorunan maddi-mədəniyyət nümunələri
vasitəsilə tarixi
gerçəkliklər öz
təsdiqini tapır. Əsrlərdən bəri bizə gəlib çatan bu izlər özündə
dövrünün, zamanının
həqiqətlərini qoruyub
saxlayır. Bu baxımdan muzeylərin üzərinə çox
məsuliyyətli və
böyük vəzifələr
düşür. Onların
işi iki istiqamətdə formalaşır:
elmi-tədqiqatlar əsasında
ekspozisiyaların yaradılması
və mədəni irsin təbliği.
Belə
muzeylər respublikamızda
az deyil.
Onlardan biri “İçərişəhər”
tarixi muzeyidir.
Bu, həmin muzeydir ki, qədim Bakının keçmişini
özündə əks
etdirən dəyərli
maddi-mədəniyyət nümunələrini
toplayır və öz gündəlik fəaliyyətində bu prinsipi əsas tutaraq, tarixi hadisələri öyrənmək
üçün onları
elmi-tədqiqata cəlb
edir.Təbii ki, hər bir muzeydə
olduğu kimi, burada da araşdırma
işlərində arxiv
sənədlərindən, fond materiallarından,
ədəbiyyatlardan və
bir çox digər mənbələrdən
istifadə olunur. Sözsüz
ki, tədqiqat predmeti sahələri üzrə elmi müəssisələr və
mütəxəssislərlə vaxtaşırı məsləhətləşmələr
də xüsusi əhəmiyyət kəsb
edir. Yalnız bu şərtlərə
əməl etməklə
tədqiqat obyektləri
eksponat səviyyəsinə
çatdırılır və
onların elmi təsvir vərəqləri
tərtib olunur. Bu isə tədqiqatçıların
ilkin istinad mənbələri sayılır.
Qədim
Bakı həyatının
bir parçasını
təsvir edən tətbiqi sənət,
metal, fotolar, qrafika, boyakarlıq, qədim geyimlər, şəhərin
tarixindən danışan
sənədlər, əlyazmalar,
videolentlər, özündə
zamanın həqiqətlərini
qoruyan arxeoloji sikkələr, möhürlər,
silahlar, adət-ənənələrini
yada salan müxtəlif məişət
əşyaları və
bu kimi maddi
və mənəvi dəyərlər muzeyin fondunda böyük qayğı ilə qorunub saxlanılır.
Bildiyimiz kimi, Bakı əhalisinin də məişətində geniş
istifadə olunan müxtəlif növ sənətkarlıq nümunələri
ayrı-ayrılıqda yarandıqları
dövrün tarixini özündə əks etdirir. Bu səbəbdən də onlar geniş
elmi-tədqiqat predmeti
olaraq, müxtəlif dövrlərin etnoqrafiyasının
öyrənilməsində mühüm əhəmiyyət
kəsb edirlər.
Tarixi yüzilliklərlə
ölçülən, nəsildən-nəslə
keçərək xalqın
məişətində yaşayan
bu eksponatlar Bakının iqtisadi həyatında mühüm
rol oynayan, ticarət əlaqələrini
müəyyənləşdirən, hakimiyyət dəyişikliklərini
göstərən, Azərbaycan
feodal dövlətlərinin
müəyyən dövrlərdə
müstəqil olub-olmadığını
özündə əks
etdirən dəfinələr,
sikkələr və nominallardır.
Numizmatik məlumatlar artıq XIV əsrin birinci yarısının sonunda Bakıda üzərində
Hülaku sülaləsinə
mənsub Süleymanın
və “Bakuyə” şəhərinin adları
həkk olunmuş sikkələr (gümüş
dirhəm) kəsildiyini
göstərir. Bu, həmin
vaxt Şirvanın iri şəhərlərindən
olmuş Bakıda zərbxana olduğunu sübut edir. Fonddakı sikkələrin əksəriyyəti
Səfəvilər dövrünün
pul vahidləridir.
200 ildən artıq
hakimiyyətdə olan
Səfəvilər ölkəmizin
(Gəncə, Naxçıvan,
Bərdə) şəhərlərində
pul vahidləri zərb etmişdi. Burada zərb olunan pulların ayrı-ayrı
ölkələrdə aşkar
edilməsi orta əsrlərdə Azərbaycanın
dünyada geniş iqtisadi əlaqələrə
malik olduğunu təsdiqləyən amillərdən
biridir.
Azərbaycanın Səfəvilər hakimiyyəti
dövrü bu baxımdan vətənimizin
tarixinin, xüsusilə
də iqtisadiyyatının
və mədəniyyətinin
yüksək inkişaf
mərhələsi kimi
göstərilir. Çünki həmin dövlətin
həyata keçirdiyi
iqtisadi siyasət nəticəsində ölkə
daxilində yalnız Səvəvilər dövlətinin
pulları qəbul edilirdi. Onlar qeyri-adi möhür
məzmununa malik idi. Şah Abbasın pul
islahatı azərbaycanlıların
yaddaşlarında daha
uzunömürlü oldu.
Belə ki, yaşlı nəsil hələ də “abbası”, “şahı” kimi sözlərdən istifadə
etməkdədirlər.
Heç də təsadüfi deyil ki, “İçərişəhər”
tarixi muzeyinin fondundakı sikkə və pul nümunələri
toplusu Çin məscidində “Azərbaycan
pulları (miladdan əvvəl III əsr -
XIX əsr)” adlı numizmatik ekspozisiyada nümayiş etdirilir.
Hər yerdə
olduğu kimi, Bakı və Abşeron əhalisinin də gündəlik həyatında hələ
qədim zamanlardan inanclar mövcud olmuşdur. Uşağı
bədnəzərdən qorumaq,
həmçinin nəzəri
götürmək üçün
müxtəlif ayinlərin
keçirilməsi müasir
dövrümüzdə də
öz mahiyyətini itirməyərək yaşamaqdadır.
Azərbaycanda qədim xalq inancları ilə bağlı ən çox maraq doğuran isə fondda da dəyərli
eksponatlardan hesab edilən metal qablardır. İnsanların ibtidai təsəvvürlərinə
görə, metal şər
qüvvələrlə mübarizədə
daha çox təsirli vasitə hesab olunurdu. Şər qüvvələrin
metal alətlərin səsindən
bərk qorxduqlarına
da mistik inam var idi.
Odur ki, bir hadisə
zamanı insanlar mis qabları, ləyənləri bir-birinə
döyür və səs-küy salırdılar
ki, şər qüvvələr uzaqlaşsın.
İçərişəhər ərazisində vaxtaşırı
aparılan qazıntılar
nəticəsində tapılan
müxtəlif növ
arxeoloji materiallar muzey fondunda tədqiq olunur. Son vaxtlar elmi heyətin
marağına səbəb
XIX əsrlərə aid əczaçılıq
məmulatları toplusudur.
Bu da Bakı
şəhərində əttar
dükanları deyilən
ənənəvi Şərq
apteklərinin mövcud
olması fikrini irəli sürür.
Azərbaycanda türkəçarə adlanan
türk təbabəti
(şamançılıq, cərrahiyyə, ovsun və təbii dərman vasitələri ilə müalicə) eramızın IV əsrində
daha geniş yayılmışdır. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən), dərmana isə ota deyirdilər.
VII-VIII əsrlərdə ərəb istilasından sonra Azərbaycanda İslam tibbi deyilən yeni konsepsiya yayıldı. XI əsrdə
Şirvanşahlar dövlətinin
paytaxtı Şamaxı
şəhərində məlhəm
mədrəsəsi yaradılması
haqqında da məlumatlar az
deyil. Bu elm ocağının
banisi görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin əmisi həkim Kafiyəddin Ömər olub. Bu mədrəsədə
tibb, anatomiya, əczaçılıq elmləri
ilə yanaşı, riyaziyyat, məntiq, ilahiyyat və s. fənlər də tədris edilib.
Orta əsrlərdə
tapılmış əlyazmalardan
isə məlum olur ki, Azərbaycanda
dərman hazırlamaqla
məşğul olan adamlar əttar adlanır. Əttarlar dərman bitkilərini
yığıb, qurudub
saxlanması və onun satışı ilə məşğul olan insanlardır. Bakı və Abşeron ərazisindəki bitkilərdən
tibbi məhlullar düzəldirdilər.
Bakı nefti ilə bir sıra xəstəliklər
müalicə olunurdu. “Qara qızıl”ın şəfaverici xassələri
Azərbaycandan çox-çox
uzaqlarda məşhur idi. Bura müxtəlif ölkələrdən
müalicəyə gəlirdilər.
Mənbələr yazır
ki, Bakıda çox pis iyli qara yağ (qudron neft) mənbəyi var. Ondan qaşınma və qotur tutmuş
dəvələri yağlamaq
üçün istifadə
edirdilər.
Bir vaxtlar Qoşa qala qapısından sağ tərəfdə Şəhər gömrüyü yerləşirdi. Qədim şəhərdə hələ o vaxtlar sanitariya-gigiyena qaydalarına ciddi riayət olunurdu. Şəhərə daxil olan hər kəs öncə burada yuyunur, onların yük heyvanlarının ayaqlarına qudron neftdən hazırlanmış xüsusi məhlul çəkilirdi ki, bu da antiseptik rol oynayırdı. Bakılıların çoxu sabun əvəzi adət etdikləri gil və gilabidən istifadə edirdi. O, təkcə başı yumaqdan ötrü deyil, eyni zamanda, saçları möhkəmləndirir və başağrılarını götürürdü.
Deyilənlər bir daha sübut edir ki, xalq məişətində istifadə olunan bu əşyalar mənəvi mədəniyyətin tarixi inkişaf yolunu dərindən öyrənmək baxımından çox dəyərlidir. Beləliklə, eksponatlarla tanışlıq göstərir ki, bütün bu zəngin mənəvi dəyərlər, qədim zamanlarda xalqımızın həyat tərzi, məişəti, arzu və istəyi haqqında ətraflı təsəvvür yaradır. Bu misilsiz incilər - eksponatlar zamanları və insanları yaxınlaşdıra, birləşdirə bilir, onlarda əməyə, torpağa qayğı və xalqına məhəbbət hisslərini daha da gücləndirir.
Nəhayət, onu da qeyd etmək lazımdır ki, təbiətin öz qanunauyğunluğu ilə baş verən proseslərin qarşısını almaq mümkün olmasa da, itkiləri minimum həddə endirmək vacibdir. Tarixi yadigarlar olan eksponatların qorunması, onlara yeni həyat verilməsi də məhz bu baxımdan olduqca zəruridir. Bu iş eyni zamanda dövlət qayğısı ilə yanaşı, hər bir muzey əməkdaşından da yaradıcı münasibət tələb edir. Eksponatların funksional xüsusiyyətlərinin itirilməsinin, məhv olmalarının qarşısını alaraq, onların elmi tədqiqini, bərpa və konservasiyasını təmin edib, olduğu kimi gələcək nəsillərə saxlamaq muzey işçilərinin bilavasitə vəzifəsi, həm də vətəndaşlıq borcudur.
Nahidə
BƏKİROVA,
“İçərişəhər”
tarixi muzeyinin elmi tədqiqatlar bölməsinin müdiri
Azərbaycan.-2015.- 8 fevral.- S.8.